Məhkəmə qərarları › İş №2(107)-470/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-470/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-470/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyana görə təzminat tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehdən vurduğu maddi ziyana görə 80000 (səksən min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi tələbinə dair” iddiası təmin edilməmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh vurduğu maddi ziyana görə 80000 (səksən min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, anası X6, vəfat etmiş bacısı X3 iki oğlu – X12 və X13, qardaşı Cavabdeh və onun ailəsi ünvan 1 ünvanında yerləşən ata evlərində mehriban ailə olaraq yaşamışlar. Hər iki valideynləri vəfat etdikləri üçün anasının və onun himayəsində böyüyən bacısının iki oğlunu öz doğma övladı bilmişdir. Bu səbəbdən də anası ilə belə qərara gəlmişlər ki, bacısının böyük oğlu X7 evləndirib onu Bakı şəhərində öz ata evinə yerləşdirsinlər. Bacısının kiçik oğlu X8 isə Şəki şəhərində ayrıca ev alaraq anası, o və Vüsal həmin evə köçsünlər. Bu məqsədlə o, öz əmək haqqını, anası da öz pensiyasını qənaətlə xərcləyib 8000 ABŞ dolları pul yığmışdılar. Onların təzə ev almaq üçün 8000 ABŞ dolları pul yığdıqlarını ailənin bütün üzvləri bilirdilər. Hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh ata evinin şəhərdən uzaq olmasını, payız və qış aylarında yağışda, qarda-buzda işə gəlib-getməyin çətinliyini səbəb gətirib, o da şəhərdə ev almaq istəmişdir. Lakin almaq istədiyi ev 9000 ABŞ dolları olduğu üçün ala bilməmişdir. Bunun üçün onlara bacısının iki oğlunun yanında 6000 ABŞ dolları pulu olduğunu bildirmiş, 6 otaqlı 8-9 sot həyətyanı sahəsi olan evi almaq üçün yığdıqları 8000 ABŞ dollarından 3000 ABŞ dollarını borc istəmiş, ailəliklə oraya köçməyi təklif etmişdir. Həmçinin, daha sonra həmin mülkün 3 sot torpaq sahəsində Vüsalın istədiyi formada ev tikəcəyini və o evi də Vüsalın adına sənədləşdirəcəyini bildirmişdir. Nə anası, nə də o, razı olmasa da, Cavabdeh israr etmişdir. Bundan sonra qardaşı Cavabdeh anasının razılığı ilə anası və bacısının iki oğlunun yanında ondan 3000 ABŞ dollarını götürmüş və 9000 ABŞ dollarına istədiyi evi almışdır. Beləliklə, qardaşı Cavabdeh 2002-ci ilin sentyabr ayında Şəki şəhəri Bağbanlar küçəsi, ev 16/22 ünvanında 8 sot torpaq sahəsində yerləşən ikimərtəbəli, altı otaqlı, yaşamaq üçün yararlı ev almış, onlar cavabdehin təkidilə ailəlikcə həmin evə köçmüşlər. Anası yaşlı olduğu üçün evin ikinci mərtəbəsinə qalxa bilməmiş, birinci mərtəbədə isə nəfəsi daralmışdır. Bundan sonra cavabdeh elə həmin il yenə də anası və bacısı oğlu Vüsalın yanında ondan 4500 ABŞ dolları borc alıb həmin evə birləşik iki otaq və bir dəhlizdən ibarət kürsülü ev tikmiş, anası, o və bacısı oğlu Vüsal yeni tikilmiş iki otaqda yaşamışlar. Vüsal hərbi xidmətdən qayıdana kimi mehribanlıq davam etmişdir. Lakin Vüsal hərbi xidmətdən qayıtdıqdan sonra İlqarın arvadı, qardaşının söz verdiyi kimi, həyətin 3 sotunu Vüsalın adına keçirib orada sonuncuya ev tikməyə icazə verməmiş, beləliklə, ailədə söz-söhbət yaranmışdır. Qardaşı İlqar ona olan inam, etibardan suiistifadə edərək əllərində olan pula ev almağa qoymamış, arvadı da İlqarın verdiyi vədə əməl etmsinə imkan verməmişdir. Söz-söhbətin kəsilməsi üçün isə Vüsalı öz evlərinə qeydiyyata salmışlar. Bundan sonra Vüsal evi tərk etmiş, anası isə xiffətindən xəstə düşmüş, iflic keçirmiş və 8 illik xəstəlikdən əziyyət çəkib vəfat etmişdir. Anasının ölümündən sonra İlqarın arvadı oğlunun evlənmək vaxtı çatdığını, o həmin evdə olduğu müddətcə oğlunu evləndirə bilməyəcəyini, borc verdikləri 7500 ABŞ dollarının əvəzinə İlqarın ona ev alacağını bildirmiş və evdən getməyi tələb etmişdir. O, 1997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və X17 şəhər MKS-nin 15 nömrəli filialının müdiri vəzifəsində işləyir. İşi ilə əlaqədar 2016-cı ildə Bakı şəhərinə kursa getmiş, kursdan qayıdanda yaşadığı otağın boşaldıldığını görmüşdür. Səbəbini soruşduqda qardaşı hökumət evindən birotaqlı mənzil aldığını, əşyalarını da oraya daşıdığını, oğlunu evləndirəcəyini bldirmiş, həmin evdə yaşamasını tələb etmişdir. Həmin evi kimin adına sənədləşdirdiyini soruşduqda oğlunun adına olduğunu bildirmişdir. O, qardaşı və onun arvadının etdikləri bu qədər zülm və haqsızlıqlardan bezib evi onun adına sənədləşdirməyincə həmin evə getməyəcəyini və yaşamayacağını deyib evdən çıxmışdır. O, düz 5 ildir ki, qohum-əqrəba evində qalır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh oğlu X14 evin onun adına olduğunu bildirərək həmin birotaqlı evdə olan əşyaları yığmış, atası evinə gətirib tökmüşdür. O, öz evində yaşamaq istəyir. Əşyaları ondan xəbərsiz evdən-evə çıxarılarkən yararsız vəziyyətə düşmüş, bir qismi isə ümumiyyətlə ona verilməmişdir. Belə ki, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd taxt yataq dəsti, 1 ədəd şifoner, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən, 1 ədəd ütü, 1 ədəd “çaynı” serviz, 1 ədəd “kofeyni” serviz, 1 ədəd “obedni” serviz, bir çox bahalı büllur, şüşə qablar, 1 ədəd “duxovka”, 1 ədəd “peçka”, 1 ədəd qaz sobası, 1 ədəd tozsoran, 2 ədəd Gəncə gəbəsi, 2 ədəd stol, 12 ədəd stul və s. sayda verilməmiş əşyaları, eyni zamanda sındırılmış, yararsız vəziyyətə gətirilərək atası evinə tökülən əşyalarının toplam dəyəri 10000 manat təşkil edir. Onun cavabdehə verdiyi pula əvəz olaraq sözdə guya onun üçün aldıqları evi də oğullarının adına almışlar. Ata-anasının hərəkətlərindən ilham alan qardaşı oğlu da ondan xəbərsiz bütün əşyalarını yenidən ata evinə sınmış, yararsız vəziyyətdə gətirib tökmüşdür. Onların haqsız və qərəzli hərəkətləri, demək ki, ona əvvəlcədən maddi və mənəvi ziyan vurmaq üçün hesablanmışdır. Hazırda cavabdeh mənə 7500 ABŞ dollarını qaytarıb versə belə, həmin məbləğə ev ala bilməsi mümkün deyil. Halbuki, o, əlində olan pula 2006-cı ildə şəhərin istənilən yerindən ev ala bilərdi. Sındırılmış və qırılmış əşyaları üçün tələb etdiyi 10000 manat da ev aldıqdan sonra istifadə etmək üçün alacağı əşyalar üçün xərclənəcəyindən o, yenə ev ala bilməyib qohum-əqrəba, dost-tanış qapılarında qalmalı olacaqdır. Ev almaq üçün gərək ya bankdan, ya da kimsədən borc alsın ki, bu da ona daha bir maddi ziyan deməkdir. Hazırda onun 60 yaşı var. Bu yaşda bir insan, bir xanım üçün kimsənin minnətini, ədasını götürmədən öz evində rahat yaşamağın yerini heç nə əvəz edə bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi (vəkili) X18 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdeh bacısıdır. Əvvəllər tərəflər ünvan 1 ünvanında yerləşən ata evində yaşamışlar. Sonradan, yəni 2002-ci ilin sentyabr ayında Cavabdeh Şəki şəhəri Bağbanlar küçəsi, ev 16/22 ünvanında 8 sot torpaq sahəsində yerləşən ikimərtəbəli, altı otaqlı ev almış, onlar ailəlikcə həmin evə köçmüşlər. Evin alınması cavabdehin öz vəsaiti hesabına həyata keçirilmiş, heç kəsdən borc almamışdır. Lakin sonradan iddiaçı ona öz adına başqa ev alınmasını tələb etmiş və evi tərk edib getmişdir. Cavabdeh və ya onun ailə üzvləri tərəfindən iddiaçının onlara məxsus evdə yaşamasına heç bir maneə yaradılmır. Hazırda da iddiaçı istənilən vaxt köçüb onlarla birlikdə yaşaya bilər. İddiaçıya məxsus əşyaların sınması və ya itirilməsinə münasibətdə qeyd edir ki, nə cavabdeh, nə də oğlu tərəfindən iddiaçıya məxsus heç bir əşya götürülməmiş və ya yeri dəyişdirilməmişdir. Odur ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun iş yoldaşıdır. İddiaçıdan eşitdiyinə görə qardaşı Cavabdeh 7500 ABŞ dolları borc vermiş, lakin sonuncu borcunu qaytarmamışdır. Bundan başqa, bu yaxınlarda Cavabdeh oğlunun iddiaçıya məxsus əşyaları yığdığını, iddiaçının atası evinə gətirib tökdüyünü eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 digər şahid X1 məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini eyni ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun xalası, Cavabdeh isə onun dayısıdır. Cavabdeh nənəsi və xalası tərəfindən ona ev alınması üçün yığılan puldan 7500 ABŞ dolları borc götürmüş və özünə təzə ev almışdır. O, hazırda həmin evdə qeydiyyatdadır. Lakin sonradan cavabdehin arvadı həyətin 3 sotunu onun adı keçirdib orada ev tikməyə icazə verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnaməni qərəzli və qanunsuz hesab edir. Belə ki, ona aid olan şəxsi əşyalarının 1-ci dəfə ünvan 2 ünvanında yerləşən ata evlərindən, 2-ci dəfə 2002-ci ilin sentyabr ayında Şəki şəhəri Bağbanlar küçəsi , ev 16/22 ünvanından adda ona aldığı, ancaq sənəddə oğlunun adına aldığı və yerləşdiyi ünvanı bilmədiyi 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 1 otaqlı mənzilə, 3-cü dəfə isə ata-anasının qərəzli hərəkətlərindən ilham alan cavabdehin oğlu Zaurun atası 1 otaqlı hökümət evini onun adına alıb deyə o, Şəkidə ola-ola yenə də ondan xəbərsiz, onun iştirakı olmadan onun əşyalarını tam yararsız vəziyyətə salaraq tullantı vəziyyətdə yığıb-yığışdırıb onun ata evinə gətirib tökməsi nəticəsində ona vurulan maddi ziyanı heç mübahisələndirməmişdir. Hər dəfə onun əşyalarını ondan xəbərsiz, onun iştirakı olmadığından istifadə edib çoxunu oğurlayıblar, qalanını isə sındırıb istifadəyə yararsız kimi evdən-evə daşıyıblar. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1376/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X18 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə iddiaçının dəlillərinə görə, o, 2002-ci ilədək özünə ev almaq üçün yığdığı 8000 ABŞ dolları məbləğində pulun əvvəlcə 3000 ABŞ dollarını cavabdehin xahişi ilə ona borc kimi vermiş, cavabdeh də həmin 3000 ABŞ dollarını özündə olan 6000 ABŞ dollarının üzərinə əlavə edərək 2002-ci ilin sentyabr ayında Şəki şəhəri Bağbanlar küçəsi, ev 16/22 ünvanında 8 sot torpaq sahəsində yerləşən ikimərtəbəli, altı otaqlı, yaşamaq üçün yararlı ev almışdır. Cavabdeh həmin evə həm öz ailəsini, həm də onu, anasını və mərhum bacısının 2 uşağını köçürmüşdür. Aralarındakı razılığa görə cavabdeh həyətin 3 sotunu o, anası və mərhum bacısının uşaqları üçün ayırıb orada onlara ayrıca ev tikməli idi. Lakin cavabdeh elə həmin il yenə də ondan 4500 ABŞ dolları borc alıb öz evinə birləşik iki otaq və bir dəhlizdən ibarət kürsülü ev tikmiş, anası, o və bacısı oğlu Vüsal yeni tikilmiş iki otaqda yaşamışlar. Beləliklə də o, cavabdehə 2002-ci ildə cəmi 7500 ABŞ dolları borc pul vermişdir. Həmin vaxtlar o, bu məbləğdə pula özü üçün normal vəziyyətdə olan ev ala bilərdi. Cavabdehin öz həyətindən 3 sot torpaq ayırıb orada ona ev tikəcəyi barədə vədinə aldanaraq indiyə kimi evsiz qalmışdır. Eyni zamanda, onun təxminən 10.000 manat dəyərində ev əşyaları dəfələrlə bir evdən başqasına daşınmaqla yararsız hala düşmüşdür. Cavabdehin təqsiri üzündən ona həm vaxtilə almağa imkan vermədiyi evin əlindən çıxması, həm də ev əşyalarının yararsız hala düşməsi nəticəsində maddi ziyan dəymişdir və həmin itkilərin bərpasına 80.000 manat pul tələb olunur. Buna görə də cavabdehin vurduğu maddi ziyana görə ondan 80.000 manat məbləğində təzminat tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, iddiaçıdan heç vaxt borc almadığını və ona heç bir borcunun olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən qanun normalarına müvafiq olaraq, İddiaçı ona maddi ziyan dəyməsini və bu ziyanın dəyməsinə Cavabdeh təqsirli hərəkətlərinin səbəb olmasını sübut etməlidir. İddiaçı isə məhkəməyə öz tələbini və dəlillərini əsaslandıran mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı cavabdehə 2002-ci ildə 7500 ABŞ dolları məbləğində borc pul verdiyini iddia etsə də, lakin məhkəmə proseslərində cavabdehin həmin borcu nə vaxt qaytarmalı olduğunu və vaxtında qaytarmamasına görə hansı tədbirlər gördüyünü izah edə bilməmişdir. İddiaçının 18 il bundan əvvəl verdiyi pulu indi tələb etməsi özlüyündə həmin pulun borc kimi verilməsi iddiasını şübhə altına alır. Bundan başqa, iddiaçı ev əşyalarının dəfələrlə bir evdən başqasına daşınması nəticəsində yararsız hala düşdüyünü bildirsə də, lakin həmin əşyaların indiki vəziyyəti, yararsız hala düşməsinin nədə ifadə olunması, onların nə vaxt və hansı qiymətə alınması, istifadədə olma müddəti və hazırkı dəyəri, digər tərəfdən isə, sözügedən əşyaların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yararsız hala düşməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı cavabdehdən 80000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsini tələb etsə də, cavabdehin həmin maddi ziyanı hansı təqsirli hərəkət və ya hərəkətsizliklə vurması ilə bağlı heç bir sübuta istinad etməmiş, öz tələbini təsdiq edən sübut qismində yalnız bir neçə şahid təqdim etmişdir. Həmin şahidlər isə “iddiaçıdan eşitdiklərinə” əsasən ifadə vermişlər. Şərh olunanlardan belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyana görə təzminat tələbinə dair” irəli sürdüyü iddia əsassızdır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-742/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1376/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar