Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-476/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, iddiaçının doğma qızıdır. Cavabdeh iddiaçının oğlu X4 ilə 1989-cu ildə evlənmiş və xx xxxxx 2018-ci il tarixdə məhkəmə yolu ilə boşanaraq ondan ayrılmışdır. xx xxxxxx 2019-cu il tarixdə onlara nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh, iddiaçının oğlu Mübarizdən boşanma yolu ilə ayrılsa da, ona məxsus evdə yaşamaqda davam edir. O, yaşadığı dövrdə həmişə qardaşı və anası ilə yola getməmiş və onları narahat etmişdir. Cavabdeh nikahı pozulandan sonra da anasına qarşı olan pis münasibətini davam etdirmişdir. Keçmiş gəlinləri Cavabdeh anasını zorla evindən qovduğuna görə 2014-cü ildən indiyədək digər qardaşı Hüseynin evində yaşamağa məcbur olmuşdur. Hal-hazırda 80-dan yuxarı yaşı var. Qardaşı Hüseyn və onun ailəsi ona hər cür köməklik göstərsə də, o, öz evində yaşamaq istəyir, lakin keçmiş gəlini Solmaz buna imkan vermir. Cavabdehə qarşı evə köçürülmə və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsində iddia ərizəsinə baxılaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və anasının və qardaşı X1 xüsusi mülkiyyətində olan və Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları yalandan bir akt tərtib edərək guya iddiaçının və iddiaçının oğlunun mülkiyyətində olan və Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi təmin edilmişdir. Akta əsasən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov ünvanına xx.xx.2020-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı göndərmişdir. Halbuki, həmin icra işi üzrə anasının mülkiyyətində olan və Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi tam təmin edilməmiş, Cavabdeh həmin fərdi yaşayış evinin açarları anasına və qardaşına təhvil verilməmişdir. Həmin qətnamədən də görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X12 tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 hektar torpaq sahəsi X4, Cavabdeh, X5, İsrafilov Rövşən Mübariz oğlu və X2 ümumi birgə kimi adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi tam mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda cavabdeh hələ də anasına mülkiyyətində olan və Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən sahiblik və istifadə etməyə imkan vermir və onun mülkiyyət hüquqlarını kobudcasına pozur. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə iddiaçının oğlu Mübariz İsrafılovla rəsmi qaydada evlənmişdir. Birgə nikahdan üç uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan məhkəmə qaydasında nikahları pozulmuşdur. 2012-ci il tarixdə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində gəlin köçdüyü ev yararsız vəziyyətə düşmüş, FHN-yi tərəfindən evləri yenidən inşa edilmişdir. DƏDRX-nin 18 saylı X7 iddiaçının adına çıxarış verilmişdir. Bildirir ki, o iddiaçıya heç bir maneçilik yaratmıram. İddiaçı yaşayış evinə təkcə özü sahiblik etmək istəyir. Yaşayış evi onlara görə 107.10 kv.m tikilmişdir. Əgər iddiaçı evdə tək özü qeydiyyatda olmuş olsaydı FHN-li bir otaqlı ev tikərdi. Hesab edir ki, məhkəmə fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsini iddiaçının üstünlük hüququ əldə etməsi kimi qiymətləndirmişdir. O, və digər ailə üzvləri fərdi yaşayış evinin mülkiyyətçisi sayılırlar. Ona görə də hesab edir ki, məhkəmə mülki işə baxarkən onun mülkiyyətə sahiblik hüquqlarını məhdudlaşdırmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon Məhkəməsinin 2(033)-502/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçılar İddiaçı və X1 İddiaçı xüsusi mülkiyyətində olan, Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı Rəsul qızının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manatın onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı X4 arasında xx.xx.1989-cu il tarixdə Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsində nikah bağlanmışdır. Cavabdeh, nikah bağlandıqdan sonra, yəni 1989-cu il tarixdə gəlin olaraq iddiaçı Mübariz İsrafilovun atasının mülkiyyətində olan evə gəlin köçmüşdür. Onlar həmin evdə yaşamışlar. Onların birgə nikahından xx.xx.1990-cı il tarixdə X5, xx.xx.1991-ci il tarixdə İsrafilov Rövşən Mübariz oğlu və xx.xx.1999-cu il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikahından olan həmin uşaqlar artıq yetkinlik yaşına çatmışlar. Onlar bir müddət mehriban yaşasalar da, xasiyyətləri uyğun gəlmədiyinə görə sonradan münasibətləri pozulmuş, aralarında mütəmadi olaraq, mübahisələr yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsinə əsasən onlar arasında Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsində xx xxxx 1989-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində Cavabdeh gəlin köçdüyü, onların yaşadığı ev yararsız vəziyyətə düşmüş və həmin ev uçmuşdur. Həmin tarixdə Fövqəladə Hallar Nazirliyi tərəfindən onların mülkiyyətində olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmişdir. Həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12 tərəfindən verilmiş çıxarış əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Zaqatala rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarından görünür ki, tələbkarlar İddiaçı və X4 tələbkar İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməlidirlər. İcra sənədində qeyd olunan tələb xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş akta əsasən tam şəkildə təmin olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-502/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “İddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-502/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı özünün mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsə də, hazırda mülkiyyətində olan evdən istifadə edə bilmir, cavabdeh tərəfindən ona maneələr törədilir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən iddiaçının sahiblik və istifadə etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlər iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulmalı və yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə araşdırılmasında həm də müəyyən edildi ki, İddiaçı tam mülkiyyətində olan barəsində mübahisə gedən fərdi yaşayış evindən istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı və X4 İddiaçı xüsusi mülkiyyətində olan və Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülmüşdür. İcra sənədində qeyd olunan tələb xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş akta əsasən tam şəkildə təmin olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-502/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan sözügedən fərdi yaşayış evindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulmasını və yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X13 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, tоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2-ci bəndinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi hazırkı iş üzrə mübahisəli Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdən də göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehin həqiqətən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşaması, mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Kollegiya hesab edir ki, iddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdiyi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-936/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-476/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-476/2021
04.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver