Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-471/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 02 oktyabr 2023cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında 31 yanvar 2020-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı(Bank) Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsini və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evini 20.000 manat qiymətinə alıcının(cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə ilkin olaraq 3.000 manat ödəməyi, qalan 17.000 manat məbləği isə 36 ay müddətinə, xx.xx.2023-cü il tarixədək hər altı aydan bir 2800 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüququnun itirilməsi, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alıcı, yəni hazırki iş üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Belə ki, alıcı tərəfindən yalnız 3000 manat ilkin ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-665/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin “tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə xitam verilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah olunmuşdur ki, 31 yanvar 2020-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin müddəti başa çatdığından və iddiaçı cavabdehə müqavilənin ləğvi ilə bağlı öz iradə ifadəsini bildirdiyindən həmin müqavilə ləğv olunmuşdur. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 665/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş, ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab olunması, onun həmin fərdi yaşayış evindən çıxarılması, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Banka təhvil verilməsi, 100 manat dövlət rüsumu xərcinin 50 manatının Cavabdeh tutulub Bankın xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evinin iddiaçı Bankın mülkiyyətində olmasını, cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin evdən və torpaq sahəsindən istifadə hüququnun yaranmasını, cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini, müqavilə ləğv edildiyindən cavabdehin həmin evdən və torpaq sahəsindən istifadə hüququnu itirməsini, cavabdehin sözügedən torpaq sahəsinə və evə heç bir hüququnun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş, ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab olunmalı, o, həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsi və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. Həmin ev kredit borcuna görə ipoteka ilə yüklü edilmiş və kredit borcu vaxtında ödənmədiyindən iddiaçı Bankın mülkiyyətinə keçmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Cavabdeh ilə iddiaçı Bank arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsinin və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evinin alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı ilkin olaraq 3000 manat məbləği ödəmiş, qalan 17.000 manat məbləği 36 ay müddətinə, hər altı aydan bir 2800 manat məbləği 5 dəfəyə, sonuncu ödəniş 3000 manat olmaqla xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh xəstə olduğundan müqavilənin şərtlərini yerinə yetirə bilməmiş, ilkin ödənişdən sonra ödəniş edə bilməmişdir. Cavabdeh hissə -hissə borcu ödəmək istəsə də, İddiaçı QSC buna razı olmamış, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda cavabdeh ayda 500 manat olmaqla iddiaçıya olan borcunu ödəməyə hazırdır. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 443, 447, 567, 600, 601-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində tərəflər üzərinə götürdükləri öhdəliklər yalnız 17.000 manat məbləğində pulun 5 dəfəyə, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixədək ödənilməsindən ibarətdir. Tərəflər aralarında bağladıqları müqavilədə ödənişin vaxtında icra edilməməsinə görə satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsinin və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evindən alıcı Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması, onun həmin fərdi yaşayış evindən çıxarılması, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişlər. Buna görə də İddiaçı QSC hazırki tələblə deyil, 17.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə məhkəmədə iddia qaldırmalı idi. Mülki qanunvericiliyə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Məhkəmə iddiaçının iddia ərizəsində göstərilən dəlillərinə hüquqi qiymət verərək iddianın təmin edilməsi qənaətinə gələrək iddia tələbini qismən təmin edərkən öz mövqeyinin iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi. Eyni zamanda məhkəmə onu da nəzərə almalıdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Bank ilə cavabdeh arasında 31 yanvar 2020-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı (Bank) Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsini və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evini 20.000 manat qiymətinə alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə ilkin olaraq 3.000 manat ödəməyi, qalan 17.000 manat məbləği isə 36 ay müddətinə, xx.xx.2023-cü il tarixədək hər altı aydan bir 2.800 manat ödəmək şərti ilə satıcıya (iddiaçıya) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, alıcı olan cavabdeh müqavilə şərtlərini pozmuş və ödənilməli olan 20.000 manat məbləğdən yalnız 3.000 manatı ödəmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bank tərəfindən cavabdehə müqavilənin ləğvinə dair təklif göndərilsə də, sonuncu tərəfindən təklifə cavab verilməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi, cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ödəməli olduğu məbləği müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, xəstə olduğundan müqavilənin şərtlərini yerinə yetirə bilməmiş, müqavilə üzrə ilkin ödənişdən sonra ödəniş edə bilməmişdir. Məhkəmə, cavabdehin bu dəlili ilə bağlı bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, sübutetmə yükü üzərinə düşən cavabdeh, onunla iddiaçı arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə ödənişlərin müqavilə şərtlərinə uyğun aparılmasına mane olan xəstəlik keçirrməsini, ödəniş qabiliyyətini müvəqqəti itirməsini sübuta yetirə bilməmişdir (cavabdeh bunu təsdiq edə biləcək sübutları – məsələn tibb müəsissəsinin sənədlərini, tibbi ekspert komissiyasının müvafiq rəyini məhkəmələrə təqdim etməmişdir). Digər tərəfdən Məhkəmə bildirir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində alıcınının (cavabdehin) xəstələnməsi ilə bağlı onun müqavilə öhdəliklərindən müvəqqəti azad olunması, bu öhdəliklərin vaxtının uzadılması barədə hər hansı müddəa yoxdur. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, tərəflər, aralarında bağladıqları müqavilədə ödənişin vaxtında icra edilməməsinə görə satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Balakən rayonu, Qazma kəndinə yerləşən 0,07 ha torpaq sahəsinin və ümumi sahəsi 116,90 kv.m olan fərdi yaşayış evindən alıcı Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması, onun həmin fərdi yaşayış evindən çıxarılması, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişlər. Buna görə də İddiaçı QSC hazırki tələblə deyil, 17.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə məhkəmədə iddia qaldırmalı idi. Məhkəmə hesab edir ki, apelyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, alğı-satqı müqaviləsinin hüquqi təbiətindən irəli gələn müddəa ondan ibarətdir ki, müqavilə üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə bunun əvəzində həmin əşyanın razılaşdırılmış qiymətini pul şəklində satıcıya ödəyir. Alıcının əşyanın dəyərini ödəməməsi isə, satıcıya hüquq verir ki, həmin əşyanın qaytarılmasını və ya ödənilməmiş məbləğin ödənilməsini tələb etsin. Hazırki işini mübahisə olunmayan halından görünür ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə 17.000 manat məbləğində pulun hissə-hissə öədnilməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı Bank da qanunun ona verdiyi hüquqdan istifadə edərək, müqavilə predmeti olan əmlakların qaytarılmasını cavabdehdən tələb etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin iddiaya və Rayon Məhkəməsinin qətnaməsinə qarşı apellyasiya şikayətində ifadə olunmuş bu etirazı da əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-471/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-471/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver