Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-463/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı “Delta xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “Delta xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1402/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Delta xxxx MMCnin xeyrinə 2162.74 manat borc və 30 manat dövlət rüsumu əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə Cavabdeh 2162.74 manat (iki min bir yüz altmış iki manat, yetmiş dörd qəpik) məbləğində borc və 500 (beş yüz) manat məbləğində cərimə olmaqla ümumilikdə 2662.74 manat (iki min altı yüz altmış iki manat yetmiş dörd qəpik) məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, İddiaçı MMC “Pasha Holding”in balansında olan bir şirkətdir. “Pasha Holding” qida sektoru üzrə böyük bir şirkətdir. İddiaçı MMC isə Sumqayıt şəhərində yerləşir, un və un mamulatlarının satışı ilə məşğuldur. Bildirmişdir ki, hal-hazırda şirkətləri cəbhə xəttində 2 kazarmanı himayəyə götürərək, həmin kazarmada olan əsgərləri tam təmənnasız çörək və şirniyyatla təmin edir. Göstərmişdir ki, Cavabdeh onların işçisi olmuşdur. Belə ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli, M902-04774 saylı “çörək və un məmulatlarinin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh “xxxx” MMC-dən nisyə götürdüyü müxtəlif çeşidli çörək məhsulları üzrə 2162.74 manat (iki min bir yüz altmış iki manat yetmiş dörd qəpik) məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 10 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzləşmə Aktı”larında və xx.xx.2017-ci il tarixli "Qalıq borcun təsdiq edilməsinə daiq Akt”da həqiqətən İddiaçı MMC-yə borcunun olmasını təsdiq elmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq borcun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh İddiaçı MMC-yə olan 2162,74 manat məbləğində borcunu hələ də ödəməmişdir. İddiaçı MMC-nin cavabdeh vasitəsilə satmış olduğu müxtəlif çeşidli çörək məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və hu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin şirkətə 2162,74 manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması məqsədə uyğundur. Cavabdehə son olaraq xx.xx.2019-cu il tarixdə Xəbərdarlıq göndərilmiş, lakin cavabdeh tərəfindən indiyədək heç bir ödəniş edilməmişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə razı deyildir. Belə ki, cavabdehlə aralarında olan “Üzləşmə Aktı”larında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə daiq Akt”da o öz borcunun olmasını təsdiq etmiş və şirkətə həmin aktlar üzrə sonuncu ödənişini xx.xx.2019-cu il tarixdə etmişdir. Buna görə də iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı MMC-nin iddia tələbləri tamamilə əsassızdır və iddia ərizəsinə iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübut əlavə edilməmişdir. Belə ki, iddia tələbinə nəzər yetirdikdə görünür ki, iddiaçı guya onun tərəfindən iddiaçıya 2162,74 manat məbləğində borcunun olmasını qeyd etsə də, bununla bağı iddia ərizəsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2016-cı il tarixli 22 saylı, 01 02.2017-ci il tarixli 20 saylı, 01 03.2017-ci i il tarixli 33 saylı “Üzələşmə Aktı”larında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə dair Akt"da həqiqətən İddiaçı MMC-yə borcunun olmasını təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktı”larında ümumiyyətlə onun adı mövcud deyil. Həmin aktda Abbasov Mais adlı şəxsin adı qeyd edilmiş və o, həmin şəxsin kim olmasını bilmir. Həmçinin onun əlində 22 ədəd ödəniş qəbzi var ki, həmin qəbzlərdən də görünür ki, o, iddiaçıdan satış məqsədi ilə aldığı çörək məmulatının dəyərini tamamilə ödəmişdir. Həmçinin Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə qeyd etmişdir ki, iddia ərizəsindən də görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktı”larında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə dair Akt”da həqiqətən İddiaçı MMCyə borcunun olmasını təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı ən son tarix kimi xx.xx.2017-ci il tarixə olan borcunu tələb edir. Lakin iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə pul tələbi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Ona görə də hazırkı iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq İddiaçı MMC-nin ona qarşı “pul tələbinə dair” iddiasının iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı MMC-nin iddia tələbi tamamilə əsassızdır və iddia ərizəsinə iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübut əlavə edilməmişdir. İddiaçı guya onun adı çəkilən MMC-yə 2162,74 manat məbləğində borcunun olmasını iddia etsə də, lakin bunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktı”larında və xx.xx.2017-ci il tarixli “Qalıq borcun təsdiq edilməsinə dair Akt”da həqiqətən İddiaçı MMC-yə borcunun olmasını təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktı”larında ümumiyyətlə onun adı mövcud deyil. Həmin aktda “Abbasov Mais” adlı şəxsin adı qeyd edilmiş və o, həmin şəxsin kim olmasını bilmir. Həmçinin onun əlində 22 ədəd ödəniş qəbzi var və həmin qəbzlərdən də görünür ki, o, iddiaçıdan satış məqsədi ilə aldığı çörək məmulatının dəyərini tamamilə ödəmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi satınalma bəyənnaməsi ilə eyni tarixə təsadüf edən 4 ədəd qəbz, tərəfindən məhkəməyə təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017ci il tarixli satınalma bəyənnamələrində göstərilən tarixlərdə tərəfindən ödəmələr edilmişdir. Lakin birinci instansiya məhkəməsi, tərəfindən təqdim edilmiş 22 ədəd qəbzin heç birini nəzərə almamış, həmin ödəmələri nəzərə almadan qərəzli, birtərəfli qətnamə qəbul etmişdir. xx.xx.2016-cı il tarixli 22 saylı, xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı üzələşmə aktlarında və xx.xx.2017-ci il tarixli “qalıq borcun təsdiq edilməsinə dair akt”dakı imzalar ona məxsus deyil və onun tərəfindən belə bir akt imzalamamışdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1402/2020 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahat və çıxışları dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli M902-04774 saylı “çörək və un məmulatlarının alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilə əsasında iddiaçı “Çörəkçi” əmtəə nişanlı müxtəlif çeşidli çörək və un məmulatlarını Cavabdeh verməyi, cavabdeh isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialında olan xx xxxxxxx 2016-cı il tarixli, 22 saylı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3536,32 manat borcu qalmışdır. İş materialında olan xx xxxxxx 2017-ci il tarixli, 10 saylı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3187,32 manat borcu qalmışdır. İş materialında olan xx xxxx 2017-ci il tarixli, 33 saylı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3125,90 manat borcu qalmışdır. İş materialında olan xx.xx.2017-ci il tarixli "Qalıq borcun təsdiq edilməsinə daiq Akt”dan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 3004,61 manat borcu qalmışdır. İş materialında olan M902-04774 saylı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmiş və onun 2162,74 manat məbləğində borcu qalmışdır. İşdən göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2015-ci iİ tarixli, M902-04774 saylı “çörək və un məmulatlarının alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə əsasında iddiaçı (“Satıcı”) cavabdehə (“Alıcı”ya) “Çörəkçi” əmtəə nişanlı müxtəlif çeşidli çörək və un məmulatları satmağı, cavabdeh isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə, Alıcı qaimə üzrə qəbul etdiyi məhsulun dəyərinin qaimə ilə nağd satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə satış zamanı isə cari ayın son iş günü tarixinə qədər Satıcıya ödənilməsini təmin etməlidir. İddia tələbindən məlum olur ki, Alıcı olan cavabdeh Satıcı olan iddiaçı qarşısında öz öhdəliklərini vaxtında və tam icra etməmiş, nəticədə onun iddiaçıya xx.xx.2019-cu il tarixdən 2162,74 manat məbləğində borcu qalmışdır. Cavabdeh ötən müddət ərzində həmin borcunu ödəmədiyindən iddiaçı borcun ödənilməsini məhkəmə qaydasında tələb etməli olmuşdur. İddiaçı tələbini əsaslandıran hallara dair sübutlar qismində məhkəməyə tərəflər arasındakı müqaviləni, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək mal-pul dövriyyəsinə dair cədvəli, satınalma tələbnamələrini, borcla bağlı üzləşdirmə aktlarını və qalıq borcun təsdiq edilməsinə daiq aktı təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsas borc (2162,74 manat) tələbinə aid hissədə təmin etmiş, cərimə (500 manat) tələbini isə təmin etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə razılaşmış, həmin qətnaməni cərimə tələbinin təmin olunmaması hissəsində mübahisələndirməmişdir. Cavabdeh iddia tələbini əsassız hesab edir. Apellyasiya şikayətində göstərir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 20 saylı, xx.xx.2017-ci il tarixli 33 saylı “Üzələşmə Aktı”larında ümumiyyətlə onun adı mövcud deyil. Həmin aktda “Abbasov Mais” adlı şəxsin adı qeyd edilmiş və o, həmin şəxsin kim olmasını bilmir. Həmçinin, onun əlində 22 ədəd ödəniş qəbzi var və həmin qəbzlərdən də görünür ki, o, iddiaçıdan satış məqsədi ilə aldığı çörək məmulatının dəyərini tamamilə ödəmişdir. Cavabdehin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixli 20 saylı və xx.xx.2017-ci il tarixli 33 saylı üzələşmə aktlarından əvvəl xx.xx.2016-cı il tarixli 22 saylı üzləşmə aktı tərtib olunmuşdur. Cavabdehin xx.xx.2016-cı il tarixli 22 saylı üzləşmə aktına iradı yoxdur və bu akta əsasən həmin tarixə cavabdehin iddiaçıya borcu 3536,32 manat məbləğində təşkil etmişdir. Cavabdehin irad bildirdiyi üzləşmə aktlarında isə onun borcu azalmış, xx.xx.2017-ci il tarixli 20 saylı akta əsasən borcu 3187,32 manat, xx.xx.2017-ci il tarixli 33 saylı akta əsasən 3125,90 manat məbləğində olmuşdur. Göründüyü kimi, cavabdehin irad bildirdiyi üzləşmə aktlarının mötəbərliyinin şübhə altına alınması onun ziyanınadır. Cavabdehin nəzərə alınmadığını iddia etdiyi 22 ədəd ödəniş qəbzinə gəlincə, bu qəbzlər 2016-2017-ci illərə aiddir və mal-pul dövriyyəsinə dair cədvəldə hamısı nəzərə alınmışdır. Cavabdeh apellyasiya şikayətində üzləşdirmə aktlarının onun tərəfindən imzalanmadığını qeyd etsə də, lakin apellyasiya baxışında şikayətinin bu dəlilindən imtina etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini də mübahisələndirərək bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Bununla əslində cavabdeh iddianın əsaslılığını qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh “Delta xxxx MMC-nin xeyrinə 2162.74 manat borc və 30 manat dövlət rüsumu əvəzinin tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1402/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-463/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-463/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver