Məhkəmə qərarları › İş №2(107)-504/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-504/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-504/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ekspertiza tədqiqatı, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı X13 Dəmir Bank ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X13 Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsindən iddiaçı Açıq Səhmdar Cəmiyyəti Dəmir Bankı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 588.21 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən cavabdehin qalıq borcu 5260.61 ABŞ dolları məbləğdə təşkil etmişdir. Hazırda Bank tərəfindən Müqavilələr, Əlavə Sazişlər və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 6370 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa məxaric orderinin əslindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Kassa-məxaric orderində ödənişin təyinatı kimi “Kredit” göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İş üzrə iddiaçı LPO DəmirBank ASC-nin nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, DəmirBank ASC ilə kredit müqaviləsi bağlamamış, ümumiyyətlə banka gedərək kredit götürməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, LPO DəmirBank» ASC-nin Cavabdeh 588.21 ABŞ dolları əsas kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 70 manat ekspertiza xərcinin iddiaçı "xxxx" ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 oktyabr 2014-cü il tarixdə Cavabdeh ilə Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verildiyini, eləcə də Həmin Kredit müqaviləsi üzrə əlavə saziş bağlandığını qeyd etmişdir. Bundan başqa cavabdehlə bağlanmış kredit müqaviləsi, əlavə Sazişlər və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsi mümkün olmadığından, 6370 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən bankın kassasından alınmasını təsdiq edən kassaməxaric orderini mötəbər sübut kimi məhkəməyə təqdim edir.

7. Cavabdeh məhkəmə baxışı zamanı izahatında DəmirBank ASC ilə kredit müqaviləsi bağlamadığını, kredit götürmədiyini bildirir. Qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə, məhkəmə tərəfindən, məhkəmə xəttşunaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəy verərək xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa Məxaric orderində “İMZA” qrafasında imzanın - Cavabdeh tərəfində icra olunub-olunmamasının müəyyən etməyin mümkün olmadığını bildirmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 6370 ABŞ dolları kredit verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi tərəflər arasında kredit müqaviləsinin bağlanmasına, Cavabdeh 6370 ABŞ dolları kredit verilməsinə əsas ola bilən hal, məhkəmə baxışı zamanı müəyyən edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməli, 70 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinə ödənilməlidir.

11. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" ASC-nin Cavabdeh 588.21 ABŞ dolları əsas kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan iddiaçı LPO DəmirBank ASC apellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 1/12/72565048 USD nömrəli xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən aydın olur ki, borclu Cavabdeh bank tərəfindən 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz əl yazması və imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasən Cavabdeh pul kredit əsasında verilmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

15. Cavabdeh məhkəmə baxışı zamanı izahatında İddiaçı ASC ilə kredit müqaviləsi bağlamadığını, kredit götürmədiyini bildirmişdir. Qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspert qarşısında «Təqdim edilmiş ekspertiza obyekti olan xx.xx.2014- cü il tarixli Kassa Məxaric orderində“məbləği aldım” ifadəsinin qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdirmi?» məzmunlu sual qoyulmuşdur. Ekspert isə rəy verərək xx.xx.2014-cü il tarixli 1/12/72565048 USD nömrəli Kassa Məxaric orderində “İMZA” qrafasında imzanın – Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etməyin mümkün olmadığını bildirmişdir.

16. Birinci instansiya məhkəməsi isə ekspertin rəyini mötəbər sübut kimi qəbul edib, ekspert X4 11 noyabr 2022-ci il tarixli 4/1418 saylı rəyinə əsaslanaraq iddia tələbini rədd etmiş, halbuki həmin rəyin “tədqiqatının nəticəsi” hissəsində xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin aşağı hissəsindəki “İMZA” qrafasındakı imzanın-Cavabdeh tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün olunmadığı qeyd olunmuşdur.

17. Göründüyü kimi, rəyin nəticə hissəsi qeyri-dəqiqdir. Belə ki, aparılmış tədqiqat üzrə rəy 2 formada ola bilərdi. İlkin olaraq ekspert rəy verə bilərdi ki, imza şəxs tərəfindən icra olunmuşdur. İkinci halda isə imza həmin şəxs tərəfindən icra olunmamışdır kimi qeyd edilə bilərdi. Lakin hazırki iş üzrə isə ekspertin bu iki konkret nəticələrdən heç birinə gələ bilməməsi və yekunda rəy verə bilməməsi məntiqsizdir.

18. Belə ki, ekspert tərəfindən natamam və qeyri-dəqiq formada rəy o halda verilə bilərdi ki, tədqiqat üçün imza nümunələri tam olaraq ekspertə təqdim olunmasın. Lakin iş materiallarından da aydın şəkildə görünür ki, 05 vərəqədə xətt nümunəsi mülki iş materiallarına əlavə edilərək rəy verilməsi üçün qərardla birlikdə ekspertiza mərkəzinə göndərilmişdr.

19. Odur ki, ekspert tərəfindən verilmiş rəy natamam, qeyri-dəqiq olduğundan təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Lakin məhkəmə isə qeyd edilən bu kimi halları nəzərə almayaraq əlavə və ya təkrar xəttşünaslıq ekspertizası təyin etmədən, yalnız 11 noyabr 2022-ci il tarixli 4/1418 saylı əsassız ekspert rəyinə əsaslanmaqla iddia tələbini rədd etmiş və nəticə etibarı ilə iddiaçı bankın maraqlarına toxunan yekun məhkəmə aktı qəbul etmişdir.

20. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.

21. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsini ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına göndərdiyi teleqramında təyin edilmiş məhkəmə iclasına səhhəti ilə bağlı gələ bilmədiyini göstərib, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də səhhətinin vəziyyəti ilə bağlı məhkəməyə heç bir sənəd göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(046)-73/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, LPO iddiaçı DəmirBank ASC Cavabdeh ilə 14 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kreditin verilməsinə, eləcə də həmin kredit müqaviləsi üzrə əlavə sazişin bağlanmasına baxmayaraq, cavabdehlə bağlanmış kredit müqaviləsi, əlavə sazişlər və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmamasına, verilmiş kreditin əksər hissəsinin geri qaytarılmasına baxmayaraq, hesabdan çıxarış məlumatları ilə 588,21 ABŞ dollarının ödənilməməsinə istinad edərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını tələb edir. İddia tələbini təsdiq edəcək yeganə sübut kimi üzərində cavabdehin adından altı min üç yüz yetmiş ABŞ dollarının alınmasına dair yazının yazıldığı və imzanın icra edildiyi 14 oktyabr 2014-cü il tarixli kassa məxaric orderinə istinad edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında sərbəst imza və xətt nümunələrini təqdim etmiş Cavabdeh DəmirBank ASC ilə kredit müqaviləsi bağlamadığını, kredit götürmədiyini bildirmişdir.

32. Apellyatorun apellyasiya şikayətinin xx.xx.2014-cü il tarixli kassa məxaric orderi ilə bank tərəfindən borclu Cavabdeh 6370 ABŞ dolları məbləğində kreditin verilməsi, borclunun həmin krediti aldığını öz əl yazması və imzası ilə təsdiq etməsi, kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasına dair dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etməklə sərbəst imza və xətt nümunələrini məhkəməyə təqdim edən cavabdeh onun tərəfindən bankdan kreditin götürülmədiyini bildirmişdir. Bununla bağlı təyin edilmiş və iş materialına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 4/1418 nömrəli rəyində də Cavabdeh adına olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin aşağı hissəsindəki “İMZA” qrafasındakı imzanın- Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Yəni iddiaçı bankın təqdim etdiyi kassa məxaric orderindəki imzanın cavabdeh tərəfindən icra edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda kassa məxaric orderinin mötəbər sübut kimi qəbul edilməsi mümkünsüzdür.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 11 noyabr 2022-ci il tarixli 4/1418 saylı rəyin nəticə hissəsinin qeyri-dəqiq olması, məhkəmənin əlavə və ya təkrar xəttşünaslıq ekspertizası təyin etmədən, yalnız 11 noyabr 2022-ci il tarixli 4/1418 saylı əsassız ekspert rəyinə əsaslanmaqla iddia tələbini rədd etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsinə baxmayaraq, rəy verilməsi üçün ekspert tərəfindən Cavabdeh 3-5 sənəddə sərbəst imza, 5-10 vərəqədə “Aлтымин уч jуз jетмиш Авш доллагы” yazılarının dəfələrlə yazdırmaqla və qarışıq mətndən ibarət əlavə eksperimental xətt nümunələrinin təqdim edilməsi təklif edilmişdir. Hansı ki, həmin nümunələr birinci instansiya məhkəməsi tərəfindən əldə edilərək ekspertizaya təqdim edilmişdir. İşdə imza və xətt nümunələri olduğu halda eyni bir şəxsdən həmin nümunələrin təkrar istənilməsi zərurəti əsaslandırılmamışdır.

34. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsinin yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarması, məhkəmənin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamasına dair dəlillərini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə araşdırması zamanı təqdim edilən sübutlara qiymət verərək iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı bank cavabdehə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verildiyini göstərsə də, cavabdehə qeyd edilən kredit məbləğinin verilməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir.

36. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

37. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı X13 Dəmir Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X13 Dəmir Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar