Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-439/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)- 803/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 (bundan sonra birinci cavabdeh), Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) 3406,25 manat əsas, 1182,80 manat faiz, 1977,84 manat cərimə, 509,01 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 7075,90 manat kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-803/2020 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı 3406,25 manat əsas, 1182,80 manat faiz, 1977,84 manat cərimə, 509,01 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 7075,90 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-803/2020 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. . İşin faktiki halları: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 3482 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 26% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Cavabdehlərdən 3406,25 manat əsas, 1182,80 manat faiz, 1977,84 manat cərimə, 509,01 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 7075,90 manat kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, həqiqətən də bankdan kredit götürmüş və vaxtı-vaxtında ödənişlər də etmişdir. Az bir məbləğdə borcu qalmışdır. Lakin Bank uzun müddət keçəndən sonra onu məhkəməyə verərək artıq hesablanmış pulu tələb edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)- 803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxx 2011-ci il tarixli 3482 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin İnam filialı tərəfindən birinci cavabdehə illik 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2011-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı ASC-nin İnam filialı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlət birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələtinə götürmüşlər. xx xxx 2020-ci il tarixli **********543 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmişdir. xx xxx 2020-ci il tarixli **********476 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxxxxx 2011-ci il tarixli 3482 nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxx 2020-ci il tarixinə yaranmış ümumi borcu 7075,90 manat məbləğində olmuşdur Hesabdan çıxarışın surətindən görünür ki, birinci cavabdeh xx xxxxxx 2011-ci il tarixli 3482 nömrəli kredit müqaviləsinə əsasən kredit borcunu sonuncu dəfə xx xxx 2012-ci il tarixdə ödəmişdir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, bazada Cavabdeh2 dair məlumat yoxdur. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olduğundan xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borclu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində qeyd olunan məbləği cavabdehə 2011-ci ilin noyabr ayında bir il altı ay müddətə verildiyini, cavabdeh tərəfindən borcunu xx.xx.2013-cü il tarixədək qaytarılmalı olmasını, lakin həmin tarixədək qaytarılmadığını və bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etmədiyini bildirmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 47-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-439/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-439/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver