Məhkəmə qərarları › İş №2(107)-428/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-428/2022

01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-428/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbi üzrə (Açar sözlər: aliment miqdarının artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(075)-2643/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(075)- 3655/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 05 sentyabr 2005-cı il tarixdə anadan olmuş X6 və 05 fevral 2007-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla 250 (iki yüz əlli) manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. 02 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ 699551 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 sentyabr 2005-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh, anası isə X2r. 01 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ 914810 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 fevral 2007-ci il tarixdə anadan olmuş X5 atası Cavabdeh, anası isə X2r. Şəki RMX PHŞ İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş 05 avqust 2021- ci il tarixli 577 nömrəli Tibbi Rəydən görünür ki, 05.09.2005-ci il təvəllüdlü X3 İlkin Səhiyyə Xidməti (ASM) şöbəsində 05.08.2021-ci il tarixdə həkim pediatr müayinəsindən keçmişdir. Şəki RMX PHŞ İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş 05 avqust 2021- ci il tarixli 577 nömrəli Tibbi Rəydən görünür ki, 05.09.2007-ci il təvəllüdlü X1 İlkin Səhiyyə Xidməti (ASM) şöbəsində 05.08.2021-ci il tarixdə həkim pediatr müayinəsindən keçmişdir. 09 yanvar 2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, Səfərov X12 və Zəngilan rayonlarının işğaldan azad olunmasında fəaliyyətinə, yüksək iltizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. 01 oktyabr 2021-ci il tarixli 2021-002209 nömrəli X9 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X9 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X9 iştirak etməmişdir. Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, 23 aprel 2018-ci il tarixdə verilmiş AZ-İV 108506 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26 mart 2018-ci il tarixdə anadan olmuş X7 atası Cavabdeh, anası isə X10r. Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsindən görünür ki, 15 fevral 2017-ci il tarixdə verilmiş İİ-PY 895333 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 fevral 2017-ci il tarixdə anadan olmuş X8 atası Cavabdeh, anası isə X10r. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2005-ci il tarixdə anadan olmuş X15 və 05 fevral 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 250 manat olmaqla, cəmi 500 manat alimentin tululub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C. İmanov) 28 dekabr 2021-ci il tarixli, 2(075)- 2643/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsi ilə 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınaraq İddiaçı ödənilməli olan aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 135 (yüz otuz beş) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28 iyun 2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 05 sentyabr 2005-ci il tarixdə Nübar, 05 fevral 2007-ci il tarixdə Nurtac adlı iki övladları olmuşdur. Cavabdehlə ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Aralarında olan nigah məhkəmə qaydasında pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə qızları Nübar və Nurtacın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa 125 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin hazırkı bazaar qiymətlərinə görə qeyd olunan məbləğ həddindən çox azdır. Belə ki. uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Cavabdeh 2017-ci ildən hazıradək Respublikada kifayət qədər infilyasiya olmasını, bir uşaq üçün verdiyi aliınentin uşağın tələbatlarını ödəmədiyini nəzərə almamış və müəyyən edilmiş alimentdən əlavə maddi yardım göstərməmişdir. O, Cavabdeh ödədiyi alimentlə uşaqları saxlaya, uşaqların zəruri təlabatlarını ödəyə bilmir. Aliınentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həmdə vacib vəzifələridir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)-1059/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və cavabdehin həmin nikahdan da iki əlavə azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 05 sentyabr 2005-cı il təvəllüdlü X6 və 05 fevral 2007-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(075)- 1059/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat olmaqla, 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alimentin məbləğinin artırılmasına dair Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin Şəki Rayon Məhkəməsinin 2(075)- 2643/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək alimentin məbləği cəmi 270 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 2(075)- 2643/2021 saylı qətnaməsi qanunsuzdur və Apellyasiya Məhkəməsi tərəfindən qətnamə ləğv edilərək iddia tələbim tam təmin ediləcəkdir. Qeyd edilənlərə əsasən Cavabdeh Fikrot oğlundan 05 sentyabr 2005-ci il tarixdə anadan olmuş X15 və 05 fevral 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 250 manat olmaqla, cəmi 500 manat alimentin tululub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 270 manat məbləğində aliment uşaqların saxlanılması üçün kifayət etmir. Özü hazırda müəllim işləyir və 350 manat məbləğində əmək haqqı alır. Lakin hesab edir ki, onun əmək haqqı alması cavabdehi uşaqlarını saxlamaqdan azad etməməlidir. Ona görə də apellyasiya şikayətinin təmin olunraq, alimentin artırılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, iddiaçı onun qardaşıdır. İddiaçı keçmiş hərbçidir. Lakin səhhətində olan problemlə ordudan təxris olunsa da, stajı bitmədiyindən pensiya da almır. Cavabdeh iddiaçıdan sonra ikinci dəfə ailə həyatı qurmuş, ikinci evliliyindən də iki uşağı vardır. Bundan əlavə cavabdeh heç bir yerdə işləmir. Ona görə də o, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(075)-2643/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(075)-2643/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(075)- 2643/2021 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri, həmçinin məhkəmə iclasında vermiş olduğu izahat alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin stabil aylıq qazanca malik olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmış, eləcə də özünün izahatının daha mötəbər sübut kimi qiymətləndirilməsini israr etmişdir. Üçüncü, apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, apellyasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı özü də işləməklə, cavabdehin uşaqlarının saxlanması üçün alimentin məhkəmə qətnaməsi ilə tutulması zamanından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi zamanadək olan müddətdə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. İddiaçı apellyasiya şikayətində cavabdehin əlavə gəlir əldə edilməsini göstərsə də, bu barədə də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmişdir. Belə hal isə apellyasiya araşdırması nəticəsində müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin MPM-in 402.1-ci çmaddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(075)-2643/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar