Məhkəmə qərarları › İş №2(107)-424/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-424/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-424/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı vəkili və nümayəndəsi X3 və Cavabdeh (sonuncu prosesdə iştirak etmir) iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı qız Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.200 manat pul vəsaitinin və mənəvi zərərə görə 5000 manat, cəmi 19200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli (hakim H.Xəlilov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 14000 (on dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 14030 (on dörd min otuz) manat məbləğində pul tutularaq İddiaçı veriməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyun ayında iddiaçının tanıdığı cavabdeh iddiaçının evinə gəlib ağlayaraq gəlininin qızıl-zinət əşyalarını lombarda girov qoyaraq batırdığı üçün oğlu və gəlinin onu evdən qovduğunu, artıq özünə qəsd edəcəyini deyərək iddiaçıdan kömək istəmişdir. İddiaçı cavabdehə qızıllarının olduğunu, maddi vəziyyəti ilə əlaqədar, eyni zamanda, iki əlil qızının dərmanlarını almaq üçün satmaq istədiyini demişdir. Cavabdeh iddiaçıya yalvarıb qızılları ona verməyi və düşdüyü vəziyyətdən çıxıb iddiaçının da pullarını qaytaracağını bildirmişdir. Beləliklə, onlar razılaşmışlar və iddiaçı 19.000 manat dəyərində olan qızıllarını cavabdehə vermiş və cavabdeh iddiaçıya xeyli dua edərək getmişdir. Bundan sonra, cavabdeh bir müddət iddiaçıya borcunu hissə-hissə pul ödəməyə başlamış, lakin artıq xeyli müddətdir ki, ödəniş etmir və müxtəlif bəhanələrlə boyun qaçırır. Hazırda cavabdehin iddiaçıya 14.200 manat qaytarmadığı pul borcu vardır. İddiaçı cavabdehdən pul vəsaitlərinin geri qaytarılmasını tələb etsə də cavabdeh bundan boyun qaçırmağa başlamışdır. Bundan sonra iddiaçı cavabdehin bu hərəkətləri barədə şikayət ərizəsi ilə Bakı Şəhəri, Suraxanı Rayon Prokurorluğuna müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, toplanmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan qızılları götürmüş, lakin həmin qızılların pulunu ödəməmişdir. Eyni zamanda, araşdırma zamanı həqiqətən cavabdehin iddiaçıya 14.000 manat pul borcunun olması tam təsdiq edilmişdir. Cavabdehin iddiaçının qarşısında öhdəliyi yaranmış və cavabdeh bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh iddiaçının pul vəsaitini qaytarmayaraq iddiaçının mütəmadi xahişlərinə, telefon zənglərinə ya cavab verməmiş, ya da müxtəlif bəhanələrlə yayınaraq iddiaçını əsəbləşdirmiş, daimi gərginlikdə saxlayaraq iddiaçıya davamlı şəkildə əzab, iztirab verməklə mənəvi ziyan vurmuşdur. İddiaçının himayəsində iki nəfər əlil övladı var, iddiaçı hesab edir ki, dəymiş zərər pulla kompensasiya edilə bilər. Mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsinə söykənir. İddiaçı pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini düşünməsə də, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vəsitəsi kimi çıxış edə bilər. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq tərəflər arasında danışıqlara dair CD disk təqdim etmiş və bununla bağlı bildirdi ki, həmin danışıqlar zamanı cavabdeh iddiaçıya 14.200 manat borcunun olduğunu etiraf etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, idiaçı İddiaçı şahidlər X4 , X6, X2 yanında müxtəlif vaxtlarda iddiaçıya olan borcunu tam verib bitirməsinə baxmayaraq cavabdehin haqsız olaraq heç bir əsas gətirmədən borclu olduğu vaxtlarda hansısa telefon danışığını yazaraq məhkəməyə sübut kimi təqdim etmiş və bununla da məhkəmə tərəfindən ciddi sübutlar olmadan qətnamə çıxarılmışdır. İddiaçı ilə onun arasında olan razılaşmada o, qızıl alverçisi kimi tanıdığı İddiaçı aldığı qızılların pulunu hissə-hissə ödədiyi halda borcda gecikmələr olub. Bu üzdən həmin gecikən müddəti əsas gətirərək əlavə faiz hesablayıb qızıl dəyərindən daha çox olan əlavə məbləğ tələb edib ki, buda onun haqlı narazılığına və əlavə pulu ödəməkdən imtina etməsinə səbəb olub. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan nisyə olaraq qızıl-zinət götürmüş, pulunu da vaxtı-vaxtında ödəmişdir. Götürdüyü qızıl-zinət 2800 manat dəyərində komplekt, 500 manat dəyərində üzük, 100 manat dəyərində uşaq bilərziyi, 950 manat dəyərində sep və 250 manat dəyərində sırğa və 500 manat dəyərində qızıl üzük olmuşdur. Hesablamasına görə iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cinayət işinin rədd olunması barədə qərarda da qeyd olunduğu kimi cavabdehin iddiaçıya 14000 manat məbləğində borcu vardır. Hesab edir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriulmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin yenə də məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir. Kollegiya cavabdehin teleqramını əsassız hesab edərək, süni süründürməçilik kimi qiymətləndirir və belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamaqla yanaşı, həm də tətbiq edilməli olan maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi E.Nəsibovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçi Ləzifə Əlliyevaya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın təsviri hissəsində Cavabdeh izahat verərək göstərmişdir ki, “o Ləzifə adlı xanımı Rahilə adlı xanım vasitəsilə tanımışdır. Oğlunun toyunda Rəhilədən qızıl almışdır və sonradan pulun hamısını qaytarmışdır. O, gəlininin qızıllarını lombardda girov qoyub batırdığı üçün Rahiləyə bu barədə demiş, Rahilə də Ləzifə adlı xanımdan qızıl ala biləcəyini bildirmişdir. O da Ləzifənin yaşadığı ünvana gedərək ondan qızıl istəmişdir. Ləzifə də ona ilkin olaraq 3300 manat dəyərində qızıl vermişdir. Təxminən bir aydan sonra o yenidən Ləzifədən 100 manatlıq və 750 manat dəyərində qızıl götürmüşdür. O, həmin pulları hissə-hissə qaytardığını bildirmişdir, sonuncu dəfə 2018-ci ilin may ayında 500 manat pulu Ləzifəyə gözəllik salonunda Şamo adlı xanım vasitəsilə qaytarmışdır. Ləzifəyə heç bir borcu yoxdur”. Apellyasiya icratı zamanı cavabdeh tərəfin təqdim etdiyi ərizənin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan 2800 manat dəyərində komplekt, 500 manat dəyərində üzük, 100 manat dəyərində uşaq bilərziyi, 950 manat dəyərində sep və 250 manat dəyərində sırğa və 500 manat dəyərində qızıl üzük (ümumilikdə 5100 manat dəyərində) götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (Mülki Məcəllənin 600-cü maddəsi). Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qətnamənin tamamilə ləğvi üçün əsaslı olsa da, iddia tələbinin tamamilə rədd olunması üçün əsaslı deyil. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinətin dəyərinə münasibətdə təmin edərkən Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarına istinad edərək, qərarını onunla əsaslandırmışdır ki, həmin qərarda Cavabdeh İddiaçı 14000 manat məbləğində borcunun olması tam təsdiq edilmişdir. Lakin 14.000 manat məbləğində borcun yaranmasının səbəbi və mənbəyi müəyyən deyildir. Halbuki, sözügedən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarda cavabdeh Əliyeva X1 ona ilkin olaraq 3300 manat dəyərində qızıl verildiyini, təxminən bir aydan sonra yenidən 100 manatlıq və 750 manat dəyərində qızıl götürdüyünü etiraf etmişdir. Bundan əlavə cavabdeh həmin pulları hissə-hissə qaytardığını, sonuncu dəfə 2018-ci ilin may ayında 500 manat pulu Ləzifəyə gözəllik salonunda Şamo adlı xanım vasitəsilə qaytardığını və hazırda Ləzifəyə heç bir borcunun olmamasını bildirmişdir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçı tərəfin öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apellyasiyua şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh polis orqanında izahat verərkən ümumilikdə 4150 manat məbləğində qızıl-zinət əşyasının götürdüyünü bildirsə də, apellyasiya icraatı zamanı fərqli, yəni cəmi 5100 manat dəyərində qızıl-zinət əşyasının götürdüyünü etiraf etmişdir. Cavabdeh həmçinin götürdüyü qızılzinətin dəyərinin qaytarıldığını bildirmişdir. Göründüyü kimi tərəflərin heç biri aralarında yaranmış münasibətlərin əsl səbəbini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəmir. Belə olan halda kollegiya qeyd edir ki, iddia tələbi qızıl-zinətin dəyərinə münasibətdə yalnız cavabdehin etirafına münasibətdə həll edilə bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Оnа görə də kоllegiyа hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, Cavabdeh 5100 (beş min yüz) manat və 30 manat ödənilmiş dövlət rüsmu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar