Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-469/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 01 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11090,62 manat məbləğində kredit bоrcu (əsas borc), 908,79 manat məbləğində faiz bоrcu və 215,87 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12215,28 (on iki min iki yüz on beş manat 28 qəpik) manat məbləğində bоrcun və iddia ərizəsi verilərkən ödənilmiş 126,64 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 borcverən İddiaçı QSC ilə 20 iyun 2023-cü il tarixli 015A********** nömrəli ərizə əsasında Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizəni öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən borcalan Cavabdeh1 Bankdan aylıq faiz dərəcəsi 1,5833% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. Borcalan xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq ödənişlər üzrə kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan götürdüyü kredit bоrcundan cəmi 2909,38 manat ödəniş etmiş və оnun iddiaçı Banka 11090,62 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, Borcalan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 136 gün üçün hesablanmış faiz borcu 908,79 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq Bоrcalan krediti və kredit faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 136 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 215,87 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən Bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Əliyev X2 Müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445, 448.1, 465, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər, Ödəniş Planı, Hesabdan Çıxarış, maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar Borcalana və Zaminə göndərilmiş Xəbərdarlıqlar (pretenziya məktubları) və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində - “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1588,95 manat əsas, 681,56 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 2290,51 manat məbləğində pulun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun 43 manat hissəsinin alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elza Cəbrayılzadə). Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddiaçı tərəfin təqdim etdiyi sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank tərəfindən cavabdehə 35 ay müddətində aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh2 Bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 1588,95 manat əsas, 681,56 manat faiz və 159,78 manat cərimə olmaqla, cəmi 2430,29 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdi ki, bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 35 ay müddətinə, 14000 manat məbləğində kredit (borc) verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və onun borcu yaranmışdır. Nəticədə, iddiaçı Bank xx.xx.2024-cü il tarixdə cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, Cavabdeh1 iddiaçıdan 35 ay müddətində, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində borc pul almışdır. Cavabdeh1 həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh2 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməklərinə dair iddiaçı bankla zaminlik müqaviləsi bağlamışlar. Hazırda Cavabdeh1 borcu ödəməmiş və iddiaçı Bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır və məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı Bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın digər cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli bildirişə əsasən, cavabdehlərdən müştərək qaydada 1588,95 manat əsas, 681,56 manat faiz və 159,78 manat cərimə borcu olmaqla, ümumilikdə 2430, 29 manat borc məbləği alınmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı Bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 1588,95 manat əsas, 681,56 manat faiz, 159,78 manat cərimə borcu, ümumilikdə 2430,29 manat pulun ödənilməsinə dair bildiriş göndərməsi, yəni iddiaçı Bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ilə məhkəmədən kənar qaydada ləğv edilmiş hesab edilməlidir. Bununla da iddiaçı Bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehdən 1588,95 əsas, 681,56 manat faiz, 159,78 manat cərimə borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci madddəsinə əsasən azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, işin müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1588,95 manat əsas, 681,56 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 2290,51 manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 43 manat məbləğində hissəsi alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442-ci, 448.2, 467, 470, 472, 739.1, 739.2, 741 və 743-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)- 149/2025 nömrəli qətnaməsinin təsviri hissəsində göstərilir ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iştirak etmiş cavabdeh (borcalan) Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək, izahatında iddiaçı Bank tərəfindən ona 35 ay müddətində aylıq faiz dərəcəsi 1,5833 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit verildiyini, həmin kredit borcundan müəyyən qədər ödəniş etsə də, sonradan iş yerini dəyişdiyi və əmək haqqısı aşağı düşdüyünə görə kredit ödənişlərini edə bilmədiyini, iddia tələbini qismən qəbul etdiyini və hissə-hissə ödəniş edəcəyini, lakin bank tərəfindən yüksək məbləğdə cərimə hesablandığını və hazırda maddi vəziyyəti aşağı olduğundan həmin cərimə məbləğini ödəmək imkanının olmadığını bildirərək, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də, həmin qətnamənin təsviri hissəsində göstərilir ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iştirak etmiş cavabdeh (zamin) Cavabdeh2 da məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verib, həmin iş üzrə zamin olduğunu, lakin borcu ödəməyə imkanı olmadığını bildirərək, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(051)-149/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin iddia ərizəsində göstərilən məbləğə dair tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmışdır. O, kredit müqaviləsinin 2.4-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1 %-dən artıq olmaması şərti ilə cərimə ödəməlidir. Lakin, birinci instansiya Məhkəməsi işin tam hallarını araşdırmadan, maliyyə arayışına, hesabdan çıxarışa və ödəniş qrafikinə nəzər yetirmədən qətnamə çıxarmışdır. Cavabdeh özü də bilir ki, götürdüyü 14000 manat kredit borcundan cəmi 2909,38 manat ödəniş etmişdir və əsas borcu üzrə onun 11090,62 manat borcu qalmışdır. Birinci instansiya Məhkəməsi bu halları araşdırmadan qətnamə çıxarmışdır. Öhdəlik borclu tərəfindən pozularaq lazımınca icra edilməmişdir. Yəni, öhdəlik borclu tərəfindən onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmiş və kredit müqaviləsi üzrə borc alan üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borcuna dair iddia ərizəsində və maliyyə arayışında qeyd olunan məbləği nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdehin borcunu dəqiq araşdırmadan, sadəcə pretenziya qaydasında ünvanlanmış məktubun birinci abzasında göstərilən “borclunun pretenziya məktubu verilən günə olan həmin aylıq, yəni xx.xx.2024-cü il tarixə olan” borcunu əsas götürmüşdür. Həmçinin, birinci instansiya Məhkəməsinin bu iş üzrə çıxarılan qətnaməsində sırf əsas borc məbləği azaldılmış və iddia ərizəsində göstərilən məbləğdən yüksək fərqlə yəni 11090,62 manat olduğu halda, 1588,95 manat əsas borcu tutmaqla, sırf 9501,67 manat məbləğ fərqi ilə əsas borc məbləğinə dair iddia təmin olunmuşdur. Halbuki, kredit müqaviləsinin müddəti bitmədiyindən, cavabdehə göndərilən pretenziya qaydasında bildirişin ikinci abzasında qeyd olunan həmin aya dair borcdan əlavə, pretenziya bildirişinin üçüncü abzasında açıq şəkildə cavabdehin Banka olan gecikdirilmiş ümumi borcu öz əksini dəqiqliklə tapmışdır. Hansıki, Bank kredit müqaviləsinin ləğv olunmasını və faiz borclarının həmin gündən, yəni malliyyə arayışı verilən tarixdən dayandırılacağını bildirmişdir. Məhkəmə isə sadəcə ikinci abzası əsas götürərək, qətnamə qət etmişdir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Borcun tutulmasına dair iddia ərizəsində göstərilən məbləğin əsas borc üzrə təmin edilməsi - cavabdehlə iddiaçı arasında bağlanılmış qanuni kredit müqaviləsi üzrə tam hesablanmalı idi. Lakin, birinci instansiya məhkəməsi bu hesablamanı düzgün aparmadan, heç bir ekspertizatəyin etmədən qətnamə çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 1588,95 manat əsas, 681,56 manat faiz və 159,78 manat cərimə borcu azaldılaraq 20 manat olmaqla, cəmi 2290,51 manat məbləğində qismən təmin edilməlidir. Halbuki, ümumi hesablamada və iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da qeyd olunduğu kimi, cavabdehin iddia ərizəsinin məhkəməyə təqdim olunduğu günə əsas borcu 11090,62 manat, faiz borcu 908,79 manat, cərimə borcu isə 215.87 manat olmaqla, cəmi 12215.28 manat məbləğində təşkil etmişdir. Odur ki, qətnamədə qeyd olunan maliyyə arayışı və hesabdan çıxarış da əlavə olunmaqla, iddia ərizəsində göstərilən məbləğ ilə yekun nəticə arasında olan böyük fərqə dair apellyasiya instansiya məhkəməsində araşdırılma aparılması üçün və qanunauyğun qətnamə çıxarılması üçün yuxarı instansiya məhkəməsinə müraciət olunur. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməsi üçün cavabdehin borcuna dair halları yenidən araşdırılması və kredit borcuna dair hesablamaların düzgün hesablanması üçün iş üzrə qətnaməyə yenidən baxılmalı və borc dəqiq araşdırılaraq yeni qətnamə qəbul olunmalıdır. 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 08 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına Cavabdeh2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə digər Cavabdeh1 və apellyasiya şikayətini vermiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini təmin olunmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər Cavabdeh1 və apellyasiya şikayətini vermiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)- 149/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e- 2(051)-149/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin iddia ərizəsində göstərilən məbləğə dair tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia tələbi tam təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 20 iyun 2023-cü il tarixli 015A********** nömrəli kredit müqaviləsi əsasında borcalan Cavabdeh1 aylıq faiz dərəcəsi 1,5833% оlmaqla 35 ay müddətinə, yəni 20 may 2026-cı il tarixinədək kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Kredit alan Cavabdeh1 Banka olan həmin borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən son ödəniş tarixi 20 may 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 da imzası ilə təsdiq etmişdir. Eyni zamanda, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin qismində Cavabdeh2 arasında 20 iyun 2023-cü il tarixli 015G**********01 nömrəli Zaminlik Müqaviləsi bağlanmış və həmin Müqavilə üzrə Cavabdeh2 zamin olaraq kreditalan Cavabdeh1 20 iyun 2023-cü il tarixli 015A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kredit alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, 05 sentyabr 2024-cü il tarixli OUT-2024/09/05-71 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 05 sentyabr 2024-cü il tarixinə krediti vermiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11090,62 manat məbləğində əsas bоrc, 908,79 manat məbləğində faiz borcu və 215,87 manat məbləğində cərimə оlmaqla, cəmi 12215,28 manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə cərimə hesablanmış gecikdirilən günlərin sayı 136 gün təşkil edir. İş materiallarında olan kredit verən İddiaçı QSC tərəfindən kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanmış 31 iyul 2024-cü il tarixli “Xəbərdarlıq” məktublarında onların nəzərinə çatdırılır ki, “20 iyun 2023-cü il tarixli 015A********** nömrəli Kredit Müqaviləsi üzrə 30 iyul 2024-cü il tarixinə gecikdiriimiş ödəniş məbləği - 2430,29 AZN (əsas məbləğ 1 588,95 AZN, faiz ödənişi 681,56 AZN, cərimə məbləği 159,78 AZN) təşkil edir. xx.xx.2024 tarixinədək gecikdirilmiş ödəniş məbləğinizi Banka qaytarmağınızı və kredit müqaviləsinin ləğv edilməsini təklif edirik, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və Sizin Banka borclu olduğunuz 12275,06 AZN məbləğin (11290,62 AZN təşkil edən əsas məbləğ, 727,64 AZN faiz məbləği və 256,80 AZN cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcək. Bu halda Siz təkcə Banka borclu olduğunuz məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəksiniz.” Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Cavabdeh2 20 iyun 2023-cü il tarixli 015A********** nömrəli kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, iddiaçı (kredit verən) "xxxx" QSC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də, həmin kredit müqaviləsi üzrə cəmi 14000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün 05 sentyabr 2024-cü il tarixinə hesablanmış 11090,62 manat məbləğində əsas bоrc, 908,79 manat məbləğində faiz borcu və 215,87 manat məbləğində cərimə оlmaqla, cəmi 12215,28 manat məbləğində borcun müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ərizəsi ilə iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsində hazırkı mübahisəni həll edərkən iddiaçının cavabdehlərə ünvanladığı yuxarıda qeyd olunan 31 iyul 2024-cü il tarixli “Xəbərdarlıq” məktubunun məzmununu səhv təfsir etməklə, düzgün olmayan nəticəyə gələrək, iddia tələbini yalnız həmin “Xəbərdarlıq” məktubunun 2-ci abzasında həmin tarixə gecikdirilmiş borc kimi göstərilən məbləğ hissəsində təmin olunması, yəni “1588,95 manat əsas, 681,56 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 2290,51 manat borcun tutulması” qənaətinə gəlmişdir. Halbuki, bu nəticə işin konkret halları və elə həmin “Xəbərdarlıq” məktubunun ümumi məzmunu ilə təsdiq olunmur. Belə ki, elə həmin “Xəbərdarlıq” məktubunun 3-cü abzasında cavabdehlər xəbərdar olunur ki, “xx.xx.2024 tarixinədək gecikdirilmiş ödəniş məbləğinizi Banka qaytarmağınızı və kredit müqaviləsinin ləğv edilməsini təklif edirik, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və Sizin Banka borclu olduğunuz 12275,06 AZN məbləğin (11290,62 AZN təşkil edən əsas məbləğ, 727,64 AZN faiz məbləği və 256,80 AZN cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcək.” Yəni, birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi “Xəbərdarlıq” məktubunda müqavilə şərtlərini yerinə yetirməyib, gecikdirilmiş borcu ödəmədiyi təqdirdə cavabdehlərdən Banka borclu olduqları “11290,62 manat təşkil edən əsas məbləğ, 727,64 manat faiz məbləği və 256,80 manat cərimə məbləği olmaqla, ümumilikdə cəmi 12275,06 manat məbləğində borcun” ödənilməsi tələb edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)- 149/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia tələbi tam təmin edilməli və cavabdehlərdən müştərək qaydada 11090,62 manat əsas krеdit bоrcu, 908,79 manat faiz bоrcu və 215, 87 manat cərimə borcu olmaqla, cəmi 12215,28 manat məbləğində pul vəsaiti və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,64 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(051)-149/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11090,62 (on bir min doxsan manat 62 qəpik) manat əsas bоrc, 908,79 (doqquz yüz səkkiz manat 79 qəpik) manat faiz bоrcu, 215,87 (iki yüz on beş manat 87 qəpik) manat cərimə borcu və 126,64 (yüz iyirmi altı manat 64 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12341,92 (on iki min üç yüz qırx bir manat 92 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.