Məhkəmə qərarları › İş №2(107)-495/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-495/2022

13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-495/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı «tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikilinin sökülməsi, vurulmuş ziyanın dəyəri olaraq 2.000 manat pulun cavabdehlərdən alınması və gələcəkdə xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən hər hansı bir tikilinin inşa edilməsinə cavabdehlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hаkim İbrahim Fəttahov) 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik, Cavabdeh1 məxsus Göyçay şəhəri Nizami küçəsi 200 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş «B» literli talvarın cavabdehlərin öz hesablarına sökülməsi, iddiaçının xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən gələcəkdə hər hansı tikilinin inşa edilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apellyasiya şikаyəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən təxminən 2014-cü ilin əvvəllərində onun evinə bitişik tikili inşa edilərək, həmin tikilidə süd və süd məhsullarının istehsalı ilə məşğul olurlar. Cavabdehlərin istehsalla məşğul olduğu tikili onun fərdi yaşayış evinə bitişik olduğu üçün, yaşayış evinə su sızır və nəticədə yaşayış evinə ziyan dəymişdir. Dəfələrlə cavabdehlərə qanunsuz inşa etdikləri tikilinin sökülməsini, ona vurulmuş ziyanın ödənilməsini, eləcə də gələcəkdə bu kimi halların təkrarlanmamasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan evindən sərbəst istifadə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 avqust 2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)- 1158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 avqust 2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(102)-237/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 avqust 2021-ci il tarixli, 2(107)- 1329/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 saylı qətnaməsini çıxararkən bir tərəfdən Şəki İnzibati Məhkəməsinin çıxardığı 08 aprel 2021-ci il tarixli, 2-1(116)-295/2021 saylı qərardadını, digər tərəfdən iddiaçının Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(046)-159/2020 saylı qərardadından rəsmi şəkildə aldıqdan sonra həmin qərardaddan narazı qalması barədə məhkəməyə 10 gün müddətində heç bir şikayət belə etməməsini, eləcə də onun qanunla qorunan mülkiyyət hüququnu nəzərə almayaraq şəxsi mülahizələrinə əsaslanaraq ünvan 2 ünvanda yerləşən onun şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində 1986-cı ildə inşa edilmiş talvarının sökülməsi barədə yanlış və əsassız qətnamə çıxarmışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021ci il tarixli, 2(046)-l 158/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Zahid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Zahid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03.08.2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə əsas kimi talvar barədə mülkiyyət hüququnun qeydə alınıb-alınmamasının, həmin tikintinin norma və qaydalara uyğun inşa edilib-edilməməsinin, sökülməsi tələb edilən talvar tikilisinin iddiaçının mülkiyyətinə zərər dəyməsi ilə səbəbli əlaqəsinin olubolmamasının araşdırılmaması, eləcə də maddi hüquq normasının düzgün tətbiq edilməməsi göstərilmişdir. Qeyd edilən halların araşdırılması üçün mübahisəli talvar tikilisinin Cavabdeh1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət resyestrindən qeydə alınıbalınmamasının öyrənilməsi məqsədilə sorğu verilməli, eləcə də mübahisəli talvar tikilisinin əvvəlki mülkiyyətçi Qədir Tağıyevin adına tərtib edilmiş texniki pasportda hazırda yerləşdiyi ərazidə mövcud olub-olub olmaması araşdırılmalıdır. Ali Məhkəmənin hazırki iş üzrə mövqeyindən biri də apellyasiya instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan maddi hüquq normasına istinad etməsi olmuşdur. Bununla bağlı qeyd edir ki, mübahisəli tikilinin inşası zamanı qüvvədə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12.10.2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.13-cü bəndinin qeydində göstərilmişdir ki, həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən, və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalıdır. İstinad etdiyi norma Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarıdır (AzDTN 2.6-1) və CHkin 2.07.01- 89-un əvəzinədir, yəni mübahisəli tikilinin inşası zamanı qüvvədə olan normadır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə İddiaçı, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Zahid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil əlavə olaraq çıxışında bildirmişdir ki, iddiaçıya məxsus olan yaşayış sahəsi kürsülü olsa da, yerdən məsafəsi çox azdır. Ehtimal ki, nəmişlik bundan yaranıb. İddiaçıya məxsus olan yaşayış evi cavabdehin tikilisindən sonra inşa edilib. İddiaçı özü ara məsafəsini gözləməyib. Göyçay Rayon Məhkəməsi 22 aprel 2021-ci il tarixli, 2(046)- 1158/2021 saylı qətnaməsini çıxararkən bir tərəfdən Şəki İnzibati Məhkəməsinin çıxardığı 08 aprel 2021-ci il tarixli, 2-1(116)-295/2021 saylı qərardadını, digər tərəfdən iddiaçının Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(046)-159/2020 saylı qərardadından rəsmi şəkildə aldıqdan sonra həmin qərardaddan narazı qalması barədə məhkəməyə 10 gün müddətində heç bir şikayət belə etməməsini, eləcə də onun qanunla qorunan mülkiyyət hüququnu nəzərə almayaraq şəxsi mülahizələrinə əsaslanaraq ünvan 2 ünvanda yerləşən onun şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində 1986-cı ildə inşa edilmiş talvarın sökülməsi barədə yanlış və əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh X2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-l 158/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Zahid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(102)-237/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 avqust 2021-ci il tarixli, 2(107)-1329/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə оlаn Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli 408-1/3211 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:200), torpaq sahəsi haqqında məlumatlar qeyd edilməklə, İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə оlаn Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Nizami küçəsi 200 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinin 0,04496 ha hissəsi onun, 0,01725 ha hissəsi isə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə оlаn 18 dekabr 2019-cu il tarixdə verilmiş texniki pasportdan görünür ki, Göyçay şəhəri Nizami küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 200 saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin planı (miqyas 1:500), tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:100), yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd edilməklə, zəruri texniki göstəricilər təsbit olunmuşdur. Texniki sənədlərdə iddia ərizəsində mübahisələndirilən talvar tikilisi «B» literi və qırıq-qırıq xəttlərlə işarələnmişdir. Bundan başqa, texniki sənədlərdə talvar tikilisinin 40 % aşınma dərəcəsi olduğu qeyd edilmişdir. İşdə оlаn Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2020-ci il tarixli 31116 saylı rəyindən görünür ki, Göyçay şəhəri Nizami küçəsində cavabdehə məxsus olan talvar (B literli) Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığını və DƏDRX-də qeydiyyata alındığını nəzərə aldıqda, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığı müəyyən olunur. Lakin cavabdeh tərəfin iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla (Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunacaq materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk öncə vurğulamağı zəruri hesab edir ki, talvar tikilisi iddiaçının fərdi yaşayış evinə zərər vurması halında, həmin tikilinin texniki pasportda göstərilməsinin, həmçinin fərdi yaşayış evindən öncə orada mövcud olmasının əhəmiyyəti qalmır. Eyni zamanda birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.2-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əldə etmiş olduğu ekspert rəyi ilə əsaslandırsa da, istinad edilən ekspert rəyində “B” letrli talvarın Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığı, DƏDRX-də qeydiyyata alındığı, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığının müəyyən olunduğu göstərilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin həmin talvar barədə mülkiyyət hüququnun qeydə alınıb-alınmadığını, həmin tikintinin norma və qaydalara uyğun aparılmasını, tikilinin 1986-cı ildə, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən 27 il əvvəl inşa edilməsini, cavabdehin özünə məxsus evi iddiaçıdan sonra tikməsini və evinin divarının hasar olmasını nəzərə almadan həmin talvarın sökülməsi qənaətinə gəlmişdir. Digər tərəfdən həmin rəydə göstərilmişdir ki, “Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla (Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunacaq materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər.” Buradan da aydın olur ki, ekspert rəyi ilə iddiaçının söküntünü tələb etdiyi və buna əsas kimi istinad etdiyi mülkiyyətinə zərər dəyməsi xüsusatı ilə bağlı cavabdehin sökülməsi qət edilmiş əmlakının səbəb olması öz təsdiqini tapmamışdır. İddia tələbi ilə bağlı məhkəmə kollegiyasının iclasında İddiaçı vəsatət ilə məhkəmə kollegiyasına müraciət edərək iş üzrə əlavə tikinti texniki ekspertizanın keçirilməsini xahiş etmiş, həmin vəsatət təmin edilməmiş, vəsatət ilə bağlı mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən əraziyə 08 aprel 2022-ci il tarixdə, saat 14:00-da yerində baxış edilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, həm iddiaçı, həm də cavbdeh tərəfindən ara divarı nəm şəkildədir, lakin divarın nəmliyinin səbəbini adi gözlə aydınlaşdlrmaq mümkün deyildir. Bundan başqa məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tərəfinin qeyd etdiklərinin əksinə talvar süd məhsullarının istehsalı üçün istifadə edilmir. Cavabdeh1 süd məhsullarının istehsalı üçün mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə edir. Bunu iş materiallarına əlavə edilmiş **********23-06301 nömrəli texniki pasport təsdiq edir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, İddiaçı söküntünü tələb etdiyi və buna əsas kimi istinad etdiyi mülkiyyətinə zərər dəyməsi xüsusatı ilə bağlı cavabdehlərin sökülməsi qət edilmiş əmlakının səbəb olmasını sübut edə bilməmişdir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə olduğu təqdirdə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulmasına dair” tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiy instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar