Məhkəmə qərarları › İş №2(107)-476/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-476/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-476/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları:

İddiaçı 16 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 36700 manat məbləğində qızıl-zinət əşyalarının dəyərinin, hüquqi yardım almaq üçün vəkilə ödədiyi 500 manat məbləğində pulun və ödənilmiş 200 manat 10 qəpik məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 8 ildir ki, tanıyır. Cavabdeh Ucar rayonunda mağazada işləyərkən onunla tanış olmuş və yaxın münasibətləri yarandıqdan sonra onlar qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Belə ki, o, başqa şəxslərdən aldığı qızıl-zinət əşyalarını cavabdehə nisyə satmış, cavabdeh isə həmin qızıl-zinət əşyalarını başqalarına satdıqdan sonra onun pulunu ödəyirdi. Lakin, cavabdeh də özünün nisyə satdığı əşyaların dəyərini gec aldığı üçün onun pulunu vaxtında ödəmirdi və ona olan borcu artırdı. Ümimi alış verişə görə 2022-ci ilin dekabr ayında cavabdehin ona 47000 manat borcu qalmış və 2023-cü ilin dekabr ayına kimi cavabdeh ona müxtəlif vaxtlarda qızıl, pul, mal verməklə borcunu 37000 manata qədər azaltmışdır. 04 dekabr 2023-cü il tarixdə isə cavabdeh Ucar rayonunun Gəraybəyli kəndində yaşadığı evdə dəftərə ona 37000 manat borcunun qalması haqqında öz xətti ilə qəbz yazaraq, imzası ilə təsdiq etmiş və ona vermişdir. Həmin vaxtdan sonra cavabdeh borcundan 300 manat dəyərində mal vermiş və son olaraq cavabdehin ona 36700 manat borcu qalmışdır. Cavabdeh həmin vaxtdan borcundan qaytarmamış, telefon zənglərinə cavab verməmişdir. Cavabdehi yaşadığı ünvanda da tapa bilmədiyim üçün atası X1 rayon Polis Şöbəsinə cavabdehdən şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi araşdırılmış və mübahisə mülki xarakterli olduğu üçün Göyçay rayon X4 Bölməsinin 08 iyul 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Göyçay rayon Polis Şöbəsində də izahat verərək ona olan borcunu etiraf etmişdir. Həmin iddia ərizəsi ilə əlaqədar mülki iş üzrə Ucar Rayon Məhkəməsində aparılan məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 12 avqust 2024-cü il tarixli ərizədə göstərilir ki, o, iddia tələbini tam qəbul edir və iddianın təmin olunmasına etiraz etmir (iş vərəqi: 29). Ucar Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə prosesi zamanı İddiaçı nümayəndəsi “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl-zinət əşyaların dəyəri olan 36500 manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 200,1 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı Cavabdeh ümumilikdə olan 36700 manat məbləğində borcundan iddiaçıya 200 manat məbləğində pul vəsaiti ödəmiş və buna görə də, tələb olunan borcun miqdarı 200 manat azalmışdır (iş vərəqi: 46). Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisə üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - 04 dekabr 2023-cü ildə əlyazma ilə yazılaraq, Cavabdeh tərəfindən imzalanmış “qəbz”: Həmin sənəddə yazılır ki, “Mən Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə 300 manat pul, 280 manatlıq mal verdim, 20 manat əlavə pul verdim. Bu tarixdə 3700 manat borcum qaldı. xx.xx.2023” (iş vərəqi: 7). - Göyçay rayon X4 Bölməsinin “HK-1, 1226” nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 08 iyul 2024-cü il tarixli qərarın surəti: Həmin Qərardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan münasibət alqı-satqı məsələsindən irəli gəlməklə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, Polis Şöbəsində aparılan araşdırma zamanı Cavabdeh İddiaçı 37000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir (iş vərəqi: 13-14).

2. Birinci instansiya məhkəməsində icraat:

Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, Cavabdeh İddiaçı xeyrinə 36500 (otuz altı min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul və ödənilmiş 200,10 (iki yüz manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun (hakim Xəyal Bədəlov). Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, “məhkəmə iclaslarında iştirak edən Cavabdeh ona qarşı yönəlmiş iddia tələbini qəbul edərək, bildirmişdi ki, o, İddiaçı təxminən 8 il olar ki, tanıyır. Belə ki, o, Ucar şəhərində ayaqqabı mağazasında işləyərkən iddiaçı ilə tanış olmuş və aralarında yaxın münasibətlər yaranmışdır. Bundan sonra, iddiaçı ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Belə ki, o, iddiaçının başqa şəxslərdən aldığı qızıl-zinət əşlayarını sonuncudan nisyə alaraq, daha sonra həmin qızıl-zinət əşlayarını başqa şəxslərə vermişdir. O, iddiaçıdan nisyə aldığı qızılların pulunu hissə-hissə ödəmişdir. Belə ki, son 3-4 il ərzində iddiaçıdan 54000 manatlıq qızılları nisyə almış, daha sonra borcundan müəyyən məbləğləri qaytarsa da, tam ödəniş etmədiyi üçün hazırkı iddia predmetinin əsasını təşkil edən borcu yaranmışdır. Buna görə də, o, 04 dekabr 2023-cü il tarixdə Ucar rayonunun Gəraybəyli kəndində yaşadığı evdə dəftərə iddiaçıya 37000 manat borcunun olduğunu qeyd edərək, öz imzası ilə təsdiq etmişdir. Bunun səbəbi isə İddiaçı borcun qaytarılmasından arxayın olması və onun Firəngizə olan borcunu qəbul etməsi olmuşdur. Həmin tarixdən sonra o, 02 fevral 2024-cü il tarixdə iddiaçının kartına 300 manat məbləğində pul göndərmişdir. Bundan sonra, onun İddiaçı 36700 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə başlandıqdan sonra isə o, yenidən iddiaçıya borcundan 200 manat ödəniş etmiş və hazırda onun iddiaçıya 36500 manat borcu qalmışdır. Sözügedən borcun ödənilməsindən yayınmır, lakin həmin məbləği birdəfəyə qaytara bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı etmir və bu barədə yazılı ərizəsini də təqdim etmişdir”. Bundan əlavə, iş materiallarından görünür ki, 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan münasibət alqı-satqı məsələsindən irəli gəlməklə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı 37000 manat məbləğində borcunun olduğunu da etiraf etmişdir. Eləcə də, işdə olan Cavabdeh tərəfindən 04 dekabr 2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, sonuncu İddiaçı elə həmin tarixdə 300 manat pul, 280 manat dəyərində mal və əlavə 20 manat pul verdikdən sonra onun iddiaçıya ödənilməmiş 37000 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edilmişdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, müxtəlif tarixlərdə cavabdeh iddiaçıdan nisyə qızıl-zinət əşyalarını alsa da, öhdəliyini lazımınca yerinə yetirməmiş və ümumilikdə həmin nisyə alqısatqı üzrə iddiaçıya 36500 manat ödənilməmiş borcu qalmışdır. Edilən xəbərdarlıqlara rəğmən, Cavabdeh iddiaçı ilə şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vuraraq, mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı ödənilməmiş 36500 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, Cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 135, 152, 157, 385.1, 386.1, 390.1, 442, 443.1, 448.1, 600.1, 600.4 və 882-cı maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.3, 107, 115.0.9, 119.1, 121.1, 191.3, 217.4, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən iş üzrə 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli xüsusi qərardad da qəbul edilərək, e-2(063)-855/2024 nömrəli mülki iş üzrə İddiaçı əməllərində qanunsuz sahibkarlıq cinayət əməlinin törədilməsi ehtimalına kifayət qədər əsas olduğundan, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.

3. Apellyasiya şikayəti və ona etiraz:

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 imzalamışdır), “Ucar Rayon Məhkəməsinin e-2(063)-855/2024 saylı mülki iş üzrə qəbul etdiyi 23 sentyabr 2024cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hər hansı bir müqavilə olmamışdır. Halbuki, bu qanunun tələbidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Göründüyü kimi, hazırkı iş üzrə iddia məbləği 3000 manatdan çox olsa da, tərəflər arasında hər hansı bir yazılı müqavilə yoxdur.

3.2). Apellyasiya şikayətinə qarşı etiraz

İddiaçı nümayəndəsi 07 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş və həmin Etirazda mövqeyini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e- 2(063)-855/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 36500 (otuz altı min beş yüz) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 200,10 (iki yüz manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Cavabdehin vəkili həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamnin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyator apellyasiya şikayətini tərəflər arasında hər hansı bir müqavilə olmaması ilə əsaslandırılmış və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı tərəf apellyasiya şikayətinin dəlilləri ilə razı deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri deyil, alqı-satqı münasibətləri mövcud olmuşdur. Tərəflər birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı başqa şəxslərdən aldığı qızıl-zinət əşlayarını cavabdehə nisyə satmış, sonuncu isə həmin qızıl-zinət əşlayarını başqalarına sataraq razılaşdıqları məbləği ona ödəmişdir. 2022-ci ilin dekabr ayında cavabdehin iddiaçıya 47000 manat ödənilməmiş borcu yaranmışdır. Lakin, 2023-cü ilin dekabr ayına kimi cavabdeh ona olan borcundan müxtəlif vaxtlarda qızıl, pul, mal verməklə borcunu 37000 manatadək azaltmışdır. Həmçinin, cavabdeh bu barədə 04 dekabr 2023-cü il tarixdə Ucar rayonunun Gəraybəyli kəndində yaşadığı evdə dəftərə iddiaçıya 37000 manat borcunun olmasını qeyd edərək öz imzası ilə təsdiq etmişdir. Həmin vaxtdan sonra, cavabdeh borcundan 300 manat dəyərində mal vermişdir. Bundan sonra, cavabdehin iddiaçıya 36700 manat ödənilməmiş borcu qalmışdır. İş məhkəmə baxışında olarkən cavabdeh iddiaçıya alqı-satqıdan qalan borcundan 200 manat da ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh da iddia tələbini qəbul edərək, izahat vermiş və iddiaçı ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduqlarını, iddiaçının başqa şəxslərdən aldığı qızıl-zinət əşlayarını sonuncudan nisyə alaraq, daha sonra həmin qızıl-zinət əşyalarını başqa şəxsə verdiyini, son 3-4 il ərzində iddiaçıdan 54000 manatlıq qızılları nisyə aldığını, daha sonra borcundan məbləğləri qaytararaq hazırkı iddia predmetinin əsasını təşkil edən borcunun yarandığını, 04 dekabr 2023-cü il tarixdə Ucar rayonunun Gəraybəyli kəndində yaşadığı evdə dəftərə iddiaçıya 37000 manat borcunun olmasını qeyd edərək öz imzası ilə təsdiq etdiyini, həmin tarixdən sonra 02 fevral 2024-cü il tarixdə iddiaçının kartına 300 manat, iş məhkəmə baxışında olarkən isə 200 manat ödəniş etdiyini, hazırda iddiaçıya 36500 manat borcu qaldığını və borcun ödənilməsindən yayınmadığını, lakin həmin məbləği birdəfəyə qaytara bilmədiyini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı etmədiyini göstərmiş və bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir. Göyündüyü kimi, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri olmuşdur və cavabdeh audio-video yazısı aparılan açıq məhkəmə iclasında izahat verərək iddianı etiraf etmişdir. Ona görə də iddiaçı tərəf hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən heç bir maddi və prosessual normanın tələbləri pozulmamışdır.

4. İş üzrə apellyasiya icraatı: 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh və yaxud, onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Ucar Rayon Məhkəməsinin e-2(063)-855/2024 saylı mülki iş üzrə qəbul etdiyi 23 sentyabr 2024cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, bir neçə il ərzində İddiaçı ayrı-ayrı şəxslərdən aldığı qızıl-zinət əşyalarını nisyə olaraq Cavabdeh satmış və sonuncu isə həmin qızıl-zinət əşyalarını satdıqdan sonra iddiaçının pulunun bir hissəsini ödəmiş olsa da, qalan pulu tam ödəməmiş və buna görə də 04 dekabr 2023-cü il tarixə onun iddiaçıya 37000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh qeyd olunan nisyə-alqı satqı üzrə 04 dekabr 2023-cü il tarixə 37000 manat məbləğində borcunun qalmasını yazdığı iltizamla etiraf etmiş və bundan sonra isə 300 manat, məhkəməyə müraciət olunduqdan sonra 200 manat ödəniş edərək, borcun məbləğini 36500 manatadək azaltmışdır. Bu qeyd olunan xüsusatlar işin mübahisəsiz hallarıdır və hazırkı apellyasiya şikayətində də işin bu halları mübahisələndirilməmişdir. Lakin, hazırkı apellyasiya şikayətində - ödənilməli olan bu pul vəsaiti nisyə alqı-satqı üzrə yaranan borc kimi deyil, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc kimi qiymətləndirilərək, bununla bağlı tərəflər arasında yazılı müqavilə olmadığına görə Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e- 2(063)-855/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddiaçı tərəfindən verilmiş məlum iddia tələbinin rədd olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iddiaçı və cavabdeh arasında hər hansı bir yazılı müqavilə olmasa da, işin konkret halları və cavabdeh tərəfin izahatları ilə hazırkı iddia ərizəsində tələb olunan pul məbləğinin tərəflər arasında Mülki Məcəllənin 739-cu maddəsi ilə təsbit olunmuş borc münasibətləri əsasında deyil, həmin Məcəllənin 600-cü maddəsi ilə tənzimlənən nisyə alqı-satqı münasibətləri əsasında yaranmış borc olduğu təsdiq olunmuşdur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh da izahatlarında iddia ərizəsində tələb olunan pul vəsaitinin onların arasında mövcud olmuş qızıl-zinət əşyalarının nisyə alqı-satqısı nəticəsində yarandığını etiraf etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi - əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3). Eyni zamanda, məhkəmə kollegiyası, işin hallarına uyğun olaraq qeyd etməyi lazım bilir ki, tərəflər arasında mövcud olmuş nisyə alqı-satqı münasibətləri üzrə 04 dekabr 2023-cü il tarixinədək 37000 manat məbləğində borc yaranmış və bu borcun yarandığı dövrdə Cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 29 mart 2015-ci ildə (VÖEN: **********) müvafiq qaydada qeydiyyatdan keçmiş olsa da, həmin dövrdə İddiaçı VÖEN-i olmamışdır. Yəni, iddiaçı həmin dövrdə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi müvafiq qaydada qeydiyyatdan keçmədən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Bu səbəbdən də hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən iş üzrə 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli xüsusi qərardad qəbul edilərək, həmin qərardadla e-2(063)-855/2024 nömrəli mülki iş üzrə İddiaçı əməllərində qanunsuz sahibkarlıq cinayət əməlinin törədilməsi ehtimalına kifayət qədər əsas olduğundan, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Çünki, iş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə edilən məlumatlara əsasən müəyyən olunur ki, İddiaçı tərəflər arasında məlum borcun yaranması ilə nəticələnmiş alqı-satqı əməliyyatları aparıldıqdan sonra, yəni 06 fevral 2024-cü ildə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********). Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli e-2(063)-855/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar