Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-455/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutetmə yükü, dispozitiv norma, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh vəkili X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun-cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 12 may tarixli, 08/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Qəbələ rayonunun Böyük Əmirli kəndində 03 iyul 2020-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən, Şəki Regional Nümayəndəliyinin Qəbələ rayon bölməsinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş 701320 şassi nömrəli Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Qəbələ rayonunun Böyük Əmirli kənd ərazisində biçin apararkən mühərrik hissəsində yanğın baş vermiş və nəticədə kombayn istifadəyə yararsız hala düşmüşdür. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün 44 180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia təmin edilmiş, Cavabdeh “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombaynın 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun, cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı və cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tarixli, 08/00182 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünmüşdür ki, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 08/00182 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünmüşdür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünmüşdür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn mexanizator Cavabdeh mühərrikin yanması, yanacaq sistemi yararsız(rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmissiya saz, hidravlik sistem yararsız, elektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır. Göründüyü kimi, İddiaçı ASC-yə məxsus müqavilə ilə Cavabdeh istifadəsində olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın mühərrik hissəsində xx.xx.2020-ci il tarixdə baş vermiş yanğın zamanı kombayna 44180,00 (qırx dörd min yüz səksən) manat maddi ziyan dəymişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Konstitusiya məhkəməsinin qərarında da göründüyü kimi, lizinq müqaviləsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılmasıdır ki, hazırkı halda da Cavabdeh lizinq obyektinin, yəni kombaynın istifadə etmədiyi müddətə lizinq ödənişlərinin hesablanması lizinq müqaviləsinin prinsiplərinə ziddir və lizinq alanın hüquqlarının pozulması ilə nəticələnməsi səbəb olur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun, cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-5.1, 748-1.5, 748-7.1, 748-1.4, 748-10.1, 748-10.4-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4 və 119.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçıların iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Hansı ki, baş vermiş hadisədə onun təqsirinin olmasına dair heç bir sübut təqdim edilməmişdir. Burada sübutetmə o halda mümkün ola bilər ki, iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilsin. Lakin iş üzrə təyin edilən ekspertizanın nəticəsində verilən rəydə hadisənin onun tərəfindən baş verməsinə dair bir müddəa olmamışdır. İş materiallarında iddiaçıların təqdim etdiyi heç bir mötəbər sübut olmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçıların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halları düzgün müəyyən etmək üçün mötəbər sübutlara istinad edilməli idi. Hansı ki, məhkəmə yalnız işdə mövcud olan bir neçə formal məzmunlu aktlara istinad etmişdir. Halbuki iş üzrə nə ekspert rəyində, nə də FHN-in əməkdaşları tərəfindən tərtib edilən aktda, nə də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda onun təqsirli olmasına dair heç bir bənd mövcud olmamışdır. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Sübutetmə vəzifəsi həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin tələbləri baxımından hazırki işdə də xüsusilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1132-ci maddəsinin tələbinə görə (Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur) iddiaçının üzərinə qoyulmuşdur. Odur ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin e- 2(025)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tarixli 08/00182 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 08/00182 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-la müəyyən edilir ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-la İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn mexanizator Cavabdeh mühərrikin yanması, yanacaq sistemi yararsız (rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmissiya saz, hidravlik sistem yararsız, elektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır. İddiaçı ASC-yə məxsus müqavilə ilə Cavabdeh istifadəsində olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın mühərrik hissəsində 17.0620220-ci il tarixdə yanğın baş vermiş, yanğın zamanı kombyana 44180,00 (qırx dörd min yüz səksən) manat maddi ziyan dəymişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı ziyanla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh istifadəsinə verilmiş Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanla bağlı aşağıdakıları qeyd edir; Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında lizinq hüquq münasibətlərinin yarandığı, müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi, habelə lizinq obyektinin xx.xx.2020-ci il tarixdə zədələnmiş şəkildə iddiaçıya təhvil verildiyi işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı lizinq obyektinə dəymiş zərərə görə pulun ödənilməsi tələbini əsaslı hesab etsə də, həmin tələbin qanuni əsasına ümumiyyətlə istinad etməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixdə Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn mexanizator Cavabdeh mühərrikin yanması, yanacaq sistemi yararsız (rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmissiya saz, hidravlik sistem yararsız, elektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır. Lakin iddiaçı 6 ay müddətində, yəni dekabr ayının 17-nə qədər məhkəmə müraciət etmək əvəzinə 2 il sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da 6 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan tələbin qanuni əsasını təşkil edən 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması (onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti) riskini lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məzmunundan görünüyü kimi həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. Lakin işə baxmış məhkəmə tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilə normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması barədə qənaətə gəlmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir. Bu baxımdan hazırkı mübahisə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(025)-18/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat iddiaçıdan tutularaq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-455/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-455/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver