Məhkəmə qərarları › İş №2(107)-426/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-426/2020

04.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-426/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X3, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X4 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilən alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X3, X4 və X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilməsi, alimentin hər ay hər 80 manat, cəmi 240 manat sabit pul məbləğində tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx xxxxxx 2004cü il tarixdə doğulmuş X6, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 160 manat –cəmi 480 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(037)-350 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 yanında saxlanılmış və üç uşağın maddi təminatı üçün cavabdehin aylıq qazancının ½ hissəsi miqdarında aliment təyin olunmuşdur. Cavabdehin qazancının hissəsi kimi tutulan aliment onun maraqlarını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdeh tərəfindən ödənilən ayda cəmi 150 manat aliment hazırki şəraitdə üç uşağın saxlanması üçün azlıq edir və uşaqların normal təminatını ödəmir. O, İsmayıllı rayonun Qubaxəlilli kənd tam orta məktəbdə biologiya müəllimi işləməklə ayda 400 manat əmək haqqı alır. Uşaqlar məktəblidirlər. Bundan başqa qızı Aytənin gözündə ciddi problemlər olduğundan, oğlu Kənan isə astma-bronxit xəstəsi olduğundan daimi müailcə olunurlar. Cavabdeh isə uzun müddətdir Bakı şəhərində yaşamaqla və işləməklə kifayət qədər aylıq gəlirə malikdir. Ona görə də təyin olunmuş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 160 manat – cəmi 480 manat müəyyən edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçının yanında saxlanılan uşaqların maddi təminatı üçün aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində müsbət dəyişiklik baş verməmişdir. O, hazırda “xxxxxx” ASC-nin Nəsimi rayon “Su kanal” idarəsində nəzarətçi vəzifəsində işləməklə orta aylıq əmək haqqı 419 manat təşkil edir. O, yeni ailə quraraq Bakı şəhərində kirayədə yaşayır. Əmək haqqıdan başqa gəliri yoxdur. Üç uşağın saxlanması üçün hər uşağa hər ay 70 manat –cəmi 210 manat sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdeh apelyasiya şikayətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin nəticə hissəsində alimentin hər ay 240 manat sabit pul məbləğində tutulmasının hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması barədə gəldiyi nəticə də düzgün deyildir və bu dolayısı ilə qətnamədən şikayət verilməsinin qarşısının alınmasına xidmət edir. Yəni o, iddiaçı olaraq qətnamədən narazı qaldığı və şikayət verdiyi halda, işə apelyasiya və kassasiya mərhələsində baxılarkən ötən günlərdə uşaqlar tam və ya qismən maddi təminatsız qalırlar. Bu da heç bir qanun çərçivəsinə sığmır və uşaqların mənafeyinə, konstitusiyaya, həm də beynəlxalq konvensiyaya tam ziddir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, alimentin tutulmasının məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmasını və cavabdehin iş yerindən son bir illik müddət üzrə əmək haqqı barədə arayış alınmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Onun hazırkı maddi vəziyyəti, psixoloji sarsıntıları iddiaçıya bəllidir. Ötən il o, gənc yaşda bacısını itirmiş, bundan kəskin depressiv vəziyyətə düşən anası isə bacısının ölümündən beş ay sonra dünyasını dəyişmişdir. Belə bir vəziyyətdə, bu cür ağır psixoloji sarsıntı keçirdiyi bir vaxtda iddiaçının ona qarşı məhkəməyə müraciət etməsi də ona böyük bir mənəvi zərbədir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsinin ləğv edilərək, aliment məbləğinin hər bir uşaq üçün 60 manat, cəmi 180 manat təyin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasınının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsinin ləğv edilərək, aliment məbləğinin hər bir uşaq üçün 60 manat, cəmi 180 manat təyin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsi alimentə aid hissədə dəyişdirilməlidir. İş materiallarına əlаvə edilmiş AZ-İ 547422 nömrəli xx xxxxxx 2004-cü il tarixli, AZ-İ 685578 nömrəli xx xxxxxx 2005-ci il tarixli və AZ-İİ 653668 nömrəli xx xxxxx 2011-ci il tarixli dogum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx xxxxxx 2004-cü il tarixdə X6, xx xxxxxxx 2005-ci il tarixdə X7 və xx xxxxxx 2011-ci il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. İş materiallarına əlаvə edilmiş İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(037)-350 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin aylıq qazancının və ya digər gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlаvə edilmiş AZ-İ 188532 nömrəli xx xxxxxx 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin nikahı ləğv edilmişdir. İş materiallarına əlаvə edilmiş “xxxxxx” ASC-nin Nəsimi rayon “Su kanal” İdarəsinin 26 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, cavabdeh “xxxxxx” ASCnin Fakturalama qrupu şöbəsində “Su kəməri” təsərrüfatında nəzarətçi vəzifəsində işləməklə orta aylıq əmək haqqı 419 manat təşkil edir. İş materiallarına əlаvə edilmiş tərəflərə məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində anadan olmaqla, həmin kənddə yaşayır, cavabdeh xx.xx.1976-cı ildə İsmayıllı rayonun Qubaxəlilli kəndində anadan olmaqla Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsi 39-da yaşayır. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(037)-350 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X5 iddiaçının yanında saxlanılmış və üç uşağın maddi təminatı üçün cavabdehin aylıq qazancının ½ hissəsi miqdarında aliment təyin olunmuşdur. İddiaçı cavabdehin gəlrinin hissəsi kimi tutulan alimentin onun maraqlarını əhəmiyyətli dərəcədə pozduğunu, ödənilən cəmi 150 manat aliment uşaqların maddi təminatını ödəmədiyini, özünün İsmayıllı rayonun Qubaxəlilli kənd tam orta məktəbdə biologiya müəllimi işləməklə ayda 400 manat əmək haqqı aldığını, uşaqların məktəbli olduğunu, qızı Aytənin gözündə ciddi problemlər olduğunu, oğlu Kənanın isə astma-bronxit xəstəsi olduğundan daimi müailə olunduqlarını, cavabdehin Bakı şəhərində yaşamaqla və işləməklə kifayət qədər aylıq gəlirə malik olduğunu qeyd edərək təyin olunmuş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 160 manat – cəmi 480 manat müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. X13 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “X12” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını,“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, аlimentin miqdаrını müəyyən edərkən səhvə yоl vermiş və uşаqlаr üçün müəyyən edilmiş yаşаyış minimumunu nəzərə аlmаmışdır. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətində alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması barədə gəldiyi nəticənin düzgün olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən iddiaçının ilk dəfə aliment tələbi ilə məhkəməyə müraciət etdiyi halda alimentin tutulması məhkəməyə müraciət etdiyi vaxtı nəzərdə tutur. Lakin alimentin miqdarının artırılması barədə tələb təmin edildiyi halda, aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan sonra tutulmalıdır. Göründüyü kimi qanunvericilikdə artırılmış aliment məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh аpelyаsiyа şikayətində psixoloji sarsıntılar keçirdiyini bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.3-cü mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Qeyd edilənlərə əsasən, məhkəm kollegiyası hesab edir ki, Apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)- 897/2019 saylı qətnаməsi dəyişdirilməli, xx xxxxxx 2014-cü il təvəllüdlü X1 üçün hər ay 80 manat məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-897/2019 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilərək xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X3, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X4 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün ödənilən alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar