Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-421/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, cavabdehlər 2021-ci ildə ev tikdirəndə onlara tikinti materialları alıb vermişdir. Cavabdehlər isə həmin materialların dəyəri olan 4400 manatı ona qaytarmaqdan imtina edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4400 (dörd min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının əridir. 2019-cu ildən bacısı və əri Qax rayonunda yaşayırlar. Onların hər ikisi Qax şəhəri, F.X.Xoyski küçəsində bacısına məxsus torpaq sahəsində inşa etdikləri evdə yaşayırlar. Bacısının əri əslən Cəlilabad rayonundan olsa da bacısı ilə birlikdə Qax şəhərində yaşayır. Buna görə də onların Qax rayonunda evləri olmamışdır. 2021-ci ildə bacısı və bacısının əri ona müraciət edərək ev inşa etmək istədiklərini, lakin evin inşası üçün inşaat materialları almağa pullarının olmadığını bildirmişdilər. Bacısının əri Cavabdeh2 əslən Cəlilabad rayonundan olduğundan, onu Qax rayonunda heç kim tanımadığından inşaat malları satan mağazalar onlara nisyə inşaat materialları verməmişlər. Ona görə də cavabdehlər ona müraciət edərək inşaat materialları almağa onlara köməklik etməyi xahiş etmişlər. Aralarında olan razılaşmaya əsasən o, cavabdehlərə lazım olan inşaat materiallarını alacaq, onlar isə daha sonra onun dəyərini ona ödəyəcəkdilər. Buna görə də onların istəyinə uyğun olaraq 2500 manat dəyərində kərpic və 32 ədəd bir ədədi 30 manata olan dəmir dam örtüyü, 1 kubu 320 manata 2,5 kub taxta və digər xırda inşaat materialları almışdır. Həmin inşaat materiallarının alışına cəmi 4400 manat pul ödəmişdir. Həmin inşaat materiallları mağazadan birbaşa cavabdehlərin inşa etdikləri evə göndərilmişdir. Bunu həmin inşaat materiallarını aldığı mağazanın sahibi də təsdiq edə bilər. O, dəfələrlə həmin 4400 manat pulu cavabdehlərdən tələb etsə də cavabdehlər müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınırlar. Qax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(024)-590/2023 nömrəli iş üzrə qəbul etdiyi 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia tələbi təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sübutetmə yükü üzərinə düşən İddiaçı cavabdehlərə 4400 manat məbləğində tikinti materialları verməsi ilə əlaqədar məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında ifadə verən şahid Ramin Mustafayevin ifadəsi ilə müəyyən edilir ki, 4400 manat məbləğində tikinti materiallarını ondan cavabdehlər deyil, İddiaçı alaraq 4400 manat pul ödəmişdir. Digər şahid Cüneyt Hacıyev Cavabdeh2 ona verdiyi 1800 manat və 2500 manat pulu İddiaçı verdiyini göstərsə də, cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında isə İddiaçı onlara tikinti materialları almadığını və iddiaçıya heç bir borclarının olmadığını göstərmişlər. Beləliklə də cavabdehin göstərdikləri ilə şahidin göstərdikləri arasında ziddiyyət yaranmışdır. Bu səbəbdən də şahidlərin məhkəmə iclasında verdikləri ifadələr məhkəmə tərəfindən mötəbər sübut hesab edilə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşə birinci instansiya məhkəməsində baxılarkən 15 noyabr 2023-cü il tarixdə həmin mülki iş üzrə məhkəmə iclasına Cavabdeh2 tərəfindən yalançı şahid dəvət edilmişdir. X5 məhkəmədə yalandan şahidlik edərək bildirmişdir ki, guya Cavabdeh2 iddiaçının tələb etdiyi 4400 manatı onun kartına 1800 və 2500 olmaqla iki dəfəyə vurmuş, daha sonra isə o həmin pulu gətirib mənə vermişdir. Lakin elə həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şahiddən öncə dindirilərkən ayrıayrılıqda bildirmişlər ki, Elşən onlara heç bir tikinti materialı almamış və gətirməmişdir. Əgər cavabdehlər belə bildirilərsə onda şahid hansı pulu iddiaçıya gətirib verdiyini bildirir? Göründüyü kimi şahid qismində dindirilmiş X5 Cavabdeh2 tərəfindən bilə-bilə yalandan ifadə verməyə təhrik edilmiş, lakin yalanın yaddaşı olmadığına görə onların məhkəmə iclasında qeyd etdikləri üst-üstə düşmədiyindən yalanları ifşa olmuşdur. Göründüyü kimi Qax Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılarkən X1 Famil İxtiyar oğlunun maraqları naminə bilə-bilə yalandan ifadə vermişlər. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş şahidin düzgün və həqiqəti əks etdirən ifadəsinə hüquqi qiymət verməmiş, cavabdehlərin özlərinin gətirdikləri şahidin ifadəsi ilə ziddiyyət təşkil edən ifadəsini düzgün aydınlaşdırmamışdır. İddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasını təsdiq edəcək kifayət qədər sübutlar təqdim edilməsinə, cavabdehlər tərəfindən isə istər özləri arasında, istərsə də gətirdikləri şahidlə özlərinin izahatları arasında kifayət qədər ziddiyyətlər olmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi buna hüquqi qiymət verməmiş, iddia tələbinin əsassız olmasını sübut edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər izahatlarında bildirmişdirlər ki, iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı tərəfindən onlara tikinti materialları alınıb verilməyib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bildirir ki, cavabdehlərin xahişi ilə o, cavabdehlərə 4400 manat dəyərində tikinti materialları alıb vermişdir. Cavabdehlər isə iddiaçının tələbini qəbul etmirlər. Məhkəmə, tərəflər arasında mülki mübahisənin həlli ilə bağlı bildirir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı, şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı sübut etməlidir ki, cavabdehlərə həqiqətən də 4400 manat dəyərində tikinti materialları alıb verib. Bunları bildirən iddiaçı, öz dəlillərinin təsdiq edilməsi üçün şahid ifadəsinə istinad etmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçını tanıyır. Belə ki, İddiaçı ondan 4400-4500 manat məbləğində tikinti materialları almışdır. Elşən mağazaya iki dəfə Famillə birlikdə gəlmişdir. Elşən aldığı tikinti materiallarının pulunu özü ödəmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq həmin şahid ifadəsini iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehlərlə əldə etdiyi razılaşmaya görə sonunculara verəcəyi borc hesabına cavabdehlər üçün tikinti materialları aldığını bildirən iddiaçı, ilk növbədə cavabdehlərə borc verilməsi lə bağlı aralarında razılaşma olduğunu, ikinci növbədə isə həmin borc hesabına cavabdehlər üçün tikinti materiallarını aldığını sübut etməlidir. İddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X3 isə yuxarıda qeyd olunan halları, yəni iddiaçının tikinti materiallarının satışı mağazasından tikinti materiallarının məhz cavabdeh üçün aldığını təsdiq etmir, şahid yalnız iddiaçının öz vəsaiti hesabına materiallar aldığını və həmin vaxt Cavabdeh2 də onun yanında olduğunu bildirir. Göründüyü kimi, şahid hazırki iş üzrə tərəflər arasında mövcud olan mülki mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məlumata malik deyil, malik olsa belə ifadəsində bu məlumatları məhkəməyə bildirməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü dəlilləri sübuta yetirə bilmir. Belə olan halda hesab edilməlidir ki, müzakirə edilən tələb əsassızdır və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşıyır, dəlillər əsassızdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-421/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-421/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver