Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-473/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair (Açar sözlər: müqavilə üzrə kredit tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 10 noyabr 2021-cı il tarixli, 2(016)-1127/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2015-ci il tarixli, **********6514 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 40.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. 27.07.2015-ci il tarixli, **********6514 saylı kredit müqaviləsi 16.02.2016-ci il tarixli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış qalıq hissəsi, əsas borc 2.208 manat, ödənilməmiş faizlər və cərimə 0,00 manat müəyyən edilmişdir.
4. Cavabdehin 2.062 manat əsas, faiz borcu üzrə 1.611,79 manat, cərimə borcuna görə 17,98 manat olmaqla cəmi 3.691,77 manat məbləğində borcu vardır.
5. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 9/1932 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2015-ci il tarixli **********6514 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 16 fevral 2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 4.682,94 manat məbləğində müəyyən olunur. O cümlədən: 16.02.2021-ci il tarixə (sualda sorusulan tarixə) əsas borc üzrə___________________________2.087,70 manat faiz borcu üzrə __________________________2.595,24 manat
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2.062 manat əsas, faiz borcu üzrə 1.611,79 manat, cərimə borcuna görə 17,98 manat olmaqla cəmi 3.691,77 manat məbləğində kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2015-ci il tarixli, **********6514 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 40.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq digər cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
8. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 10 noyabr 2021-cı il tarixli, 2(016)- 1127/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 2.062 manat əsas, 1.611,79 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 3.678,79 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “Finca Azerbaijan” MM QBKT-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və həmin müqavilə üzrə hesablanmış faizi iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 17,98 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olduğundan, borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 462.1, 467, 470.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bağlanmış müqaviləinin onun və digər şəxsin hüquqlarının pozulması ilə bağlanmasını nəzərdən keçirməmiş, bu hissədə araşdırma aparmamışdır. Belə ki, restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış qalıq hissəsi əsas borc 2.208 manat göstərildiyi halda ona bu günkü borc 3.678.79 manat hesablanmışdır. Halbuki 16 fevral 2016-cı il tarixli sazişlə restruktuzasiya olunmuş kredit borcu illik 1 % dərəcəsi ilə hesablanmalıdır. Buna baxmayaraq yenidən onunla bağladıqları müqavilədən də göründüyü kimi illik 40% bank tərəfindən hesablanaraq məhkəməyə verilmişdir və Ağsu Rayon məhkəməsi bu yüksək faizlə də həmin pulun ödənilməsini qismən təmin edilməsi barədə qətnamə qət etmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 10 noyabr 2021-cı il tarixli, 2(016)-1127/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 10 noyabr 2021-cı il tarixli, 2(016)-1127/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ona görə də kollegiya apellyatora münasibətdə Ağsu Rayon Məhkəməsinin 10 noyabr 2021-cı il tarixli, 2(016)-1127/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
22. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi ipoteka müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
23. Apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır.
24. Belə ki, cavabdeh apellyasiya şikayətində onun hüquqlarının pozulmasının məhkəmə tərəfindən araşdırılmamasına, eləcə də restrukturizasiya olunmuş məbləğin 2208 manat olduğu halda, borcun əsassız olaraq 3678.79 manat hesablandığını bildirmişdir.
25. Məhkəmə kollegiyası apellyatorun bu dəlilli ilə razılaşmayaraq bildirir ki, əvvəla iş materiallarının 8-ci səhifəsində olan 16.02.2016-cı il tarixli Sazişin 2-ci bəndində cavabdehin qalıq borcunun 2208 manat olduğu göstərilsə də, həmin Sazişin 3-cü bəndində göstərilən məbləğin 60 ay ərzində ödəniləcəyi, 4-cü bəndində isə 2-ci bənddə göstərilmiş qalıq məbləğin 30 faiz dərəcəsi ilə hesablanacağı qeyd edilmişdir.
26. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 27.07.2015-ci il tarixli, **********6514 saylı kredit müqaviləsinin və 16.02.2016-cı il tarixli Sazişin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
27. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildir kişikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
29. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır.
30. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
31. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
32. Dördüncü, kollegiya işin obyektiv həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, verilmiş ekspert rəyinə əsasən faiz borcu iddiada tələb olunandan daha çox, yəni 2.595,24 manat müəyyən edilmişdir.
33. Kollegiya bu halda iddia tələbindən kənara çıxmamaq məqsədilə iddia ərizəsində tələb olunan faizi əsas götürür.
34. Məhkəmə kollegiyası hazırki mübahisənin aidiyyət məsələsinə də xüsusi diqqət yetirərək bildirir ki, apellyasiya məhkəməsinin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman Cavabdeh1 adına VÖEN aşkar edilsə də, həmin kreditin məhz sahibkarlıq məqəsədilə götürülməsi iş matearialları ilə sübut olunmur. Kredit müqaviləsi cavabdehin adına VÖEN açılmamışdan əvvəl bağlanmış və həmin dövrdə cavabdeh fərdi sahibkar statusuna malik olmamışdır. Çünki Cavabdeh1 adına VÖEN 09.12.2020-ci il tarixdə açılmışdır.
35. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 27-ci bəndində qeyd edilmişdir ki;
36. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
37. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
40. Məhkəmə kоllegiyаsı hesab edir ki, məhkəmə ekspertizası xərci cavabdehlərə аid edilməli və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir.
41. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ona münasibətdə təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 10 noyabr 2021-cı il tarixli, 2(016)-1127/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat müştərək qaydada cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov