Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-469/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tаrixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərlə müəyyən olunur ki, iddiaçı cavabdehdən 48.000 ABŞ dolları pul alıb və iddiaçı həmin pulu hissə-hissə ödəməyi öhdəsinə götürüb. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 48.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Yevlax şəhər sakini kimi tanıyır və onunla çox səmimi və mehriban münasibətləri olmuşdur. Cavabdeh iş quracağı barədə ona məlumat vermiş və məhz bu səbəbdən ona pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Müxtəlif vaxtlarda cavabdeh ondan borc pul almış və bununla bağlı öz xətti ilə qəbzlər yazıb vermişdir. Hazırda cavabdeh ona olan borcunu ödəmir və borcun ödənilməsini müxtəlif bəhanələrlə yubadır. Artıq o əmindir ki, cavabdeh borcunu könüllü surətdə ödəməyəcək və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin adından məhkəməyə təqdim edilən qəbzlər cavabdeh istintaq altında olduğu ərəfədə məcburən yazdırılıb. Cavabdehi qorxudaraq bildiriblər ki, ona qarşı dələduzluq cinayəti qaldıracaqlar. Qəbzi istintaq şöbəsinin rəisinin otağında iddiaçının istəyi və məcburiyyəti altında cavabdehə yazdırıblar. Cinayət işinin materiallarının sorğu edilərək götürülməsini və tədqiq edilməsi xahiş olunur. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 99/2023 nömrəli iş üzrə qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin təmin edilməsi, cavabdehdən 48.000 ABŞ dolları borc məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı xeyrinə ödənilməsi, cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334,80 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh tərəf iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etsə də, hazırki işin materialları ilə müəyyən olunur ki, cavabdehə 48.000 ABŞ dolları pulu iddiaçı vermişdir. Həmin pulu iddiaçı X3 və X4 almışdır. Yəni pulu cavabdehə bilavasitə verən şəxs iddiaçı olmuşdur. Həmçinin cavabdeh tərəf qəbzin birinin tarixində düzəliş olunmasını bildirsə də, iş materiallarında cavabdeh tərəfindən yazılmış iki qəbz mövcuddur. Həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh tərəfindən həmin qəbzlərin təzyiq və hədə-qorxu altında yazılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, cavabdehə həmin qəbzlər təzyiq və ya hədə-qorxu altında verilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Habelə pulun faizə verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 740.1, 740.2, 882.1, 882.2, 882.4, 882.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə oğlu apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Verilən vəsatətlər təmin edilməmişdir. Məhkəmə nəticə etibarı ilə iddiaçının maraqları baxımından qeyri-obyektiv qərar qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan 2015-ci il tarixdə 2.000 ABŞ dolları pul götürülmüşdür. Bu məbləğ müxtəlif vaxtlarda iddiaçıya tamamilə ödənilmişdir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən iki əlyazmaya əsaslanmışdır. 1-ci qəbz xx.xx.2020-ci il tarixdə yazdırılmışdır. Həmin qəbz mənim barəmdə həbs qətimkan tədbiri seçilmiş ərəfədə Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisinin otağında məcburən yazdırılmışdır. İddiaçı cavabdehin qətimkan tədbiri altında olmağından istifadə edərək istintaq rəisi ilə əlaqəyə girərək cavabdehi daha ağır maddə ilə məsuliyyətə cəlb edəcəklərini bəyan edərək, qorxudaraq qəbzi yazmağa məcbur etmişlər. Eyni zamanda cavabdehi qorxudaraq, təsir altında saxlayaraq üzləşmə protokolunu cavabdehə imzalatmışlar. Digər ikinci qəbzi də cavabdehə təcridxanada məcburən imzaladıblar. Cavabdeh bu barədə evinə və vəkilinə bildirmişdir. Bundan sonra ailə üzvləri tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edərək kömək istənilmişdir. Cavabdeh tərəfindən verilmiş ikinci qəbzin tarixi də saxtalaşdırılaraq, cavabdehin azadlıqda olduğu vaxt qeyd olunmuşdur. Əgər cavabdeh həqiqətən də iddiaçıdan 48.000 ABŞ dolları almışdısa, iddiaçı ondan həmin pulu almağını təsdiq edəcək bir qəbz və yaxud notarial formalı bir ərizə almalı idi. Bu məbləğdə pulun verilməsi inandırıcı deyil. Cinayət işinin materiallarında olan Rəna Tağıyeva və Fikrət Tağıyevin xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, sonuncular Elnurla razılaşıb 2019-cu ilin oktyabr ayından Elnurun tutulduğu vaxtadək, yəni dekabr ayının əvvəllərinədək müxtəlif vaxtlarda hissəhissə olmaqla ümumilikdə 48.000 ABŞ dolları məbləində pulu iddiaçı vasitəsilə Elnura vermişlər. Eyni məzmunlu ifadəni iddiaçı da prokurorluğa ünvanladığı eyni tarixli ərizəsində göstərmişdir. Ərizələrdə 48.000 ABŞ dollarının Rəna və Fikrət Tağıyevlərə məxsus olduğu bildirilir. Həmin məbləğ əgər onlar tərəfindən verilibsə necə ola bilər ki, borc alınmadan yenidən borc verilsin. Əgər cavabdehə həqiqətən pul verilibsə həmin dövrdə pul almağın müəyyən edən qəbzlər təqdim edilsin. Qəbz yazılan vaxtı iddiaçının telefon anten dairəsinə aid məlumatlar istənilib. Eyni zamanda qəbzi ona istintaq zamanı yazdırmaları ilə polis şöbəsinin müşahidə kameralarının görüntüsünün götürülməsi istənilib. Fikrət və Rəna Tağıyevlər tərəfindən yazılan ərizələrdəki imzaların saxtalaşdırıldığı bildirilərək, məhkəmədən bütün bunların araşdırılması xahiş edilib. Lakin məhkəmə vəsatətləri təmin etməyərək cavabdehin prosessual hüquqlarını pozub. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh, cavabdehin nümayəndəsi X5 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, tərəflər həmişə yaxşı münasibətlərdə olublar və iş yoldaşı kimi uzun müddət bir yerdə çalışıblar. İddiaçı müxtəlif vaxtlarda başqa adamlardan pul alaraq iş qurması üçün cavabdehə verib. Cavabdeh 2020-ci ilin dekabr ayında cinayət hadisəsi törətmiş və məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra iddiaçı prokurorluğa müraciət etmiş və cavabdeh tərəfindən aldadıldığını bildirmişdir. Lakin iddiaçı cavabdehin vəziyyətinin daha da ağırlaşmasını və əlavə bir maddə ilə cinayət işi açılmasını istəməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mülki qaydada iddia qaldırmışdır. İddiaçının cavabdehlə münasibəti həmişə, hətta cavabdeh cəzasını çəkib qurtardıqdan sonra da yaxşı olmuşdur. Belə ki, cavabdeh həmişə onu arxayın etmişdir ki, borcunu qaytaracaq. Sözügedən qəbzləri cavabdeh özü yazmış və imza etmişdir. Cavabdeh bu qəbzlərin təzyiq altında yazıldığını bildirsə də tədqiq olunan cinayət işinin materiallarında iddiaçı və cavabdehin üzləşmə protokolu mövcuddur ki, həmin protokolda cavabdeh həqiqətən də iddiaçıdan 48.000 ABŞ dolları aldığını etiraf edir. Həmin üzləşmə hərəkəti cavabdehin vəkilinin, yəni müdafiəçisinin iştirakı ilə keçirilib. Əgər qəbzlər təzyiq altında yazılmışdırsa cavabdeh vəkilinin iştirakı ilə keçirilən dindirmədə nə üçün borcu olduğunu etiraf edirdi? Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Madə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə görə, Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq cavabdeh ondan hissə-hissə borc almağa başlamış və hər dəfə həmin borcu qaytarmışdır. 2019-cu ilin oktyabr ayından başlayaraq hissə-hissə aldığı cəmi 48.000 ABŞ dolları məbləğində borcu isə qaytarmamışdır. Cavabdehin iddiaçıya borcunun olmasını cavabdeh mülki işdə olan cavabdehin yazıb imzaladığı qəbzlərlə, habelə barəsində olan cinayət işi üzrə onunla cavabdeh arasında aparılmış üzləşdirmə zamanı verdiyi ifadə ilə təsdiq etmişdir. Cavabdeh isə bildirir ki, o, iddiaçıdan 48.000 ABŞ dolları məbləğində borc almamışdır. O, 2015-ci ildə iddiaçıdan 2.000 ABŞ dolları borc almış və həmin borcu sonradan qaytarmışdır. Hazırda ondan tələb olunan 48.000 ABŞ dolları məbləğində pul isə məhz borc aldığı 2.000 ABŞ dolları məbləğə hesablanmış faiz borcudur. Borcun etirafı barədə işdə olan hər iki qəbz onun tərəfindən yazılsa və imzalansa da, yazılanlar onun iradə ifadəsini əks etdirmir. Belə ki, həmin qəbzlər onun barəsində başlanmış cinayət işinin istintaqı zamanı müstəntiqin hədə-qorxusu altında yazılmış və imzalanmışdır. Belə ki, müstəntiq və iddiaçı əlbir olaraq onun dələduzluqda da ittiham ediləcəyi ilə hədələyərək, borcun etirafı kimi bu qəbzləri yazmağı və imza etməyi məcbur etmişlər. Daha sonra iddiaçı bir qəbzin tarixində “12” rəqəmi “02” düzəltmiş, digər qəbzdə isə qəbzin tarixini özü yazmışdır. Bütün bunlar guya qəbzlərin onun həbsindən əvvəl yazılması görüntüsü yaratmaq məqsədilə ilə edilmişdir. İşdə olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan 48.000 ABŞ dolları pul almışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin 1(039)-47/2021 №-li cinayət işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı iddiaçı və cavabdeh arasında aparılmış xx.xx.2021-ci il tarixli üzləşdirmə zamanı cavabdeh bildirmişdir ki, pula ehtiyacı olduğu üçün, həmçinin banklara olan kredit borcunu ödəmək üçün 2015-ci ildən başlayaraq 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda iddiaçıdan müxtəlif məbləğlərdə borc almışdır. Aldığı borcları hər dəfə söz verdiyi vaxt qaytarmışdır. Bu səbəbdən də iddiaçı ona istədiyi vaxt borc vermişdir. 2020-ci ilin əvvəlinə onun iddiaçıya 48.000 ABŞ dolları (81.600 manat) borcu qalmışdır. Həmin pulu 2021-ci ildə qaytarmağı söz vermişdir. Lakin həbs olunduğuna görə borcu qaytara bilməmişdir. Qeyd olunanlarla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbinin əsası kimi, cavabdehin yazdığı və imzaladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərə və cavabdehn barəsində cinayət işinin istintaqı zamanı aparılmış üzləşdirmədə borcun etiraf etməsinə əsaslanır. İddiaçının bu dəlilinə qarşı etiraz edən cavabdeh, həmin qəbzləri onun barəsində cinayət işinin istintaqını aparan müstəntiqin ona etdiyi hədə-qorxu təsiri altında imzaladığını, üzləşdirmə zamanı isə yenə də müstəntiqin təzyiqi altında borcunun olduğunu təsdiq etdiyini bildirir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaya dair etdiyi etiraz onun tərəfindən sübut olunmalıdır. Lakin cavabdehin irəli sürdüyü dəlilləri iş materiaları ilə təsdiq olunmur. Belə ki, hədə-qorxu təsiri altında 48.000 ABŞ dolları məbləğində borcun olması barədə qəbzlər yazdığını, ifadə verdiyini iddia edən cavabdeh və ya onun ailə üzvləri bu barədə nə cinayət işinin istintaqı zamanı, nə cinayət işinin məhkəməyə göndərilməsindən sonra, nə də ki cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra (cavabdehin məhkəməyə bildirdiyinə görə, o, cəza müddətinə 6 ay qalmış amnistiya qərarına əsasən cəzasının qalan müddətini çəkməkdən azad olunmuşdur) hüquq-mühafizə orqanlarına və ya digər dövlət qurumlarına müfafiq şikayətlərlə müraciət etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə cavabdeh həbs edildiyi vaxtdan barəsində məhkəmədə hökm çıxarıldığı günədək müdafiəçi Nümayəndə (hazırki iş üzrə də cavağdehin nümayəndəsi və vəkili) ilə təmin olunmuş və cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər müdafiəçinin iştirakı ilə aparılmışdır. Cinayət işinin istintaqı zamanı hüquqlarını müdafiə etdiyi cavabdehə qarşı qeyri-prosessual hərəkətlərin edilməsi, hədə-qorxu və ya başqa formada təsir, təzyiq edilməsi barədə müdafiəçidən şikayət, məlumat daxil olmamışdır. İş materiallarından görünür ki, cavabdeh yalnız hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsi ilə iddiaçı birinci instansiyası məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etdikdən sonra müxtəlif orqanlara şikayət ərizələri ünvanlamışdır. Göründüyü kimi, cavabdeh borcun olması barədə qəbzləri hədə təsiri altında yazmasını, habelə ifadə verdiyini bildirsə də, bu və ya sair kənar təsir altında həmin qəbzləri yazması, ifadə verməsi barədə heç bir sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, hədə-qorxu və ya sair kənar təsir altında iddiaçıya 48.000 ABŞ dolları məbləğində borcun olması barədə qəbzləri yazması və ifadə verməsi barədə cavabdehin dəlilləri inandırıcı deyil, cavabdeh bu dəlilləri özünün müdafiə olunması üçün irəli sürmüşdür. Bundan başqa, Məhkəmə qeyd edir ki, hər iki qəbzin tarixlərində düzəliş edilməsi qəbul edilsə belə, bu hal həmin qəbzlərdə əks olunmuş məlumatları etibarsız etmir. Belə ki, sözügedən qəbzlərdə cavabdeh öz xətti ilə iddiaçıya 48.000 ABŞ dolları məbləğində borcunun olduğunu, həmin borcu hissə-hissə qaytaracağını yazmış və qəbzləri imzalamışdır. Qəbzlərin onun tərəfindən yazılması və imzalanmasını cavabdeh mübahisələndirmir. Bunlardan əlavə, cavabdeh hazırki işə Rayon Məhkəməsində və apellyasiya instansiyasında baxılan zamanı bildirmişdir ki, iddiaçının ondan ödənilməsi tələb etdiyi 48.000 ABŞ doları əslində onun 2015-ci ildə aldığı borca hesablanmış faizdir. Məhkəmə bu dəlil ilə bağlı bildirir ki, qəbzlərin kənar təsir, diktə altında yazılması iş materialları ilə təsdiq olunmur. Qəbzlərdə cavabdeh öz fikrini sərbəst ifadə etmiş, aydın şəkildə 48.000 ABŞ dolları borcunun olmasını göstərmişdir. Həmin məbləğin faiz borcu olması barədə qəbzlərdə hər hansı ifadə əks olunmamışdır. Beləliklə də işin halları kimi müəyyən edilir ki, iddiaçıdan hissə-hissə borc almış, 2020-ci ilin dekabr ayına onun iddiaçıya olan borcun məbləği 48.000 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Belə olan halda, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Ona görə də Məhkəmə hesab edir ki, 48.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-469/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-469/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver