Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-450/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq BOKT «xxxx» MMC -yə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT«xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat vəsaitin tutularaq,BOKT«xxxx» MMC-yə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. BOKT İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə 1500 məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxx» MMC-ə 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manatməbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də kreditor BOKT «xxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Birinci instansiya məhkəməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab etmişdir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(033)-767/2020 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edirlər. Göründüyü kimi, BOKT İddiaçı faktiki vəziyyətdə iddia müddətini ötürmüşdür. Lakin, Cavabdeh1 həm pandemiya, həm də ev dustaqlığında olması kimi üzürlü səbəblərdən iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də apellyasiya instasniyasından xahiş edirlər ki, apellyasiya şikayətində də qeyd olunduğu üzrə Cavabdeh1 birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edə bilməməsini üzürlü sayaraq, həmin ərizənin apellyasiya instasniya məhkəməsində qəbul edilsin. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 767/2020 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək apellyasiya şikayətinin təmin olumamasını və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 lazımı qaydada məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi üçün müraciət etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh2 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli, 2236/4 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 21 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 2236/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxx » MMC -yə1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 445, 448.1, 449.1, 449.4, 465.2, 470.1, 472.1, 472.2, 472.3 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə 1500 məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxx» MMC-ə 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manatməbləğində kredit borcu yaranmışdır. BOKT «xxxx» MMC tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, həmçinin iddiaçı BOKT «xxxx» MMC hazırki iş üzrə 20 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat tutularaq, BOKT «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 20 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq, BOKT «xxxx» MMC–yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə də təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, ona münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prsessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə «xxxx» MMC ilə 2236/4 nömrəli kredit müqaviləsi bağlayaraq, 18 ay müddətinə, illik 21 % faiz dərəcəsi tətbiq olmaqla 1500 manat məbləğdə kredit götürmüşdür. Həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış və zamin Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından da, hesab edir ki, hazırki iş üzrə iddiaçı «xxxx» MMC xx.xx.2015-ci il tarixli 2236/4 nömrəli kredit razılaşması üzrə 1197.70 manat əsas borc, 212 manat faiz borcu, cəmi 1409.70 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat vəsaiti Cavabdeh2 tələb etməkdə və məhkəmə iddia tələbini ona aid hissədə də, təmin etməkdə haqlı olmamışdır. Çünki, həmin müqavilə üzrə kredit 18 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi x xxxx 2017-cı ildən bir il keçənədək yəni, x xxxx 2018-ci ilədək məhkəmədə iddia qaldıra bilərdi. Həmin maddədə göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 apellyasiya şikayətində BOKT İddiaçı faktiki vəziyyətdə iddia müddətini ötürməsi, lakin, onun həm pandemiya, həm də ev dustaqlığında olması kimi üzürlü səbəblərdən iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim edə bilməməsi səbəbindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edə bilməməsini üzürlü sayaraq, həmin ərizənin apellyasiya instansiya məhkəməsində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 hər bir halda birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə göndərmək imkanına malik olmuşdur. O, həmin ərizəni göndərsəydi birinci instansiya məhkəməsi işə sadələşmiş qaydada baxmaz və iddia icra qaydasında araşdırma aparmaqla baxıb qərar qəbul edərdi. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci ildə cavabdehlərə göndərdiyi məhkəmə bildirişi onlar tərəfindən xx.xx.2020-ci ildə qeydiyyatda olduqları ünvanda xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi Cavabdeh1 ona qarşı iddianın verilməsi zamanı müddətin ötürülməsini göstərməkdə haqlı olsa da, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərməyib, həmin ərizəni apellyasiya məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə də təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və ona aid hissədə qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh2 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizin ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-767/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh2 aid iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə 1197,70 manat əsas borcun və 212 manat faiz borcunun ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamənin mübahisələndirilən- Cavabdeh1 aid hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2(107)-450/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-450/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver