Məhkəmə qərarları › İş №2(107)-477/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-477/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-477/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilkin iddia, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilkin iddia, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tаrixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların övladları X5 və X3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, həmçinin İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5 və X6 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha və 1,8 ha torpaq sahəsinə çəkilmiş xərcin, yəni 12.321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34.495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın, yəni 21.312 (iyirmi bir min üç yüz on iki) manatın, rəyin tərtib edilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 1100 manat xidmət haqqının və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36.750 (otuz altı min yeddi yüz əlli) manat vurulmuş maddi ziyanın və ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İlkin iddia ərizəsi üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Azərbaycan SSR-nin zamanında, yəni 80-cı illərdə onlar və ailələri kolxozda işlədikləri üçün onların istifadələrinə hazırda mübahisəli olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Həmin torpaq sahəsi həmin vaxt Şəki rayonu, Biləcik kəndinin ərazisi olmuşdur. Daha sonra torpaqların yerdəyişməsi zamanı həmin torpaq sahəsi Şəki rayonu, Biləcik kəndindən alınaraq Şəki rayonu, Baş Göynük kəndinin ərazisinə verilmişdir. İddiaçı1 atası(digər İddiaçı2 əri) rəhmətə gedəndən sonra onlar həmin əraziyə yaxın ev də inşa etmişlər. Həmin vaxtlarda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki rayonu, Cumakənd kəndində yaşamışlar və Azərbaycanda aqrar islahat aparılan zaman onlara oradan pay torpağı verilmişdir. Cavabdehlərdən Məhbubə İddiaçı1 bacısı, digər İddiaçı2 qızıdır, Fazil isə onların yeznəsidir. Daha sonra cavabdehlər Şəki rayonu, Cumakənd kəndindəki pay torpaqlarını sataraq qanunsuz olaraq Şəki rayonu, Baş Göynük kəndinə qeydiyyata düşərək Şəki rayonu, Baş Göynük kəndindən yenidən pay torpağı almışlar. Həmin torpaq sahələri onlara məxsus olmaqla istifadələrində olmasına baxmayaraq, Cavabdeh2 və Cavabdeh1 qeyri-qanuni yolla onlara məxsus torpaq sahəsinə çıxarış əldə etmiş və onlara qarşı məhkəmədə iddia qaldıraraq torpaq sahələrindən çıxarılmaqlarını məhkəmədən xahiş etmişlər. Belə ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətlərində olan Şəki Rayonu, Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə etdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)- 1713/2019 saylı qətnaməsi ilə onların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versələr də, apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və onlar uzun illər istifadələrində olan 1,48 ha torpaq sahəsindən çıxarılmışlar. Lakin həmin torpaq sahəsi uzun illər onların istifadələrində olmuş və onlar həmin torpaq sahəsində yaxşılaşdırma işləri apararaq orada öz hesablarına fındıq bağı salmışlar. Həmin torpaq sahəsi daha əvvəl daşlıq ərazi olmuş, oranı kol-kos basmışdır. Onlar öz vəsaitləri hesabına ərazini yabanı kollardan təmizləmiş, daha sonra ərazini daşlardan təmizləmiş və daha sonra ərazini hamarlayaraq əkiləcək vəziyyətə gətirmişlər. Daha sonra ərazini peyinləyərək orada 485 ədəd fındıq və digər ağac tingləri əkmişlər. Beləliklə, bütün bu işlərin görülməsinə 10.647,20 manat pul xərcləmişlər. Həmin əraziyə əkdikləri meyvə ağacları artıq çoxillik tinglərdir və onlar bu illər ərzində kifayət qədər dəyər qazanmışlar. Hazırda həmin ağac tinglərinin dəyəri 34.495 manat təşkil edir. Onların istifadələrində olan, daha sonra cavabdehlər tərəfindən zorla çıxarıldıqları 1,48 ha əkin sahəsinin daşlardan və kollardan təmizlənməsi, peyinlənməsi və yonca sahəsinin əkilməsinə də 1674 manat pul xərcləmişlər. Həmin torpaq sahələri onların istifadələrində olmaqla onlar torpaq sahələrini illərlə yaxşılaşdırmış, dəyər qazandırmış və orada əkin işləri aparmışlar. Onlar həmin torpaq sahəsindən çıxarılmaqları nəticəsində həmin ağac tinglərindən və yonca sahəsindən əldə edəcəkləri gəlirdən də məhrum olmuşlar. Hər iki torpaq sahəsindən, yəni ağaclardan və yonca sahəsindən əldən çıxmış fayda 21.312 manat təşkil edir. Ona görə də onlar torpaq sahəsinə çəkdikləri xərcləri, ağac tinglərinin dəyərini və əldən çıxmış faydanı cavabdehlərdən tələb etsələr də, cavabdehlər həmin məbləğin onlara ödənilməsindən imtina etmişlər. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, onun qeyd edilən ərazidə istifadəsində 1,48 və 1,8 ha torpaq sahəsi mövcuddur. 1,48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı ilə cavabdehlərin və onların ailəsinə verilmişdir. 1,8 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla icarə əsasında hazırda onların istifadəsindədir. Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı ilə cavabdehlərın mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsində onun və ailəsi tərəfindən hələ 1994-1996-cı illərdə fındıq bağı salmışlar. Həmin sahədə dəqiq olaraq 416 ədəd findıq ağacı topası, 20 ədəd qoz, 22 ədəd şaftalı, 5 ədəd alça, 12 ədəd nar, 2 ədəd alma, 3 ədəd ərik, 3 ədəd əzgil və 2 ədəd zoğal ağacları da vardır. Həmin torpaq sahəsində bitən ağacları 1994-1996-cı illərdə əkmələrinə baxmayaraq onların barını 2000-ci ildən yığmağa başlamışlar. Həmin ildən etibarən 2021-ci ilin bar mövsümü də daxil olmaqla qeyd edilən bağda olan ağacların findıqlar da daxil olmaqla barını onlar yığmış, satdıqlarını satmış, yediklərini isə yemişlər. Bir sözlə 2000-ci ildən 2021-ci ilədək qeyd edilən bağdakı ağaclara onlar qulluq etmiş, barlarını da özləri yığmışlar. Lakin cavabdehlər hazırda onların əkərək böyütdükləri bağa sahib çıxıblar. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə onların ailələrinə Baş Göynük kəndində 1,48 ha torpaq sahəsi ayrılmış, xx.xx.2019-cu il tarixdə isə həmin torpağa dair ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrəsi olan çıxarış da almışlar. Torpaq sahəsi onlara verildikdən sonra 2-3 il həmin torpaqda tütün əkməklə özləri istifadə etmiş, həmin torpağı təmizləmiş, münbitləşdirmə işləri aparmışlar. Bu işdə Cavabdeh1 atası Sabir onlara yaxından köməklik etmişdir. Onlar, mərhum X10 ilə birlikdə, onun dəstəyi ilə həmin torpaq sahəsində fındıq bağı salmış, həmin findıq bağına 3 il qulluq etmişlər. Həmin dövrlərdə findiq ağacları bar gətirməmişdir. Daha sonra Cavabdeh2 mütamadi olaraq Rusiya Federasiyasına gedib-gəldiyindən, həmçinin azyaşlı uşaqları olduğundan qeyd edilən torpaq sahəsində istifadə edə bilməmişlər. Buna görə də mərhum X7 təklifi ilə qeyd edilən torpaq sahəsini atasının istifadəsinə və bağa baxmasına vermişlər. Atası həmin torpaq sahəsindən təxminən 10-14 il istifadə etmişdir. X2 2018-ci ilin oktyabr ayında vəfat etdikdən sonra qeyd edilən həmin torpaq sahəsindən anası İddiaçı2 və qardaşı İddiaçı1 istifadə etmişdir. Artıq uşaqları böyüdüyündən və öz təsərrüfatlarından istifadə etmək istədiklərindən sonunculara müraciət edərək öz torpaqlarından çıxmasını istəmişlər. Lakin İddiaçı1 və İddiaçı2 onların tələblərini qəbul etməmiş torpaq sahələrini onlara verməkdən imtina etmişlər. Bu səbəbdən də, onlar məcbur qalaraq İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etməklərinə etdikləri maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)- 1713/2019 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 onların mülkiyyətində olan 1,48 ha torpaq sahəsindən çıxarılmaları, onların həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq hazırki vaxtadək İddiaçı1 və İddiaçı2 onların qanuni mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməklərinə imkan vermirlər. İddiaçılar iddia ərizələrində hazırki mübahisəli ərazidə özləri tərəfindən 416 ədəd fındıq kolu və digər ağaclardan ibarət 485 ədəd bağ salmalarını göstərmələrinə baxmayaraq həmin torpaqda 350 ədəd fındıq ağacları onlar tərəfindən əkilmişdir. Həmin bağda 416 ədəd deyil, 350 ədəd fındıq ağacı əkilmiş həmin ağaclardan da 350 ədədi böyümüşdür. Ancaq keçən müddət ərzində, 2021-ci ilin də bar mövsümü daxil olmaqla həmin bağdan hazırki iş üzrə iddiaçılar istifadə etməklə bəhrələnmiş, bağın məhsulunu yığmaqla satıb gəlir əldə etmişlər. İddiaçılar onların mülkiyyətlərində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən bağdan qanunsuz olaraq istifadə etməklə uzun müddət gəlir əldə etmiş və əsassız varlanmışlar. Onların bu əməlləri nəticəsində də, onlar həmin sahədən istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuşlar. Hazırki iş üzrə iddiaçılar Cavabdeh1 anası və qardaşıdır. Onlar hər dəfə iddiaçılarla barışmağa razılığa gəlməyə çalışsa da, onların aqressiv münasibəti ilə qarşılaşmış və bu səbəbdən də aralarında olan mübahisə sona çatmamışdır. Əgər iddiaçılar onların torpaqlarını vaxtında tərk etsəydilər, onlar həmin torpaq sahəsindən istifadə etməklə gəlir əldə edə bilərdilər. Bütün bunlara baxmayaraq onlar yenə də hazırki iş üzrə iddiaçılarla qohum olmalarını nəzərə alaraq iddiaçıların onların həmin torpaqdan çıxmağı tələb etdikləri ilə- 2018-ci ilə kimi əldə etdikləri gəliri vəfat etmiş atasının xətrinə onlara bağışlayır, lakin 2018-ci ilin bar mövsümündən sonra, yəni 2019-2020-2021-ci ilin bar mövsümündə fındıq ağaclarından əldə etdikləri gəliri onlardan tələb edirlər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X17 Mərkəzi tərəfindən 20 may 2022-ci ildə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, Şəki rayonu, Baş Göynük kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsində əkilən fındıq topalarının orta məhsuldarlığının hesablanması barədə Şəki X17 Mərkəzinə 2022-ci ilin may ayında edilmiş müraciəti əsasında əraziyə baxış müşahidə keçirilmiş, aparılmış baxış müşahidə zamanı 1.48 ha ərazidə (23-25 il əvvəl) 7x6 m, 6x5 m əkin sxemləri ilə salınmış fındıq bağının bar verən yaşda olması və normal aqrotexniki qulluq edilməsi səbəbli hər top fındıq bitkisindən orta hesabla 10 (on) kq fındıq məhsulu alınması ehtimal olunur. 2018-2021-ci illərdə fındığın orta bazar qiyməti 3,50-4,0 manat arasında dəyişmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, onlar 2019-2021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların qanunsuz əməlləri nəticəsində minimum 36.750 (otuz altı min yeddi yüz əlli) manat gəlirdən məhrum olmuşdur. İddiaçı1 və İddiaçı2 2019-2021-ci illərdə onların və ailəsinin mülkiyyətində olan torpaqda yerləşən fındıq bağından istifadəyə imkan vermədikləri 36.750 (otuz altı min yeddi yüz əlli) manat maddi ziyan görmüşlər. Buna görə də həmin məbləğ cavabdehlərdən alınaraq onlara verilməlidir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-1201/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İmanov) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı1 və İddiaçı2 36.750 (otuz altı min yeddi yüz əlli) manat məbləğdə pul vəsaitinin və ödənilmiş 201 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçılardan Qəndəvət cavabdeh Məhbubənin anası, Mayıs isə onun qardaşıdır. Digər cavabdeh Fazil isə Məhbubənin əri olmaqla iddiaçıların yeznəsidir. İddiaçılar cavabdehlərin mülkiyyətində olan 1,48 ha torpaq sahəsi və onların özlərinin icarəsində olan 1,8 ha torpaq sahəsi üzrə yaxşılaşdırmaları və əkilmiş ağaclara görə müəyyən məbləğ tələb etsə də, həmin torpaqlardan yalnız 1,48 ha olanı cavabdehlərin mülkiyyətindədir. Digər 1,8 ha torpaq sahəsi isə iddiaçıların da məhkəmə iclasında qeyd etdiyi kimi bələdiyyə torpağı olmaqla onların öz icarələrindədir. Qeyd edilən mübahisəli 1,48 ha torpaq sahəsi hələ aqrar islahat keçirilməmişdən əvvəl iddiaçı və cavabdeh Məhbubənin ailəsinin, yəni ailə başçısı Sabir Aslanovun istifadəsində olmuşdur. Sabir Aslanov, onun ailəsi və uşaqları o cümlədən Məhbubə də həmin torpaq sahəsində tütün əkib becərmişlər. Təbii ki, həmin dövr sovet dövrü olduğundan əkin sahələrində hər hansı bağ salınmasına icazə verilməmişdir. Azərbaycanda aqrar islahatı başladıqdan sonra vaxtilə ailənin istifadəsində olmuş qeyd edilən 1,48 ha torpaq sahəsi Şəki rayon, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə cavabdehlərə pay torpaq sahəsi kimi ayrılmış və cavabdehlər xx.xx.2019-cu il tarixdə həmin torpağa dair ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrəsi olan çıxarış almışlar. Qeyd edilən həmin mübahisəli torpaq sahəsi hazırda cavabdehlərin qanuni mülkiyyətindədir. Təxminən 2002-ci ildən etibarən cavabdehlər və onun vəfat etmiş atasının köməkliyi qeyd edilən 1,48 ha torpaq sahəsində onlar tərəfindən findıq ağacları əkilmiş və hazırda həmin torpaq sahəsində 350 ədəd findıq kolu vardır. Cavabdehlər həmin ərazidə fındıq bağının salınmasına və tinglərin böyüdülməsinə təxminən 3 il vaxt sərf etmişlər. Cavabdeh Fazil mövsümü işlə əlaqədar 2005-2006-cı illərdə Rusiya Federasiyasına getmiş və torpaqda əkilən ağaclara qulluq edilməsini qaynatası Sabirə həvalə etmişdir. Fazil ilk vaxtlarda ailəsini də özü ilə Rusiya Federasiyasına aparmışdır. Cavabdehlər həmçinin Sabir Aslanovla razılaşmışlar ki, həm fındıq ağaclarına qulluq edəcək, bar verəndə isə onun barını yığacaq, həm də həmin torpaqdan mal-qarasına ot tədarükü görəcəkdir. Belə də olmuş X21 etdiyi 2018-ci ilin oktyabr ayınadək qeyd edilən fındıq bağına baxmış, fındığın məhsulunu yığmış və həmin ərazidən mal-qarası üçün ot tədarükü görmüşdür. X21 etdikdən sonra cavabdehlər iddiaçılardan bağlarına özlərinin baxmasını bildirmiş, lakin iddiaçılar buna razı olmayaraq qeyd edilən bağdan çıxmaq istəməmişlər. Bu səbəbdən də, cavabdehlər məcbur qalaraq İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etməklərinə etdikləri maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 onların mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, onların həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, İddiaçı2, İddiaçı1 onlara, həmçinin övladları X5, X6 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)- 261/2020 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alsa da bütün bu dövr ərzində cavabdehlər qanuni mülkiyyətlərində olan torpaq sahəsindən və onun üzərində olan bağdan istifadə edə bilməmişlər. Müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi tam olaraq 2022-ci ilin əvvəllərində icra edilmiş və həmin torpaq sahəsi icra məmurları tərəfindən onlara təhvil verilmişdir. Lakin hələ də iddiaçılar arasında münaqişə səngiməyib və iddiaçılar cavabdehlərin öz torpaqlarından və bağından istifadə etmələrinə müəyyən maneələr yaradırlar. İlkin iddia üzrə iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət etsələr də öz iddialarını əsaslandıracaq mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə onların məhkəməyə təqdim etdikləri sübutlara tənqidi yanaşır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd edilən mübahisəli bağın məhz onlar tərəfindən salınmasını sübuta yetirə bilməmişlər. Hətta onların vəsatəti ilə şahid qismində dindirilən şahidlər də həmin bağın Mayıs və ya Qəndəvət tərəfindən salınmasını, həmin bağın yerləşdiyi torpaq sahəsinin əkin və bağın salınması üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə dolğun ifadə verməmişlər. Əksinə həmin şahidlərdən bəziləri cavabdeh Məhbubənin həmin bağda işləməsini gördüklərini bildirmişdir. Buna görə də məhkəmə ilk iddianı əsaslı hesab etməmişdir. Lakin məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsaslıdır və onun təmin edilməsi üçün işdə mötəbər sübutlar vardır. Belə ki, iddiaçıların özlərinin etirafı, onların vəsatəti ilə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi, həmçinin cavabdehlərin izahatı ilə müəyyən olunmuşdur ki, 2019-2020-2021-ci ilin bar mövsümündə bağda olan fındıq məhsulunu iddiaçıar qeyri-qanuni olaraq özləri yığmış və həmin məhsulu sataraq gəlir əldə etmişlər. Baxmayaraq həmin dövrdə iddiaçıların qeyd edilən torpaq sahəsindən çıxarılmaları və cavabdehlərə maneçilik yaratmamaları ilə bağlı məhkəmə qətnamələri olmuş, bütün bunlara baxmayaraq iddiaçılar cavabdehlərin mülkiyyətində olan həmin bağdan çıxmamaış, bu 3 il ərzində onlara bağda olan məhsulları yığmalarına mane olmuşlar. Bundan başqa işdə olan sənədlərlə müəyyən olunur ki, qeyd edilən 1,48 ha torpaq sahəsində 350 findıq kolu (topası) vardır. İşdə olan "xxxx" şirkətinin 30 noyabr 2021- ci il tarixli, 1107/21 saylı qiymətləndirmə rəyindən görünür ki, hər fındıq topasından hər il 10 kq findiq almaq mümkündür. Həmçinin müəyyən olunur ki, 2018-2021-ci illərdə Şəki rayonu üzrə fındığın orta bazar qiyməti 3,50-4,00 manat arasında dəyişmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, o, 2019-2020-2021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığmaları nəticəsində cavabdehlərə ən azı 36.750 (otuz altı min yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Belə ki, 1 ildə 350 ədəd fındıq kolu (350 x 10 kq = 3500 kq) 3500 kq məhsul verir. Fındığın orta bazar qiymətini 3,5 manat götürdükdə 1 ildə toplanan (3500 kq x 3.5 =12.250) fındığın dəyəri 12.250 manat təşkil edər. Belə olan halda ildə qeyd edilən bağdan əldə edilən fındıqdan götürən gəlir 3 ilə (12.250 x 3 = 36.750 manat) 36.750 manat təşkil edər. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Şəki Rayon Məhkəməsinə müraciət edərək bildirmişəm ki, aqrar islahatlardan əvvəl ailəmizin istifadəsində 1,48 ha və 1,80 ha torpaq sahələri olmuşdur . Cavabdeh1, biz iki nəfər iddiaçı və mərhum həyat yoldaşım (ailə başçısı) Sabir Aslanov bir ailənin üzvləri olmuşuq. Məhbubə torpaq islahatından əvvəl Cavabdeh2 ilə ailə quraraq köçmüşdür. Ailəmizlə islahatadək həmin torpaq sahələrində tütün və digər kənd təsərrüfatı məhsulları əkib becərmişik. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli Qərarı ilə 1,48 ha torpaq sahəsi cavabdehlərə pay torpaq sahəsi kimi verilmişdir. Cavabdeh2 Rusiya Federasiyasında işlədiyindən torpaq sahəsi ilə məşğul olmamışdır. Ona görə də onun ailəsinin mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsini ayırıb götürməmiş və əvəzsiz olaraq bizim istifadəmizə vermişdir. 2005-ci ildə Fazil arvadı Məhbubəni də ozü ilə Rusiya Federasiyasına aparmışdır. Hər iki torpaq sahəsi tam olaraq bizim istifadəmizə verildiyindən, özümüzünki hesab etdiyimizə görə orada fındıq bağı və digər meyvə ağacları əkib becərmişik. Cavabdehlər tərəfindən bizə verilmiş boş torpaq sahəsində 19 il ərzində tam məhsuldar bağ əmələ gətirmişik. 19 il ərzində cavabdehlərin bizə qarşı torpaq sahəsi barəsində heç bir iradı olmamışdır. Torpaq sahəsinin üzərində saldığımız bağ onların gözü qarşısında əmələ gəlmişdir. Onların bağın salınmasına heçbir etirazları olmamışdır. 2018-ci ildə ailə başçımız X21 etmişdir. Bunu fürsət bilən cavabdehlər 2019-cu ildə torpaq sahəsinin qaytarılmasını istəmişlər. Biz isə torpaq sahəsinin üzərində bağın salınıb böyüdülməsi üçün çəkilmiş xərcləri istəmişik. Cavabdehlər qarşılıqlı iddia ərizəsində göstərmişlər ki, guya torpaq sahəsini bizə deyil mərhum Aslanov Sabirə həvalə etmişlər. Halbuki, Sabir Aslanov bizim ailə başçımız olmaqla biz birgə təsərufat aparmışıq və bağın salınmasında bizim bilavasitə əməyimiz olmuşdur. Cavabdehlər 2019-cu ilin oktyabır ayında məhkəməyə müraciət edərək bizim 1,48 ha torpaq sahəsindən məcburi çıxarılmağımızı tələb etmişdir. Məhkəmə iddia tələbini təmin etmişdir. Lakin cavabdehlər 2022-ci ilədək qətnamənin icrasını tələb etməmiş və həyata keçirməmişlər. 2022-ci ildə qətnamənin icrası rəsmi qaydada təmin edildikdən sonra biz iddia qaldıraraq çəkdiyimiz xərcləri istəmişik. Cavabdehlər qarşılqlı iddia qaldıraraq əldən çıxmış faydanı istəmişlər. Məhkəmə bizim iddia tələbimizi rədd edərək, qarşılqlı iddianı təmin etmişdir. Baxmayaraq ki, torpaq sahəsinin boşaldılmasına dair 2019-cu ildə qəbul edilmiş qətnamə yalnız 2022-ci ildə icra edilmişdir, qarşılıqlı iddianı təmin edərkən məhkəmə hesab etmişdir ki, 2018-ci ildən 2022-ci ilədək iddiaçıların bağdan istifadələri qanunsuz olmuşdur. Bundan əlavə məhkəmə hesab etmişdir ki, bağ sahəsinin bizim tərəfimizdən salınması sübuta yetirilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi torpaq islahatından əvvəl bizim ailənin istifadəsində olmuşdur. İslahat zamanı 1,48 ha torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmişdir. Lakin onlar həmin torpaq sahəsinin istifadə edilməsini bizim ailənin əvəzsiz istifadəsinə vermişdir. Məmmədov Fazil islahat vaxtı və ondan sonra da Rusiya Federasiyasına işləmək üçün gedib-gəlmiş, 2005-ci ildə isə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getmişdir. Gedən zaman torpaq sahəsini mərhum Aslanov Sabirə həvalə etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Sabir bizim ailə başçımız olmuşdur. Onun rəhbərliyi ilə 1,48 ha torpaq sahəsinin üzərində biz bağ əkib becərmişik. 2019-cu ilədək heç kimin etirazı olmadan həmin bağdan istifadə etmişik. Bağı tam məhsuldar vəziyyətə çatdırmışıq. Torpaq sahəsinin cavabdeh tərəfindən məhz Aslanov Sabirə tapşırması halı və bağın bizim əməyimizlə deyil, yalnız Sabir tərəfindən ərsəyə gətirilməsi sübut edilməmişdir. Bağın cavabdehlər tərəfindən əkilib-becərilməsi, istifadə edilməsi və tam məhsuldar vəziyyətə gətirilməsinə dair sübutlar mövcud deyildir. Əksinə cavabdehlər etiraf edərək bildirirlər ki, torpaq sahəsini baxılıb becərilməsi işini bizim ailə başçımız olmuş, mərhum Aslanov Sabirə tapşırmışlar. Məhkəmə səhv nəticəyə gələrək hesab edir ki, bağın ərsəyə gətirilməsində Sabirin əməyi vardır, lakin bizim əməyimiz yoxdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia tələbinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia üzrə cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsindən koordinatlarına görə istifadə etmirlər. Ona görə də, onların torpaq sahələrində yerləşməyən findıq topalarına görə əldən çıxmış fayda tələb etmələri qanunsuzdur. Bundan başqa ilkin iddia üzrə iddiaçıların cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılması barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunarkən səhv icra olunub. Belə ki, icra məmuru ilkin iddia tələbi üzrə iddiaçıları ilkin olaraq cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən deyil, həmin sahəyə qonşu olan 1,8 ha yonca sahəsindən çıxarıbdır. Buna görə də, iddiaçılar təqsirləri olmadan 2022-ci ilə qədər cavabdehlərin torpağını istifadə ediblər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahiələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİ hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, 1,48 ha torpaq sahəsi Şəki rayon, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvlərinə pay torpaq sahəsi kimi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh2, Cavabdeh1 onların övladları X5 və X3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********77 nömrə ilə qeydə alınmışdır. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən məlum olur ki, hazırda ilkin iddia üzrə iddiaçılar bələdiyyənin mülkiyyətində olan 1,8 ha torpaq sahəsindən istifadə edirlər. İşdə olan sənədlərdən, o cümlədən məhkəmə aktlarından görünür ki, təxminən 2002-ci ildən etibarən ilkin iddia üzrə cavabdehlər, mərhum Sabir Aslanovun köməkliyi ilə qeyd edilən 1,48 ha torpaq sahəsində findıq ağacları əkmiş və hazırda həmin torpaq sahəsində 350 ədəd findıq kolu vardır. Cavabdehlər həmin ərazidə fındıq bağının salınmasına və tinglərin böyüdülməsinə təxminən 3 il vaxt sərf etmişlər. Cavabdeh2 mövsümü işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəldiyindən təxminən 2005-2006-cı illərdə torpaqda əkilən ağaclara qulluq edilməsini qayınatası Sabir Aslanova həvalə etmiş, bunun əvəzində isə sonuncunun ağacların verdiyi barı yığacağına və həmin torpaqdan mal-qarasına ot tədarükü görəcəyinə razılıq vermişdir. Sabir Aslanov 2018-ci ilin oktyabr ayınadək bağa baxmış, fındığın məhsulunu yığmış və həmin ərazidən mal-qarası üçün ot tədarükü görmüşdür. X21 etdikdən sonra cavabdehlər artıq bağa özlərinin baxacağı barədə iddiaçıları xəbərdarlıq etsələr də, iddiaçılar bağ sahəsinin onlara məxsus olmasını bildirərək sahəni cavabdehlərə qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən aralarında mülki mübahisə yaranmış və cavabdehlər, müvafiq iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar da öz növbələrində cavabdehlərə qarşı “1,48 ha torpaq sahəsinə dair cavabdehlərin adına verilmiş **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə” qarşılıqlı iddia irəli sürmüşlər. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın isə təmin edilməsi, iddiaçıların cavabdehlərə məxsus həmin mübahisəli torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən cavabdehlərin istifadəsinə törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdehlər, onlara ayrılmış 1,48 ha pay torpaq sahəsini müvəqqəti olaraq mərhum Sabir Aslanovun istifadəsinə vermişlər. Həmin torpaq sahəsinin cavabdehlər tərəfindən daimi əsaslarla əvəzsiz olaraq iddiaçıların istifadələrinə verilməsi sözügedən məhkəmə aktları ilə təkzib olunur. İddiaçılar bildirirlər ki, cavabdehlərə məxsus torpaq sahəsi onların istifadəsində olduğu müddətdə onlar tərəfindən fındıq bağı və digər meyvə ağacları əkilib becərilmişdir. Bütün bu işlərin görülməsinə cavabdehlərin hər hansı bir etirazı olmamışdır. Bunları bildirən iddiaçılar, tələblərinin əsaslı olmasını sübut etmək üçün şahid ifadələrinə istinad etmişlər. İş materiallarından görünür ki, Rayon Məhkəməsində işə baxılan zaman iddiaçıların təşəbbüsü ilə şahid qismində dindirilmiş X8, X9, X1 bağ sahəsinin məhz iddiaçılar tərəfindən salınması barədə hər hansı ifadə verməmişlər. Yalnız iddiaçılar tərəfindən şahid qismində dindirilmiş X14 bağın 13 il əvvəl Mayis tərəfindən salındığını təsdiq etsə də, eyni zamanda da 2000-ci illərdə həmin torpaq sahəsində Məhbubə və Fazilin işlədiklərini, sonrdan həmin torpaq sahəsində Mayisin işləyən gördüyünü bildirmişdir. Göründüyü kimi, iddiaçıların təşəbbüsü ilə şahid qismində dindirilmiş şəxslər fındıq bağının məhz iddiaçılar tərəfindən salınması, həmin bağın yerləşdiyi torpaq sahəsinin əkin və bağın salınması üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə dolğun ifadə verməmiş, bu halı birbaşa təsdiq etməmişlər. X4 isə zidiyyətli ifadə verərək, həm bağın 13 il əvvəl Mayisin saldığını, həm də 2000-ci illərdə həmin bağda hər iki cavabdehin işlədiyini gördüyünü bildirmişdir. Məhkəmə bu şahid ifadəsinə həmçinin ona görə tənqidi yanaşır ki, həmin şahidin göstərdikləri işdə olan Şəki X17 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarla (yazılı sübut) təkzib olunur. Belə ki, həmin aktlarda göstərilir ki, bağa baxış keçirilən zaman fındıq bağının ilk hissəsinin 23-25 il əvvəl salınması, sonradan illərlə əlavə edilməklə cərgə aralarına müxtəlif növ meyvə ağaclarının əkilməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Məhkəmə bildirir ki, ilkin iddia üzrə iddiaçılar öz tələblərinin əsaslılığını sübuta yetirə bilməmişlər. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı irəli sürdüyü ilkin iddia tələbləri əsassızdır. Rayon Məhkəməsi həmin iddianı təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir. Müzakirə olunan hissədə Rayon Məhkəməsinin mövqeyinə qarşı İddiaçı2 apellyasiya şikayətində ifadə olunmuş dəlilləri əsassızdır və təmin edilməməlidir. Eyni zamanda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qarşılıqlı iddianın təmin olunması barədə nəticəyə gəlməklə də haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanuni quvvəsini almış Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə iddiaçıların cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən cavabdehlərin istifadəsinə törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi 2022-ci ilin payız aylarında icra olunmuş, 1,48 toraq sahəsi tarixdə cavabdehlərin istifadəsinə qaytarılmışdır. Hazırki iş üzrə apellyasiya şikayəti vermiş İddiaçı2 numayəndəsi (vəkili) Nümayəndə apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsindən koordinatlarına görə istifadə etmirlər. Ona görə də, onların torpaq sahələrində yerləşməyən findıq topalarına görə əldən çıxmış fayda tələb etmələri qanunsuzdur. Bundan başqa ilkin iddia üzrə iddiaçıların cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılmaları barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunarkən səhv icra olunmuşdur. Belə ki, icra məmuru ilkin iddia üzrə iddiaçıları ilkin olaraq cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən deyil, həmin sahəyə qonşu olan 1,8 ha yonca sahəsindən çıxarmışdır. Buna görə də, iddiaçılar təqsirləri olmadan 2022-ci ilə qədər cavabdehlərin torpağını istifadə etmişlər. İddiaçı2 numayəndəsinin (vəkili) izahatında bildirdiyi bu dəlillərin yoxlanılması məqsədilə Məhkəmənin sorğusu əsasında Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı icra sənədi üzrə icra işi tələb olunaraq yoxlanılmış və icra sənədinin səhv olaraq icra edilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, icra məmuru tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsinin düzgün icra edilməməsi və ilkin olaraq iddiaçıların mübahisəli torpaq sahəsinə bitişik başqa sahədən çıxarılmaları, bununla da iddiaçıların 2022-ci ilədək 1,48 ha sahədən istifadə etmələrində onların təqsirinin olmaması, qarşılıqlı iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, iş üzrə tərəflər arasında 1.48 ha torpaq sahəsi ilə bağlı mübahisə 2018-ci ilin sonlarında yaranmış və bu mübahisə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə öz həllini tapmışdır. Həmin qətnamə ilə 1,48 ha torpaqi sahəsi üzrə cavabdehlərin dövlət qeydiyyatına alınmış hüquqları bir daha təsdiq olunmuş və iddiaçıların həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin buna baxmayaraq iddiaçılar toraq sahəsini cavabdehlərə qaytarmamış, 2019-2020-2021-ci ilin bar mövsümündə bağda olan fındıq məhsulunu qanunsuz (vicdansız) sahib kimi özləri yığmış və həmin məhsulu sataraq gəlir əldə etmişlər. Bundan başqa İddiaçı2 numayəndəsinin (vəkili) izahatında bildirdiyi dəlillərin yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli rəy ilə müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il qeydiyyat tarixli, **********77 reyestr nömrəli çıxarışa əsasən cavabdehlərin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,48 ha torpaq sahəsinin plan-ölçüsü cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçüsü ilə uyğundur. 1,48 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə tam şəkildə üst-üstə düşür. Sadəcə olaraq şimal hissədə cüzi bir fərq yaranmışdır. 1,48 ha torpaq sahəsinin plan-ölçüsü cavabdehlərin faktiki istifadəsində olan və üst-üstə düşən hissəsində fındıq bağı mövcuddur. Göründüyü kimi, cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən koordinatları üzrə istifadə etməmələri barədə iddiaçı tərəfin bildirdikləri sübuta yetirilmir. Əksinə işdə olan ekspert rəyi ilə təsdiq olunur ki, cavabdehlərin mülkiyyətində olan 1,48 ha torpaq sahəsinin plan-ölçüsü onların faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçüsü ilə üst-üstə düşür və həmin sahədə fındıq bağı mövcuddur. İş materiallarında olan və Şəki şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1413 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini Cavabdeh2 özünəməxsus torpaq sahəsində 350 ədəd fındıq topu vardır. İşdə olan və ilkin iddia üzrə iddiaçılar tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş "xxxx" şirkətinin 30.112021-ci il tarixli, 1107/21 saylı qiymətləndirmə rəyindən görünür ki, hər fındıq topasından hər il 10 kq findiq almaq mümkündür. Həmçinin müəyyən olunur ki, 2018-2021-ci illərdə Şəki rayonu üzrə fındığın orta bazar qiyməti 3,50-4,0 manat arasında dəyişmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, o, 2019-2020-2021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığmaları nəticəsində cavabdehlərə ən azı 36.750 manat maddi ziyan dəymişdir. Belə ki, 1 ildə 350 ədəd fındıq kolu (350 x 10 kq = 3.500 kq) 3.500 kq məhsul verir. Fındığın orta bazar qiymətini 3.5 manat götürdükdə 1 ildə toplanan (3.500 kq x 3.5 =12.250) fındığın dəyəri 12.250 manat təşkil edər. Belə olan halda ildə qeyd edilən bağdan əldə edilən fındıqdan götürən gəlir 3 ilə (12.250 x 3 = 36.750 manat) təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçılardan 36.750 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia və bu iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, müzakirə olunan hissədə İddiaçı2 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı2 Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar