Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-466/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 4000 manat məbləğində pulun, MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, cəmi 4050 manat pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)- 556/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdehlər) qarşı cavabdehdən 4000 manat ziyanın (pulun), MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat xərcin, cəmi 4050 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonunda anadan olub, Xocalı şəhərində qeydiyyatdadır. 1997-ci ildən Xocalı İcra hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada məsul katib işləyir. Oğuz rayonunda qohumları yaşayır, belə ki, bir qrup laçınlı ailə burada məskunlaşıb.Buna görə də illərdir ki, bu rayonla daimi əlaqəsi var. Əmisi oğlu ona İntiqam adlı qəssabın ev və torpaq sahəsini satdığını demiş, 2014-cü ilin avqust ayında Cavabdeh ilə qarşılıqlı razılığa gələrək Oğuz rayonu Padar kəndində yerləşən, sahəsi 2,5 ha olan fındıq bağını və yaxınlıqdakı kürsülü evi, yardımçı tikililərlə birlikdə 30000 manata, 3 il müddətinə hissələrlə ödəmək şərtilə satın almışdır. Alqı-satqı şifahi olmuş, cavabdeh evə və torpağa sənəd düzəldəcəyini vəd etmişdir. Həmin vaxt 4000 manat pul ödəmişdir. 2014-cü ilin dekabr ayınadək hissələrlə cəmi 10000 manat pul ödəmişdir. İntiqam sənəd düzəltmədiyindən qalan pulu verməmişdir. Bir müddət sonra cavabdeh ona demişdir ki, fındıq bağını əlindən alırlar. Məlum olmuşdur ki, 2016-cı ildə bağı özü satıb. Cavabdehə evi bağla birlikdə 30000 manata aldığını demiş, qiyməti də aşağı salmasını xahiş etsə də, cavabdeh razılaşmayıb. Buna baxmayaraq 30000 manat pulu ev üçün verməli olduğunu qəbul etmişdir. Amma aralarında narazılıq olmuşdur. Evin sənədləri düzəlmədiyindən verdiyi pulu geri tələb etmişdir. 2020-ci ilin yayına kimi yoldaşı ilə evə gəlib-getmişdir. Müharibədən əvvəl cavabdeh puldan bir az qaytarmışdır. “020-ci ilin avqust ayında 4400 manat borc qaldı, həmin məbləğdən 400 manat pul 2020-ci ilin avqust-sentyabr aylarında, səhv eləmirsə, poçt vasitəsilə ona göndərilsə də, qalan 4000 manat məbləği qaytarmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, cavabdeh 4000 manat pulu qaytarmamasının səbəbi olaraq həmin pulu beh kimi qəbul etdiyini bildirir, halbuki aralarında behlə bağlı söhbət olmayıb. Artıq aralarında hər hansı razılaşmanı qəbul etmək fikri yoxdur. Müddəti ötürməyib. İddianın təmin edilməsi, 4050 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə onun arasında 2,5 ha fındıq bağı və evin 30000 manata alqı- satqısı ilə bağlı şifahi razılaşma olmuş, iddiaçıdan 1 il müddətində pulun verilməsini xahiş etmişdir. İddiaçı 4000 manat beh vermiş, sonra isə 6000 manat pul vermişdir. 2014cü ilin avqust ayında evi boşaldıb iddiaçıya vermiş, özü isə Oğuz şəhərində kirayədə yaşamışdır. Qalan pul ödənilmədiyinə görə münasibətləri pozulmuşdur. 2016-cı ilin axırına kimi aldığı puldan 6000 manatını hissələrlə qaytarmış, 4000 manat beh olduğuna görə onu verməkdən imtina etmişdir. Evin sənədləri oğlunun adınadır. Pulu əldən-ələ alıb-vermişlər. Yazılı heç nə yoxdur. İddiaçı ilə razılaşmağa etiraz etmir, şərti isə budur ki, ona dəymiş ziyanlığı nəzərə alsın. 2 ton fındığı yığmayıb, üstəlik kirayədə qalıb, yəni ona ziyan dəyib. İddiaçıya ziyanın əvəzi olaraq 2000 manat qaytarmağa razıdır. Şərtə razı olmadığı təqdirdə iddia müddətinin tətbiq olunması, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etməmiş, bildirmişdir ki, iddiaçı 6000 manatdan son 400 manatı 2020-ci ilin avqust ayında poçt vasitəsilə aldığını bildirsə də, cavabdeh 6000 manat pulu 2016-cı ildə qaytardığını bildirir. Qalan 4000 manat isə behdir. İddiaçı cavabdehin sonuncu dəfə ona verdiyi pulun tarixi ilə bağlı mötəbər sübut təqdim edə bilmir, cavabdeh isə 2016-cı ildən sonra iddiaçıya pul vermədiyini bildirir. İddia əsassızdır, bununla birgə iddiaçı iddia müddətini də ötürüb.Tərəflər razılaşmadığı təqdirdə məhkəməyə təqdim edilmiş ərizəni nəzərə alaraq və müddətin ötürüldüyü əsas tutulmaqla iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova), İddiaçı Cavabdeh qarşı 4000 manat məbləğində pulun, MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, cəmi 4050 manat pulun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 2014-cü ilin avqust ayında şifahi şəkildə cavabdehin istifadəsində olan 2,5 ha fındıq bağı və fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 30000 manata iddiaçıya satılması ilə bağlı razılaşmışlar. Cavabdeh əmlakın sənədlərinin hazırlanmasını təmin edəcəyini bildirmişdir. İddiaçı ilk razılaşmada 4000 manat olmaqla 2014-cü ilin axırlarına kimi razılaşdıqları məbləğdən 10000 manat pulu cavabdehə vermiş, lakin cavabdeh fındıq bağını başqa şəxsə satsa da, iddiaçıya razılaşdıqları məbləği verəcəyini demış, bundan əlavə əmlakın sənədlərinin hazırlanmasını həyata keçirməmiş, qeyd olunanlara əsasən iddiaçı verdiyi 10000 manat pulun qaytarılmasını tələb etmişdir. İddiaçının izahatına əsasən cavabdeh həmin pulun 6000 manatını hissələrlə, sonuncu 400 manatın 2020-ci ilin dəqiq xatırlamadığı avqust- sentyabr aylarında poçt vasitəsilə verildiyini desə də, bununla bağlı sübut təqdim etməmiş, cavabdeh isə 6000 manat pulu 2016-cı ildə bütünlükdə qaytardığını, qalan 4000 manat məbləği isə beh olduğu üçün qaytarmadığını bildirmişdir.
8. İddiaçı tərəf hesab edir ki, qalan 4000 manat beh deyil, buna görə də qaytarılmalıdır. Cavabdeh tərəfin iddia müddətinin keçirilməsinə dair ərizəsi və tələbinə münasibətdə müddətin ötürülmədiyini, heç bir razılaşma olmadan iddia tələbinin tam təmin edilməsini xahiş edir.
9. Cavabdeh isə hesab edir ki, tələb edilən pul beh olmaqla qaytarılmalı deyil, buna görə də iddia tələbi rədd edilməli olsa da, eyni zamanda pulun tələb edilməsi üçün tələb olunan iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Yenə də ona da dəymiş zərəri nəzərə almaqla iddiaçıya 2000 manat verməklə razılaşma mümkün ola bilər. Əks halda iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə əvvəla tələb olunan məbləğin beh olması ilə bağlı qeyd edilənlərə qiymət verərək bildirir ki, mülki qanunvericilikdə qüvvədə olan normaya əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı bağlanmalı olduğundan və hazırki iş üzrə tərəflərin alqı-satqı münasibətləri ilə bağlı şifahi qaydada razılaşdıqlarını nəzərə almaqla mübahisəli məbləğin beh olması barədə arqumentlər qəbul edilə bilməz.
11. Cavabdehin iddia müddətinin hesablanması və tətbiqi ilə bağlı tələbinə gəldikdə isə bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normaları ilə müəyyən edilir. Həmin normalara əsasən hazırki iş üzrə sonuncu 400 manat pulun qaytarılması vaxtının sübut edilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı sübutu məhkəməyə təqdim etməmiş, hətta pulun qaytarılması vaxtını belə dəqiq xatırlamadığını etiraf etmişdir. İddiaçının pul tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəmənin icraatına qəbul edilmişdir.
12. Beləliklə məhkəmə araşdırma nəticəsində müəyyən edilən halları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi haqqında verilmiş ərizəyə əsasən iddia tələbi rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 375.2, 377.1, 380.1, 380.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 491.1, 491.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ona ödənilməli olan 4000 manat məbləğində pul vəsaiti geri qaytarmamış, buna müvafiq olaraq da cavabdeh ona məxsus olan pul vəsaiti üzərində hər hansı bir hüququ olmadan onun hesabına əmlak əldə etmişdir. Belə olduğu halda, məhkəmə tərəfindən əmlakdan məhrum olanın əmlakı ona qaytarılmalı, ədalət bərqarar edilməliydi. Belə ki, cavabdeh şəxs özü də məhkəmə iclasında mübahisə predmeti olan pul vəsaitini qəbul etdiyini, lakin geri qaytarmadığını etiraf etmişdir. Bütün bunlar onun iddia tələbinin həqiqətən də əsaslı olduğunun bariz nümunəsidir.
16. Hazırki mübahisə üzrə mübahisələndirilən pul vəsaiti beh kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlə aralarında olan razılığa əsasən, cavabdehə məxsus ünvan 1i ünvanında yerləşən 2.5 ha sahəyə malik olan fındıq bağı və yaxınlıqdakı kürsülü evi, yardımçı tikililərin onun mülkiyyətimə keçirilməsi üçün sövdələşmə olmuşdur. Ümumilikdə, 30000 manata əmlakın satılması razılaşdırılmış, həmin məbləğin 10000 manatını hissəhissə cavabdehə ödəmişdir. Qalıq məbləği isə mübahisəli əmlakın sənədləşdirilməsindən sonra verəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi hissə-hissə ödənilən pul vəsaiti beh kimi razılaşdırılmamışdır. Bundan savayı, razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda beh müqaviləsi notarial qaydada təsdiq edilməsi qanunda şərtləndirilmişdir. ünvan 1i ünvanında yerləşən 2.5 ha sahəyə malik olan fındıq bağı və yaxınlıqdakı kürsülü evin hüquqmüəyyənedici sənədi olmuş olsaydı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsaydı beh müqaviləsinin bağlanmasından söhbət gedə bilərdi. Hətta, məhkəmə prosesində məhkəmə tərəfindən əmlaka dair müvafiq sənədin təqdim edilməsi tələb olunsa da, cavabdeh həmin sənədi təqdim etməkdən yayınmış, məhkəməyə təqdim etməmişdir. Yalnızca şifahi mülahizəsi əsasında ona məxsus olmasını bildirmişdir. Beləliklə, bütün bunlardan bir daha aydın olur ki, onun cavabdehə hissə-hissə ödədiyi və cavabdeh tərəfindən bir qismi qaytarılmış pul vəsaiti beh kimi qiymətləndirilə bilməz.
17. Cavabdeh özünün də etiraf etdiyi kimi ünvan 1i ünvanında yerləşən 2.5 ha sahəyə malik olan fındıq bağı və yaxınlıqdakı kürsülü evin onun mülkiyyətinə verilməsi müqabilində aralarında razılıq əldə edilmişdir. Lakin, əmlakın sənədləşdirilməsini cavabdeh öz öhdəsinə götürsə də, əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən razılığın pozulması ilə nəticələnmişdir. Bundan sonra, Cavabdeh tərəfindən verilmiş 10000 manatın 6000 manatını geri qaytarmış, qalıq məbləğin 4000 manatın qaytaracağını vəd vermişdir. Sonuncu ödənişi 2020-ci ilin avqust-sentyabr aylarında ödədikdən sonra bir daha qalıq pulu geri qaytarmamışdır. Odur ki, iş üzrə mövcud dəlillər, cavabdehin etirafı iddia tələbinin əsaslı olmasına dəlalət edir, məhkəmə tərəfindən təmin edilməsini şərtləndirir.
18. Bundan başqa, ümumi əmlakı cavabdeh şəxs başqa şəxsə satmış, lakin əmlakın sənədi olmadığı üçün onlar arasında da razılıq pozulmuşdur. Həmçinin, ona daha sonra məlum olmuşdur ki, onların razılıqlarından sonra da daha yüksək məbləğə ünvan 1i ünvanında yerləşən 2.5 ha fındıq bağını həmkəndlisinə satmışdır. Ona isə həmin əmlkaın bələdiyyə tərəfindən alındığını bildirmişdir. Bununla da cavabdehin niyyəti ortaya çıxmışdır.
19. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sözü gedən norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisəni tam, hərtərəli araşdırılmaqla həyata keçirilməli olduğu halda, iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasını sübuta yetirdiyi halda məhkəmə bu kimi halları göz ardı edərək birtərəfli mövqedən yanaşaraq iddia tələbinin təmin edilməməsi ilə ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir.
20. Bundan savayı məhkəmə preosesi audio-video yazı vasitəsilə qeydə alındığı bildirilsə də, məhkəmə prosesinin heç biri audio-video vasitəsilə qeyd edilməmişdir.
21. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Qeyd edilməlidir ki, məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq şahid qismində dindirilməli olan şəxsləri məhkəmə icraatına cəlb etməmişdir. Halbuki, iddia tələbinin əsasını təşkil edən şahid ifadələrinin alınması üçün məhkəməyə bir neçə dəfə tərəfindən müraciət edilmişdir. Məhkəmə isə işə biganə yanaşmış, sanki yalnızca cavabdehin hüquqlarının müdafiəsi naminə çalışmış, onun isə qanunla qorunan hüquqlarımı kobud surətdə pozmuşdur. Bütün bunlar məhkəmənin qərəzli və birtərəfli yanaşmasının bariz nümunəsidir.
22. Tərəfindən iddianın əsaslı olmasını təsdiq edən sübutlar məhkəmənin diqqətinə çatdırılmış, Cavabdeh özü də ünvan 1i ünvanında yerləşən 2.5 ha sahəyə malik olan fındıq bağı və yaxınlıqdakı kürsülü evinə dair aralarında razılığın olduğunu tərəfindən verilmiş pul vəsaitinin bir hissəsinin ödənildiyi, lakin qalıq məbləği ödəmədiyini etiraf etmişdir. Hətta, məhkəmə qəbul etdiyi yekun aktında da bu faktları qeyd etmiş, lakin buna baxmayaraq sonda düzgün nəticəyə gəlməmişdir.
23. Qeyd edir ki, iddiaçının iddia tələbinin tamamilə əsaslı olmasına dair bütün dəlillər sübuta yetirilsə də məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
24. Hazırki mübahisə üzrə məhkəmə tərəfindən çıxarılmış yekun aktının əsaslandırıcı hissəsində iddia müddətinin ötürülmədiyi qeyd edilmiş, mübahisə predmetini beh kimi qiymətləndirilməməsi əks olunmuş lakin, sonda nəticə hissəsində nədənsə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, ziddiyyətli məqamlar ortaya çıxmışdır. Məhkəmə iddia tələbinin hansı əsasla təmin edilməməsini əsaslandırmamış, yanlış nəticəyə gələrək qanun pozuntusuna yol vermişdir. Məhz bu səbəbdən də, qanunun pozulması ilə müşayiət olunaraq çıxarılmış məhkəmə aktı apellyasiya instansiyası qaydasında ləğv edilməlidir.
25. Odur ki, apellyasiya şikayətinin tam təmin olunması, Oğuz Rayon Məhkəməsinin 2(054)-556/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin 2(054)-556/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, onun Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin 2(054)-556/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin 2(054)-556/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Qərarlar:
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
38. Apellyator Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, buna uyğun hansı iddia müddətinin və hansı münasibətə tətbiq edilməli olmasını aydınlaşdırmamaqla səhvə yol vermişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
43. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
44. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
45. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
46. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
47. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
48. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
49. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
50. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
51. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləridir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli qanunu tətbiq etmədiyindən, həmçinin hüququn tətbiq edilməsində səhv burаxdığından Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi yenidən rədd edilməlidir.
53. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
54. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
55. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
56. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı, şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
57. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər 2014-cü ilin avqust ayında şifahi şəkildə cavabdehin istifadəsində olan 2,5 ha fındıq bağı və fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 30000 manata iddiaçıya satılması ilə bağlı razılaşmışlar. İddiaçı ilkin olaraq 4000 manat və 6000 manat olmaqla 2014-cü ilin axırlarına kimi razılaşdıqları məbləğdən cəmi 10000 manat pulu cavabdehə vermişdir. Lakin tərəflər arasında daşınmaz əmlakla bağlı bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir müqavilə bağlanmamışdır. Sonra cavabdeh iddiaçıdan aldığı 10000 manat pul vəsaitindən 6000 manatını geri qaytarmış, qalan 4000 manatın isə qaytarılmasını təmin etməmişdir. İddiaçı cavabdeh tərəfindən sonuncu dəfə 400 manat pul vəsaitinin 2020-ci ilin avqust-sentyabr aylarında qaytarıldığını göstərmişdir. Tərəflər arasında etibarlı alqısatqı münasibətləri mövcud olmamışdır. Əhəmiyyətsiz əqd üzrə hüquqlarının pozulmuş iddiaçı 4000 manat pul vəsaitinin qaytarılması ilə bağlı iddia ərizəsini 05 sentyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə Oğuz Rayon Məhkəməsinə göndərmiş və onun iddia ərizəsi 12 sentyabr 2023-cü il tarixdə Oğuz Rayon Məhkəməsində qeydiyyata alınmışdır.
58. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, cavabdeh əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına 4000 manat məbləğində əsassız varlanmış, əhəmiyyətsiz əqd üzrə əldə etdiyi həmin vəsaitin iddiaçıya qaytarılmasını təmin etməmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki mübahisə üzrə mübahisələndirilən pul vəsaitinin beh kimi qiymətləndirilə bilməməsi, hissə-hissə ödənilən pul vəsaitinin beh kimi razılaşdırılmamasına dəlilinə münasibətdə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi 4000 manat məbləği beh kimi qiymətləndirməmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin prosessual qanunvericiliyin tələbini pozaraq şahid qismində dindirilməli olan şəxsləri məhkəmə icraatına cəlb etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının cavabdehə cəmi 10000 manat pul vəsaitini verməsi, verilmiş 10000 manatdan 6000 manatının qaytarılması barədə göstərdikləri cavabdehin özü tərəfindən də etiraf edildiyi halda şahid ifadəsi ilə əlavə olaraq nəyin müəyyən ediləcəyi barədə şikayətdə heç bir fikir ifadə edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının birinci instansiya məhkəməsinə hər hansı bir şahidi təqdim etməsi halı müəyyən edilməmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə prosesinin heç birinin audio-video vasitəsilə qeyd edilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarından hamısının audio-videoyazısı aparılmışdır.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə dair normasının məhkəmə tərəfindən kobud surətdə pozulmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı məhkəmə iclaslarında iştirak etməklə yanaşı ona iddia tələbini əsaslandırması, sübutlarını təqdim etməsi üçün kifayət qədər şərait yaradılmış, buna dair onun hüquq və vəzifələri izah edilmiş, məhkəmə prosesləri çəkişmə prinsipinə riayət edilməklə aparılmış, tərəflərə hər hansı bir qeyri bərabər münasibət bəslənilməmiş, iddia tələbi üzrə onların diqqət çəkdikləri faktlar öyrənilmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasını sübuta yetirdiyi halda məhkəmənin iddia tələbini təmin etməməsi barədə yekun məhkəmə aktını qəbul etməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini özü-özlüyündə əsassızlığına görə deyil, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə məhkəməyə təqdim edilməsinə görə rədd etmişdir.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddia tələbinin hansı əsasla təmin edilməməsini əsaslandırmamasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbinə cavabdehin buna dair ərizə təqdim etməsi də nəzərə alınaraq iddia müddətini tətbiq etməkdə doğru nəticəyə gəlsə də mübahisəyə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
65. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasındakı münasibətlər cavabdehə məxsus daşınmaz əmlakın qeyri rəsmi qaydada alqı-satqısı ilə bağlı yaranmışdır. Bu münasibət üzrə iddiaçı 2014-cü ildə cavabdehə cəmi 10000 manat pul vəsaitini ödəsə də tərəflər arasında daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı isə onun tərəfindən 10000 manat pul vəsaiti ödənilməklə cavabdehdən qeyri rəsmi qaydada aldığı daşınmaz əmlakın sonradan digər bir şəxsə satılmasını 2017-ci ildə bildiyini göstərmiş, iddiaçının deməsinə görə cavabdeh tərəfindən ona sonuncu dəfə 2020-ci ilin avqustsentyabr ayında 400 manat ödəniş edilmişdir. Cavabdeh isə iddiaçıdan alınmış 10000 manatdan 6000 manatının onun tərəfindən 2016-cı ilin sonuna kimi hissə-hissə iddiaçıya qaytarıldığını göstərmişdir.
66. Kollegiya qeyd edir ki, tərəflər arasında etibarlı alqı-satqı münasibətləri mövcud olmamaqla, onların arasında 2,5 ha fındıq bağının və evin alqı-satqısı ilə bağlı 2014-cü ilin avqustunda bağlanmış əqd əhəmiyyətsiz bir əqddir. İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh ondan aldığı, lakin qaytarılmamış 4000 manat pul vəsaitini tələb edir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
68. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
69. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
70. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqdin icrasına tərəflərin buna dair şifahi qaydada razılıq əldə etdikləri və iddiaçının daşınmaz əmlakın alqı-satqısına görə cavabdehə pul vəsaitini verdiyi 2014-cü ilin avqust ayından başlanılmışdır. Yəni daşınmaz əmlakın alqı-satqısı notarial qaydada həyata keçirilməli olduğu halda qanunvericiliyin bu tələbinə əməl edilmədiyindən, iddiaçı cavabdehlə şifahi qaydada razılaşdığıdığı əhəmiyyətsiz əqd üzrə pul vəsaitini ödədiyi 2014-cü ilin avqust ayından öz hüquqlarının pozulduğunu bilmiş və yaxud bilməli olmuşdur.
71. Yəni şəxsin əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə etdiklərinin qaytarılması üçün iddia müddətinin axımı əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən hesablanmalı olduğundan 400 manat pulun 2020-ci ilin hansı ayında qaytarılmasının iş üçün əhəmiyyəti olmayacaqdır. Bir sözlə hazırkı vəziyyətdə iddia müddətinin axımının əsassız varlanma üzrə əldə edilmiş məbləğdən sonuncu ödənişin aparıldığı tarixdən hesablanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə uyğun deyildir.
72. Kollegiya qeyd edir ki, alınmış pul vəsaitinin hər hansı bir hissəsinin 2014-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək olan dövr ərzində Cavabdeh tərəfindən qaytarılması, yəni iddia müddətinin kəsilməsi ilə bağlı hər hansı bir fikir ifadə edilməmişdir. İş materiallarında da buna dair bir sübut mövcud deyildir.
73. Göründüyü kimi hazırki iş üzrə iddia müddətinin axımı 2014-cü ilin avqustunda başlanmaqla 2015-ci ilin avqust ayında başa çatmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.
74. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.
75. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
76. Mülki iş materiallarına əlavə edilən 04 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsindən görünür ki, cavabdeh məhkəmədən İddiaçı ona qarşı pul tələbinə dair iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
77. Qanunvericiliyin tələbindən göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə edilmişlərin geri qaytarılması tələblərindən irəli gələn iddia müddəti 1 il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
78. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-556/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.