Məhkəmə qərarları › İş №2(107)-492/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-492/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-492/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işi üzrə Balakən Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı xx.xx.2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində şəxsi istifadəsində olan “Mersedes Benz-E220” markalı avtomobillə hərəkət edərkən, cavabdehə məxsus inək iddiaçının avtomobilinin qarşısına çıxmış və nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Cavabdeh barəsində İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1.820 manat pulun və ödənilmiş 38,20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kəndində yaşayır. "xxxx" MMC-də ekspeditor işləməklə, ailəsinin dolanışığını təmin edir. Gündəlik olaraq şəxsi istifadəsində olan “Mersedes” E220 markalı avtomobillə iş fəaliyyətini həyata keçirir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində şəxsi istifadəsində olan “Mersedes” E220 markalı avtomobillə hərəkət edərkən, qəflətən qarşısına inək çıxmış və nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisənin araşdırılması üçün polis çağırmışdır. Balakən RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, hadisə araşdırılmış, həmin hadisənin törədilməsinə səbəb olan inəyin sahibi Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.5.5-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin hadisə olan zaman hadisə şahidləri polis əməkdaşı X2, vətəndaş X1 və ətrafdakı digər şəxslər olmuşdur. Həmin hadisə barədə Balakən RPŞ-də inzibati xəta haqqında iş açılmış, izahatlar alınmışdır. Polisdəki materialı onlardan istəsə də, ona verilməmiş, məhkəmə sorğusu əsasında verilə biləcəyi deyilmişdir. Ona dəymiş maddi zərər barədə yoxlanış keçirilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən ona dəymiş ziyan 1.820 manat müəyyən edilmişdir. Cavabdeh zərərin əvəzində 100-150 manat verə biləcəyini bildirmişdir. O, bununla razılaşmamışdır. Belə olan halda cavabdeh ona “məhkəməyə şikayət et, 150 manatdan artıq pul verməyəcəyəm” deyə bildirmişdir. Yol qəza hadisəsi günün qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində olmuşdur. Belə olan halda onun Cavabdeh məxsus olan həmin inəyi görmə imkanı olmamışdır. Eyni zamanda həmin hadisə olan yol, Balakən şəhərinin tam mərkəzidir. Magistral yol statusundadır. Cavabdehlə heç bir razılığa gəlmək mümkün olmamışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 78/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş ziyana görə 1.620 manat və ödənilmiş 38.20 manat dövlət rüsumunun 34 manatının, cəmi 1.654 manat pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 100 manat ekspertiza xərcinin 89 manatının Cavabdeh, 11 manatının isə İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixdə iddiaçı, istifadəsində olan “Mersedes Benz-E220” markalı avtomobillə hərəkətdə olarkən, avtomobilin qarşısına cavabdehə məxsus inək çıxmış və avtomobil inəyə dəymişdir. Nəticədə iddiaçının idarə etdiyi avtomobilə ziyan dəymişdir. Buna görə inək sahibi olan cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 9/7042 nömrəli rəyi ilə dəymiş ziyan 1.620 manat məbləğində müəyyən edilmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə hesab etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi əsaslı və mötəbərdir. Məhkəmə əlavə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında vəsatətimizlə razılaşmayaraq əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə tərəfimizdən verilmiş vəsatəti əsassız olaraq rədd etmişdir. 1999-cu il buraxılışlı “Mercedes E220” markalı avtomaşının hissələri yeni qiymətlərlə hesablanmışdır. Avtohissələrin amortizasiya xərcləri nəzərə alınmamışdır. Avtoservis “777" tərəfindən tərtib edilmiş aktla hesablama apararaq ziyan 1.620 manat hesablanmışdır. Bu isə həqiqəti əks etdirmir. Əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında vəsatətimiz isə birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Məhkəmə qərar qəbul edərkən iddiaçının əsassız dəlillərinə inanaraq qətnamə qəbul etmişdir. Halbuki, tərəfindən hadisə yerinə gətirilmiş maşın ustası həmin avtomaşının təmiri üçün 350 manat xərcin olacağını, İddiaçı gətirdiyi maşın ustası isə avtomaşının təmiri üçün xərcin cəmi 700 manat olduğunu göstərmişdir. Məhkəmə prosesində tərəfimizdən verilmiş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında vəsatətimiz müzakirə olunarkən iddiaçı vəsatətin təmin olunmasına etirazının olmadığını bildirsə də, məhkəmə əsassız olaraq əlavə məhkəmə əmtəəşünaslıq eskpertizasının təyin edilməsi barədə vəsatətimizi rədd etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apelyasiya şikayəti vermiş cavabdeh, şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilir: - cavabdehin təqsirli hərəkəti nəticəsində, ona məxsus heyvan (inək) iddiaçının idarə etdiyi avtomobilinə dəyməsi avtomobilin istifadəyə yararsız hala düşməsinə səbəb olmuşdur; - cavabdehin təqsirli hərəkəti ilə iddiaçıya maddi ziyanın vurulmasını təsdiq edən “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli qərar mövcuddur. Qərar qanuni qüvvəyə minmişdir. - hazırda iddiaçı baş vermiş hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi cavabdehdən 1.820 manat məbləğində pul tələb edir. İddiaçıya məxsus nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatını aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/7042 №-li rəyindən görünür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün 1.620 manat məbləğində pul vəsaiti tələb olunur. Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən mötəbər sübut kimi ekspert rəyini qəbul etmiş və belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 1.620 manat tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya vurulmuş zərərin məbləği ekspert tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir. Çünki, ekspert rəyinin obyektivliyini şübhə altına alan cavabdeh, öz dəlilini təsdiq edən sənədi (məsələn: başqa müstəqil qiymətləndiricinin hesabatını) məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə iddiaçıya vurulmuş zərərin 1.620 manat olması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 fevral 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar