Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-432/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbi üzrə (Açar sözlər: Alimentin artırılması, mediasiya xərci) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-315/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına, onun himayəsində qalmış xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 18 yaşı tamam olan günədək saxlanması üçün atası olan Cavabdeh hər ay üzrə hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-cü ildə qeydə alınmış nikahı olmuş, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş Mehin adlı və xx.xx.2017-ci ildə anadan omuş Duyğu adlı uşaqları vardır. Qəbələ rayon məhkəməsinin 2021-ci ildə çıxardığı qətnamə ilə nikahları pozulmuş və hər iki uşaq onun himayəsində saxlanmışdır. Onun aliment tələbinə dair iddiası üzrə işə baxaraq Qəbələ rayon məhkəməsi xx.xx.2021ci ildə 2(025)-315/2021 saylı qətnamə çıxarmış və uşaqların yetkinlik yaşına çatmasınadək hər birinə 110 manatdan olmaqla hər ay üzrə cəmi 220 manat pulun onun xeyrinə alınıb verilməsini qət etmişdir. Alimentin hazırkı miqdarı 2 uşağının cəmisi on gün saxlanması xərclərini ödəməyə kifayət etmədiyi aşkar və hamıya məlum bir faktdır. Hər iki uşağı məktəblidir, onların normal təhsil alması, yaxşı qidalanması, sağlamlığının qorunması və digər çox zəruri tələbatlarının ödənilməsi mühümdür. 2 uşağının sağlam böyüməsi üçün mütəmadi müayinə və müalicəsi ilə bağlı xərcləri ödəməkdə çətinliklər çəkir. Odur ki, uşağa görə təyin edilmiş alimentin hazırkı miqdarının artırılması üçün hazırkı iddia ərizəsi ilə müraciət edir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək etiraz ərizəsi təqdim edərək, izahatında göstərmişdi ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 315/2021 nömrəli qətnaməsinə əsasən ondan 21 yanvar 2021-ci il tarixdən başlayaraq 13 avqust 2014-cü il təvəllüdlü X3 və 22 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçsə də, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Əksinə maddi vəziyyəti daha da azalmışdır. Heç bir yerdə işləmir və aylıq qazancı yoxdur. Himayəsində yaşlı və xəstə anası vardır. Fərdi işlə məşğul olur və qazancı stabil olmur. Hal-hazırda 220 manat alimenti çətinliklə ödəyir. Əgər aliment artırılarsa ümumiyyətlə ödəyə bilməyəcək və məhkəmə qətnaməsi icra olunmamış qalasıdır. Nəticədə iddiaçı ilə aralarında daha da narazılıqlar artacaq, bütün bu məsələlərdə uşaqlara təsir edəcəkdir. İddiaçı ondan hər uşaq üçün 193 manat aliment tələb etsə də, hər uşaq üçün 193 manat məbləğində aliment ödəyə bilməyinə dair ərizədə hər hansı sübut təqdim etməmişdir. Alimentlə bağlı qanun normalarının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Göründüyü kimi valideynin heç bir yerdə işləməməsi, o cümlədən az gəlir əldə etməsi aliment təyin edilərkən nəzərə alınmalıdır. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsi ilə (E.İsayev), iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 13 avqust 2014-cü il təvəllüdlü X3 və 22 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)- 315/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21 yanvar 2021-ci il tarixdən başlayaraq 13 avqust 2014-cü il təvəllüdlü X3 və 22 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-315/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, onun himayəsində qalmış xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2017ci ildə anadan olmuş X4 18 yaşı tamam olan günədək saxlanması üçün atası olan Cavabdeh hər ay üzrə hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın onun xeyrinə alınıb verilməsini tələb edir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 110 manat miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etməmişdir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi.
9. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
10. Həmçinin nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
11. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay hər uşaq üçün 160 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir.
12. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci və 78.2-ci, 76.2, 112.1-ci maddələri, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndi,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 107, 217, 218.3-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Qəbələ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(025)-1539/2022 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Qeyd edir ki, məhkəməyə ünvanladığı etiraz ərizəsində də qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-315/2021 nömrəli qətnaməsinə əsasən 21 yanvar 2021-ci il tarixdən başlayaraq 13 avqust 2014-cü il təvəllüdlü X3 və 22 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçsə də, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Əksinə maddi vəziyyəti daha da pisləşmişdır. Heç bir yerdə işləmir və aylıq qazancı yoxdur. Hiamyəsində yaşlı və xəstə anası vardır. Fərdi işlə məşğul olur və qazancı stabil olmur. Hal-hazırda 220 manat alimenti çətinliklə ödəyir. Əgər aliment artırılarsa ümumiyyətlə ödəyə bilməyəcəkdir və məhkəmə qətnaməsi icra olunmamış qalacaqdır. Nəticədə iddiaçı ilə aralarında daha da narazılıqlar artacaq, bütün bu məsələlərdə uşaqlara təsir edəcəkdir. İddiaçı ondan hər uşaq üçün 193 manat aliment tələb etsə də, hər uşaq üçün 193 manat məbləğində aliment ödəyə bilməyinə dair ərizədə hər hansı sübut təqdim etməmişdir. Alimentlə bağlı qanun normalarının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Bu səbəbdən də 2 uşaq üçün təmin olunmuş 320 manat alimenti ödəyə bilməyəcəkdir. Digər tərəfdən nəzərə alınsa ki, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı isə tam sağlamdır, supermarketdə satıcı işləyir, uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan və qarşı tərəf də aldığı əmək haqqı ilə uşaqların saxlanılmasında köməklik etməlidir. O, indiki yaşayış tərzinə və vəziyyətinə görə iddiaçı Könül X1 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün 110 manat olmaqla ümümilikdə 220 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Ona görə də alimentin miqdarı dəyişilmədən, yəni hər uşaq üçün 110 manat olaraq saxlanılmalıdır. Həmçinin, Qəbələ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsi ilə 50 manat məbləğində mediasiya xərcinin də ondan tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir.Lakin qanunvericiliyin normasına əsasən mediasiya xərci məhkəmə xərci hesab olunmur və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında”Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
16. Məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir.
17. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi məhkəmə alimentin miqdarının artırılması barədə qətnamə qəbul edərkən cavabdeh şəxs kimi onun maddi vəziyyətini, xəstəliyinin və yaşlı valideyninin olmasını, gəlirlərini və s. nəzərə almamışdır.
18. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(025)- 1539/2022 nömrəli qətnaməsininin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. O, həmçinin məhkəmə kollegiyasının iclasında uşaqlarla hər həftənin sonları ünsiyyətdə olmaqla, ünsiyyətdə olduğu dövrdə uşaqlarına alimentin artırılmış hissəsindən daha yüksək vəsait sərf etdiyini, yaşadığı evin həyətində mebel sexinin yerləşməsinə baxmayaraq onun qardaşına məxsus olduğunu, özünün isə həmin sexdə usta kimi çalışdığını, özünə məxsus olan yalnız bir ədəd Opel markalı avtomaşının olduğunu, apellyasiya şikayətində alimentin artırılmasına razı olmadığını qeyd etməsinə baxmayaraq, iddiaçının himayəsində olan uşaqlarının saxlanılması üçün qət edilmiş hər uşaq üçün 110 manat alimentin 10-15 manat məbləğində artırılmasına razı olduğunu göstərmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(025)-1539/2022 nömrəli qətnaməsininin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. O, həmçinin izahatında özünün işləmədiyini, cavabdehin isə pilləkən ustası olmaqla kifayət qədər yüksək qazanc əldə etdiyini, cavabdehin həyətində 3 ədəd avtomaşınının olduğunu, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cəmi 320 manat alimentin ödənilməsinin cavabdehin tam imkanı daxilində olduğunu göstərmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
26. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etsə də, birinci instnasiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, məhkəmə apellyasiya şikayətinə iddianın təmin edilmiş hissəsinə münasibətdə baxmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə cavabdehdən tutulmalı olan mediasiya xərcinin məbləğinin 50 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mediasiya xərcinin tutulması hissəsində mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)- 315/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21 yanvar 2021-ci il tarixdən başlayaraq 13 avqust 2014-cü il təvəllüdlü X3 və 22 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-315/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, onun himayəsində qalmış xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 18 yaşı tamam olan günədək saxlanması üçün atası olan Cavabdeh hər ay üzrə hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın onun xeyrinə alınıb verilməsini tələb edir.
33. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, əvvəlki qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçsə də, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Əksinə maddi vəziyyəti daha da pisləşmişdır. Heç bir yerdə işləmir və aylıq qazancı yoxdur. Himayəsində yaşlı və xəstə anası vardır. Fərdi işlə məşğul olur və qazancı stabil olmur. Hal-hazırda 220 manat alimenti çətinliklə ödəyir. Əgər aliment artırılarsa ümumiyyətlə ödəyə bilməyəcəkdir və məhkəmə qətnaməsi icra olunmamış qalacaqdır. Nəticədə iddiaçı ilə aralarında daha da narazılıqlar artacaq, bütün bu məsələlərdə uşaqlara təsir edəcəkdir. İddiaçı ondan hər uşaq üçün 193 manat aliment tələb etsə də, hər uşaq üçün 193 manat məbləğində aliment ödəyə bilməyinə dair ərizədə hər hansı sübut təqdim etməmişdir. Onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı isə tam sağlamdır, supermarketdə satıcı işləyir, uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan və qarşı tərəfdə aldığı əmək haqqı ilə uşaqların saxlanılmasında köməklik etməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin daha da pisləşdiyini, himayəsində yaşlı və xəstə anasının olduğunu bidlirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Cavabdeh apellyasiya şikayətində iddiaçının işləyib qazanc əldə etdiyini bildirsə də iddiaçının işləməsi və müəyyən bir qazanca malik olmasına dair iş materialına heç bir sənəd əlavə edilməmiş və məhkəmə kollegiyasına da bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri əsassızdır.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafelərinin nəzərə alınaraq onların saxlanması üçün hər uşaq üçün 160 manat, cəmi 320 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.
37. Daha sonra apellyator apellyasiya şikayətində göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsi ilə 50 manat məbləğində mediasiya xərcinin də ondan tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir. Lakin qanunvericiliyin normasına əsasən mediasiya xərci məhkəmə xərci hesab olunmur və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında”Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
38. Məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
40. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “Mediasiya prosesinə xitam verilməsi” barədə protokoldan görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xərcini ödəmiş, eyni zamanda Cavabdeh İddiaçı ilə birgə mediasiya sessiyasında iştirak etmişdir.
41. Kollegiya hesab edir ki, iş materiallarından da göründüyü kimi mediasiya xərcinin digər formada ödənilməsinə dair qeyd-şərt və ya mediasiya xərclərinin bərabər şəkildə bölüşdürülməsini istisna edə hər hansı hal müəyyən edilmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməlidir.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsi mediasiya xərcinin tutulması hissəsində dəyişdirilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 50 manat mediasiya xərcinin miqdarı azaldılaraq 25 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsi mediasiya xərcinin tutulması hissəsində dəyişdirilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1539/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 50 manat mediasiya xərcinin miqdarı azaldılsın və Cavabdeh 25 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.