Məhkəmə qərarları › İş №2(107)-504/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-504/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-504/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-661/2008 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı “Gred Aqro” QBKT cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gred Aqro” QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli CAŞƏK 14247/07 nömrəli kredit müqaviləsi əsasında 3112 manat əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 235 manat məbləğində faiz borcu, hər gecikdirilmiş günə görə 30 manat cərimə borcu olmaqla, cəmi 3377 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3nndan müştərək qaydada alınıb “Gred Aqro” QBKT-nin hesabına ödənilməsi və müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə xx xxxxxx 2008-ci il tarixdə baxılaraq 2(075)-661/2008 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamədən Cavabdeh3 məhkəməyə apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(075)-661/2008 nömrəli qətnaməsinin ləğv edilməsi və ona qarşı qoyulan tələbə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(075)- 661/2008 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 661/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 məhkəməyə şikayət göndərərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-661/2008 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hakim hazırkı qərardadda onu Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008- ci il tarixli qətnaməsi üzrə “cavabdeh” olduğunu göstərir. Əgər bu həqiqətdirsə, doğrudursa, göstərilsin görək sözügedən qətnamənin harasında yazılıb ki, o, həmin iş üzrə “cavabdeh” olmuşdur. Əgər o, həqiqətən “cavabdeh” idisə, bəs niyə məhkəmə prosesinə cəlb edilməmiş və aradan 12 il ötdükdən sonra da, hətta bu günə qədər də məhkəmə tərəfindən bu haqda məlumatlandırılmamışdır. Yəni sözügedən qətnamə ona məhkəmə tərəfindən deyil, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən onun xahişi ilə kserosurət şəklində verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 şikayəti müdafiə edərək onun təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 661/2008 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti üzrə işə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 oğlu qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “Gred Aqro” X3 Təşkilatı nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-661/2008 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə görə, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, iddiaçı “Gred Aqro” QBKT-ın cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə xx xxxxxx 2008-ci il tarixli 2(075)-661/2008 saylı qətnamə çıxarılmışdır. İşdən görünür ki, həmin 2 (075)-661/2008 nömrəli mülki iş materialı arxivə təhvil verilməklə məhv edilmiş və Şəki Rayon Məhkəməsində yalnız həmin mülki iş üzrə çıxarılmış qətnamə saxlanılmışdır. Şəki Rayon Məhkəmə İcraçıları Bölməsinin (indiki Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi) xx xxxxxx 2008-ci il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2 (075)-661/2008 saylı qətnaməsi üzrə xx.xx.2008-ci il tarixdə icra hərəkətlərinə başlanılmış və borclu Cavabdeh3 “Tələbin könüllü icrası haqqında” xx xxxxxx 2008-ci il tarixli bildiriş göndərilmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2 (075)- 661/2008 nömrəli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququnun izah olunmasına baxmayaraq, məhkəmə qətnaməsinin qəbul edilməsindən 12 ildən artıq müddət keçdikdən sonra Cavabdeh3 apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bununla da qeyd edilən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsi Cavabdeh3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2 (075)-661/2008 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-661/2008 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-661/2008 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxx 2010-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar