Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-46/2025 15.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əri X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onlara Qax rayon Qum kənd Aqrar islahat komisiyyasının qərarı ilə əmlak payı kimi cücəxana binası verilmişdir. Həmin cücəxana binasını istifadə etmişlər. 2018-ci ildə həmin cücəxana binasında cavabdeh mərhum əri ilə razılaşaraq özü istifadə edərək toyuq-cücə və keçi saxlamışdır. Bununla yanaşı cücəxana binasına ot bağları yığmışdır. xx.xx.2018-ci il tarixdə bina cavabdehin istifadəsində olduğu müddətdə 60 kv.m bina yanaraq istifadəyə yararsız hala düşmüşdür. Yanğın hadisəsi cavabdehin səhlənkarlığı və ehtiyyatsızlığı ucbatından olduğuna görə cavabdeh binanı yenidən təmir edəcəyini bildirmişdir. Lakin dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək binanı hazırkı vaxtadək təmir etməmişdir. Nəticədə binanın divarları da, yağış və qar sularının təsirindən yararsız vəziyyətə düşmüşdür. Nəticədə ona 15000 manatadək məbləğdə ziyan dəymişdir. Hesab edir ki, dəymiş maddi ziyanın tam olaraq hesablanması üçün DYMX-dən ziyan aktı əldə edilməli və işin qanuni və ədalətli həll edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Belə olduğu halda tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlə aralarında hər hansı icarə müqaviləsi olmadığını göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımı qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx.xx.2023-cü il tarixli, 2(024)- 525/2023 nömrəli qətnaməsi lə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı istifadəsində olan əmlak pay torpağında yerləşən Cücəxana binasında yanğın hadisəsi baş vermiş və baş vermiş yanğın nəticəsində 60 kv.m sahəsi olan bina yanar konstruksiyaları ilə birlikdə yanaraq yararsız hala düşmüşdür. İddiaçı Cavabdeh 2018-ci ildə həmin cücəxana binasını mərhum əri ilə razılaşaraq özü istifadə edərək toyuq-cücə və keçi saxladığını, binaya ot bağlarını yığdığını və xx.xx.2018-ci il tarixdə bina cavabdehin istifadəsində olduğu müddətdə 60 kv.m sahə yanaraq istifadəyə yararsız hala düşdüyünü göstərərək cavabdehdən dəymiş ziyana görə 15000 manat tələb etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı həmin cücəxana binasının özünün mülkiyyətində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyi üçün əsassızdır. Bundan əlavə iddiaçı məhkəməyə Cavabdehla aralarında sözügedən binanın icarəyə verilməsi barədə hər hansı bir razılaşma, icarə müqaviləsi bağlanması barədə və cavabdeh tərəfindən ona necə və hansı məbləğdə maddi ziyanın dəyməsi, dəymiş ziyanın cavabdehlə əlaqəli olub-olmaması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.4, 218.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları ilə müəyyən edilir ki, mərhum ərinə və ailə üzvülərinə Qax rayon Qum kənd Aqrar islahat komisiyyasının qərarı ilə əmlak payı kimi cücəxana binası verilmişdir. 2018-ci ildə həmin cücəxana binası cavabdeh onun mərhum əri ilə razılaşaraq özü istifadə edərək toyuq-cücə və keçi saxlamışdır. Bununla yanaşı cücəxana binasına ot bağları yığmışdır. xx.xx.2018-ci il tarixdə bina cavabdehin istifadəsində olduğu müddətdə 60 km bina yanaraq istifadəyə yararsız hala düşmüşdür.
12. Qax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, binanın onun mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur. Lakin o, iddia ərizəsinə əmlakdan pay verilməsi barədə akt, 02 ədəd 03 vərəqə əlavə etmişdir.
13. Hesab edir ki, məhkəmə iddianı əssassız olaraq rədd etmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətlər məhkəmə tərəfindən qəbul edilməmişdir. Eyni zamanda hadisənin bilavasitə şahidləri dindirməmiş, cavabdehin məhkəməyə məcburi gətirilməsi təmin edilməmişdir.
14. Məhkəmə iddianı rədd edilməsinə dair heç bir qanun layihəsi qətnamədə göstərməmişdir. Sübutlar məhkəmə tərəfindən qəbul edilməmiş və qiymət verilməmişdir. İş üzrə adiyyatı orqanlara sorğular göndərilməmiş, (Polis, YDMX, ƏİD) şahidlər dindirilməmişdir.
15. Odur ki, Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyator Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qax rayonu Qum kənd yerli Aqrar İslahat Komissiyasının 28 dekabr 2000-ci il tarixli aktı ilə Qax rayonu Qum kəndində yerləşən Cücəxana binası əmlak payı olaraq İddiaçı mərhum əri X6 verilmişdir. X1, yəni 2018-ci ilin mart ayında Cavabdeh ilə aralarında olan şifahi razılığa əsasən həmin cücəxana binasını Cavabdeh icarəsinə vermiş, lakin X8 29 iyun 2018-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra da Cavabdeh cücəxana binasından istifadə etməkdə davam etmişdir. Lakin Cavabdeh ehtiyyatsızlığından 27 avqust 2018-ci il tarixdə Cücəxana binasında yanğın baş vermiş, nəticədə İddiaçı maddi ziyan dəymişdir. Həmin yanğın hadisənin onun ehtiyyatsızlığından baş verməsi Cavabdeh 28 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nə yazdığı izahatla da təsdiq edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş maddi ziyanla bağlı hüquq münasibətlərini tənzimləyən heç bir maddi hüquq normasına istinad edilməməklə maddi, həmçinin prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
28. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
29. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
30. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
31. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
32. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
33. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
34. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi də təsbit olunmuşdur.
35. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2018-ci il tarixdə cavabdehin istifadəsində olduğu müddətdə 60 kvadratmetrlik binanın yanaraq istifadəyə yararsız hala düşməsi, iş üzrə adiyyatı orqan olan YDMX-ə sorğunun göndərilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, maddi ziyanın ödənilməsi tələbi baş vermiş yanğın hadisəsi ilə bağlı olduğu halda birinci instansiya məhkəməsi yanğın hadisəsi üzrə aparılmış araşdırmaya dair sənədləşmənin əldə edilərək tədqiq edilməsini təmin etməmişdir.
38. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsindən islahat zamanı iddiaçının mərhum ərinə əmlak payı kimi verilmiş cücəxana binasında xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi üzrə aparılmış araşdırmaya dair təhqiqat materialı əldə edilərək iş materiallarına əlavə edilmişdir.
39. Cavabdeh 28 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nə yazdığı və həmin materialda olan izahatında 2018-ci ilin mart ayında M.İmamovun Qax rayonu Qum kəndində yerləşən özünə məxsus olmuş yaşayış olmayan evini həyətyanı sahə ilə birlikdə təsərrüfat məqsədi ilə ona icarəyə verdiyini, 27 avqust 2018-ci il tarixdə günorta radələrində icarəyə götürdüyü həyətyanı sahədə təmizlik işləri apararaq evin qarşısına yığdığı tullantıları yandırdığını, bu zaman ona zəng gəldiyini, ocağa bir neçə vedrə su tökdüyünü və evdən çıxdığını, bir neçə dəqiqə sonra qardaşının ona zəng edərək icarəyə götürdüyü həyətyanı sahədə yerləşən evdə yanğın baş verməsi barədə məlumat verdiyini, onun dərhal kəndə qayıtdığını, hadisə yerinə çatan zaman yanğınsöndürmə heyəti tərəfindən yanğının söndürülməsinə çalışdığını gördüyünü, baş vermiş yanğın nəticəsində evin eyvanına yığılmış 30 ədəd ot bağlamasının və evin çardağının yanğının təsirinə məruz qaldığını, yanğının baş vermə səbəbinin evin qarşısında yandırdığı ocağı nəzarətsiz saxlaması nəticəsində ocaqdan çıxan qığılcımların evin eyvanına yığılmış ot bağlamalarının üzərinə düşməsi olduğunu, həyətyanı sahənin icarədarı ilə tikilini yenidən təmir edib təhvil verməyi razılaşdıqlarını göstərmişdir.
40. Cavabdeh həmin materiala əlavə edilmiş, 28 avqust 2018-ci il tarixdə Qax rayon Polis Şöbəsinə yazdığı ərizəsində göstərmişdir ki, 27 avqust 2018-ci il tarixdə Qax rayonu Qum kəndində yerləşən köhnə toyuq ferması binasında yanğın baş vermiş, baş vermiş yanğın hadisəsində 60 kvadratmetr sahəsi olan binanın döşəmə, tavan və dam örtüyü yanmışdır.
41. İddiaçı həmin materiala əlavə edilmiş 29 avqust 2018-ci il tarixli ərizəsində 27 avqust 2018-ci il tarixdə Qax rayonu Qum kəndində yerləşən əri Musa İmamova məxsus olmuş yaşayış olmayan evdə baş vermiş yanğın nəticəsində ona 4500 manat məbləğində maddi ziyan dəydiyini, hadisə ilə əlaqədar heç kimdən şübhələnmədiyini, şikayət və tələbinin olmadığını, yanğının baş vermə səbəbinin Cavabdeh evin qarşısında yandırdığı ocağı nəzarətsiz saxlaması nəticəsində ocaqdan çıxan qığılcımların evin eyvanına yığılmış ot bağlamalarının üzərinə düşməsi olduğunu göstərmişdir.
42. Həmin materiala əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsinin Sumqayıt Regional bölməsinin təhqiqatçısı tərəfindən 15 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərardan görünür ki, Cavabdeh Qax rayonu Qum kəndində yerləşən həyətyanı sahənin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2-ci, “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci və 2.1.8.3-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyini təmin etməmiş, həyətyanı sahədə yerləşən yaşayış olmayan fərdi yaşayış evinin qarşısında ocaq qalamışdır. 27 avqust 2018-ci il tarixdə saat 15 radələrində Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh yandırdığı ocaqdan çıxan qığılcımların evin eyvanına yığılmış ot bağlamalarının üzərinə düşməsi nəticəsində yanğın baş vermiş, lakin həmin faktla əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir.
43. Sadalananlar diqqətə alınaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddianı əssassız olaraq rədd etməsi və düzgün hüquqi nəticəyə gəlməməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətə gözləntisi olan əmlakda yanğın hadisəsinin məhz cavabdehin təqsirindən baş verməsi, yanğın hadisəsi nəticəsində həmin əmlakın yararsız hala düşməsi təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə apardığı əsaslandırma və gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərinə cavab verməmişdir.
44. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
45. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
46. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
47. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
49. İddiaçı 27 avqust 2018-ci il tarixdə Qax rayonu Qum kəndində yerləşən əri Musa İmamova məxsus olmuş yaşayış olmayan evdə baş vermiş yanğın nəticəsində ona 4500 manat məbləğində maddi ziyan dəyməsi, hadisə ilə əlaqədar şikayət və tələbinin olmamasına dair 29 avqust 2018-ci il tarixli ərizəsində və təhqiqat araşdırması zamanı verdiyi izahatında göstərdikləri ilə bağlı məhkəmə kollegiyasının iclasında fikirləri öyrənilərkən o, yanğın hadisəsi nəticəsində ona dəyən məbləğin 4500 manat təşkil etməsi barədə fikri təhqiqat araşdırmasını aparan şəxsin deməsi ilə ərizəsinə və izahatına daxil etdiyini, əslində ustaların ona həmin tikilinin təmiri və yenidən bərpası üçün 10000 manatdan da yüksək məbləğin tələb edildiyini bildirdiklərini, həmçinin məsuliyyətə cəlb edilməməsi üçün təhqiqat dövründə Cavabdeh ona vəd verdiyini, bu səbəbdən də ərizə və izahatında şikayət və tələbinin olmamasını göstəördiyini, hətta tikilinin təmir və bərpası üçün cavabdeh tərəfindən iki dəfə həmin tikilinin yanına tikinti materiallarının gətirildiyini, lakin təmir bərpa işlərinin aparılması əvəzinə cavabdehin həmin materialları sonradan digər bir şəxsə satdığını, cavabdehin hərəkəti ilə bağlı ona məxsus tikilinin yenidən qurulması üçün ona məhz iddia ərizəsində göstərilən 15000 manat pul vəsaitinin tələb edildiyini göstərmişdir.
50. Cavabdehin təqsirindən iddiaçının mülkiyyətə gözləntisinin olduğu tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş ziyanlığın neçə manat təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-46/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirici-ekspertin dəvət edilməsi, qiymətləndirmənin qiymətləndirici təşkilat "xxxx" MMC-yə həvalə edilməsi, qiymətləndirici-ekspert qаrşısındа “Qum” İstehsal Kooperativinin 28 dekabr 2000-ci il tarixli aktı əsasında mərhum X7 ayrılmış Qax rayonu Qum kəndində yerləşən Cücəxana binasının xx.xx.2018-ci il tarixdə yanması nəticəsində İddiaçı dəymiş ziyanın neçə manat təşkil etməsi, xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın nəticəsində 60 kv/m ərazidə Cücəxana binasının yanmış hissələrinin bərpası üçün neçə manat material və usta xərclərinin tələb olunmasına dair suallar qoyulmuşdur.
51. "xxxx" MMC tərəfindən məhkəmə kollegiyasının qərardadının icrası üzrə 14 noyabr 2025-ci il tarixli rəy verilmişdir.
52. Mülki iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 14 noyabr 2025-ci il tarixli rəyində göstərilmişdir ki, “Qum” İstehsal Kooperativinin 28 dekabr 2000-ci il tarixli aktı əsasında mərhum X7 ayrılmış Qax rayonu Qum kəndində yerləşən Cücəxana binasının xx.xx.2018-ci il tarixdə yanması nəticəsində İddiaçı dəymiş ziyan 9664 manat təşkil edir və həmin binanın bərpası mümkün deyildir.
53. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-46/2025 nömrəli qərardadının icrası üzrə alınmış "xxxx" MMC-nin 14 noyabr 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssisin rəyi yazılı sübutlardan biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında aparılmış mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin iddiaçı təhqiqat araşdırması dövründə cavabdehin təqsirindən ona dəyən ziyanlığın 4500 manat təşkil etdiyini göstərsə də, onun qeyd etdiyi məbləğ 2018-ci ilə aid olmaqla hazırkı məqamda ziyanın məbləğinin müəyyən edilməsində mötəbər sübut qismində məhz "xxxx" MMC-nin 14 noyabr 2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş ziyan məbləğinə istinad edilməlidir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətlərin məhkəmə tərəfindən qəbul edilməməsi, hadisənin bilavasitə şahidlərinin dindirilməməsi, cavabdehin məhkəməyə məcburi gətirilməsinin təmin edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından iddiaçının məhkəməyə şahid təqdim etməsi, yaxud da şahidin dəvət edilərək dindirilməsi ilə bağlı hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir. Onun tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətin qəbul edilməməsinə gəlincə isə, birinci instansiya məhkəməsi tərəfindən Qax rayon DYMX-dən ziyan aktının əldə edilməsi, iş üzrə məhkəmə tikinti texniki ekspertizasının təyin edilməsi barədə iddiaçının 05 sentyabr 2023-cü il tarixli vəsatəti müzakirə edilməsə də, məhkəmə kollegiyası tərəfindən baş vermiş yanğın hadisəsi ilə bağlı təhqiqat materialı və dəymiş ziyanlığın neçə manat təşkil etməsinə dair mütəxəssisin rəyi əldə edilərək iş materiallarına əlavə edilmişdir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Yəni qanunvericilikdə hazırkı mübahisə üzrə məhkəmə iclasına gəlməyən cavabdehin məcburi qaydada gətirilməsi imkanları nəzərdə tutulmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 9664 manat maddi ziyanın vurulmasının təsdiqini tapması nəzərə alınaraq, İddiaçı Cavabdeh 9664 manat maddi ziyanla yanaşı həmin məbləğə mütənasib olan 116.64 manat dövlət rüsumunun alınmasını da tələb etməkdə haqlıdır. Lakin qalan hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
57. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiаsı qismən təmin edilməli, cаvаbdеh Cavabdeh 9664 manat maddi ziyan və 116.64 manat dövlət rüsumu məbləğləri alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
58. İddianın qismən təmin edilməsi nəzərə alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 170 manatı İddiaçı, 330 manatı isə cаvаbdеh Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilməlidir.
59. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-525/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiаsı qismən təmin edilsin. Cаvаbdеh Cavabdeh 9664 manat maddi ziyan və 116.64 manat dövlət rüsumu məbləğləri alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış tədqiqat üzrə 500 manat qiymətləndirmə haqqının 170 manatı İddiaçı, 330 manatı isə cаvаbdеh Cavabdeh tutulub "xxxx" MMC-nə (VÖEN: ********** "xxxx" ASC Abşeron filialı VÖEN: ********** M/h: AZ03NABZ******************** Kodu: 805539 S.W.İ.F.T. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.