Məhkəmə qərarları › İş №2(107)-423/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-423/2020

13.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-423/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X6 iştirakı; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1860/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hаkim Günay Cavadova) xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1860/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər DSMF-nin Yevlax şəhər Şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində istehsalat xəsarəti alaraq əlil olduğundan və ona dəymiş zərərə görə hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən hissəsinin-966 (doqquz yüz altmış altı) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri 57 nömrəli SMD-də fəhlə işləyərkən 1990-cı tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almış və buna görə 57 saylı SMD-dən hər ay müavinət alırmış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli X3 “Cavabdeh2"' ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə “Cavabdeh2"in balansına keçənədək 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə xx xxxxxx 2005-ci ildən 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314 S xx.xx.2005-cı il tarixli sərəncamında 57 nömrəli X3 "xxxx" ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da "Cavabdeh2" ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar Cavabdeh2 ASC-dən 138manat ödənc alırmış. Bu ödənc hər ay davam edirmiş, ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilmir. Nəticədə yanvar-iyul ayları üçün 7ay ərzində hər ay 138manat olmaqla 966manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Cavabdeh2 ASC-yə müraciətlər edərək ona ödəniləcək məbləği şirkətdən tələb etsə də, həmin məbləğ onlara qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanı olaraq o, aidiyyatı ödənci artıq 9 aydırki, almamaqdadır. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Davamlı olaraq yanvar 2010-cu il tarixədək ödənilən ödəncin əsassız olmayan səbəblərdən dayandırılması onun hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-cı il tarixli 374S nömrəli sərəncamı ilə Yevlax Kənd Tikinti 57 nömrəli SMD Cavabdeh2 ASCnin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona göndərmiş olduğu xx xxxx 2009-cu il tarixli məktubunda açıq şəkildə rəsmi olaraq bildirmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DSMF-nin Yevlax şəhər Şöbəsinə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi tələbi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X8 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, Yevlax şəhəri 57 nömrəli SMD-də fəhlə işləyərkən 1990-cı il tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almışdır. Buna görə 57 saylı SMD-dən hər ay müavinət alırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli X3 Cavabdeh2 ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə Cavabdeh2 ASC-nin balansına keçənədək, yəni 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC tərəfindən isə 2005ci ildən xx xxxxxx 2019-cu ilədək bütün müavinət tam olaraq ödənilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314 S xx.xx.2005-ci il tarixli sərəncamında 57 nömrəli X3 Cavabdeh2 ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da Cavabdeh2 ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqdar Cavabdeh2 ASC-dən 138 manat ödənc alırdı. Ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməməkdədir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənilməmişdir. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da müəssisəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 374S nömrəli sərəncamı ilə Yevlax Kənd Tikinti 57 nömrəli SMD Aqolizinq ASC-nin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona göndərdiyi xx xxxx 2009-cu il tarixli məktubunda açıq şəkildə rəsmi olaraq bildirmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1860/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddiаnın təmin edilməsi barədə yeni qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1860/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddiаnın təmin edilməsi barədə yeni qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1860/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1860/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 saylı Yevlax TSEK tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli müayinə aktından “Çıxarış”dan görünür ki, İddiaçı 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək “Yevlax-Kəndtikinti” 57 saylı X1 işlədiyi dövrdə əmək zədəsi alması ilə əlaqədar olaraq 1998-2003-cü illər üçün 828 manat məbləğində ödənişinin Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 tərəfindən onun hüquqi ünvanına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********1 saylı məktubundan görünür ki, köhnə PMK-57-nin (Cavabdeh2 müəssisəsi) özəlləşdirilməsi ilə əlaqədar İddiaçı verilən müavinət xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 S saylı sərəncamından görünür ki, Yevlax şəhəri, Nizami küçəsi, 6 ünvanında yerləşən “Yevlaxkəndtikinti” 57 saylı X5 Cavabdeh2 ASC-nin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2009-cu il tarixli 03/02-19 saylı məktubundan görünür ki, Yevlax şəhəri, Nizami küçəsi, 6 ünvanında yerləşən “Yevlax-kəndtikinti” 57 saylı X5 Cavabdeh2 ASC-nin balansına verildiyindən İddiaçı əmək zədəsinə görə ödənc Cavabdeh2 ASC tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsassızdır və işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X1 işlədiyi dövrdə əmək zədəsi alması, 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilməsi, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilməsi, Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış iddiaçıya xx.xx.2019-cu il tarixədək aylıq ödəncin verilməsinin həyata keçirilməsi, həmin tarixdən ödəncin dayandırılması hazırkı işin mübahisəsiz halıdır, bu faktları tərəflər və işdə olan sübutlar təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixdən iddiaçıya ödənilməli olan ödəncin dayandırılması əsasını araşdırmamış və həmin münasibətə tətbiq edilməli olan hüquq normasını düzgün seçməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, xx xxxxxxxx 2003-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin və Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ödəncin müavinətlə əvəz edilməsi haqqında DSMF-nin yerli orqanlarına müraciət etməmişdir. Bundan əlavə iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilsə də, həmin müəssisə iddiaçıya ödənci xx.xx.2019-cu il tarixədək ödəmişdir. Qeyd edilən ödəncin dayandırlması əsası kimi cavabdeh tərəfindən “Yevlax Kəndtikinti” 57 saylı X2 işləmiş digər şəxs İddiaçı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9781/2019 nömrəli qətnaməsi ilə həmin şəxsin iddiasının rədd edilməsini əsas olaraq irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edilən arqumenti əsassız hesab edir, birincisi qeyd edilən qərar üzrə tərəflər, iddianın predmeti və əsası eyni deyilidr. Belə ki, qeyd edilən qərarda iddiaçı 1992-ci il tarixdən ona ödənilməyən ödəncləri tələb edir və “Yevlax Kəndtikinti” 57 saylı X4 Dövlət Əmlak Komitəsinin də iştirakı ilə idarəetməyə dair müqaviləsinin bağlanması zamanı İddiaçı barəsində hər hansı bir qeydiyyatın mövcud olmamasına və digər hallara əsaslanılmışdır. Hazırkı vəziyyətdə iddiaçıya ödənilməli olan ödənc xx.xx.2019-cu il tarixədək ödənilmiş və bunun əsası kimi Dövlət Əmək Müfəttişliyinin xx.xx.2009-cu il tarixli ******* nömrəli göstərişi olmuşdur. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə kollegiyası yekunda müəyyən etdi ki, cavabdeh olan Cavabdeh2 ASC tərəfindən iddiaçıya istehsalat xəsarətinə görə xx.xx.2019-cu il tarixədək ödədiyi ödəncin dayandırılmasının hüquqi əsası olmamış və hər hansı bir qərara əsaslanmamışdır. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün müəyyən etməyərək tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməyərək səhvə yol vermişdir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının əvvəllər işlədiyi və xəsarət aldığı müəsissə özəlləşdirilmə və idarəetməyə dövründə deyil, həmin mərhələni keçmiş, cavabdeh xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənc ödəmiş, eyni zamnda, iddiaçı istahslat xəsarəti üçün qanunvericiliklə müəyyən edilən məbləği əldə etməklə bağlı təyin edilən müavinəti seçmək hüququndan istifadə etməmişdir. Qaydaların tələbinə görə müavinəti seçmək iddiaçının hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq ödəncin cəmi 966 manat ödənilməyən hissəsinin ödənilməsini xahiş etmiş, həmin ödəncin aylıq məbləğinin 138 manat olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1860/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı xeyrinə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin ödənilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1860/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 (doqquz yüz altmış altı) manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi təmin edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar