Məhkəmə qərarları › İş №2(107)-435/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-435/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-435/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)- 600/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nadirov Mahir Eynulla oğlu arasında bağlanmış GY-1852 №-li, 16 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Cavabdeh Nadirov Mahir Eynulla oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 may 2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən “Zamin” müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.Göyçay rayon notariat ofisi tərəfindən LPO İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 682 nömrəli cavab məktubundan görünür ki, hazırki iş üzrə borclu Nadirov Mahir Eynulla oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş, mərhum Nadirov Mahir Eynulla oğlunun vərəsəsi olan Göyçay şəhəri, 49-cu məhəllədə yaşayan, arvadı Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-735 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasənvərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilən normanın mənasından belə başa düşülür ki, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 02 dekabr 2022-cı il tarixli **********508 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın rədd edilməsi, LPO İddiaçı ASC-nin Cavabdeh1 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcunun və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiasının təmin edilməməsin qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh Nadirov Mahir Eynulla oğlu ilə İddiaçı LPO ASC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Nadirov Mahir Eynulla oğluna 24 faiz olmaqla 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Nadirov Mahir Eynulla oğluna zamin durmuşdur. Nadirov Mahir Eynulla oğlu 30.04.201-cu il tarixdə vəfat etmişdir.Nadirov Mahir Eynulla oğlu vəfat etdikdən sonra Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə arvadı hazırki iş üzrə Cavabdeh1 ondan qalan miras əmlakı qəbul etdiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. LPO Atabank ASC cavabdehlər Nadirov Mahir Eynulla oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı LPO Atabank ASC -nin Cavabdehlər Nadirov Mahir Eynulla oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh Nadirov Mahir Eynulla oğlunun vəfat etməsi ilə əlaqədar xitam verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Atabank ASC-nin Cavabdeh2 2533.95 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. LPO Atabank ASC hazırki iddia ərizəsi ilə Cavabdeh1 mərhum əri Nadirov Mahir Eynulla oğlunun kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Nadirov Mahir Eynulla oğlu ilə İddiaçı LPO ASC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Nadirov Mahir Eynulla oğluna 24 faiz olmaqla 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Nadirov Mahir Eynulla oğluna zamin durmuşdur. Nadirov Mahir Eynulla oğlu 30.04.201-cu il tarixdə vəfat etmişdir.Nadirov Mahir Eynulla oğlu vəfat etdikdən sonra Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə arvadı hazırki iş üzrə Cavabdeh1 ondan qalan miras əmlakı qəbul etdiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı müəyyən edilmişdir ki, LPO Atabank ASC cavabdehlər Nadirov Mahir Eynulla oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı LPO Atabank ASC -nin Cavabdehlər Nadirov Mahir Eynulla oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh Nadirov Mahir Eynulla oğlunun vəfat etməsi ilə əlaqədar xitam verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Atabank ASC-nin Cavabdeh2 2533.95 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. LPO Atabank ASC hazırki iddia ərizəsi ilə Cavabdeh1 mərhum əri Nadirov Mahir Eynulla oğlunun kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nadirov Mahir Eynulla oğlunun 30.4.2019-cu il tarixdə vəfat etdikdən sonra, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2019cu il tarixdə vərəsəli hüququnda şəhadətnamənin verilməsini əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. İddiaçının hazırki tələb üzrə iddia tələbi xx.xx.2022-ci il tarixədək olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 45.84 manat dövlət rüsumu İddiaçı LPO ASC-yə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı LPO ASC-nin Cavabdeh1 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.3, 448.1, 448.2, 470.1, 472.2, 462.1 və 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsi əsassız olduğundn ləğv edilməli və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi əsassız olaraq qeyd etmişdir ki, hazırki tələb üzrə iddia müddəti əsas borclu olan Nadirov Mahir Eynulla oğlunun vərəsəsi Cavabdeh1 vərəsəlik haqqında şəhadətnamənin verildiyi tarixdən hesablanmalıdır. Halbuki Mülki Məcəllənin 377-ci maddəsi iddia müddətinin axımının başlanması ilə bağlı məsələləri aydın şəkildə tənzimləyir. Həmin maddənin ikinci bəndində qeyd olunur ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materillarından da göründüyü kimi, İddiaçı ASC ilə mərhum Nadirov Mahir Eynulla oğlu arasında kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə, 48 ay müddətinə bağlanılmışdır. Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Plenum Qərarına əsasən, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Nəticə etibarilə yuxarıda qeyd olunmuş kredit müqaviləsinin kredit alan Nadirov Mahir Eynulla oğlu tərəfindən icra edilməsi üçün son müddət-yəni müqavilənin icra müddəti xx.xx.2020ci il tarixində bitir. Mülki Məcəllənin 373.2-ci maddəsində qeyd edildiyi kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Deməli hazırki iş üzrə iddia müddəti Göyçay Rayon Məhkəməsinin qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə bitir. İddiaçı ASC-nin məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyini nəzərə alsaq, iddia müddəti ötürülməmişdir. Göyçay Rayon Məhkəməsi iddia müddətinin başlanması anı ilə bağlı tərəflər arasında mövcud mübahisəyə baxarkən cavabdehin mövqeyini üstün tutsa da, bu mövqeyi əsaslandıra bilməmişdir. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində məhkəmə hansı əsasla bu nəticəyə gəldiyini göstərmir. Halbuki məhkəmə qətnaməsinin ən əsas iki şərti onun qanuniliyi və əsaslılığıdır. Qeyd olunanlara əsasən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-600/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə telqram göndərərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının və cavabdehlər iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1- nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı» Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-600/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)- 600/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, cavabdeh Nadirov Mahir Eynulla oğlu ilə İddiaçı LPO ASC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Nadirov Mahir Eynulla oğluna 24 faiz olmaqla 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Nadirov Mahir Eynulla oğluna zamin durmuşdur. Nadirov Mahir Eynulla oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Nadirov Mahir Eynulla oğlu vəfat etdikdən sonra Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə arvadı hazırki iş üzrə Cavabdeh1 ondan qalan miras əmlakı qəbul etdiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. LPO Atabank ASC cavabdehlər Nadirov Mahir Eynulla oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı LPO Atabank ASC -nin Cavabdehlər Nadirov Mahir Eynulla oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh Nadirov Mahir Eynulla oğlunun vəfat etməsi ilə əlaqədar xitam verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Atabank ASC-nin Cavabdeh2 2533.95 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. LPO Atabank ASC hazırki iddia ərizəsi ilə Cavabdeh1 mərhum əri Nadirov Mahir Eynulla oğlunun kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Nadirov Mahir Eynulla oğlunun 30.4.2019cu il tarixdə vəfat etdikdən sonra, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vərəsəli hüququnda şəhadətnamənin verilməsini əsas götürülməli, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Cavabdeh1 birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə iddia müddəti tətbiq edilməsini və iddia müddətini keçməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bank 16 may 2016-cü il tarixli, GY-1852 saylı kredit müqaviləsinə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Nadirov Mahir Eynulla oğlu 30.4.2019-cu il tarixdə vəfat etmişdir. Nadirov Mahir Eynulla oğlu öldüyündən iddiaçı Bank ilə bağlanmış 16 may 2016-cü il tarixli, GY-1852 saylı kredit müqaviləsi üzrə öhtəliyə davam edə bilməzdi. Belə olan halda onun öhtəliyi onun vərəsəsi olan hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 keçmişdir. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnaməni xx.xx.2019-cu il tarixdə aldığından iddia müddətinın axımı həmin tarixdən hesablanmalı idi. Ancaq iddiaçı tərəf qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyərək iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırki tələb üzrə iddia tələbi xx.xx.2022-ci il tarixədək olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatda az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar