Məhkəmə qərarları › İş №2(107)-448/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-448/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-448/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh2 qarşı “cavabdehlərin aldadaraq mənimsədikləri 52659 ABŞ dolları əsas borc, hüquqi yardıma çəkdiyi 150 manat, əldən çıxmış fayda kimi 15000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla cəmi 52659 ABŞ dolları və 15180 manatın alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-42/2015 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsirfin 2(037)-42 nömrəli xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 əsas borc 7000 (yeddi min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 (üç) manat və Cavabdeh2 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Qətnamədən Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti və apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-42 / 2015 nömrəli (hakim R.Şirinov) qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh2 qarşı “cavabdehlərin aldadaraq mənimsədikləri 52659 ABŞ dolları əsas borc, hüquqi yardıma çəkdiyi 150 manat, əldən çıxmış fayda kimi 15000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla cəmi 52659 ABŞ dolları və 15180 manatın alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)–42/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qaytarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Cavabdeh2 şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-42/2015 nömrəli qərardadını ləğv edib apelyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, tərəf olduğu mülki iş üzrə keçirilmiş ilkin məhkəmə iclasında iştirak etsə də Türkiyə Respublikasına, oradan isə Rusiya Federasiyasına getdiyi üçün sonrakı iclaslarda iştirak etməmiş, çıxarılmış yekun qətnamədən məlumatı olmamış və qətnamənin surətini ala bilməmişdir. İldə bir neçə dəfə yaşadığı İsmayıllı rayonuna gəlib-getsə də çıxarılmış məhkəmə qətnaməsinin nəticəsi ilə maraqlanmamış və bu barədə məlumatı olmamışdır. İddiaçı onun evdən çıxarılması tələbinə dair iş üzrə 2020-ci ilin oktyabr ayında məhkəmədən bildiriş aldıqdan sonra müraciət edərək 2015-ci ilin sözügedən qətnaməsini almışdır. Qətnamədən narazıdır. Ona görə də məhkəmənin qeyd olunan qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən prosessual qanunvericiliyin normalarını düzgün təfsir etməmişdir. Belə ki, 2015-ci ildə işə baxılarkən məhkəmə prosesində iştirak etsə də, həmin qətnamə rəsmi qaydada ona göndərilməmişdir. Hesab etmişdir ki, artıq o iş üzrə cavabdehlik daşımır. Lakin sonradan bilmişdir ki, o da həmin iş üzrə cavbdehdir. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh2 mübahisələndirilən qətnaməni rəsmi qaydada almasa da, bütün bu proseslərdən yaxşı xəbərdar olmuşdur. Hətta üzərinə həbs qoyulmuş torpağı da satmaq istəmişdir. Odur ki, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materialından görünür ki, iş üzrə Cavabdeh2 keçirilən məhkəmə iclasında iştirak etmiş və iddianı qismən etiraf etmişdir. Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli 2(037)-42 nömrəli qətnaməsinin surəti cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, lakin həmin qətnamənin sonuncuya rəsmi qaydada verilməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X2 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh2 keçirilən məhkəmə iclasında iştirak etməsinə, iddianı qismən etiraf etməsinə, məhkəmənin xx xxxxxx 2015-ci il tarixli 2(037)-42 nömrəli qətnaməsinin surəti cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməsinə baxmayarq onun İsmayıllı Rayon Məhkəməsirfin 2(037)-42 nömrəli xx xxxxxx 2015-ci il tarixli qətnaməsini rəsmi qaydada alması iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi cavabdeh qətnaməni rəsmi qaydada almadığından vaxtında apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apelyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-42/2015 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh2 İsmayıllı Rayon Məhkəməsinin 2(037)-42 nömrəli xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-42/2015 nömrəli qərardadı ləğv edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-42/2015 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar