Məhkəmə qərarları › İş №2(107)-482/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-482/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-482/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)-1638/2023 nömrəli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 6700 (altı min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş və xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 9626,93 (doqquz min iyirmi altı manat, doxsan üç qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 6700 (altı min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 26 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditor Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 5939,31 (beş min doqquz yüz otuz doqquz ABŞ dolları, otuz bir sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 45 (qırx beş) ay təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 9626,93 (doqquz min iyirmi altı manat, doxsan üç qəpik) manat təşkil edir. Borcaların Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6587,17 (altı min beş yüz səksən yeddi manat, on yeddi qəpik) manat əsas borc, 2710,85 (iki min yeddi yüz on manat, səksən beş qəpik) manat faiz borcu və 328,92 (üç yüz iyirmi səkkiz manat, doxsan iki qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********086 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 7592,31 (yeddi min beş yüz doxsan iki manat, otuz bir qəpik) manat təşkil edir. Bundan 2061,87 (iki min altmış bir manat, səksən yeddi qəpik) manat əsas, 1315,47 (min üç yüz on beş manat, qırx yeddi qəpik) manat faiz, 3912,79 (üç min doqquz yüz on iki manat, yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 (üç yüz iki manat, on səkkiz qəpik) manat faiz borcu təşkil edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsinin müddəti 17 aprel 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 25 aprel 2023-cü il tarixində məhkəməyə (Daşkəsən Rayon Məhkəməsinə) müraciət etmişdir.

5. Zaminlik müqaviləsində zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində müəyyən edilmişdir. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2020-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ildən çox müddət keçmiş və zaminliyə xitam verilmişdir.

6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir

7. Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)-1638/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 442, 443, 448, 449, 477 və 739-cu maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit müqaviləsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 290006024/ZM nömrəli, 26 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit və zaminlik müqaviləsinə 19 mart 2015-ci il tarixli 01 nömrəli əlavə saziş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, 26 avqust 2014-cü il tarixli kredit və zaminlik müqaviləsinə 17 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə saziş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 10 mart 2023cü il tarixli maliyyə arayışı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış **********86 saylı, 23 fevral 2023-cü il tarixli bildiriş Problemli kreditlərin kompensasiyası dair xx.xx.2022-ci il tarixli çıxarış

10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini rədd edərkən iddia tələbi üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Sözügedən müqavilənin bitmə müddəti xx.xx.2020-ci il tarixdir, iddia müddətinin son bitmə tarixi isə xx.xx.2023-cü il tarixdir. İddiaçı tərəf isə iddia ərizəsi ilə məhkəməyə 6 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mübahisə edilən bu halı təsdiq edən poçt göndərişidir. Apellyasiya şikayətinə əlavə edilən "xxxx" MMC-nin SS841051216 AZ seriyalı poçt qəbzindən görünür ki, **********170 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Daşkəsən Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir. (göndərişin əsli apellyasiya şikayətinə əlavə olunur.) Bununla da, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə tərəfindən iş materialları ətraflı araşdırılsaydı, müəyyən olunardı ki, sözügedən mülki iş üzrə dövlət rüsumunun ödənişi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Bu hal bir daha təsdiq edir ki, müvafiq mülki iş üzrə məhkəməyə iddia müddəti ötürülməmiş müraciət edilmişdir. (********** nömrəli mədaxil qəbzinin surəti apellyasiya şikayətinə əlavə olunur.)

12. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)- 1638/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)-1638/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Qərarlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarınnda müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)- 1638/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş mülki işin 164-165-ci vərəqlərində olan xəbərnamənin surətindən görünür ki, iddiaçı bank tərəfindən iddia ərizəsi Daşkəsən Rayon Məhkəməsinə xx.xx.2023-cü ildə göndərilmiş, xx.xx.2023-cü ildə məhkəməyə çatdırılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülmədən verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlı olmamışdır.

23. İddia tələbinə münasibət bildirərək kollegiya aşağıdakıları qeyd edir.

24. Əvvəla, hazırki iddia tələbi əsas borclu ilə birlikdə, zaminlərə qarşı da qaldırılmışdır ki, zaminlik müqaviləsində zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində müəyyən edilmişdir. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2020ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 il müddət keçmiş və Mülki Məcəllənin 477-ci maddəsinin tələbinə əsasən zaminliyə xitam verilmişdir. Ona görə də, iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilə bilməz.

25. İddia tələbinin cərimə borcuna aid hissəsində kollegiya qeyd edir ki, tələbin həmin hissəsinə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki iş üzrə tələb olunan əsas borcun məbləği 2061,87 manat, cərimə borcunun isə məbləği 3912,79 manatdır. Kollegiya hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) məbləği tənasübsüz surətdə yüksəkdir və azaldılmalıdır. Kollegiya hesab edir ki, işin halalrı və borcun məbləği nəzərə alınmaqla, cərimə borcunun məbləğinin 274 manat müəyyən edilməsi məqsədəmüvafiq hesab edilməlidir.

26. Tələb olunan borcun qalan hissələrinə gəldikdə kollegiya qeyd edir ki, Cavabdeh3 şifahi vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Mülki işin materialları ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubla birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məktubda göstərilir ki, həll olunması üçün ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə tədqiqat obyektlərinin zəruriliyi ilə əlaqədar Məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəstatə cavab olaraq Məhkəmə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Təqdim edilmiş əlavə sənədlərlə tanışlıq zamanı rəy verilməyi üçün vəsatətdə qeyd edilən zəruri olan sənədlərin (yəni, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit və zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə tərtib edilmiş kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları (kreditin verilmə tarixindən, - son ödəniş tarixinədək) və s. tam olaraq öz əksini tapmadığı müəyyən edilmişdir. Belə olan halda ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Ekspert tərəfindən natamam olduğu qeyd edilən sənədlərin tamamlanmaqla məhkəməyə göndərilməsinin iddiaçı bankdan tələb olunmasına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinin iddiaçıya izah edilməsinə baxmayaraq, bank tərəfindən sənədlərin tamamlanmış şəkildə göndərilməsi təmin edilməmişdir. Göründüyü kimi, cavabdehin iddia verilən tarixə iddiaçı banka olan borcunun tələb ediləndən az olması və ya ümumiyyətlə borcunun olmaması təsdiq edilməmişdir. Cavabdeh3 da onun iddiaçı banka heç bir borcu qalmadığını bildirsə də, bu barədə məhkəməyə heç bir ödəniş qəbzləri və ya digər sübut və dəlillər təqdim etməmişdir. Kollegiya onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi, mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti verməməklə onu mübahisələndirməmişdir. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbinin əsas borc, faiz borcu və 5% hesablanmaqla əldən çıxmış faydaya aid hissəsi iddia tələbində göstərilən həcmdə təmin edilməlidir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023cü il tarixli 2(014)-1638/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, 2061,87 manat əsas, 1315,47 manat faiz, 274 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 manat olmaqla, cəmi 3953.52 manat borc Cavabdeh3 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumu olaraq ödənilmiş 95.93 manat pulun 50 manatı Cavabdeh3 alınaraq iddiaçı LPO "xxxx" ASC-yə verilməli, 45.93 manatı isə iddiaçının özünə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(014)-1638/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. 2061,87 manat əsas, 1315,47 manat faiz, 274 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,18 manat olmaqla, cəmi 3953.52 manat borc Cavabdeh3 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 95.93 manat pulun 50 manatı Cavabdeh3 alınaraq iddiaçı LPO "xxxx" ASC-yə verilsin, 45.93 manatı isə iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar