Məhkəmə qərarları › İş №2(107)-481/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-481/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-481/2023 27.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ticarət işləri ilə məşğul olduğu üçün birbirlərini yaxından tanıyırlar və ünsiyyətləri yaxşı olmuşdur. Bir müddətdən sonra Röyal ona yaxınlaşaraq bildirmişdir ki, “Canbulaq dayı, mənim ticrarətim bağlanmaq üzrədir, mənə köməklik əlini uzat, ya da şərik olaraq siqaret alveri edək”. O da razılığını bildirib, ona 15 fevral 2022-ci il tarixdə 5000 manat pul vermişdir. Şərik olaraq siqaret alveri etməyə başlamışlar. Röyal ona 3 həftə ərzində şərikli siqaret alverindən üç həftə ərzində, yəni 510 manat pul qaytarmışdır. O Röyala onların şərik olduqlarını, qalan pul hanı deyəndə, o, bildirmişdir ki, ziyanlıq olub, heç bir gəlir olmamış, ona görə də pulu qaytara bilmir. Həmçinin, Röyal ona məxsus evdə kirayə qalmış və ona 2500 manat borcu yaranmışdır. Sonuncu dəfə Röyala 7500 manat borcunun olduğunu, borcu qaytarmasını bildirmişdir. Cavabında Röyal ona bildirmişdir ki, “vermirəm, get hara şikayət edirsən et”. O da Ağdaş Rayon Məhkəməsinə müraciət edir və yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(014)-1625/2022 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiasınin təmin edilməsi, Cavabdeh 7500 (yeddi min beş yüz) manat miqdarında borc və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Сavabdeh Cavabdeh həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(014)-1625/2022 saylı qiyabi qətnaməsinin ləğvi barədə verilmiş ərizənin geri qaytarılması qərara alnmışdır. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadından şikayət verərək Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)- 1625/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsini 14 yanvar 2023-cü il tarixdə alıb, 23 yanvar 2023-cü il tarixdə qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Məhkəmənin 1 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə müddəti ötdüyü əsasıyla geri qaytarılmışdır. Ona görə də şikayətin təmin edilməsini Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətin müddəti keçib. Bələ ki, cavabdehin elektron kabineti olduğu üçün ona gələn ərizəli görür. Sadacə qətnaməni icraya keçməsini uzatmaq məqsədi ilə apellyasiya şikayəti verir. Odur ki, etirazının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil xx.xx.2019-cu il tarixdən elektron kabineti vardır. Həmçinin, 23 dekabr 2022ci il tarixli, 2(014)-1625/2022 saylı qiyabi qətnamə xx.xx.2022-ci il tarixdə elektron imza ilə imzalanmışdır. Göründüyü kimi qeyd olunan qiyabi qətnaməsi xx.xx.2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada cavabdehin nümayəndəsinə çatdırsa da, cavabdeh həmin qiyabi qətnamənin ləğvi barədə ərizəni xx.xx.2023-cü il tarixdə vermişdir. Bundan başqa, həmin qiyabi qətnamə SS794914675AZ saylı unikal poçt identifikatoru (ştrix-kod) olan poçt göndərişi vasitəsilə də göndərilmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 252-ci maddəsinə əsasən qiyabi qətnamə bu Məcəllənin 252-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.a Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(014)-1625/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar