Məhkəmə qərarları › İş №2(107)-502/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-502/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-502/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “maddi ziyan və dövlət rüsumu tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 maddi ziyana görə 5300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5330 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə maddi ziyanın əvəzində 40.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2004cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 10 ha torpaq sahəsi 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyatından keçirilmiş və bu barədə ona JN-7201 (kod 90502018) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” verilmişdir. Sonradan 2007ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri A.Nəcəfov tərəfindən məhkəmədə iddia qaldırılaraq sözügedən şəhadətnamə mübahisələndirilərək, ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, lakin iddia Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. 2008-ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri H.Əsədov tərəfindən də eyni məzmunlu iddia qaldırılmış, lakin eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Beləliklə, istinad edilən məhkəmə aktlarına əsasən ona icarə hüququ verən sənədlərin legitimliyi bir daha təsdiq olunmuşdur. 2019-2020-ci il mövsümü üçün həmin torpaq sahəsinin 2.5 ha hissəsində xəsil (taxıl), qalan hissəsində isə heyvandarlığı inkişaf etdirmək üçün bir-neçə il bundan qabaq yonca əkmişdir. Qanunvericiliyə əsasən onun 10 ha torpaq sahəsinin 3.3 ha hissəsində, yəni 1/3 hissəsində xəsil (taxıl) əkmək hüququ vardır. Ötən 16 il müddətində həmin torpaq sahəsindən istifadə etmiş, heyvandarlığın işkişaf etdirilməsi üçün xəsil və yonca əkməsinə bələdiyyə tərəfindən heç bir etiraz bildirilməmiş, ondan icarə haqları qəbul edilmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslər icarə torpaqlarında olan əkin sahələrini özbaşına mal-qaraya otararaq ziyanlıq vurmağa başlamışlar. O cümlədən onun icarəsində olan torpaq sahəsi hazırkı cavabdehlər tərəfindən otarılmışdır. Taxıl olan hissə otarılmadığı üçün bu barədə cavabdehlərə qarşı heç bir iddiası yoxdur. Lakin, heyvandarlığı işkişaf etdirmək üçün əkmiş olduğu yonca sahəsi cavabdehlər tərəfindən özbaşına və nümayişkarcasına mal-qaraya otarılaraq məhv edilmişdir. Etiraz etməsinə baxmayaraq yonca sahəsi bugünədək otarılır. Bütün bunların başında hazırkı cavabdehlər durur. Cavabdehlər heç etdiklərini inkar da etməmişlər. Əksinə sahənin örüş sahəsi olduğunu əsas gətirərək otardıqlarını məhkəmə iclaslarında da təsdiq etmişlər. Hətta, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavinləri Pərvin Mahmudovanın, Rəhman Feyzullayevin, kənd bələdiyyəsinin sədri Habil Əsədovun və başqa vəzifəli şəxslərin icazəsi ilə onun yonca sahəsini otardıqlarını bildirərək, özlərini haqlı saymışlar. Ona maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxslər kimi hazırkı cavabdehləri seçmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən torpaq sahəsinin yaxşılaşdırılması, istifadəyə yararlı hala salınması üçün xeyli sərmayə qoymuşdur. Cavabdehlərin özbaşına hərəkəti nəticəsində həmin sərmayə və cari il üçün 1-ci, 2-ci, 3-cü və 4-cü çalım yoncaya görə əldə oluna biləcək faydadan məhrum olmuşdur. Ona dəyən maddi zərəri 40.000 manat məbləğində qiymətləndirir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər qeyd edilən qanunsuz əməlləri ilə həm də sahibkarlığın inkişafına, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, onun icarə hüquqlarına dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşnalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşıyır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Alcanlı kəndində yaşayır. Bir neçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Ona görə də cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslərin icarəsində olan əkin sahələri otarılmışdır. O cümlədən İddiaçı taxıl sahəsinə dəyməsələr də, yonca sahəsini o da daxil olmaqla, digər cavabdehlər birlikdə otarmışlar. Hesab edir ki, sözügedən yer örüş sahəsi olduğu üçün icarəyə verilə bilməz və camaatın ümumi istifadəsində olmalıdır. Hətta, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavinləri Pərvin Mahmudovanın, Rəhman Feyzullayevin, kənd bələdiyyəsinin sədri Habil Əsədovun və başqa vəzifəli şəxslərin qəbullarında olarkən onlara sözügedən yerin kənd sakinlərinin örüş yeri olduğunu bildirmişlər. Ona görə də iddiaçının əkmiş olduğu yonca sahəsini otarmışlar. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Cavabdeh1 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir. Cari ilin əvvəllərindən başlayaraq ayrı-ayrı şəxslər Alcanlı kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinə özbaşına olaraq mal-qara salaraq otarmağa başlamışlar. Yaranmış narazılıqla bağlı Zərdab Rayon İcra Hakimiyyətində bir qrup kənd sakinlərini qəbul etmişdir. Ola bilər ki, hazırkı cavabdehlərdən də qəbulda olanlar olmuşdur. Lakin, onlara icarə torpağında olan əkinlərin otarılması barədə hər hansı bir tapşırıq verməmişdir. Əksinə qəbul zamanı sakinlərə özbaşına hərəkətlərə yol verməmələrini, yalnız qanunla müəyyən olunmuş qaydada hərəkət etməli olmalarını, əgər torpaqlar vaxtı ilə icarəyə verilərkən qanunun tələbləri pozulmaqla verilmiş olsa belə, həmin torpaqların geri qaytarılmasının yalnız qanuni yolla mümkünlüyünü izah etmişdir. Xüsusən də taxıl sahələrinin ən azından biçin başa çatanadək otarılmaması barədə tapşırıqlar vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Əsədov Habil Dövlətxan oğlu ifadəsində bildirmişdir ki, Zərdab rayonu Alcanlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cari ilin əvvəllərindən başlayaraq bəzi sakinlər Alcanlı kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinə özbaşına olaraq mal-qara salaraq otarmağa başlamışlar. Bununla bağlı Zərdab Rayon İcra Hakimiyyətində sakinlərin qəbulunda iştirak etmiş, həmçinin özü bələdiyyə sədri kimi bilavasitə söhbət zamanı sakinlərə, o cümlədən hazırkı cavabdehlərə özbaşına hərəkətlərə yol verməmələrini demişdir. İcarə torpağında olan əkinlərin otarılması barədə heç kimə hər hansı bir tapşırıq verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərdab RİHBA-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. Cari ilin əvvəllərindən başlayaraq bəzi sakinlər Alcanlı kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinə özbaşına olaraq mal-qara salaraq otarmağa başlamışlar. Bununla bağlı Zərdab Rayon İcra Hakimiyyətində sakinlərin qəbulunda iştirak etmiş, söhbət zamanı mütəxəssis kimi sakinlərə (ola bilər ki, hazırkı cavabdelərdən də qəbulda olanlar olmuşdur) özbaşına hərəkətlərə yol verməmələrini demiş, icarə torpağında olan əkinlərin otarılması barədə heç kimə hər hansı bir tapşırıq verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, onların mal-qara otardıqları yerlər 1-ci Alıcanlı kəndinin öruş sahələri olmuşdur. 1-ci Alıcanlı Bələdiyyəsinin İddiaçı ilə necə icarə müqaviləsi bağladığı onlara maraqlıdır. Örüş sahələri icarəyə verilə bilməz. Əlavə olaraq bildirlər ki, iddiaçı onun yonca sahəsini onların otarmaları barədə heç bir sübut təqdim etməmişdir. Onlar o sahələrdə olmamış, sadəcə kəndin örüş sahələrinin geri qaytarılmasına dair danışıqları olmuşdur. Zərdab Rayon Məhkəməsi heç bir sorğu vermədən, araşdırma aparmadan iddanı qismən təmin etmişdir. Azərbaycan Respublikası MPM-in 106-cı maddənin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd etdikləri halları nəzərə almamaqla maddi və prosessual hüquq normalarını pozduğundan Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 apellyasiya şikayətinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)- 224/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bələdiyyənin xx.xx.2004-cü il tarixli 05 saylı qərarı əsasında bağlanmış eyni tarixli 09 saylı icarə müqaviləsindən görünür ki, həmin bələdiyyənin 10 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı 25 il müddətinə icarəyə verilmişdir. İşdə olan JN - 7201 (kod 90502018) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinə məxsus olan 10 ha torpaq sahəsi həmin bələdiyyənin xx.xx.2004-cü il tarixli 05 saylı qərarı və xx.xx.2004-cü il tarixli 09 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-71-2007 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı torpaqdan müvəqqəti istifadə hüququna dair verilmiş JN - 7201 (kod 90502018) nömrəli Şəhadətnamənin ləğv edilməsi barədə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri A.Nəcəfov tərəfindən verilmiş iddia rədd edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-94/2008 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı torpaqdan müvəqqəti istifadə hüququna dair verilmiş JN-7201 (kod 90502018) nömrəli Şəhadətnamənin ləğv edilməsi barədə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün imtina edilmişdir. İşdə olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli etiraz ərizəsindən görünür ki, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavinləri Pərvin Mahmudovanın, Rəhman Feyzullayevin, kənd bələdiyyəsinin sədri Habil Əsədovun və başqa vəzifəli şəxslərin qəbullarında olarkən onlara mübahisəli yerin kənd sakinlərinin örüş yeri olduğu bildirildiyi üçün mal-qaraya otardıqlarını bildirmişlər. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab Dövlət X3 mütəxəsisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı qərarına əsasən İddiaçı icarəyə verilmiş torpaq sahəsində əkilmiş yonca sahəsindən 1-ci biçim üçün qiyməti 2.30-2.40 manat olmaqla 550-650 ot kipi, 2-ci biçim üçün qiyməti 4.00-4.20 manat olmaqla 440-460 ot kipi, 3-cü biçim üçün qiyməti 3.40-3.50 manat olmaqla 410-430 ot kipi, 4-cü biçim üçün qiyməti 2.80-2.90 manat olmaqla 250-300 ot kipi olmaqla ümumilikdə 5300-5500 manat dəyərində məhsul (yem) götürülə bilərdi. Birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinin az bir hissəsində taxıl əkildiyi, qalan hissəsində isə bir neçə il əvvəl yonca əkildiyi, yonca sahəsinin mal-qaraya otarılması səbəbindən sahədə məhsul olmadığı, taxıl sahəsinin isə otarılmadığı müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 10 ha torpaq sahəsi 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyatından keçirilmiş və bu barədə iddiaçıya JN - 7201 (kod 90502018) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Sonradan 2007-ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri A.Nəcəfov tərəfindən məhkəmədə iddia qaldırılmaqla sözügedən şəhadətnamə mübahisələndirilərək, ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, lakin iddia Zərdab Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-71-2007 nömrəli qətnaməsi ilə rədd edilmişdir. 2008-ci ildə Zərdab rayonu 1-ci Alcanlı bələdiyyəsinin sədri H.Əsədov tərəfindən də eyni məzmunlu iddia qaldırılmış, lakin eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-94/2008 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı 2019-2020-ci il mövsümü üçün həmin torpaq sahəsinin 1/3 hissəsindən artıq olmayan 2.5 ha hissəsində taxıl (xəsil), qalan hissəsində isə heyvandarlığı inkişaf etdirmək üçün birneçə il qabaq yonca əkmişdir. İddiaçı ötən 16 il müddətində hər hansı bir kənar maneə olmadan həmin torpaq sahəsindən istifadə etmiş, icarə müqaviləsindən irəli gələn öhdəliklərini də lazımi qaydada yerinə yetirmişdir. Lakin, cari ilin əvvəllərindən başlayaraq torpaq sahəsindəki yonca əkini hazırkı cavabdehlər tərəfindən iddiaçının iradəsinə zidd olaraq mal-qaraya otarılmış və nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunan hallarına və işdə olan Zərdab Dövlət X3 rəyinə istinadən hesab etmişdir ki, iddiaçının cavabdehlər tərəfindən pozulmuş icarə və mülkiyyət hüquqları bərpa edilməli, bu məqsədlə iddia qismən təmin edilərək, dəymiş maddi zərərin əvəzi mütəxəssis rəyinə əsasən müəyyən edilmiş aşağı həddə uyğun, yəni 5300 manat miqdarında nəzərə alınmaqla cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında işi araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş, iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mübahisəli torpaq sahəsi Zərdab rayonu 1-ci Alcanlı Bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq bələdiyyə həmin torpaq sahəsini iddiaçıya icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirməkdə haqlı olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.2-ci maddəsinə görə, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Həmin Qanunun 5.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sözügedən icarə müqaviləsi hər hansı qanuni əsasla, o cümlədən məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olan torpaq sahəsinə birbaşa müdaxilə etməsi, əkin altında olan həmin torpaq sahəsinə mal-qara salınması və əkinin mal-qaraya otarılması icarəçinin icarə və mülkiyyət hüquqlarına qəsd edən, ona birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməl, eyni zamanda qanunla qadağan olunan özbaşınalıqdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Habelə, Mülki Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə, bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə görə, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 158-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır... Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər iddiaçının icarəsində olan yonca sahəsinə mal-qara salaraq otarmalarını inkar etmədikləri halda iddianı qəbul etməsələr də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını əsaslandıra bilməmişlər. Ona görə də məhkəmə haqlı olaraq cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini iddiaçıya ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşnalıq kimi qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclaslarında iddiaçının izahatı ilə yanaşı, cavabdehlərin öz izahatları, istinad edilən iş materialları və mütəxəssis rəyi ilə iddianın əsaslı olduğu kifayət qədər sübut olunur. Odur ki, iddiaçıya məxsus əkin (yonca) sahəsinin özbaşına otarılmasına hazırkı cavabdehlərin aidiyyəti və təqsirli olması sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının qənaətincə, işdə olan sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrə uyğundur və həmin nəticələrə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı onun yonca sahəsini onların otarmaları barədə heç bir sübut təqdim etməmişdir. Onlar o sahələrdə olmamış, sadəcə kəndin örüş sahələrinin geri qaytarılmasına dair danışıqları olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin həmin dəlilləri onların birinci instansiya məhkəməsində vermiş olduqları izahatları ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdehlər birinci instansiya məhkəməsində izahat verərkən onların malqarasının örüşsüz qaldığını, ona görə də cari ilin əvvəllərindən başlayaraq şəxsi təsərrüfatlarındakı mal-qaranı ayrı-ayrı şəxslərin icarəsində olan əkin sahələrində otardıqlarını, o cümlədən İddiaçı taxıl sahəsinə dəyməsələr də, yonca sahəsini birlikdə otardıqlarını bildirmişlər. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri özünümüdafiə xarakterlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mülki qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şahalı oğlu, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-224/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar