Məhkəmə qərarları › İş №2(107)-445/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-445/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-445/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə (Açar sözlər: Pul tələbi, səs yazısı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 09 iyul 2019-cu il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh İsmayıllı şəhəri H.Əliyev küçəsində yerləşən iaşə obyektini on dörd min manata hissə-hissə ödəmək şərti ilə almışlar. Cavabdehə həmin puldan on üç min manatını ödəmiş, borcundan min manat qalmış, cavabdeh isə ona verilən 2000 manatı danır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, həmin iaşə obyektini on dörd min manata o, Cavabdeh və Ağabacı Balaqardaşova arasında razılaşaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu müqavilə əsasında on üç min dörd yüz on səkkiz manata almışdır. Cavabdehə verilmiş 2000 manat borcun isə bunların arasındaki müqavilə ilə heç bir əlaqəsi olmamışdır. Həmin pulu cavabdeh ondan sonradan qaytarmaq şərti ilə almışdır. Belə ki, həmin razılaşmaya əsasən pulun bir hissəsi hazırki cavabdeh olan Cavabdeh, bir hissəsi ilə Ağabacı Balaqardaşova verilməli idi. O, razılaşdıqları pulun on üç min manat hissəsini vermiş, qalan 1000 manatın 450 manat hissəsini isə Cavabdeh borclu qalmış, 1000 manatın qalan hissəsi isə Ağabacı Balaqardaşova məxsusdur. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh daşınmaz əmlakın qiymətinin on dörd min manata deyil, 16 min manata razılaşdığını bildirərək ona olan 2000 manat borcunu ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsindən də görünür ki, daşınmaz əmlakın dəyəri ilə bağlı onlar arasında razılaşma məhz on üç min dörd yüz on səkkiz manata razılaşdırılmışdır, qalan pul isə müqavilə və rəsmiləşdirmə xərclərinə çıxılmışdır. Lakin cavabdeh ondan aldığı iki min manatı qaytarmamaq üçün belə bir ssenari oynamışdır. Belə ki, cavabdehlə onun arasında müxtəlif vaxtlarda telefon danişıqlarında da o, 2000 manatın müqaviləyə aid olmadığını etiraf etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, H.Əliyev prospektində yerləşən Lalə Məmmədovadan borc müqabilində ona və Balaqardaşova Ağabacıya mağazanı 2019-cu ilin oktyabr ayında İddiaçı satmaq qərarına gəlmiş, 14 min manata razılaşmışlar. Həmin pulu məhkəmənin qərarı ilə Ağabacıya 4600 manat, ona isə 9400 manat ödənilməli idi. Lakin aylıq ödəniş bir il müddətinə Ağabacıya, sonra isə ona ödənilməli idi. Ona 4600 manat ödənilmiş, qalan 9400 manat əvəzinə 6500 manat kapital bank vasitəsi ilə ona ödənilmiş, qalan 2850 manat pulu isə iki il üç aydır ki, ala bilmir. Çünki 2019-cu il 10 oktyabr-2023-cü il 09 yanvar - 3 il 3 ay ərzində ödəniş olsaydı heç arenda pulu etmirdi, heç kreditlə satılan əmlak bu müddətə verilmir. Əgər pulunu tam ödəməsə imza atmayacaq və tələb edir ki, mağazanı təhvil versin və o, 6550 manatı iddiaçıya qaytaracaqdır. Cavabdeh əlavə olaraq göstərmişdir ki, daşınmaz əmlak notariusda satılarkən əslində 16500 manata razılaşmışlar, lakin o, Elxanla razılaşaraq müqavilləyə 14000 manat qeyd etdirmişlər və bu səbəbdən də iddiaçının hazırda ona 2850 manat borcu qalmışdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1550 (bir min beş yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, 10 oktyabr 2019-cu il tarixli, AN-1 №0813454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh və X1 şəhəri H.Əliyev pr ünvanında yerləşən ümumi sahəsi 50,6 kv/m olan qeyri yaşayış binasını 13418(569 manat vergi) manat məbləği qarşılığında alıcı İddiaçı mülkiyyətinə vermişlər. İddiaçı həmin məbləğin bir hissəsini hazırki cavabdehə, bir hissəsini isə Ağabacı adlı şəxsə verdiyini, cavabdeh isə sözügedən qeyri yaşayış sahəsinin 14000 manata deyil, 16500 manata razılaşdıqlarını, yalnız görünüş üçün müqaviləyə 13418 manat yazıldığını iddia edir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh həm məhkəmə iclasında, həm də müxtəlif vaxtlarda iddiaçı ilə telefon danışıqları zamanı ondan 2000 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin qeyri yaşayış sahəsinə dair razılaşdıqları 16500 manat qarşılığında hazırda iddiaçın ona əlavə 2850 manat borcu olduğunu iddia edir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2000 manatı aldığını etiraf etməklə yanaşı, məhkəməyə ünvanlandığı ərizədə sözügdən fərdi yaşayış evinə dair müqavilə bağlayarkən qiymətin 14000 manat olduğunu, lakin məhkəmə iclasında 16500 manat razılaşdırqlarını bildirməklə ziddiyyətli ifadələr vermişdir. Belə ki, cavabdeh sözügedən məbləğin 14000 deyil, 16500 olduğunu ona gördə də həmin 2000 manatın müqavilə üzrə ödənilməli öhdəlik olduğunu bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda müqavilədə razılaşdırılaraq qeyd edilən 13418 manat məbləğin deyil, 16500 manat olmasını mübahisələndirməmişdir.

9. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 2000 manat verildiyi, iddiaçın isə alğısatqı müqaviləsinə əsasən cavabdehə 450 manat borcu olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehə 1000 manat borcu olduğunu bildirsə də məhkəmə araşdırması zamanı həmin məbləğin yalnız 450 manat hissəsinin hazırki tələb üzrə cavabdehə aid olduğu müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasındaki telefon danışığı zamanı da sözügedən 2000 manat məbləğinin alğı-satqı müqaviləsi əsasında qeydi yaşayış sahəsinə dair razılaşdıqları pul kimi verilmədiyi, sırf iddiaçı tərəfindən cavabdehə borc olaraq verildiyi müəyyən edilir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu barədə tələb olmadığından onun özünə aid edilməlidir.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1550 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.

13. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 739.1-ci, 739.2-ci, 740.1, 740.2-ci, maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1, 80, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir, sübutların tam həcmi toplanılmamışdır.

15. Məhkəmə iş üzrə yalnız bir sübuta, cavabdehlə iddiaçının arasında olan telefon danışığına istinad etmişdir. Heç kimin razılığı olmadan onun səsi və ya görüntüsü yazıla bilməz. Ona qarşı istifadə oluna bilməz. Konstitusiya və Müki Prosessual Məcəllənin 76.3cü maddəsinin tələblrinə əsasən, həmin telefon danışığı qanunsuz əldə edilmiş sübut sayılır, məhkəmə qanunsuz əldə edilmiş sübutlara istinad edə bilməz, bu vətəndaşın konstitusiyon hüquqlarının pozulmasıdır. Hərçənd ki, həmin telefon danışığında cavabdeh heç bir borcunu da etiraf etməmişdir, əslində iddiaçının ona borclu olduğunu qeyd etmişdir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür iddiaçı heç bir şəkildə aralarında olan brc müqaviləsinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə isə olmayan müqaviləyə, şifahi müqavilə prizmasından yanaşmışdır.

16. İşin hallarından da göründüyü kimi, tərəflər arasında öncələr qeyri-yaşayış sahəsinin alqı-satqısı olmuş, iddiaçının cavabdehə müəyyən borcu qalmışdır, hətta bununla bağlı məhkəmə icraatı da olmuşdur. Belə olan halda, yəni iddiaçının cavabdehə borcu olduğu halda (hazırkı qətnamədə də bu hal təsdiqini tapmışdır) – iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsinin olması ağlabatan deyildir və absurddur, heç bir məntiqə sığmır. Adam öz borcunu ödəmir, amma borclu olduğu şəxsə başqa məbləğdə borca pul verir? Məhkəmə də heş bir sübut olmadan bu fərziyyəyə inanır, qətnamə qəbul edir?

17. Qeyd olunanlara əsasən o, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyаsiyа şikаyətini müdafiə edərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyаsiyа şikаyətini müdafiə edərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçıya aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında mağaza satdıqlarını, iddiaçıdan heç bir məbləğdə borc almadığını, iddiaçıya heç bir borcunun olmadığını, əksinə nisyə şəkildə satılan mağazadan iddiaçının ona borcunun qaldığını göstərmişdir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyаsiyа şikаyətinə etiraz edərək şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında cavabdehdən tələb etdiyi 2000 manat məbləğin cavabdehdən və Ağabacı adlı şəxsdən aldığı mağazaya görə əvvəlcədən verdiyi beh olduğunu, ödədiyi 2000 manat məbləği cavabdehin dandığını göstərmiş, sonradan isə fikrini dəyişərək tələb etdiyi 2000 manat məbləği cavabdehə borc olaraq verdiyini göstərmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı 25 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermişdir. Belə ki, tərəflərin arasında yaranan münasibətlər nisyə alqı-satqı müqaviləsi ilə bağlı öhdəlik münasibətləridir və birinci instansiya məhkəməsi işin bu halını nəzərə almadan, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyinin olmasına dair heç bir mötəbər sübutun olmamasına diqqət yetirmədən iddianı qismən təmin etmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

31. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

32. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

33. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

34. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

35. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

36. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

37. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

38. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir.

40. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

41. Belə müqavilələrdən birini Mülki Məcəllənin 600-ci maddəsində göstərilən nisyə alqısatqı müqaviləsi təşkil edir.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 10 oktyabr 2019-cu il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh və X1 şəhəri H.Əliyev pr ünvanında yerləşən ümumi sahəsi 50,6 kv/m olan qeyri yaşayış binasını 13418 (569 manat vergi) manat məbləği qarşılığında, ilkin olaraq dəyərindən 2418 manatı ödənilməklə, qalan məbləğin isə 04 sentyabr 2022-ci il tarixədək ödənilməsi şərti ilə alıcı İddiaçı mülkiyyətinə vermişlər. İddiaçı həmin məbləğin bir hissəsini hazırki cavabdehə, bir hissəsini isə Ağabacı adlı şəxsə verdiyini, cavabdeh isə sözügedən qeyri yaşayış sahəsinin dəyərini 14000 manata deyil, 16500 manata razılaşdırdıqlarını, yalnız görünüş üçün müqaviləyə 13418 manat yazıldığını iddia edir.

43. Tərəflərin birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatları, eyni zamanda mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-1 №0813454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh və X1 şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 50,6 kv/m olan qeyri yaşayış binasını 13418 (569 manat vergi) manat məbləği qarşılığında alıcı İddiaçı mülkiyyətinə vermişlər.

44. İddiaçı əlavə olaraq birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, iaşə obyektini on dörd min manata o, Cavabdeh və Ağabacı Balaqardaşova arasında razılaşaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu müqavilə əsasında on üç min dörd yüz on səkkiz manata almış, cavabdehə verilmiş 2000 manat borcun isə bunların arasındaki müqavilə ilə heç bir əlaqəsi olmamışdır. Həmin pulu cavabdeh ondan sonradan qaytarmaq şərti ilə almışdır.

45. Eyni zamanda iddiaçı iddia ərizəsində İsmayıllı şəhəri H.Əliyev küçəsində yerləşən iaşə obyektini on dörd min manata hissə-hissə ödəmək şərti ilə aldığını, alqı-satqıdan 1000 manat borcunun qaldığını, lakin cavabdehin ondan aldığı məbləğdən 2000 manatını dandığını göstərmişdir. O, iddia ərizəsində cavabdehin ondan hər hansı bir vəsaiti borc şəklində alması, cavabdehin onun qarşısında borc öhdəliyinin olması barədə heç bir fikir ifadə etməmişdir.

46. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı cavabdehin onun qarşısında 2000 manat məbləğində borc öhdəliyinin olması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Eyni zamanda müki iş materiallarından görünür ki, hazırda cavabdehin iddiaçı qarşısında hər hansı bir borc öhdəliyi yoxdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməli olmasına dair dəlilləri ilə razılaşır.

48. Belə ki birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həm məhkəmə iclasında, həm də müxtəlif vaxtlarda iddiaçı ilə telefon danışıqları zamanı ondan 2000 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin qeyri yaşayış sahəsinə dair razılaşdıqları 16500 manat qarşılığında hazırda iddiaçının ona əlavə 2850 manat borcu olduğunu iddia edir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 2000 manat verildiyi, iddiaçının isə alğı-satqı müqaviləsinə əsasən cavabdehə 450 manat borcu olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehə 1000 manat borcu olduğunu bildirsə də məhkəmə araşdırması zamanı həmin məbləğin yalnız 450 manat hissəsinin hazırki tələb üzrə cavabdehə aid olduğu müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasındaki telefon danışığı zamanı da sözügedən 2000 manat məbləğinin alğı-satqı müqaviləsi əsasında qeyri yaşayış sahəsinə dair razılaşdıqları pul kimi verilmədiyi, sırf iddiaçı tərəfindən cavabdehə borc olaraq verildiyi müəyyən edilir.

49. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş materiallarını araşdırarkən İddiaçı tərəfindən Cavabdeh ona 2000 manat borcunun olmasına dair heç bir sübutun təqdim edilmədiyini, tərəflər arasında hər hansı bir borc müqaviləsinin bağlanmasının müəyyən edilməməsini nəzər almamış, əlavə olaraq mülki iş materiallarına əlavə edilən telefon danışıqlarına istinad etməklə, iddianı düzgün olmayaraq qismən təmin etmişdir.

50. Belə ki, mülki iş materiallarına əlavə edilən telefon danışıqları o halda iddianın qismən təmin edilməsi üçün əsaslı sayıla bilərdi ki, həmin telefon danışıqları ilə Cavabdeh həqiqətəndə İddiaçı borc pul alması, İddiaçı 2000 manat borcunun olması, cavabdehin iddiaçı qarşısında 2000 manat borcunun olmasını etiraf etməsi müəyyən olunsun. Lakin hazırkı halda məhkəmə iclasında sözügedən səs yazılarının tədqiqi zamanı cavabdehin iddiaçıya borcunun olması ilə bağlı etirafedici səs yazısı aşkar edilməmiş, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin olması ilə bağlı fikir bildirilməmiş, həmin səs yazısında Sonaxanım 2000 manatın ona mağazanın dəyərindən ödənildiyini bildirmiş və mağazanın dəyərindən əlavə olaraq da ödənilməli borcunun olmasını iddiaçının diqqətinə çatdırmışdır.

51. Bundan başqa kollegiya qeyd edir ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi nəzərdən keçirilə bilər.

55. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə borc şəklində verildiyini bildirsə də iddia ərizəsində bununla bağlı heç bir fikir ifadə etməmiş, iddia ərizəsində cavabdehlə aralarındakı mübahisənin alqı-satqı müqaviləsi üzrə münasibətlərdən yarandığını göstərmiş, sonradan məhkəmə araşdırması dövründə verdiyi izahatlarda fərqli fikir ifadə etsə də iddia tələbində dəqiqləşdirmə aparmamış, cavabdehin onun qarşısında pul öhdəliyinin olmasına dair hər hansı bir sübut təqdim etməmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin bu hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da iddiaçı əvvəlcə cavabdehdən tələb etdiyi məbləğin ona beh şəklində verilən məbləğ, sonradan isə borc olaraq verilən məbləğ olmasını göstərməklə qaldırdığı iddia tələbi üzrə qeyri-müəyyən mövqe nümayiş etdirmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator şikayətində telefon danışığının qanunsuz əldə edilmiş sübut sayıldığını, məhkəmənin qanunsuz əldə edilmiş sübutlara istinad edə bilməməsini göstərsə də sonradan həmin telefon danışığında qeyd edilənlərə razılıq ifadə etməklə həmin telefon danışığında cavabdehin heç bir borcunu da etiraf etmədiyini, əslində iddiaçının ona borcu olduğunu qeyd etdiyini bildirmiş, bir növ həmin sübutun qeyri mötəbər sübut sayılmasına dair əvvəlki cümlədə ifadə etdiyi fikrini təkzib etmişdir.

58. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

59. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində səs yazısının gizli yolla əldə edilməsinə dair də heç bir fikir ifadə edilməmişdir.

60. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları tam düzgün tətbiq edilməmiş, tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

61. Odur ki, qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin olması nəticəsinə gəlməklə səhvə yol verdiyinə görə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-27/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar