Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-502/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, onunla cavabdeh arasında qızıl əşyalarının alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. Cavabdeh 2020-ci ilin dekabr ayından 2022-ci ilədək iddiaçıdan nisyə olaraq 27.700 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Cavabdeh həmin qızılların dəyərini ödəməkdən imtina edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.700 manat pulun və 173 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin dekabr ayından başlayaraq, 2022-ci ilədək ümumilikdə 27.700 manat dəyərində zinət əşyalarını cavabdehə satmışdır. Bütün bunları cavabdeh özü məhkəmə prosesində də etiraf edəcəkdir. Qeyd olunun zinət əşyaları onun əmlakı olmuşdur. Cavabdeh həmin əmlakı ondan götürərək satacağını və bunun müqabilində pulunu qaytaracağını vəd vermişdir. Ancaq cavabdeh nə pulunu, nə zinət əşyalarını ona qaytarmışdır. Ona məlum olmuşdur ki, cavabdeh ona aid olan zinət əşyalarını satmış və borcalarına sərf etmişdir. Cavabdehdən bir neçə dəfə ona olan borcunu qaytarılmasını istəsə də, cavabdeh hər dəfə onu aldatmış, pulunu qaytarmaqdan yayınmışdır. Həmin pulun onda olmasını və ona qaytarmaq istəmədiyini müəyyən edən kifayət qədər, yetərincə təkzibedilməz sübutları mövcuddur. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1923/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Əliyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 27.700 manat dəyərində qızıl-zinət əşyalarını satmasını, nəticədə cavabdehin ona 27.700 manat borcu qaldığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfin müvafiq flaşkartda sübut kimi təqdim etdiyi video materialla bağlı qeyd etmişdir ki, həmin video görüntülər iştirakçıların xəbəri olmadan qeydə alındığından, habelə həmin görüntüdəki şəxsin məhz Cavabdeh Əlyar qızının olub-olmaması məlum olmadığından Azərbaycan Respublikası Konstitusiyasının və Mülki prosessual qanunvericiliyin normalarına əsasən sübut növü hesab oluna bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 387.2, 406.1, 441.1, 441.4, 442, 448.2, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10, 14.1, 77.1, 88, 95.1, 95.2, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Cavabdehin məhkəmə prosesinə gətirilməsi təmin edilməmişdir. İş üçün əhəmiyyət kəsb edən hal iddiaçının sübutları ilə bərabər cavabdehin də mövqeyidir. Bu səbəbdən də cavabdehin məhkəməyə gətirilməsi üçün bütün imkanlardan istifadə edilməmişdir. İşdə əhəmiyyətli hal rəsmi qəbzdir. Onu da iddiaçı məhkəməyə rəsmən təqdim edəcək. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (və ya) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi halı kimi qiymətləndirilir. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və birinci instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Rayon Məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehə 2020-ci ildən başlayaraq 2022-ci ilədək ümumilikdə 27.700 manat məbləğində qızıl-zinət əşyaları satması hallarına işin faktiki hallarını araşdıran məhkəməyə hər hansı mötəbər sübut verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yeganə sübut kimi Rayon Məhkəməsinə təqdim etdiyi videogörüntü ilə də iddiaçının cavabdehə 27.700 manat məbləğində qızıl-zinət əşyalarını satmasını və cavabdehin iddiaçıya həmin məbləğdə borcunun olmasını müəyyən etmək qeyri-mümkündür. Bundan başqa, işə apellyasiya qaydasında baxılması zamanı iddiaçı Məhkəməyə qəbz təqdim etmişdir. Həmin qəbzdə aşağıdakılar qeyd olunmuşdur: “Mən Cavabdeh bildirirəm ki, mən borcum olan 27.000 min yeddi yüz manata qarşı 8000 (səkkiz min) manatı ödəməyi üzərimə götürürəm. Onu da hissə-hissə ödəyəcəyəm. Qəbzi oxudum. Düzdür. Öz imzamla və familiyamı yazmaqla təsdiq edirəm. X2 8000 manatı hissə-hissə ödəyəcəyəm. 27.000 yeddi yüz borcumdan yalnız 8000 ödəyə bilərəm. İmza: Abışov İfdə. Abışov Natiq. xx.xx.2023 il”. Məhkəmə hesab edir ki, sözügedən qəbz iddiaçının dəlillərini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən sübut kimi sonuncunun təqdim etdiyi qəbzin tarixindən görünür ki, həmin qəbz hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra tərtib edilmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı apellyasiya baxışında yeni sübutun araşdırılmasına nail olmaq istəyir. Lakin MPM-nin 372.2-ci maddəsinə görə, bu hal yolverilməzdir. Digər bir tərəfdən həmin qəbzdəki imzanın və əlyazma yazısının məhz cavabdehə aid olması iş materialları ilə təsdiq olunmur. Bundan başqa, Məhkəmə sözügedən qəbzin məzmununa uyğun olaraq cavabdeh tərəfindən tərtib edilmiş notarial qaydada təsdiq olunmuş sənədin təqdim olunmasını iddiaçıya təklif etmiş və bu məqsədlə məhkəmə iclasını təxirə salmışdır. Lakin növbəti məhkəmə iclasında iddiaçı belə bir sənədi təqdim etməmişdir. Belə olan vəziyyətdə, Məhkəmə hesab edir ki, mülahizələrə və ya ehtimallara əsaslanan qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilə bilməz. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2020-ci ildən 2022-ci ilədək iddiaçının cavabdehə qızıl-zinət əşyalarını satmasına və bunun nəticəsində cavabdehin iddiaçıya ümumilikdə 27.700 manat məbləğində borcun yaranmasına dair heç bir sübut təqdim edilməmişdir. Belə olan təqdirdə, Məhkəmə hesab edir ki, ehtimallar əsasında qəbul ediləcək qərar qanuni və əsaslı görünməyəcəkdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddianın sübuta yetirilməməsi əsası ilə təmin etməyən Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının dəlilləri müzakirə olunan hissədə əsassızdır. Bunlardan başqa, iddiaçı apellyasiya şikayətində göstərir ki, mübahisənin düzgün həllində cavabdehin öz mövqeyini bildirməsi əhəmiyyət kəsb edir. Lakin Rayon Məhkəməsi cavabdehin məhkəməyə gətirilməsi üçün bütün imkanlardan istifadə etməmişdir. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunda nəzərdə tutulmuş qaydada məlumat versə də, cavabdeh məhkəmə baxışı iclaslarında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Bunu və MPM-nin 185.5-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2023-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-502/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-502/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver