Məhkəmə qərarları › İş №2(107)-477/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-477/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-477/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı Cavabdehlər - Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonunculardan dəymiş 25000 manat məbləğində ziyan və dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı dəymiş 25 000 manat məbləğində ziyan və məhkəmə rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin ərazisində “Qumsal” adlanan çöldə yerləşən 8 ha torpaq sahəsi Azərbaycan Respublikasında Bələdiyyə institutu yaranandan 2017-ci ilin İİ yarısınadək onun istifadəsində olmuşdur. 2017-ci ildə Lahıc bələdiyyəsinin sabiq vəzifəli şəxsləri; Bələdiyyə sədri Cavabdeh1 və onun müavini Cavabdeh4 vəzifələrindən suiistifadə edərək saxta qərar qəbul etmiş, həmin torpaq sahəsini istifadəçisi olduğu halda ondan və kənd sakinlərindən gizli şəkildə göstərilən torpaq sahəsini hərraca çıxararaq bələdiyyə sədrinin əri olan Cavabdeh2, müavini Cavabdeh4 torpaq komissiyasının sədri Cavabdeh5 və ərinin əmisi oğlu Cavabdeh3 qanunsuz olaraq 49 illiyə icarəyə verilməsinə nail olmuşlar.Uzun illər həmin torpağın keyfiyyətinin yaxşılaşdırılmasına xərc çəkmişdir. Səpdiyi yonca sahəsindən 2017-ci ilin İİ yarısından istifadə edə bilməmişdir. Nəticədə cavabdeh şəxslərin təqsiri və hüquqa zidd hərəkətləri nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, 8 ha torpaq sahəsində buğda və yonca bitkilərindən 8-9 min manat məbləğində gəlir götürmüşdür. Hüququnun pozulduğunu bildikdən sonra cavabdehlərin qanunsuz əldə etdikləri torpaq sahəsinə dair şəhadətnamələrin və bələdiyyə ilə 49 illiyə bağlanmış müqavilələrin ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Uzun sürən məhkəmə çəkişmələri nəhayət 2020-ci ilin iyun ayında başa çatmış, cavabdehlərin hüquqa zidd hərəkətlərinin qarşısı alınmışdır. Ötən bu 3 il ərzində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər 5000 manat təşkil edir. Əgər hüququ pozulmasa idi, son 3 ildə istifadə etdiyim torpaqdan əldə edəcəyi gəlirlər 20000 manatdan çox olardı. Hər hansı şəxsə digər şəxs və ya şəxslər tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iddianın təmin olunmasına etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız, ədalətsiz və qanunsuz hesab edir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 2017-ci ildə icarə haqqı ödəsə də torpağı əldə edən bələdiyyənin sabiq vəzifəli şəxsləri məqsədli şəkildə 2017-ci ildə torpağı ondan almaq üçün məxfi qərar qəbul edərək, onunla müqavilə bağlamaqdan yayınmışlar. Əks təqdirdə 2017-ci ildə icarə haqqı olaraq bələdiyyəyə ödədiyi pula görə ya onunla müqavilə bağlamalı ya da ödədiyi 480 manat pulu geri qaytarmalı idilər. Bunlardan heç biri olmadığından məlum məhkəmə çəkişmələri başlamış, 2020-ci ilin iyun ayına qədər davam etmişdir. Məhkəmə bunu nəzərə almadan, tərəflərin qarşılıqlı münasibətlərinə hüquqi qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2906/2019 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-1279/2018 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı X1 müsabiqə və hərrac komissiyasının xx xxxx 2018-ci il tarixli torpaq müsabiqəsinin nəticələri barədə 204 saylı protokolun və Zaqatala rayon 2 saylı notariat kontorunda xx xxxx 2018-ci il tarixdə Zaqatala rayonu Lahıc bələdiyyəsi ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 3M-217 №li reyestrdə qeyd alınmaqla bağlanmış icarə müqaviləsinin etibarsız sayılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)2464/2020 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2906/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Lahıc Bələdiyyəsinin 08 saylı məktubundan göründüyü kimi, Lahıc Bələdiyyəsin (sədrİ Səfiyyə Atayeva) həmin məktubla iş üzrə iddiaçı tərəfindən Bələdiyyəinin mülkiyyətində olan 08 ha torpaq sahəsinin qanunsuz olaraq əkilməsi ilə bağlı tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli iş materiallarında olan akt baxılaraq tədbir görülməsi üçün Zaqatala rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim olunan kassa mədaxil orderlərindən görünür ki, tərəflər arasında icarə müqaviləsi qüvvədə olduğu müddət iddiaçı tərəfindən xx xxxxxx 2010-cu il tarixdə 2060 manat, xx xxxxxx 2011-ci il tarixə 200 manat,xx xxxxxxxx 2012-ci il tarixə 400 manat, xx xxxx 2013-cü il tarixə 100 manat Lahıc Bələdiyyəsinə icarə haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli orderdən görünür ki, iddiaçı tərəfindən həmin vaxt 200 manat, xx xxxx 2017-ci il tarixli orderlə isə 280 manat icarə haqqı ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı iddiası ilə bağlı Azərbaycan Repsublikası ƏMDK yanında Hərracların təşkili üzrə auksion Mərkəzinin 17 saylı X1 Müsabigə və Hərrac Komissiyasının xx xxxx 2018-ci il tarixli torpaq müsabiqəsinin nəticələri barədə 204 saylı protokolu və Zaqatala rayon 2 saylı notariat kontorunda xx xxxx 2018-ci il tarixdə Zaqatala rayonu Lahıc Bələdiyyəsi ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 3M-217 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış icarə müqaviləsi Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2906/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 2017-ci ildən sonra həmin torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona cavabdehlər tərəfindən ziyan vurulduğunu göstərmiş və tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının həqiqətən 2017-ci ildən sonra sözügedən torpaq sahəsindən istifadə, icarə və ya mülkiyyət hüququn mövcud olması iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, Lahıc Bələdiyyəsi ilə İddiaçı arasında hazırda mübahisələndirilən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin xx xxxxxx 2012-ci il tarixdə 11 ay müddətinə bağlanması və müqavilənin müddətinin uzadılmaması iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli 2(107)-2906/2019 saylı qətnaməsi ilə təsdiq olunur. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin vaxtdan sonra tərəflər arasında icarə hüquq münasibətlərinin olub-olmaması araşdırılarkən iddiaçı ancaq 2017-ci ildə icarə haqqı kimi ödədiyi qəbzləri sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin qəbzləri icarə müqaviləsi mövcud olmadığı halda həmin münasibətlərin yaranmasına əsas kimi qəbul etmir. Yəni tərəflər arasında icarə müqaviləsi təsdiq edildiyi halda iddiaçı həmin məbləği ödəməli idi, əks təqdirdə iddiaçı ancaq ödədiyi məbləğlərin qaytarılmasını mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyindən bəhs edən 67-ci maddəsinə əsasən:

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 25 000 manat ziyanın vurulmasını tələbdə göstərsə də, məhz həmin məbləğdə ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı X1 müsabiqə və hərrac komissiyasının xx xxxx 2018-ci il tarixli torpaq müsabiqəsinin nəticələri barədə 204 saylı protokolun və Zaqatala rayon 2 saylı notariat kontorunda xx xxxx 2018-ci il tarixdə Zaqatala rayonu Lahıc bələdiyyəsi ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında 3M- 217 №li reyestrdə qeyd alınmaqla bağlanmış icarə müqaviləsinin etibarsız sayılması iddiaçının torpaq sahəsinə olan icarə hüququnun pozulması səbəbli deyil, hərracın kobud qanun pozuntularına yol verilməklə keçirilməsi olmuşdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar