Məhkəmə qərarları › İş №2(107)-423/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-423/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-423/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, notarial qaydada təsdiq edilmiş müqavilə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)-519/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Oğuz rayonu Dövlət Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M/48 nömrə ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə qaytarmaq şərtilə borcalan Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2000 manat məbləğində borc vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən borca görə 6000 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Oğuz rayon Calud kənd sakinidir. Cavabdehi Oğuz şəhər sakini kimi tanıyır. Təqribən 2010-cu ildə Cavabdeh Oğuz şəhərində yerləşən məişət əşyaları mağazasından qızına cehiz üçün məişət avadanlığı götürmək üçün müraciət etmişdir. Razılaşmaya əsasən bankdan 2400 manat pulu köçürmə yolu ilə cavabdehin hesabına ödəmiş, satın aldığı məişət avadanlıqlarını götürmək istəsə də, cavabdeh ondan bir neçə dəfə vaxt istəmişdir. Avadanlığın verilməsinin ləngidiyini görüb bu işlə maraqlandıqda bilmişdir ki, cavabdeh eyni qaydada bir çox şəxsi aldatmışdır. Onun və digər şəxslərin şikayəti əsasında cavabdeh haqqında cinayət işi başlanmış, iş baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh ona və digər zərərçəkənlərə müraciət edərək onun guya dəymiş zərəri ödədiyinə dair məhkəməyə sənəd verilməsini xahiş etmiş, söz vermişdir ki, məhkəmədən sonra bütün pulları ödəyəcək. Buna görə o da digər şəxslər kimi məhkəmədə guya dəymiş ziyanın ödənildiyini bildirmişdir. xx.xx.2013-cü il tarixdə Oğuz rayon Notariat kontorunda cavabdehlə 2000 manatlıq borc müqaviləsi bağlamışdır. Cavabdeh həmin müqavilə ilə 2000 manat pulu xx.xx.2014-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür, lakin vədinə əməl etməmiş və ondan möhlət istəmişdir. Həmin müddətdə cavabdeh həbs olunmuş, həbsdən çıxdıqdan sonra isə xarici ölkədə yaşamışdır. Hazırda Oğuz rayonunda yaşayır. Buna görə də ondan müqaviləyə əməl etməyini tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan yayınır. Bundan əlavə pulu bankdan götürdüyündən kreditin faizi ilə birlikdə banka 2400 dollar pul ödəmiş, habelə almaq istədiyi məişət avadanlığının dəyəri indi ən azı 6000 manata yaxındır. Buna görə də cavabdehdən 6000 manat tələb edir. Məhkəməyə iddia ərizəsi verilməsi üçün 90 manat dövlət rüsumu da ödəmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, əvvəllər “Bank of Baku” vasitəsilə “Vestel” firması ilə birgə fəaliyyət göstərmiş, firmanın mallarının alqısatqısı ilə məşğul olmuşdur. 2010-cu ildə iddiaçıya 2000 manatlıq elektrik malları-televizor, soyuducu və paltaryuyan verməli idi. İddiaçı malları götürmədi, pulunu istədi. Pul isə hesaba köçürülmüşdü. Sonra müflis olub, barəsində olan cinayət işinə Ağır Cinayətlər Məhkəməsində baxılıb, ona həbs cəzası verilmişdir. 1 ildən sonra həbsdən çıxmış, xəstəliyi ilə əlaqədar İsveçə getmişdir. 5 il orada qalmışdır. 1 il olar ki, Oğuz şəhərinə qayıtmışdır. Təqaüdçüdür. Ürəyi xəstədir. İşinə məhkəmədə baxılarkən zərərçəkənlər, o cümlədən iddiaçı notarial qaydada təsdiq edilmiş ərizələr verərək borclarının ödənildiyini bildirmişlər. Həmin vaxt bildirmişdi ki, tutulmasa pulları verəcək, lakin onu həbs etdilər. Cəzasını çəkib. Heç kimə pul ödəmək fikri yoxdur. İddiaçıdan nəqd pul almayıb. Pul hesaba köçürülüb. İddiaçı ondan 2000 manat əvəzinə 6000 manat pul istəyir. İddianı qəbul etmir.

5. Cavabdeh məhkəmə iclasında daha sonra ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, banka borcu olduğuna görə iddiaçıya olan 2000 manat borcunu 2024-cü ilin fevral ayından sonra hissələrlə ödəməyə razı olduğunu bildirmişdir. İddiaçının 6000 manat pulun ondan tutulması tələbi qarşısında cavabdeh etiraz edərək iddiaçı yalnız 2000 manat tələb etdiyi təqdirdə həmin məbləği ödəməyə razı olduğunu bildirmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında 2000 manat pulla bağlı xx.xx.2013-cü il tarixdə borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında cavabdeh iddiaçının 6000 manat pul tələbinə qarşı yalnız 2000 manat məbləği iddiaçıya qaytarmağa etiraz etmədiyini bildirmişdir.

7. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi 6000 manat borcun qaytarılması hissəsində qismən təmin edilməli, cavabdehdən 2000 manat pul alınaraq iddiaçıya verilməli, qalan 4000 manat borcun yaranması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

8. Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)-519/2023 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin olunmuş, Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 385, 739 və 740-cı maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Oğuz rayonu Dövlət Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M/48 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2013-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı xx.xx.2014-cü il tarixdə qaytarmaq şərtilə borcalan Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2000 manat məbləğində borc vermiş, borc alan həmin məbləği xx.xx.2014-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onunla Cavabdeh arasında borc müqaviləsi bağlansa da, o 2000 (iki min) manat pulu Şahin Mustasfayevə borc qismində yox, məişət əşyaları satın almaq məqsədilə ödəmişdir. Ödədiyi məbləğ müqabilində Cavabdeh nə satın almaq istədiyi məişət əşyalarını, nə ödədiyi pul məbləğini ala bilməmişdir. Keçən müddət ərzində Azərbaycan manatı iki dəfə devalivasiya olunaraq bir neçə dəfə ucuzlaşmış, satın almaq istədiyi məişət əşyalarının qiyməti də ən azı 3-4 dəfə bahalaşmışdır. Onun Cavabdeh 2000 manat pulu verdiyi tarixdə həmin məbləğə satın ala biləcəyi məişət əşyalarının əhəmiyyətli dərəcədə bahalaşmış olması işin mübahisələndirilməyən halıdır. Qətnamə qəbul edilərkən bu hal nəzərə alınmamışdır. İş materiallarından da göründüyü kimi iş üzrə cavabdeh pulunu aldığı halda öhdəsinə götürdüyü məişət avadanlığını ona təhvil verməmiş, aldığı pul məbləğini geri qaytarmamış, satın almaq istədiyi məişət avadanlığı bahalaşmış, həm maddi vəsaitindən məhrum olmuş, həm də satın almaq istədiyi əmlakları əldə edə bilməmiş, maddi zərər çəkmişdir.

13. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)- 519/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

16. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş: 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)-519/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda iddianın təmin edilməmiş hissəsi mübahisə edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Cavabdeh ilə arasında borc müqaviləsi bağlansa da, o, 2000 (iki min) manat pulu Şahin Mustasfayevə borc qismində yox, məişət əşyaları satın almaq məqsədilə ödədiyini bildirsə də, bu hallar iş meterialları ilə təsdiq edilmir. Kollegiya qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında notarial qaydada bağlanmış borc müqaviləsi mövcuddur. İddiaçı müqavilənin əsl niyyətinin alqı-satqı olması ilə bağlı göstərdiklərini sübut edəcək hər hansı sübut və ya dəlili təqdim etməmişdir.

23. Kollegiya o cümlədən qeyd edir ki, Notariat haqqında Qanunun hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 35-ci maddəsinə görə notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Göründüyü kimi, əqdlərin notariat qaydasında təsdiqinin məqsədi əqdin tərəflərinin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətlərinin müəyyən edilməsi, imzalarının həqiqiliyinin müəyəyn edilməsi kimi məsələlərlə birlikdə, həmçinin əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun da müəyyən edilməsidir. Hazırki halda notariusun təsdiq etdiyi əqd alqı-satqı edilməsi deyil, borc verilməsi niyyətini ifadə etmişdir. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 42-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir. Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir. Əgər tərəflərin niyyəti borc deyil, alqı-satqı olmuşdursa, onların notariusun hərəkətlərindən şikayət verilməsi hüquqları olmuşdur ki, belə bir şikayətin verilməsi də aşkar edilmir.

24. Ona görə də, birinci instansiya məhkəməsi notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə istinad etməklə, borc verilmiş məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)-519/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya qeyd edir ki, hazırki halda mübahisələndirilən hissədə iddianın dəyəri 4000 manat, yəni 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(054)-519/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar