Məhkəmə qərarları › İş №2(107)-473/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-473/2023

02.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-473/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qadırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən fərdi yaşayış evi sahibliyinə keçdikdən sonra, ailə üzvləri ilə həmin evə köçərək orada yaşayır. Mülkiyyətində olan evdə yaşamağa başladıqdan sonra, cavabdeh ümumi istifadədə olan və onun yaşadığı evə xidmət edən yola sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti materialları mağazasında satdığı qum və sementi tökərək, həmin yoldan istifadə etməsinə maneələr yaradır. Dəfələrlə cavabdehə yola tökdüyü qumu, eləcə də sementi yığışdırmasını və bu kimi halları təkrarlamamasını tələb etsə də, cavabdeh bundan heç bir nəticə çıxarmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Göyçay rayon Polis şöbəsinə müraciət edilərək, cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılmış və cavabdeh inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu inzibati tədbirlər də bir fayda verməmiş, cavabdeh ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadə etməsinə maneələr yaratmışdır. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsi (hakim İ.Fəttahov) ilə, iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən tikinti materiallarının yığılması ilə yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat mütəxəsis rəyi alınması üçün xərc Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən fərdi yaşayış evi sahibliyinə keçdikdən sonra, ailə üzvləri ilə həmin evə köçərək orada yaşayır. İddiaçı mülkiyyətində olan evdə yaşamağa başladıqdan sonra, cavabdeh ümumi istifadədə olan və onun yaşadığı evə xidmət edən yola sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti materialları mağazasında satdığı qum və sementi tökərək, həmin yoldan istifadə etməsinə maneələr yaradır. İddiaçı dəfələrlə cavabdehə yola tökdüyü qumu, eləcə də sementi yığışdırmasını və bu kimi halları təkrarlamamasını tələb etsə də, cavabdeh bundan heç bir nəticə çıxarmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Göyçay rayon Polis şöbəsinə müraciət edilərək, cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılmış və cavabdeh inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu inzibati tədbirlər də bir fayda verməmiş, cavabdeh ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadə etməsinə maneələr yaratmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşin faktiki hallarından göründüyü kimi, yalnız iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəlişi təmin edən, alternativi olmayan mübahisəli yola tikinti materiallarının və köməkçi vasitələrin (taraların) yığılması nəticəsində iddiaçının evinə və torpaq sahəsinə sərbəst şəkildə gedib gəlməsinə maneə yaradılır. Maneə məhz cavabdeh tərəfindən yaradılır. Cavabdehin həmin yola qanuni çıxışı yoxdur, texniki pasport və təqdim edilmiş heç bir sənəddə cavabdehin həmin yola qapısı nəzərdə tutulmamışdır, cavabdehin fəaliyyət göstərdiyi sahəyə giriş həmin yoldan deyil. Cavabdeh buna baxmayaraq, iddiaçının həyətinə və fərdi yaşayış evinə gedib-gəlməsi üçün nəzərdə tutulan yolun bir tərəfinə kifayət qədər çox həcmdə olan sement və digər tikinti materialları, habelə daşıma həyata keçirilərkən istifadə olunan taxta palletlər yığır. Cavabdeh ticarət obyekti işlətməklə, gündəlik iş fəaliyyəti ilə bağlı həmin yolda yığdığı tikinti materiallarını müştərilərə təhvil vermək üçün xüsusi texnikadan istifadə edir, bu cür yüklərin boşaldılıb-yığılması tez-tez icra edilir və texnika işləyərkən yoldan təyinatı üzrə istifadə etməyə maneə yaradılır. Bundan başqa, iddiaçının gediş-gəliş üçün istifadə etdiyi, alternativi olmayan yolda cavabdehə məxsus obyektə gəlib-gedən, həmçinin iş fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hər gün müxtəlif avtomobillər saxlanılır. Bu da iddiaçının həmin yoldan istifadə etməsinə maneələr yaradır. Cavabdeh özü də həmin əraziyə tikinti materialları və s. köməkçi vasitələrin yığılmasını etiraf edir. Lakin həmin tikinti materiallarının səliqəli şəkildə yığıldığına istinad edərək, iddianı etiraf etmir. Göründüyü kimi, iddiaçıya verilən və təminat altında olan Konstitusion hüquqlar (mülkyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etmə hüququ) cavabdeh tərəfindən məhdudlaşdırılır. Həmin hal davamlı xarakter daşıyır və iddiaçı hər gün istifadə etməli yoldan təyinatı üzrə istifadə etməkdə ciddi çətinlik çəkir. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 72 və 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2, 170.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-cü maddələri əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Göründüyü kimi məhkəmə Mülk Məcəllənin 152.1-ci, 152.5-ci, 157.4-cü, 158.2-ci və 170.2-ci maddələrinin tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən, sübut kimi iş materiallarında olan "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli M/45 saylı mütəxəssis rəyinə istinad etmişdir. Hesab edir ki, "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli M/45 saylı mütəxəssis rəyi qanunsuzdur, həmin rəy həqiqəti əks etdirmir. Həmin rəy işin faktiki hallarına uyğun deyil, həmin rəy mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz, başqa sübutlarla ekspert rəyi təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar düzgün həll edilməmiş, müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Məhkəmə ziddiyyətli, tam olmayan və müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən verilmiş ekspert rəyinə isitinad etməklə səhv nəticəyə gəlmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hesab edir ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməli idi. Göyçay Rayon Məhkəməsinin 2(046)-112/2023-nömrəli, 06 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq, o, Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)- 112/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs Göyçay şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, üçüncü şəxsin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı; Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı özünə məxsus fərdi yaşayış evinə gedən yolun cavabdeh tərəfindən tutulmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının 13 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur ; 1) İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, iddia ərizəsində qeyd etdiyi ünvandan yol nəzərdə tutulmuşdurmu? 2) Yol nəzərdə tutulmuşdursa rəydə göstərilsin. 3) Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yolu zəbt edilmişdirmi? 4) Zəbt edilmişdirsə hansı hissədə?. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 6 sentyabr 2023-cü il tarixli, 10/5665 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1 və 2-ci sualları üzrə iddiaçı tərəfindən naturada göstərilən mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları, uqodiyası “yollar-küçələr” olmaqla ümumi istifadə olunan ərazidir. 3-4-cü sualları üzrə naturada göstərilən gediş gəliş yolunun zəbt olunub-olunmaması mütəxəsisin səlahiyyətləri xaricində olduğu üçün sualı cavablandırmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyində iki sual cavablandırılmamışdır. Yəni cavabdeh tərəfindən iddiaçının evinə gedən yolun tutulubtutulmamsı barədə sual açıq qaldığından kollegiya tərəfindən mübahisəli əraziyə baxış keçirilmişdir. Məhkəmə kollegiyası tərəfindən həyata keçirilən yerli baxış (foto şəkillər iş materiallarına əlavə edilmişdir) nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulmuş yolda Cavabdeh məxsus hər hansı tikinti materialları aşkar edilməmişdir. Göyçay bələdiyyəsinin 27 oktyabr 2023-cü il tarixli aktında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəlişə xidmət edən yolun mövcud istifadə vəziyyətinə 27 oktyabr 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı əraziyə hər hansı tikinti materialları qoyulmamış, gediş-gəlişə maneəçilik törədən halları müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərında hüuqi mövqe ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini tərəflərin üzərinə qoymuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı, iddia tələbi isə əsassızdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən fərdi yaşayış evi sahibliyinə keçdikdən sonra, ailə üzvləri ilə həmin evə köçərək orada yaşayır. Mülkiyyətində olan evdə yaşamağa başladıqdan sonra, cavabdeh ümumi istifadədə olan və onun yaşadığı evə xidmət edən yola sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti materialları mağazasında satdığı qum və sementi tökərək, həmin yoldan istifadə etməsinə maneələr yaradır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, İddiaçı iddia tələbində ailə üzvləri ilə həmin evə köçərək orada yaşadığını qeyd etsə də, kollegiya tərəfindən fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən fərdi yaşayış evi tam hazır olmayan yarımçıq tikilidir. (Fotoşəkil iş materiallarına əlavə edilir.) Yəni iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən ödənilmiş 95 manat iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar