Məhkəmə qərarları › İş №2(107)-420/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-420/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-420/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və fındıq kollarının dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və fındıq kollarının dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)- 48/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN-0065, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.04 ha torpaq sahəsi Cavabdeh, X12, X13 və X8 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 17 dekabr 2006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh və X3 rayonu Şotavar kəndində yerləşən 3.04 ha olan torpaq sahəsinin 1.5 ha hissəsini İddiaçı Abdulkərim oğluna 1000 manata satmışlar. Eyni zamanda, Cavabdeh 17 dekabr 2006-cı il tarixli qəbz yazaraq ailə üzvlərinə verilmiş torpaq sahəsindən 1.5 ha sahəni Zaqatala şəhəri, C.Məmmədquluzadə küçəsi, 23 saylı evdə yaşayan İddiaçı satdığını, ərazini həmin şəxsə təhvil verdiyini, bunun müqabilində ondan razılaşdırılmış məbləği, yəni 2250 ABŞ dollarını aldığını göstərmişdir. Eyni zamanda, həmin tarixdən sonra Qax rayonu Şotavar kəndində yerləşən 3.04 ha olan torpaq sahəsi bütövlükdə İddiaçı istifadəsində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsini aldığı üçün verdiyi 1800 (bir min səkkiz yüz) ABŞ dolları pulun, hər biri 150 (bir yüz əlli) manat olmaqla 100 (bir yüz) ədəd fındıq ağacına görə 15000 (on beş min) manat pulun və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Zaqatala şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 23-də yaşayır. Cavabdeh və onun ailə üzvlərinin adında Qax rayon Aqrar İslahat komissiyasının qərarına əsasən verilmiş pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 3.04 ha-dır. 17 dekabr 2006-cı ildə o həmin torpaq sahəsinin əvvəlcə 1.5 ha hissəsini sənədləşmə işləri daxil 1800 ABŞ dolları, sonra isə yerdə qalan 1.54 ha hissəsini də sənədləşmə işləri daxil olmaqla 1800 ABŞ dolları verməklə Cavabdeh 3600 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsinin 1.5 ha hissəsini o cavabdehlə rəsmi qaydada alqı-satqı edərək adına çıxarış almışdır. Sənədləşməmiş qalan 1.54 ha torpaq sahəsi o satın aldıqda boş sahə olmuş, aldıqdan sonra həmin əraziyə fındıq kolları əkmişdir. 1.54 ha torpaq sahəsində ümumilikdə 100 kol fındıq əkmiş və hazırda həmin fındıq bağı məhsul verən bağdır. O, həmin sənədləşmə aparılmamış qalan 1.54 ha torpaq sahəsinə dair öz adına sənədləşmə işləri aparmaq istəyir, lakin cavabdeh hazırda onunla rəsmi alqı-satqı müqaviləsi bağlamaqdan imtina edir. Cavabdeh öz təxəyyülü ilə elə hesab edir ki, guya cavabdeh həmin torpaq sahəsini ona icarəyə vermişdir. Belə olan təqdirdə o cavabdehdən torpaq sahəsini alması üçün verdiyi pulu və yaxşılaşdırması üçün çəkdiyi xərcləri yəni fındıq kollarının dəyərini tələb etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh torpaq sahəsini aldığı üçün verdiyi 1800 (bir min səkkiz yüz) ABŞ dolları pulun, hər biri 150 (bir yüz əlli) manat olmaqla 100 (bir yüz) ədəd fındıq ağacına görə 15000 (on beş min) manat pulun və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, 2006-cı ildə Qax rayonu Şotavar kənd sakini Məcid Hümmətovdan ailə üzvlərinə məxsus olan torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi sənədlərdə 3.04 ha təşkil edir. Həmin torpaq sahəsinin 1.5 ha hissəsini rəsmi alqı-satqı müqaviləsini bağlamaqla almış, qalan 1.54 ha hissəsini isə Məcid Hümmətovun uşaqları az yaşlı olduğu üçün tam olaraq adına rəsmiləşdirə bilməmişdir. Belə ki, cavabdeh Məcid Hümmətov və arvadının adına olan 1.5 ha torpaq sahəsi ilə bağlı aralarında notarat qaydada alqı-satqı olmuşdur. Daha sonra uşaqlar yetkinlik yaşına çatdıqdan sonra torpaq sahəsinin qalan hissəsini də öz adına rəsmiləşdirəcəkləri barədə aralarında razılığa gəlmişlər. O, 2006-cı ildən bu günədək torpaq sahəsinin rəsmi qaydada alqı-satqı olunmamış hissəsindən faktiki istifadə edir. Belə ki, həmin əraziyə fındıq bağı salmışdır və Məcid Hümmətov həmin vaxtdan ona heç bir narazılıq etməmişdir. 2021-ci ildə Məcid Hümmətova torpağın qalan hissəsi ilə bağlı alqı-satqı etməyi təklif etdikdə cavabdeh bundan imtina etmişdir. Cavabdeh ona həmin torpaq sahəsini satmadığını bildirərək, torpaq sahəsindən çıxmasını tələb edir. Cavabdeh aralarında notariat qaydada rəsmi alqısatqı olmadan ona satdığı 1.54 ha torpaq sahəsini ona 2250 ABŞ dollarına satmasına dair qəbz yazaraq imza etmişdir. Həmin pulun 1800 ABŞ dolları torpağın dəyəri, qalan hissəsi notariat xərclərinin çəkilməsi üçün cavabdehə verilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasinda izahat verərək göstərdi ki, Qax rayon Aqrar İslahat komissiyasının qərarına əsasən ona və ailə üzvlərinə verilmiş 3.04 ha pay torpaq sahəsinin 1.5 ha hissəsini 2006-cı ildə iddiaçıya 1800 ABŞ dollarına satmışdır. Bununla bağlı iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Torpağın qalan 1.54 ha hissəsi isə tərəfindən iddiaçıya satılmamış, icarəyə vermişdir. İddiaçının qeyd etdiyi qəbz onun tərəfindən yazılaraq imzalansa da, həmin qəbz torpaq sahəsinin rəsmi-qaydada alqı-satqı edilmiş hissəsi ilə bağlıdır. Yəni həmin qəbzin torpaq sahəsini iddiaçıya satılmamış 1.54 ha hissəsi ilə əlaqəsi yoxdur. Onun və ailə üzvlərinin mülkiyyətində qalmış 1.54 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmiş, iddiaçı da orada fındıq ağacları əkərək gəlir əldə etmişdir. Ona görə də, iddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN-0065, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, həmin akta əsasən 3.04 ha torpaq sahəsi Cavabdeh, X12, X13 və X8 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon Dövlət Notariat Kontoruna təsdiq edilmiş 17 dekabr 2006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh və X3 rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarı ilə JN 0065-li torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və DƏDRX-nin xx.xx.2006-cı il tarixli 1073 saylı arayışına əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.04 ha olan torpaq sahəsinin 1.5 ha hissəsini İddiaçı Abdulkərim oğluna 1000 manata satmış, həmin müqavilə əsasında Qax rayonu Şotavar kəndində yerləşən 1.54 ha torpaq sahəsinin 0.76 ha hissəsi X6, 0.01 ha hissəsi Cavabdeh, 0.01 ha hissəsi X7 və 0.76 ha hissəsi X9 paylı mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış verilmişdir. Cavabdeh 17 dekabr 2006-cı il tarixli qəbz yazaraq ailə üzvlərinə verilmiş torpaq sahəsindən 1.5 ha sahəni Zaqatala şəhəri, C.Məmmədquluzadə küçəsi, 23 saylı evdə yaşayan İddiaçı satdığını, ərazini həmin şəxsə təhvil verdiyini, bunun müqabilində ondan razılaşdırılmış məbləği, yəni 2250 ABŞ dollarını aldığını göstərmişdir.

7. İddiaçı hazırda Cavabdeh torpaq sahəsini aldığı üçün verdiyi 1800 (bir min səkkiz yüz) ABŞ dolları pulun, hər biri 150 (bir yüz əlli) manat olmaqla 100 (bir yüz) ədəd fındıq ağacına görə 15000 (on beş min) manat pulun və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə işin faktiki hallarına və iş materiallarında olan sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. Belə ki, iddia tələbinin 1800 (bir min səkkiz yüz) ABŞ dolları pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 17 dekabr 2006-cı il tarixli qəbzlə birbaşa sübuta yetirilmişdir.

9. İddia tələbinin hər biri 150 (bir yüz əlli) manat olmaqla 100 (bir yüz) ədəd fındıq ağacına görə 15000 (on beş min) manat pulun və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu tələbinə dair hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında Qax rayon X16 verdiyi məktubla hal-hazırda fındığın hər kiloqramının orta bazar qiyməti ləpə çıxımından asılı olaraq 3-4 manat arası dəyişməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 9/4732 rəyi ilə ekspertiza rəyində göstərilən fındıq kollarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3220.00 manat müəyyən olunduğu, o cümlədən 56 ədəd budaqların diametrləri təxminən 1-3 sm aralığında olan fındıq kolları 2800 (56X50) manat, 42 ədəd təzə (1-2 illik) fındıq kolları-420.00 (42X10) manat təşkil etdiyi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, tələbin həmin hissəsi qismən, yəni ekspertiza rəyində göstərilən 3220 manata dair hissədə təmin edilməlidir.

10. Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)-48/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən verilmiş 1800 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) və fındıq ağaclarına görə 3220 manat və 82.80 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, Cavabdeh iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı-X5, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi - VÖEN **********, Hesab- AZ34GCTRE********************) saylı hesaba ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarında olan JN-0065, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, həmin akta əsasən 3.04 ha torpaq sahəsi Cavabdeh, X12, X13 və X8 ümumibirgə mülkiyyətinə verilmişdir.

13. İşə əlavə edilmiş 17 dekabr 2006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh və X3 rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarı ilə JN 0065-li torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və DƏDRX-nin xx.xx.2006-cı il tarixli 1073 saylı arayışına əsasən Qax rayonu Şotavar kəndində yerləşən 3.04 ha olan torpaq sahəsinin 1.5 ha hissəsini İddiaçı Abdulkərim oğluna 1000 manata satmışlar.

14. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 1.54 ha torpaq sahəsinin 0.76 ha hissəsi X6, 0.01 ha hissəsi Cavabdeh, 0.01 ha hissəsi X7 və 0.76 ha hissəsi X9 paylı mülkiyyətinə verilmişdir.

15. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış 17 dekabr 2006-cı il tarixli qəbzdən görünür ki, o ailə üzvlərinə verilmiş torpaq sahəsindən 1.5 ha sahəni Zaqatala şəhəri, C.Məmmədquluzadə küçəsi, 23 saylı evdə yaşayan İddiaçı satdığını, ərazini həmin şəxsə təhvil verdiyini, bunun müqabilində ondan razılaşdırılmış məbləği, yəni 2250 ABŞ dollarını aldığını göstərmişdir.

16. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 9/4732 rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən fındıq kollarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri heablama yolu ilə təxminən 3220.00 manat müəyyən olunur. O cümlədən 56 ədəd budaqların diametrləri təxminən 1-3 sm aralığöında olan fındıq kolları 2800 (56X50) manat, 42 ədəd təzə (1-2 illik) fındıq kolları-420.00 (42X10) manat təşkil edir.

17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir.

18. İş materiallarında olan Qax Dövlət X16 04 may 2022-ci il tarixli məktubundan görünür ki, hal-hazırda fındığın hər kiloqramının orta bazar qiyməti ləpə çıxımından asılı olaraq 3-4 manat arası dəyişir.

19. İş materiallarında olan Seriya AZE № 16396898 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Şotavar kəndində qeydiyyatdadır.

20. İş materiallarında olan AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından və Zaqatala RİHB-nın Zaqatala şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, İbrahimov X4 şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 23-də qeydiyyatdadır.

21. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 144 manat dövlət rüsumu ödəmişdir.

22. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə Cavabdeh geri qalan 1,54 ha torpaq sahəsinin şifahi razılaşma ilə İddiaçı istifadəsinə vermişdir. İddiaçı həmin hissədən istifadəyə görə bu günə kimi heçnə ödəməmişdir. Son illər həmin torpaq sahəsinin istifadəsinə özünün ehtiyacı olduğundan Cavabdeh İddiaçı geri götürərək özü istifadə etməyə başlamışdır. Hal-hazırda 1,54 ha torpaq sahəsi Cavabdeh və ailə üzvülərinin paylı mülkiyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.

24. İş materiallarından göründüyü kimi, İddiaçı iddiasında 1800 ABŞ Dollarına torpağı aldığını və geri qalan pulu, yəni 450 ABŞ dollarını isə alqı-satqı xərcləri üçün Cavabdeh verdiyini qeyd etmişdir. Lakin bildiyiniz kimi, qanunvericiliyin tələbinə əsasən alqı-satqı ilə bağlı xərcləri alıcı qarşılayır. Torpaq satan hər-hansı bir xərc çəkmir. Hal-hazırda satıcı torpaq vergisi ödəyir. Bu qanun son 4-5 ildə tətbiq edilməyə başlayıb. Tərəflər arasında olan münasibətlər zamanı satıcı yalnız Forma 1 almaq üçün ödəniş edirdi. Onunda qiyməti həmin vaxt 10-15 manat təşkil edirdi. Bundan başqa alqı-satqı xərcləri bu gün təxminən 280 manat təşkil edir. 2006-cı ildə notariat xərcləri 50 manatdan az idi. Buna görə də iddiaçının torpaq almağı üçün xərclər ilə birlikdə 2250 ABŞ Dolları verməsi ağlabatan görünmür.

25. Eyni zamanda həmin qəbzdə 1,5 ha torpaq sahəsinin satışından söhbət gedir. Cavabdehin ailə üzvüləri ilə birlikdə 3,04 ha torpaq sahəsi mövcud olmuşdur. Onunda 1,5 ha hissəsini iddiaçıya rəsmi şəkildə satmışdır. Müqaviləyə satış qiyməti kimi 1000 manat yazılmışdır. Lakin realda torpaq 2250 ABŞ Dollarına satılmışdır. Məhz buna görədə Cavabdeh 1,5 ha torpaq sahəsinin satışı üçün qəbz yazmışdır.

26. İddiaçı uzun illərdir həmin torpaq sahəsindən, yənin alqı-satqının predmeti olmayan hissəsindən istifadə etmiş və ordan bar-bəhər əldə etmişdir. Mülkiyətçi Cavabdeh həmin sahəni şifahi razılaşma ilə iddiaçıya icarəyə vermişdir. İcarə müqaviləsinə görə icarəçi icarəyə kimi, İddiaçı uzun illər torpaqdan istifadə etmiş və gəlir əldə etmişdir. İddiaçı istifadə etdiyi torpaq sahəsində yenidən qurmaları, qurğular inşa etməyi və s. yalnız mülkiyyətçinin razılığı ilə həyata keçirə bilər. Əgər mülkiyətçi razılıq verməzsə o bunu məhkəmə yolu ilə tələb edə bilər. İcarəçi icarə obyektində apardığı yaxşılaşdırmaları müqavilənin sonunda özü ilə götürə bilər. Əgər götürmək mümkün deyilsə o obyektin mülkiyyətçisinə məxsusdur. Yəni mülkiyyətçiyə qalır. Bu zaman mülkiyyətçi heç bir məbləğ ödəməyə borclu deyildir. İşdən göründüyü kimi, mülkiyyətçiyə məxsus sahədə fındıq ağaclarının əkilməsinə görə İddiaçıla Cavabdeh arasında nə yazılı, nə də şifahi razılaşma olmamışdır. Belə olan halda həmin ağaclara görə də mülkiyyətçi Cavabdeh ağacı əkən şəxsə hər hansı bir ziyan məbləği ödəməyə borclu deyildir.

27. İşdə olan qəbzdən və Alqı-satqı müqaviləsindən göründüyü kimi, Cavabdeh 1,5 ha torpaq sahəsini satıb. Buna baxmayaraq İddiaçı həmin qəbzlə Cavabdeh ona 1.54 ha torpaq sahəsini satdığını qeyd etmişdir. Məhkəmədə onun qeyd etdiyini nəzərə alaraq iddianı təmin etmişdir. Qəbzdə 2250 ABŞ Dollarından söhbət getdiyi halda iddiaçı 1800 ABŞ Dolları tələb etmişdir. Tələbində 1.54 ha torpaq sahəsini 1800 ABŞ Dollarına Cavabdeh aldığını qeyd etmişdir. Onun iddia tələbindən göründüyü kimi, işdə olan xx.xx.2006-cı ildə yazılmış qəbzin 1,54 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə olan halda İddiaçı 1,54 ha torpaq sahəsinin cavabdeh tərəfindən satılmasını və ya satışına razılıq verməsini heç bir sübutla təsdiq edə bilmir.

28. Ona görə də, Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)- 48/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı Cavabdeh qarşı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya əkdiyi fındıq ağaclarına görə 3000 manat vermək istəməsinə baxmayaraq iddiaçının onunla razılaşmadığını və hal-hazırda da fındıq kollarının pulunu ödəməyə etiraz etmədiyini, torpağa görə iddiaçıdan icarə haqqı kimi 1000 manat aldığını, torpağı satmadığını və torpağın satılması ilə bağlı iddiaçıdan 1800 dollar almadığını bildirdi.

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)-48/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X11 verdiyi ifadəsində Cavabdeh onun qaynı olduğunu, sonuncunun xahişi ilə ona və ailə üzvlərinə məxsus olan 3.04 ha torpaq sahəsinin bir hissəsinin rəsmi, digər hissəsinin isə qeyri-rəsmi iddiaçıya satılmasında iştirak etdiyini, qeyri-rəsmi satılan torpaq sahəsinin dəqiq məbləğini bilmədiyi pulunun da iddiaçı tərəfindən cavabdehə ödənildiyini, torpaq sahəsinin icarəsi barədə tərəflər arasında hər hansı razılaşma olmadığını, 2021-ci ildə tərəflərin iştirakı ilə birlikdə qeyri-rəsmi satılmış torpaq sahəsi ilə bağlı sənədləşmə aparılmasında onun özünün də iştirak etdiyini, həmin torpaq sahəsinin sənədləri hazır olduqdan sonra isə cavabdehin haqsız olaraq torpağı iddiaçıdan geri aldığını bildirdi. İşə üçüncü şəxs qismində cəlb edilmiş, Cavabdeh arvadı X12, qızı X13 və oğlu X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. Cavabdeh Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)-48/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olması barədə heç bir sübut və ya dəlil təqdim etmədiyindən, o cümlədən bu qətnamənin 30-cu bəndində qeyd edildiyi kimi, fındıq kollarının dəyəri ilə bağlı hissəni mübahisələndirmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş torpağın dəyəri olaraq 1800 dollar pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş torpağın dəyəri olaraq 1800 dollar pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

37. Bu qətnamənin 1-ci bəndində göstərilənlər hazırki işin mübahisəsiz halları olaraq qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-25 və 27-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, Cavabdeh və X12 ilə İddiaçı Abdulkərim oğlu arasında bağlanmış Qax rayon Dövlət Notariat Kontoruna təsdiq edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh ailə üzvlərinə verilmiş torpaq sahəsindən 1.5 ha sahəni Zaqatala şəhəri, C.Məmmədquluzadə küçəsi, 23 saylı evdə yaşayan İddiaçı satdığını göstərdiyi qəbz hər ikisi 17 dekabr 2006-cı il tarixlidir. Rəsmi alqı-satqı müqaviləsi olduğu halda, eyni tarixdə eyni torpaq sahəsi ilə bağlı eyni şəxslər arasında notarial təsdiq olmadan sadə qəbzin yazılması ağlabatan deyildir. Əksinə, iddiaçının qeyd etdiyi kimi həmin qəbzin əslində 3.04 ha torpaq sahəsinin qalan 1.54 ha hissəsi ilə bağlı olması daha əsaslıdır. Həmin tarixdən sonra Qax rayonu Şotavar kəndində yerləşən 3.04 ha olan torpaq sahəsinin bütövlükdə İddiaçı istifadəsində olması, həmçinin məhkəmə kolelgiyasının iclasında dindirilmiş şahidin ifadəsində göstərdiyi hallar (bax: bu qətnamənin 31-ci bəndinin 2-ci abzası) da bu halın əsaslılığını təsdiqləyən amillərdəndir. Cavabdeh apellyasiya şikayətində bu qətnamənin 26-cı bəndində qeyd olunan dəlilləri ilə torpaq sahəsinin həmin 1.54 hissəsini iddiaçıya icarəyə verdiyini iddia etsə də, bu halla bağlı heç bir sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir.

39. Beləliklə, JN-0065, KOD 40305028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh, X12, X13 və X9 ümumibirgə mülkiyyətində olmuş 3.04 ha torpaq sahəsinin 1.54 ha hissəsinin Cavabdeh tərəfindən 17 dekabr 2006-cı ildə qeyrirəsmi şəkildə alqı-satqı etməklə İddiaçı verdiyindən İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasa da, vicdanlı sahibi olmuşdur. Hal-hazırda paylı mülkiyyətçi olan Cavabdeh həmin torpaq sahəsini iddiaçının sahibliyindən geri aldığından Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən iddiaçı həmin torpaq sahəsinin onun sahibliyində olduğu müddət ərzində torpağa çəkdiyi yaxşılaşdırmaların – orada əkdiyi və hal-hazırda cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan fındıq kollarının dəyərini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. (Apellyasiya şikayətinin dəlillərindən biri də mülkiyyətçinin razılığı olmadan əkilmiş ağaclara görə mülkiyyətçinin heç bir məbləğ ödəməyə borclu olmadığı barədədir.) Belə ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi isə həmin yaxşılaşdırmaların məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirməklə iddia tələbini ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Qax rayonu Şotavar kəndində yerləşən 1.54 ha torpaq sahəsi hal-hazırda reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla 0.76 ha hissədə X6, 0.01 ha hissədə Cavabdeh, 0.01 ha hissədə X7 və 0.76 ha hissədə X9 paylı mülkiyyətində olmasına baxmayaraq, 3.04 ha torpaq sahəsinin 1.54 ha hissəsi 17 dekabr 2006-cı ildə Cavabdeh tərəfindən qeyri-rəsmi şəkildə alqı-satqı edilməklə İddiaçı verilmiş, cavabdehin yuxarıda göstərilən ailə üzvləri bu (qeyri-rəsmi) alqısatqıya etiraz etməməklə bəyənmiş, 2021-ci ildə həmin torpaq sahəsi Cavabdeh tərəfindən üzərindəki fındıq kolları ilə birgə iddiaçıdan geri alınmış, cavabdehin bu hərəkəti də ailə üzvləri tərəfindən etiraz edilməməklə bəyənilmişdir. Bundan başqa, cavabdeh apellyasiya şiakyətində göstərdiklərinin əksinə olaraq, məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçıya əkdiyi fındıq ağaclarına görə 3000 manat vermək istəməsinə baxmayaraq iddiaçının onunla razılaşmadığını və hal-hazırda da fındıq kollarının pulunu ödəməyə etiraz etmədiyini, torpağa görə iddiaçıdan icarə haqqı kimi 1000 manat aldığını, torpağı satmadığını və torpağın satılması ilə bağlı iddiaçıdan 1800 dollar almadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə 2006-cı ildə qeyri-rəsmi alqı-satqı zamanı torpağın satılması qarşılığında pulu iddiaçıdan alan Cavabdeh olmuşdur. Bütün bu hallar onu deməyə əsas verir ki, hal-hazırda mübahisəli torpağın mülkiyyətçiləri Cavabdeh və ailə üzvləri olmasına baxmayaraq, ailə üzvləri deyil, yalnız Cavabdeh qarşı qaldırılmış hazırki iddia tələbinin təmin edilməsində (bu qətnamənin 10-cu bəndində göstərilmiş həcmdə) birinci instansiya məhkəməsi haqlı olmuşdur.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)-48/2022 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş Cavabdeh torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən verilmiş 1800 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 30 dekabr 2022-cü il tarixli 2(024)-48/2022 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş Cavabdeh torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən verilmiş 1800 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar