Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-471/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcu ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi və ipoteka) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı LPO "xxxx" ASC-nin X1 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcu ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 2.İddiaçı ilə Cavabdeh1 arasında 29.12.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 3.İpoteka saxlayan iddiaçı ilə ipoteka verən Cavabdeh2 özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 29.12.2014-cü il tarixli, ********* saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. 4.02.06.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 11.367 ABŞ dolları müəyyən edilmiş, müddəti 02.08.2018-ci il tarixinə təyin edilmişdir. 5.RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASCnin “Ağsu” filialının xeyrinə 38 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. 6.İddiaçı tərəfindən 26.08.2016-cı və 19.09.2017-ci il tarixlərdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. 7.İpoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində 02.10.2017-ci il tarixdə qeydə alınmışdır. 8.13.09.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə 10.327,74 ABŞ dolları əsas, 5.437,72 ABŞ dolları faiz, 1.254,87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 17.020,33 ABŞ dolları məbləğində borcu vardır. 9.Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli, 2-1(103)-3194/2017 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
10. Ağsu Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizası üzrə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin müəyyən edilməsi üzrə 1292/21/DB saylı, 14.06.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən daşınmaz əmlakın ilkin satış qiyməti 27.000 manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X3 İddiaçı ASC-in xeyrinə 29.12.2014-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsini təşkil edən 02.06.2015-ci il tarixli əlavə saziş üzrə 10.327,74 ABŞ dolları əsas, 5.437,72 ABŞ dolları faiz, 1.254,87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 17.020,33 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, tutmanın Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsini, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsini, X6 ilə iddiaçı arasında bağlanımş 29.12.2014-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsini təşkil edən 02.06.2015-ci il tarixli əlavə sazişin ləğv edilməsini xahiş etmişdir. 12.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 dekabr 2014-cü il tarixli ********* kredit müqaviləsinə əsasən Cavabdeh1 bankın “Ağsu” filialından illik 28% dərəcəsi ilə 24 ay müddətinə 12.600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 29 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü etmişdir. 02.06.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 11.367 ABŞ dolları müəyyən edilmiş, müddəti 02.08.2018-ci il tarixinə təyin edilmişdir. Qeyd olunan dəyişiklik əsasında ipotekanın əlavə qeydiyyatı aparılmış və bu hal RX ******* saylı çıxarış ilə öz təsidiqini tapmışdır. 13.Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 29 noyabr 2021-cı il tarixli, 2(016)- 06/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ödəniş gününə olan məzənnə ilə 10.327,74 ABŞ dolları əsas, 5.437,72 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15.815,46 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tələb Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 27.000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan "xxxx" ASC-yə olan borc ödənilməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməsi, yaşayış evi boşaldılması və iddiaçıya təhvil verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 14.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditlərə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1254,87 ABŞ dolları məbləğində deyil, 50 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 27.000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi evin mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Məhkəmə hesab edir ki, müqavilənin müddəti qurtardığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, MM-in 399-cu maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 15.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385, 421.2, 423.2-ci 442, 448.1, 462.1, 467, 439.1, 439.2 və 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3 və 59.4-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16.Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. 17.Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bağlanmış ipoteka müqaviləsinin digər şəxslərin hüquqlarının pozulması ilə bağlanmasını nəzərdən keçirməmiş, bu hissədə araşdırma aparmamışdır. Eləcə də, məhkəmə istifadə hüququnun itirilməsini Mülki Məcəllənin 228-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinə zidd olaraq tətbiq etmişdir. 29.12.2014-cü il tarixli, ********* saylı ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanında yaşayan, eləcə də istifadə hüququ olan şəxslərlə bağlı müvafiq sorğular verilməmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir. Həmin maddənin tələbinə əsasən, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquq normalarında müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin Ağsu RM ipoteka müqaviləsinin qanunsuz bağlanmasını araşdırmamışdır. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki apellyasiya şikayəti mübahisəni süni şəkildə uzatmaq məqsədi daşıyır. Bundan əlavə mübahisələndirilən ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlandığından, heç bir pozuntuya yol verilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 21."İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun;
33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
22.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində yalnız ipoteka müqaviləsinə aid hissəni, daha dəqiqi ipoteka predmeti olan əmlakda yaşayan və istifadə hüququ olan şəxslərin hüquqlarının pozulmasını mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. 24.Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur 26.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
27. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi ipoteka müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
29. Apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan evdə digər şəxslərin istifadə hüququnun olmasını, qətnamənin Mülki Məcəllənin 228-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinə zidd olaraq tətbiq edildyini bildirsə də, mövqeyini iş materialları ilə sübut edə bilməmiş, belə bir sübutu məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Eyni zamanda həmin ünvanda yaşayan şəxslər, onların eyniləşdirməsini bildirən məlumatlar, həmçinin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, şikayətin dəlillərini formal mülahizələrlə əsaslandırmışdır.
30. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
31. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
32. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir.
33. Eyni zamanda cavabdehlərin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddianın mübahisələndirilən hissədə yuxarıda göstərilən qaydada təmin edilməsi qanuni və əsaslı olmuşdur. 34.Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 29 noyabr 2021-cı il tarixli, 2(016)-06/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov