Məhkəmə qərarları › İş №2(107)-459/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-459/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-459/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1850 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 39 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin yanvar ayında Cavabdeh 3500 manat məbləğində borc pul vermişdir. Elvin özünə maşın almaq istəmiş, ona görə də ondan borca pul istəmişdir. O da Elvinə etibar edib borc olaraq 3.500 manat pul vermişdir. O, 3500 manat məbləğində puldan 1650 manatını hissə-hissə olaraq ona ödəmişdir. Hazırda Elvinin ona 1850 manat məbləğində borcu vardır. Aralarında olan WhatsApp yazışmalarında da cavabdeh ondan borc aldığını və hazırda ona 1850 manat borcu olduğunu etiraf etmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etmişdir. Lakin cavabdeh ona olan borcunu ödəməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı ona 3500 manat borc vermişdir. Hər ay 300 manat maaşından iddiaçıya verirdi. Hazırda ona 800 manat borcu vardır.

5. Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan 3500 manat məbləğində borc pul aldığını, həmin puldan 2700 manatını qaytardığını, ona 800 manat borcunun qaldığını etiraf etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə pula ehtiyacı olduğu üçün 3500 manat borc pul vermişdir. Lakin cavabdeh borc məbləğindən 800 manatını qaytarmamışdır.

8. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, 39 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 19 manat isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında izahat verən cavabdeh ondan 3500 manat məbləğində borc pul aldığını, həmin puldan 2700 manatını qaytardığını və ona 800 manat borcu qaldığını etiraf etmişdir. İşdən görünür ki, o, cavabdehə 3500 manat pul verdiyini qeyd etmişdir. Həmin puldan 1650 manatını cavabdehin ona hissə-hissə qaytardığını etiraf etmişdir. Hazırda cavabdehin ona 1850 manat borcu qaldığını qeyd etmişdir. Hazırkı vəziyyətdə o iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Belə ki, cavabdeh özü də etiraf edir ki, ondan 3500 manat pul alıb. Lakin o, qeyd edir ki, guya ona 2700 manat pul qaytarıb. Hazırkı vəziyyətdə cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Yalnız sözlə deyir ki, guya ona 2700 manat pul qaytarıb. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirməlidir. Cavabdeh 3500 manat pul aldığını etiraf edib və həmin puldan ona nə qədər qaytardığını sübuta yetirməlidir. Çünki artıq sübut etmə yükü cavabdehin üzərinə düşür. Nədənsə məhkəmə bunu nəzərə almamış və cavabdehin etirafına əsasən qətnamə qəbul etmişdir. Bütün bunlar isə qanunun tələbinə ziddir. Ona görə də hesab edir ki, mülki işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı və iş üzrə ədalətli qətnamə qəbul olunmalıdır.

12. Məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir.

13. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

21. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq qismən təmin etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında İddiaçı tərəfindən Cavabdeh yazılı müqavilə imzalanmadan, şifahi qaydada 3500 manat məbləğində borc verilmişdir. Cavabdeh tərəf iddiaçıya olan borcununun bir hissəsini hər ay 300 manat olmaqla hissə-hissə iddiaçıya qaytardığını, hazırda ona 800 manat borcu olduğunu bildirmişdir.

25. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh 3500 manat pulu aldığını etiraf etmiş, yalnız sözlə həmin puldan 2700 manatını qaytardığını göstərmiş, lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmin puldan ona nə qədər qaytardığını sübut etmə yükü cavabdehin üzərinə düşsə də məhkəmə bunu nəzərə almamış və cavabdehin etirafına əsasən qətnamə qəbul etmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsaslıdır.

27. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclası zamanı İddiaçı 3500 manat məbləğində borc pul aldığını etiraf etmiş, həmin borcdan hər ay 300 manat olmaqla aylıq əmək haqqısından pul verdiyini, hazırda iddiaçıya 800 manat məbləğində borcu olduğunu göstərmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Hazırki iş üzrə tərəflər arasında heç bir yazılı müqavilə mövcud olmamışdır. Lakin cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan 3500 manat borc pul aldığını etiraf etmişdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

32. Həmin Məcəllənin 882.5. maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

33. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

34. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məhkəmə iclasında İddiaçı 3500 manat məbləğində borc pul aldığını, hazırda iddiaçıya 800 manat borcunun olduğu etiraf etsə də, iddiaçının iddia ərizəsində ondan tələb etdiyi 1850 manat borcun 1050 manat hissəsini iddiaçıya geri qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Bundan başqa məhkəmə iclasında yalnız həqiqətə uyğun olan və əsaslı şübhədən kənar səsləndirilən ifadələr iş materiallarında olan sübutlarla birgə qiymətləndirilərək, mülki işin həlli zamanı nəzərə alınmalıdır.

37. Daha sonra kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Cavabdeh məhkəmə iclasında istinad etdiyi halları sübut etməli olduğu halda, onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

39. Lakin hazırkı halda birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan aldığı 3500 manatdan hazırda 800 manat borcunun qalması ilə bağlı səsləndirdiyi izahatını digər bir dəlilə istinad edilmədən əsaslı hesab etməkdə səhvə yol vermiş, cavadehin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə almamış, nəticədə mülki iş üzrə mübahisəni həll edərkən düzgün nəticəyə gəlməmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

41. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

42. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

43. Daha sonra apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi, tərəflərin müdafiə hüququndan istifadə etmələri üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarından və qətnamədən də göründüyü kimi iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etmişlər. Onlara məhkəmədə baxılan mübahisə üzrə öz münasibətlərini bildirmələri üçün şərait yaradılmışdır. Bu isə onu deməyə əsas verir ki, mülki proses tərəflərindən hər biri üçün çəkişmə prinsipinin həyata keçirilməsi, müdafiə hüququndan istifadə etmələri üçün yetərli şərait yaradılmışdır.

45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(016)-810/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş 1050 manat əsas borc və 20 manat dövlət rüsumu hissələrində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 1050 manat əsas borc və 20 manat dövlət rüsumu hissələrində də təmin edilərək, Cavabdeh 1050 manat əsas borc və 20 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar