Məhkəmə qərarları › İş №2(107)-422/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-422/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-422/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(063)-291/2020 saylı qətnaməsindən Cavabdeh Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələkbər oğlundan borclu olduğu 2930 (iki min doqquz yüz otuz) manat pulun və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(063)-291/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Ələkbər oğlundan 2000 (iki min) manat, notariat xərcinə görə 93 (doxsan üç) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 2123 (iki min bir yüz iyirmi üç) manat məbləğində pul tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Ələkbər oğlu tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında bağlanmış müqavilədə görünür ki, iddiaçı xəstəliyini təsdiq edən zəruri sənədləri ona təqdim etməli idi. Lakin iddiaçı müqaviləyə görə zəruri hesab edilən xəstəliyi təsdiq edən sənədləri təqdim etmədiyi üçün, o da öz öhdəliyini yerinə yetirə bilməyib. Bundan əlavə müqavilə üzrə geri qaytarılmalı 2000 (iki min) pulun 500 (beş yüz) manatını İddiaçı qohumu, kürəkəni, Ucar rayonu Müsüslü kənd sakini X1 verdiyi halda, həmin şəxs məhkəmədə şahid qismində iştirak etməyib. İddiaçının məhkəməyə şahid kimi təqdim etdiyi X2 tanımır, heç bir vaxt o insanla təmasda olmamış, heç bir çayxana və ya içtimai yerdə görüşməmiş, həmin şəxs iddiaçı ilə görüşlərində iştirak etməmişdir. Həmin şəxsi məhkəmədə şahid kimi dinləməklə onun barəsində şahidlik etməsi tam qanusuzluqdur. Bir daha qeyd etmək istəyir ki, onun iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi məhz iddiaçının müqavilə üzrə öhdəliyi olan zəruri sənədləri ona təqdim etməli olduğu halda həmin sənədləri təqdim etmədiyi üçün o, öz öhdəliyini yerinə yetirə bilməmişdir. İddiaçıya olan 2000 (iki min) manat borcundan 500 (beş yüz) manatını qaytarsada məhkəmə bu halı nəzərə almamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(063)-291/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, qalıq 1500 (bir min beş yüz) manat borcun bir hissəsi 1000 (min) manat olmaqla ondan alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə tapşırıq müqaviləsi bağlanmış, iddiaçı xx xxx 2017-ci il tarixdə cavabdehə 2000 manat məbləğində pul vermiş, habelə özündə olan lazımi sənədləri təqdim etmiş, cavabdeh isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, xx xxx 2017-ci il tarixdə Ucar rayon notariat kontorunda tərəflər arasında bağlanmış tapşırıq müqaviləsindən görünür ki, cavabdeh müqavilədə göstərilən qaydada və şərtlərlə iddiaçının adından və onun vəsaiti hesabına müqavilədə nəzərdə tutulan öhdəlikləri, yəni iddiaçının tibbi sənədlərinin qaydasına salınmasını, onun tibbi komissiyaya qədər olan sənədlərinin hazırlanmasını və komissiyadan sonrakı dövrə ona əlillik dərəcəsinə uyğun olaraq təyin ediləcək müavinətin təmin edəcəyini səkkiz ay müddətində (xx xxxxxx 2017) yerinə yetirməyi, iddiaçı isə yuxarıda göstərilənlərin həyata keçirilməsi müqaviləsində qarşı tərəfə 2000 (iki min) manat məbləğində pulu ödəyir, özündə olan zəruri sənədləri təqdim edir, komissiya və digər dövlət idarələrində zəruri hallarda iştirak etməyi öz üzərinə götürür. Müqavilə xx xxx 2017-ci il tarixdə Ucar rayon notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, müqavilədə müqavilənin imzalandığı gündən qüvvəyə mindiyi və xx xxxxxx 2018-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. İddiaçı xx xxx 2017-ci il tarixdə cavabdehə 2000 manat məbləğində pul vermiş, habelə özündə olan lazımi sənədləri təqdim etmiş, yəni üzərinə düşən öhtəliyi yerinə yetirmiş, cavabdeh isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh şikayətində onun iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi məhz iddiaçının müqavilə üzrə öhdəliyi olan zəruri sənədləri ona təqdim etməli olduğu halda həmin sənədləri təqdim etmədiyi üçün o, öz öhdəliyini yerinə yetirə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda cavabdehin hüququ vardı ki, iddiaçıya etiraz etsin, müqavilə üzrə öhtəliyi yerinə yetirməsini tələb etsin, müqaviləni mübahisələndirsin. Ancaq cavabdeh tərəfindən qeyd edilən hallar barədə məhkəmə kollegiyasına sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh şikayətində iddiaçıya olan 2000 (iki min) manat borcundan 500 (beş yüz) manatını qaytarmasını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin bu halı nəzərə almamasını qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh iddiaçıya olan 2000 (iki min) manat borcundan 500 (beş yüz) manatını qaytarmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətİ təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(063)-291/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(063)-291/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar