Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-440/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – tapşırıq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan AR DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1953-cü il tarixdə Ermənistan Quqark rayonunda anadan olmuş Əliyev X5 şəhəri, A.S.Puşkin küçəsi ev 10/3, mənzil 13 ünvanında qeydiyyatdadır.
2. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-576/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X3 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 23 saylı evin 46 saylı mənzilindən xx.xx.2008ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 ilə birlikdə ümumi əsaslarla istifadə hüququ tanınmışdır.
3. İş materiallarında olan xx.xx.2008-ci il tarixli etibarnamənin (etibarlılıq müddəti 10 il) surətindən görünür ki, İddiaçı X1 Gəncə şəhəri, N.Nərimanov prospekti 7-ci döngə, ev 10-da yerləşən iki otaqlı mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15000 (on beş min) manat pulun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1953-cü il təvəllüdlü, Mingəçevir şəhəri, Puşkin küçəsində qeydiyyatda olan qardaşı iş üzrə Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə etmiş, 15000 manat məbləğində pulunu ələ keçirmişdir. Cavabdeh ondan pulu o məqsədlə almışdır ki, guya, həmin pulla ona ev alacaqdır. Ondan sonra da nəvəsi X6 ilə cavabdehin oğlu evlənib həmin evdə yaşayacaqlar. Cavabdeh pulu aldıqdan 1 il müddətinə ona ev alacağını demişdir. O isə qardaşı olduğuna görə inanmışdır. Bu günə kimi nə evi almış, nə də pulu qaytarmışdır. Faktı təsdiq edən səs yazılarını da təqdim etmişdir. Hesab edir ki, cavabdeh onun pulunu qanunsuz ələ keçirmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, lakin iddia ərizəsində istinad etdiyi əsaslardan fərqli olaraq göstərmişdir ki, 2008-ci ildə Esmira ilə Elizbar ailə həyatı qurublar. Bundan sonra qardaşı Cavabdeh ona deyib ki, Elizbargilə ev almaq istəyir. O da Gəncə şəhərində yaşadığı evi 20000 ABŞ dollarına satmış, həmin puldan 15000 (on beş min) manatını cavabdehin evində qızı Moruqun yanında ona şəxsən vermişdir. Sonra qalan puldan cehiz əşyaları almış, seyf qapının pulunu da özü ödəmişdir. Cavabdeh öz oğluna ev almış, lakin ona ev almamamışdır. Hazırda onun yaşayış evi yoxdur. Ona görə də qohumlarının yanına sığınmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh pulu aldıqdan sonra bir il müddətində ona ev alacağına söz versə də, bu vaxta qədər nə ev almış, nə də ondan ələ keçirdiyi pulu qaytarmamışdır. Hər dəfə cavabdehdən evi tələb edəndə onu aldadır və müxtəlif bəhanələr göstərir. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh göstərmişdir ki, iddiaçının qeyd etdikləri yalandır. Özləri işləyib, öz vəsaitləri hesabına ev alıblar. İddiaçı evini satan zaman o, artıq oğlu Elizbara ev almışdır, İddiaçının satdığı evinin pulunu hansı məqsədlərə xərclədiyindən məlumatı yoxdur. Satılmış evin pulundan ona heç bir məbləğ ödənilməyib. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi şəxsin ifadəsinə uyğun izahat verərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi, Cavabdeh oğu isə atasıdır. Bibisi, yəni iddiaçı Elizbargilə ev almaq məqsədilə atasına pul verməyib. Həmçinin onun özünə də heç kəs pul verməyib və özü şəxsən pul saymayıb.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşu olublar. 2008-ci ildə qayınatası X4 İddiaçı evini 20000 (iyirmi min) ABŞ dollarına etibarnamə əsasında almışdır. Hazırda həmin evdə o və qayınatası yaşayır.
11. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2008-ci ildə şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya ev almağı öhdəsinə götürmüş, iddiaçı isə cavabdehə 15.000 manat pul ödəmiş, lakin cavabdeh tapşırığı yerinə yetirilməmişdir. Müqavilə bağlandığı vaxtdan 15 il keçdikdən sonra iddiaçı cavabdehə qarşı tələb irəli sürmüşdür.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti 2009-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.
14. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Hazırki mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2 və 377.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
17. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmiş, qanunu səhv təfsir etmiş, tərəflər arasındakı mövcud münasibətlərə obyektiv qiymət verməmiş və sonda qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdeh onu aldadaraq və cavabdehə olan etibarından sui-istifadə edərək demişdir ki, “Gəncə şəhərində tək yaşayırsan, evini sat, Mingəçevir şəhərindən sənə 2 otaqlı ev alım və oğlum Elizbarla nəvən Esmira evlənib toydan sonra həmin evdə səninlə birgə yaşayarlar”. O da cavabdehə inanmış və Gəncə şəhərindəki N.Nərimanov pr. 7-ci döngə 2 otaqlı 10№-li evini 2008-ci ildə X4 adlı şəxsə 20000 (iyirmi min) ABŞ dollarına satmış və niyyəti pulunu əvəzsiz olaraq ələ keçirmək olan cavabdehə qızı Moruxun yanında 15000 (on beş min) manat pul vermişdir. Cavabdeh isə ona bildirmişdir ki, “narahat olma 1 il müddətində sənin adına ev alacam”. Lakin cavabdeh onun adına deyil, öz oğlu Elizbarın adına Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindəki 23 saylı evin 2 otaqlı 46 saylı mənzilini almış və oğlu ilə nəvəsi Esmira köçüb həmin mənzildə bir ailə üzvü kimi yaşamışlar. Bundan sonra o, ona (iddiaçıya) demişdir ki, “narahat olma qoy uşaqlar (oğlu və nəvəsi) yerbəyer olsun, sənin evini alacam”. Həmin vaxtdan bu günədək cavabdeh aldadıb ondan aldığı 15000 manata nə ona ev almış, nə də onun pulunu qaytarmışdır. Cavabdeh isə dələduzluq edərək onu aldadıb 15000 manat pulunu ev almaq adı ilə əvəzsiz ələ keçirmişdir. Qeyd edir ki, məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlsə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə düzgün hüquqi qiymət verməyərək, səhvə yol verərərk iddia müddətinin keçməsini tətbiq edib iddiasını rədd etmişdir. Mülki Məcəllənin 777-ci maddəsinin tələbləri baxımından tərəfimdən cavabdehə hər hansı bir tapşırıq verilmədiyinə və cavabdehlə aralarında müqavilə tələbləri mövcud olmadığına görə onun mülkiyyəti olan 15000 manat pul tələbi iddia müddəti şamil edilməyən tələbdir. Mülki Məcəllənin 384.0-cı maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Cavabdeh mülkiyyətçi kimi onun 15 min manat pulunu aldatma yolu ilə ələ keçirməklə əmlak üzərində mülkiyyət hüququmu pozduğuna görə mən mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması tələbi ilə məhkəmədə iddia qaldırmışam. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Mülki Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyadır. Bu mənada cavabdehin iddiaçını aldadıb ələ keçirdiyi və əsassız varlandığı 15000 manat pul əşya olaraq onun xüsusi mülkiyyətimdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki halları və mötəbər sübutlar olduğu halda məhkəmə cavabdehin ona ev almaq adı ilə onu aldadıb 15000 manat pulunu ələ keçirməsi faktını nədənsə şifahi tapşırıq müqaviləsi kimi qiymətləndirmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnaməsinin tamamilə ləğv edib iddia tələbimin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və cavabdehin əməlində dələduzluq cinayətinin əlamətləri olduğuna görə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Hacıyev X7 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən 04 mart 2024-cü il tarixdə apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
29. Maddə 372.1. Başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.
30. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Maddə 373.1. Ümum iddia müddəti on il təşkil edir.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir.
36. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
37. Maddə 777. Tapşırıq müqaviləsi - 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
38. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
39. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
53. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər;
55. Müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər 2008-ci ildə yaranmışdır. İddiaçının bildirməsinə görə həmin vaxt maksimum 1 il müddətinə 15000 manat məbləğində pula uyğun olaraq ona ev almağı cavabdehə tapşırmış, cavabdeh də tapşırığı həmin müddət ərzində yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh tapşırığı yerinə yetirməmişdir.
56. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
57. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2008-ci il tarixdə şifahi taşırıq müqaviləsi bağlanmış, yəni iddiaçı özünə ev almaq üçün cavabdehə 15.000 manat məbləğində pul vermişdir. Cavabdeh hazırda iddianı qəbul etməsə də, işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehlə iddiaçı arasında tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri olmuşdur. Bu hal isə o nəticəyə gəlməyə əsas veririk, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda, yoxlanılmalı olan ikinci məsələ, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olubolmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması məsələləridir.
58. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
59. İşdə olan ərizədən isə görünür ki, cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir.
60. İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında, eləcə də apellyasiya şikayətində cavabdehin 15000 manat məbləğində pul müqabilində ona bir il müddətinə ev alacağına dair söz verdiyini göstərmişdir. Lakin iddiaçı uzun müddət gözləsə də, cavabdeh nə ev almış, nə də aldığı pulu iddiaçıya qaytarmışdır. Bununla belə iddiaçı ona qarşı tələbi 15 il sonra irəli sürmüşdür.
61. Belə olan halda iddia müddətinin axımı, iddiaçının öz hüququnun pozulduğunu bildiyi 2009-cu ildə başlamış və 2012-ci ildə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan 15 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi iddiaçı iddia müddətini dəfələrlə ötürmüşdür. Göründüyü kimi, tapşırığın yerinə yetirilməməsi iddiaçıya hər zaman məlum olmuş, yəni iddiaçı hüququnun pozulduğunu bilmişdir.
62. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
64. Apellyasiya şikayətinin başlıca dəlili tərəflər arasında müqavilə münasibətlərinin, o cümlədən tapşırıq münasibətlərinin olmaması barədədədir.
65. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız sayaraq qeyd edir ki, qanunun tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İddiaçı 15000 manatı cavabdehə verərək ona ev almasını tapşırmışdır. Tapşırığı qəbul edən cavabdeh tapşırığı icra etməyərək iddiaçının (vəkalət verənin) haqlı mənafelərini müdafiə etməmişdir. Cavabdehin tapşırığı icra etməməsi nəticəsində iddiaçıya zərər dəymişdir.
66. Apellyasiya şikayətinin dəlillərindən biri də Mülki Məcəllənin 135, 384.0.4-cı maddələrinə əsasən iddiaçının tələb etdiyi pul əşya olaraq onun xüsusi mülkiyyəti olduğuna görə hazırkı tələb iddia müddətinin şamil edilməyən tələb olması barədədir.
67. Məhkəmə kollegiyası bu dəllillə bağlı qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsində iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.
68. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
69. Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir.
70. Hazırkı iş üzrə vəkalət verənlə (iddiaçı) vəkalət alan (cavabdeh) arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər.
71. Hazırkı mübahisə tapşırıq müqaviləsi münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.
72. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanları yekun vuraraq qeyd edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Cavabdeh iddiaçının vermiş olduğu 15000 manat məbləğində pul müqabilində sonuncuya bir il müddətinə ev alacağı barədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.Hazırkı mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.
73. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, tərəflər arasında müqavilə münasibətləri olduğundan cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi dələduzluq cinayətinin tərkibini yarada bilməz
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
75. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
76. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tаrixli, 2(051)-2183/2023 saylı baxılmış apellyasiya şikayətinə münasibətdə qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov