Məhkəmə qərarları › İş №2(107)-448/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-448/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-448/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hüşənova Mədinə İsmayıl qızına qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X4 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)-28/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 2156.10 manat məbləğində əsas borc, 701.29 manat məbləğində faiz borcu, cəmi 2857.39 məbləğində pul vəsatinin, həmçinin 48.58 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X3” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523522***6141 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2022ci il tarixində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 2156.10 manat məbləğində pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 2156.10 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 2156.10 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə halhazırda onun banka 2156.10 manat məbləğində əsas, 701.29 manat məbləğində faiz olmaqla, cəmi 2857.39 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş “Kompleks bank xidməti” müqavilənin əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. “Kompleks bank xidməti” müqavilənin 3.4.5-ci maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. xx.xx.2022-ci il tarixli razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş “Kompleks bank xidməti” müqaviləsinə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.

3. Cavabdeh 24 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, onun iddiaçıya hər hansı bir borcu yoxdur. İddiaya etiraz edir. Mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş edir.

4. Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(033)-1228/2023 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X3” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. xx.xx.2022-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 2156.10 manat məbləğində pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 2156.10 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Cavabdeh banka məxsus pulu vaxtında qaytarmadığı üçün ona hər ay faiz hesablanmışdır. Faizlərin tutulması müqavilədə qeyd edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda da cavabdehin 2156,10 manat pulun çıxarılması göstərilmişdir. Həmin məbləğ cavabdehə göndərilməsə də o, pulu çıxartmışdır. Kartdakı əməliyyatın aparılması qaydası belədir ki, həmin kart boş olduğu halda terminalda hansı məbləğ yığılsa bank tərəfindən həmin kart vasitəsi ilə müştəriyə qeyd edilmiş məbləğdə pul verilir. 30 iyun 2022-ci il tarixdə "xxxx" QSC tərəfindən cavabdeh kartına 2157 manat köçürülmüş, həmin gün cavabdeh pulu nağdlaşdırmış, 06 iyul 2022-ci il tarixdə isə iddiaçı tərəfindən həmin pul "xxxx" QSC-ə geri qaytarılmışdır. Həmin pul proqram yalnışlığı nəticəsində cavabdehin kartına səhv olaraq köçürülmüşdür, bu hal ekspert rəyi ilə də təsdiq olunur, o, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir.

6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, yalnız Rusiya Federasiyasından gələn pulları çıxarmışdır. O, iddiaçıdan nə kredit, nədə başqa bir pul vəsaiti götürmüşdür. Onun kartında qohumları tərəfindən göndərilən pullar olmuşdur. Kartına 15-20 dəfə pul köçürülmüşdür. O, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC məhkəməyə məlumat ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)-28/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2156.10 (iki min bir yüz əlli altı manat on qəpik) manat əsas borcun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41,56 (qırx bir manat əlli altı qəpik) manat hissəsi alınaraq iddiaçıya ödənilməsi, qalan 7,02 manatın iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X3” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. Tərəflər arasında pulun kömürülməsinə dair har hansı qanuni əsas və ya müqavilə əsası olmadan Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523522***6141 saylı kartı hesabına yalnış olaraq bank tərəfindən 2157 manat pulun köçürüldüyü müəyyən olunmuşdur. Belə ki, qanuni əsaslarla cavabdehin istifadəsinə verilmiş 5235*** ***6141 saylı karta 30 iyun 2022-ci il tarixində "xxxx" QSC-nə məxsus kartdan 2157 manat vəsait mədaxil olmuş və həmin tarixdə cavabdeh tərəfindən **********83 əməliyyat nömrəsi ilə həmin məbləğ ATM üzərindən nağdlaşdırılmışdır. Vəsait müştərinin hesabına köçməyinə baxmayaraq “blok” statusunda qalmışdır. "xxxx" MMC-ə krilinq göndərilmədiyi səbəbindən əməliyyatın blokdan açılması və təsdiqlənməsi üçün "xxxx" QSC-nin həmin vaxt əməkdaşlıq etdiyi prosessinq mərkəzi "xxxx" MMC-ə elektron poçt üzərindən müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən verilən cavaba əsasən məbləğ blokdan azad edilərək göndərən tərəfə 06 iyul 2022-ci il tarixində geri qaytarılmışdır. Bu səbəbdən yəni, 06 iyul 2022-ci il tarixində "xxxx" QSC-nin kartına vəsaitin qaytarılması nəticəsində cavabdehə məxsus 5235*** ***6141 kartda 2157 manat məbləğində iddiaçıya borcu formalaşmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, yanaşı yoxlanılmış xüsusi bilikləri olan ekspertin verdiyi müvafiq olaraq xx.xx.2024- cü il tarixli 9/2584 saylı rəyi ilə ******************** nömrəli hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək 15909 manat pul vəsaiti mədaxil və 18063 manat məbləğində məxaric edilməsi, lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən hesaba mədaxil edilən pul vəsaitlərinin mənbələrini və 01 iyul 2022-ci il tarixdə hər hansı texniki xətanın baş verib verməməsini müəyyən etmək mümkün olmaması müəyyən edilmişdir.

11. Göründüyü kimi, Cavabdeh qanuni əsas, eləcə də müqavilə əsası olmadan yəni onun kartına 2156,10 manat vəsaiti mədaxil olmadığı halda o, həmin vəsaiti kartdan öz vasiti kimi çəkərək istifadə etmişdir və bu halı onunla əsaslandırmışdır ki, həmin vəsaiti onun kartına Rusiya Federasiyasınan daxil olan vəsait hesab etmişdir. Maddi zərər cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır.

12. Məhkəmə iddia tələbini 701.29 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Məhkəmə qeyd etmişdir ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən irəli gələn mübahilər üzrə tərəflər arasında faizin ödənilməsi ilə bağlı razılaşma mövcud olmadığından faiz hesablana bilməz.

14. Məhkəmə araşdırmaları zamanı belə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 701.29 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin iddia ərizəsində qeyd olunan və tərəflər arasında bağlanmış “Kompleks bank xidməti” müqaviləsinin 3.4.5-ci maddəsi ümumiyyətlə müqavilədə mövcud olmadığı müəyyən olunmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 48,58 manat məbləğində dövlət rüsumunun 41,56 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 7,02 manat iddiaçının özünə aid edilməlidir. 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 385.1, 386.1, 439.4, 442, 448.1, 449, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı qarşısında hər hansısa bir öhdəliyi olmamışdır. Bunun üçün Mülki Məcəllənin öhdəlik hüquq münasibətlərinə istinad edərək iddianı təmin etməsi maddi hüquq normalarının pozulmasıdır.

19. İddiaçının hərəkətlərindən görünür ki, iddiaçının hazırki tələbi əsassız olmaqla yanaşı, mülki hüquqlardan sui-istifadədir. Cavabdehin xeyrinə əsassız varlanmaya gətirib çıxardır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, müştərinin hesabına səhfən daxil olmuş məbləğləri öhdəlik həcmində müştərinin hesabında bloklaşdırmaq və həmin məbləğlər müştəri tərəfindən geri qaytarılmazsa onun hesabından silmək bankın hüququdur. Əgər müştərinin hesabına səhfən pul daxil olmuşsa niyə bank həmin pul vəsaiti həmin vaxt silməmişdir? Bankın səhvən daxil olmuş pul vəsaitini müştərinin hesabından silmək hüququ vardır. Görünür ki, müştərinin hesabına daxil olan pul vəsaiti səhvən daxil olmamış, müştəriyə məxsus pul vəsaitidir.

20. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir.

21. Mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə ekspert rəyi verilmişdir. Ekspertiza rəyindən görünür ki, hesaba daxil olan pul vəsaitinin mənbələrini və xx.xx.2022-ci il tarixdə hər hansısa bir texniki xətanın baş veribverməməsini müəyyən edə bilməmişdir.

22. Məhkəmənin mülki iş materialalrını tam araşdırmaması əsassız qərar qəbul etməsi ilə nəticələnmişdir. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır.

23. Məhkəmədə iddiaçının nümayəndəsi xx.xx.2023 və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin kartına daxil olmuş pul vəsaitinin Rusiya Federasiyasından daxil olduğu bildirmişdir. Lakin nədənsə sonradan mülki iş materialına həmin pul vəsaitinin "xxxx" QSC-dən daxil olmasına dair sənəd təqdim etmişdir. Buradan görünür ki, iddiaçının vermis olduğu ifadələr bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə həmin ziddiyyətin nədən ibarət olmasını araşdırmamışdır. Bununlada məhkəmə işdə olan sübutları, işin hallarını tam araşdırmamış və əsassız qərar qəbul etmişdir.

24. İddiaçının iddiasının əsassız olmasının 2-ci əsası ondan ibarətdir ki, mülki iş materillarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, onun hesabına 15909.00 manat pul vəsaiti mədaxil edilmiş və 18063.00 manat məbləğində məxaric edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 30 iyun 2022-ci il tarixdə "xxxx" QSC tərəfindən onun kartına 2157 manat köçürülmüş, həmin gün cavabdeh pulu nağdlaşdırmışdır. Əgər onun kartına 2157 AZN məbləğ köçürülürsə o zaman onun hesabına mədaxil edilən pul 15909.00 deyil, 18063.00 azn təşkil etməli idi. Çünki hesaba daxil olan bütün pullar hesabdan çıxarışda görünməlidir. Buradan görünür ki, iddiaçı hesabdan çıxarışı məhkəməyə doğru təqdim etməmiş, iddiasını əsaslandırmaqdan ötrü təhrif olunmuş formada hesabdan çıxarış təqdim etmişdir. Bundan əlavə Zaqatala rayon Məhkəməsinə xx.xx.2024-cü il tarxdə AZƏRİCARDDAN məktub daxil olmuşdur. Birinci instansiya məhkəməsində hətta iddiaçının nümayəndəsi və məhkəmə müəyyən edə bilmədi ki həmin məktubda nə yazılmışdır və məktubda nədən bəhs olunur. Bundan əlavə prosesə üçüncü şəxs qismində "xxxx" QSC-nin dəvət olunması barəsində vəsatət verilmişdir. "xxxx" QSC isə məhkəməyə elekron ərizə göndərərək iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Görünür ki, "xxxx" QSC-nın ümumiyyətlə işdən məlumatı yoxdur. Məhkəmə iddia tələbini 701.29 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə özü qərarında qeyd etmişdir ki, iddianın faiz hissəsinə dair öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. İddiaçı ilə cavabdeh arasında hər hansısa bir müqavilə varıydımi iddiaçının əsassız varlanma ilə bağlı iddiası təmin edilsin? Görünür ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət vermədən əsassız qərar qəbul etmişdir.

26. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e- 2(033)-28/2025 nömrəli qətnaməsinin iddianın təmin olunan 2156.10 (iki min bir yüz əlli altı manat on qəpik) manat əsas borc və 41,56 (qırx bir manat əlli altı qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv olunması və həmin hissə üzrə yeni qərar qəbul edilərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı “Bank Respublika" ASC yazılı etirazında apellyasiya şikayətinin rədd edilməsi, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)-28/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)- 28/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

32. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

37. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

38. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)- 28/2025 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X3” müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh AZN valyutasında debet kartı verilmişdir. Tərəflər arasında pulun kömürülməsinə dair hər hansı qanuni əsas və ya müqavilə əsası olmadan Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523522***6141 saylı kartı hesabına bank tərəfindən yalnış olaraq 2156.10 manat pul köçürülmüşdür. Belə ki, qanuni əsaslarla cavabdehin istifadəsinə verilmiş 5235*** ***6141 saylı karta 30 iyun 2022-ci il tarixində "xxxx" QSC-nə məxsus kartdan 2157 manat vəsait mədaxil olmuş və həmin tarixdə cavabdeh tərəfindən **********83 əməliyyat nömrəsi ilə həmin məbləğ ATM üzərindən nağdlaşdırılmışdır. Vəsait müştərinin hesabına köçməyinə baxmayaraq “blok” statusunda qalmışdır. "xxxx" MMC-ə krilinq göndərilmədiyi səbəbindən əməliyyatın blokdan açılması və təsdiqlənməsi üçün "xxxx" QSC-nin həmin vaxt əməkdaşlıq etdiyi prosessinq mərkəzi "xxxx" MMC-ə elektron poçt üzərindən müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən verilən cavaba əsasən məbləğ blokdan azad edilərək göndərən tərəfə 06 iyul 2022-ci il tarixində geri qaytarılmışdır. 06 iyul 2022-ci il tarixində "xxxx" QSC-nin kartına vəsaitin İddiaçı ASC tərəfindən qaytarılması nəticəsində Cavabdeh İddiaçı ASCnin hesabına əsassız varlanmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

44. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun iddiaçı qarşısında hər hansısa bir öhdəliyinin olmaması, iddiaçı ilə cavabdeh arasında hər hansısa bir müqavilə olmadığı halda iddiaçının əsassız varlanma ilə bağlı iddiasının təmin edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbindən də göründüyü kimi öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Yəni cavabdehin kart hesabı üzrə əməliyyat hər hansı bir müqavilə münasibəti üzrə həyata keçirilmədiyindən birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməkdə doğru mövqedən çıxış etmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müştərinin hesabına səhfən pul daxil olmuşsa niyə bankın həmin pul vəsaitini həmin vaxt silməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, bankın hesaba səhvən daxil olmuş pul vəsaitini texniki imkanlarla bağlı vaxtında silməməsi, hesabına səhvən pul vəsaiti daxil olmuş kart sahibinin həmin vəsaitə təxirəsalınmadan öz vəsaiti kimi sahiblənməsinə əsas vermir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müştərinin hesabına daxil olan pul vəsaitinin səhvən daxil olmaması, müştəriyə məxsus pul vəsaiti olması, əgər onun kartına 2157 AZN məbləğ köçürülürsə o zaman onun hesabına mədaxil edilən pulun 15909.00 deyil, 18063.00 azn təşkil etməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesab haqqında məlumatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh məxsus ******************** nömrəli hesab üzrə debet dövriyyəsi 18063.00 manat, kredit dövriyyəsi 15906.90 manat təşkil etmişdir. Çıxış qalıq isə 2156.10 manatdır.

48. İş materiallarına əlavə edilmiş overdraft borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2156.10 manat əsas borcu vardır.

49. İş materiallarına əlavə edilmiş Azericard LLC tərəfindən verilmiş 06 noyabr 2024cü il tarixli arayışdan görünür ki, 5235*** *** 6141 saylı karta 30 iyun 2022-ci il tarixində "xxxx" QSC-ə məxsus kartdan 2157 manat vəsait mədaxil olmuşdur. RRN (Əməliyyat nömrəsi): **********83 və həmin tarixdə ATM üzərindən nağdlaşdırılıb. Vəsait müştərinin hesabına köçməyinə baxmayaraq “blok” statusunda qalmışdır. "xxxx" MMC-ə krilinq göndərilmədiyi səbəbindən əməliyyatın blokdan açılması və təsdiqlənməsi üçün "xxxx" QSC-in həmin vaxt əməkdaşlıq etdiyi prosessinq mərkəzi "xxxx" MMC-ə elektron poçt üzərindən müraciət olunub. "xxxx" MMC tərəfindən verilən cavaba əsasən məbləğ blokdan azad edilərək göndərən tərəfə 06 iyul 2022-ci il tarixində geri qaytarılmışdır. Bu səbəbdən 06 iyul 2022-ci il tarixində "xxxx" QSC-in kartına vəsaitin qaytarılması nəticəsində 5235*** ***6141 kartda 2157 manat məbləğində borc formalaşmışdır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertin hesaba daxil olan pul vəsaitinin mənbələrini və xx.xx.2022-ci il tarixdə hər hansısa bir texniki xətanın baş veribverməməsini müəyyən edə bilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin məsələ üzrə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azericard LLC tərəfindən verilmiş 15 may 2025-ci il tarixli arayışdan görünür ki, məhkəmənin icraatında olan iş üzrə "xxxx" prosessinq mərkəzinin həmin tarixdə xidmət göstərdiyi "xxxx" QSC-in müştərisinə məxsus kartdan xx.xx.2022-ci il tarixdə saat 14:35-də 2157 manat vəsait “Azericard” prosessinq mərkəzinin xidmət göstərdiyi Bank Respublikanın müştərisinə məxsus 5235*** ***6141 nömrəli karta mədaxil olunmuş və həmin tarixdə saat 16:14-də müvafiq kartdan qeyd olunan məbləğ ATM vasitəsi ilə məxaric edilmişdir. 06 iyul 2022-ci il tarixdə "xxxx" prosessinq mərkəzi tərəfindən verilən məlumata əsasən ödəyicinin hesabına, yəni Access Bankın kartına geri qaytarılması səbəbindən Bank Respublika kartına mədaxil əməliyyatının bloku ləğv edilmiş, bunun nəticəsində isə kartda mənfi balans (overdraft) yaranmışdır. 30 iyun 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək hər hansı ödəniş əməliyyatı aparılmamışdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)- 28/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tаrixli, e-2(033)-28/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar