Məhkəmə qərarları › İş №2(107)-489/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-489/2023

19.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-489/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mingəçevir Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ticarət köşkünün götürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi, mülkiyyət hüququ) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Mingəçevir Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ticarət köşkünün götürülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən 10.64 kv.m torpaq sahəsi elektron bazada təqdim edilən X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. Həmin torpaq sahəsində Cavabdeh ticarət köşkü quraşdırmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Mingəçevir Bələdiyyəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir Bələdiyyəsinin ümumi istifadəsində olan qanunsuz zəbt etdiyi 12 kv.metr torpaq sahəsini boşaltması və quraşdırılmış ticarət köşkünü götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh şəhərin N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidə 12 kv.metr torpaq sahəsini zəbt edərək, özbaşına heç bir rəsmi icazəsi olmadan qeyd olunan əraziyə ticarət köşkü quraşdırmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh quraşdırdığı köşkü götürməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuz olduğundan, istifadə etdiyi 12 kv.metr torpaq sahəsində quraşdırdığı ticarət köşkü götürülməli və həmin torpaq sahəsi boşaldılmalıdır. Bununla belə cavabdeh könüllü olaraq təmsil etdiyi hüquqi şəxsə məxsus torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Ona görə də təmsil etdiyi hüquqi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir şəhəri, N.Nərimanovprospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində olan 12 kv.metr torpaq sahəsində ticarət köşkü quraşdırmışdır. Belə ki, həmin torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində olmuşdur. O səbəbdən də orada ticarət köşkü quraşdırmışdır. Həmin vaxt iddiaçı tərəfindən ona qarşı heç bir etiraz edilməmişdir. Ona görə də o, həmin torpaq sahəsinin onun istifadəsində olduğuna əmin olmuşdur. Lakin sonradan iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bundan sonra isə ticarət köşkünün quraşdırılması üçün həmin ərazinin onun istifadəsinə verilməsini iddiaçı tərəfdən xahiş etsə də, lakin heç bir səbəb olmadan iddiaçı onunla razılaşmamışdır. Hesab edir ki, iddiaçının ona olan münasibəti qərəzlidir. Çünki ticarət köşkünün yerləşdiyi 12 kv.m. torpaq sahəsinin onun istifadəsinə verilməsi və orada ticarət köşkünün quraşdırılması, iddiaçının qanuni mənafeyi ilə ziddiyyət təşkil etmir, həmçinin üçüncü şəxslərin hüquqlarını pozmur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən 10.64 kv.m torpaq sahəsində ticarət köşkü quraşdırmışdır. Cavabdehin istifadə etdiyi ticarət köşkünün yerləşdiyi 10.64 kv.m torpaq sahəsi elektron bazada təqdim edilən X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmiş və həmin torpaq sahəsi və ticarət köşkü üzərində Cavabdeh hər hansı əşya hüququ qeydə alınmamışdır. Həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkünün götürülməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ondan imtina etmişdir. Hazırda mübahisəli torpaq sahəsinin 10.64 kv.m hissəsi cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı dəfələrlə zəbt edilmiş torpaq sahəsindən könüllü olaraq çıxması və orada quraşdırılmış ticarət köşkünün götürülməsi barədə cavabdehə təklif etmiş, lakin cavabdeh imtina etmişdir.

6. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir.

7. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mingəçevir Bələdiyyəsinin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Məhkəmə hesab edir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur.

8. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

9. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehə münasibətdə tətbiq olunan normada göstərilən şərtlər hazırkı iş üzrə məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin 10.64 kv.m hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Hazırda cavabdehin həmin torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamış və onun sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.

10. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində Cavabdeh istifadə etdiyi ticarət köşkü yerləşən 10.64 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkü götürülməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş xx.xx.2022-ci tarixli məhkəmə tikinti-texniki ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı və cavabdehdən bərabər qaydada tutulmalıdır.

11. Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)-22/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin olunmuş, cavabdeh Abdullayev X1 Elektron Kadastr X5 Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən, 10.64 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkünün götürülməsi və torpaq sahəsinin boşaldılması, iddiaçı Mingəçevir Bələdiyyəsindən ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 156 və 157-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” AR Qanunun və Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarının bir sıra maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. İşdə olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Abdullayev X2 şəhərinin N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidə 12 kv.metr torpaq sahəsini zəbt edərək, özbaşına heç bir rəsmi icazəsi olmadan qeyd olunan əraziyə ticarət köşkü quraşdırmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

14. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4059 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssis rəyinə əsasən Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən Cavabdeh istifadə etdiyi ticarət köşkü yerləşən 10.64 kv.m torpaq sahəsi elektron bazada təqdim edilən X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən 10.64 kv.m torpaq sahəsi və ticarət köşkü üzərində Cavabdeh hər hansı əşya hüququ mövcud deyildir.

15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhəri, N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində olan 12 kv.metr torpaq sahəsində ticarət köşkü quraşdırmışdır. Belə ki, həmin torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində olmuşdur. O səbəbdən də orada ticarət köşkü quraşdırmışdır. Həmin vaxt iddiaçı tərəfindən ona qarşı heç bir etiraz edilməmişdir. Ona görə də o həmin torpaq sahəsinin onun istifadəsində olduğuna əmin olmuşdur. Lakin sonradan iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bundan sonra isə ticarət köşkünün quraşdırılması üçün həmin ərazinin onun istifadəsinə verilməsini iddiaçı tərəfdən xahiş etsə də, lakin heç bir səbəb olmadan iddiaçı onunla razılaşmamışdır. Hesab edir ki, iddiaçının ona olan münasibəti qərəzlidir. Çünki ticarət köşkünün yerləşdiyi 12 kv.m. torpaq sahəsinin onun istifadəsinə verilməsi və orada ticarət köşkünün quraşdırılması, iddiaçının qanuni mənafeyi ilə ziddiyyət təşkil etmir, həmçinin üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə tərəfindən iddiaçı tərəflə apardığı danışıqların qərəzli olaraq xahişinin rədd olunmasını nəzərə alınmamışdır. Həmin ticarət köşkündən qazi ailəsi faydalanır, iddia tələbi təmin olunmaqla, həmin qazi ailəsinin maddi vəziyyəti ağırlaşır.

17. Çayxana yerləşən torpaq sahəsinin Bələdiyyə tərəfindən ona icarəyə verilməsi və həmin torpaq sahəsinin ətrafında 150 m2 torpaq sahəsinin mövsümi xarakterli onun icarəsinə verilməsi aydınlaşdırılmamışdır.

18. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)- 22/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı Mingəçevir Bələdiyyəsinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına etiraz göndərərək göstərmişdir ki, o hər hansı torpaq sahəsini zəbt etməmişdir, iddiaçının iddia tələbi ona qarşı yönəldilə bilməzdi, ticarət köşkü ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Həmin ərazi X6 tərəfindən idarə olunur. O, əsl olmayan cavabdehdir. Məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasına həmçinin teleqram göndərərək səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, həmin halla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.2-cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 11.1, 11.2-ci maddələrinə əsasən, bələdiyyə torpaqlarının ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

24. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarının 1.2-ci hissəsinə əsasən daşınmaz əmlakın vahid dövlət kadastrı kadastr uçotuna alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)- 22/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçı Mingəçevir Bələdiyyəsinə məxsus olması birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

31. Bu qətnamənin 21-ci bəndində qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mingəçevir Bələdiyyəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq quraşdırdığı köşkün götürülməsini tələb etməkdə, birinci instansiya məhkəməsi də həmin iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçı Mingəçevir Bələdiyyəsinə məxsus olduğundan mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsini cavabdehin istifadəsinə və ya icarəsinə veribverməmək hüququnu özündə saxlayır. Mülkiyyətçinin həmin hüququ bu qətnamənin 31-ci bəndində geniş şərh edilmişdir. Cavabdehin apellyasiya şikayətində həmin torpaq sahəsinin iddiaçı tərəfindən ona icarəyə verildiyini, etirazında torpaq sahəsinin və onun üzərində olan mübahisəli kökün ona aidiyyatının olmamasını qeyd etsə də, həmin halları təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)-22/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(051)-22/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar