Məhkəmə qərarları › İş №2(107)-504/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-504/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-504/2025 14.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)-271/2025 saylı qətnaməsindən iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli 88NPM saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, 2300 manat məbləğində kredit vermişdir. Cavabdeh əldə etdiyi pul vəsaitini müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023cü il tarixli 88NPM saylı kredit müqaviləsinə əsasən 1899 manat əsas kredit borcu, 359,07 manat faiz borcu, 265 manat cərimə borcu olmaqla, cəmi 2523,07 manat məbləğində pulun və ödənilmiş 45,24 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli 88NPM saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 1899 manat əsas kredit borcu, 359,07 manat faiz borcu, 265 manat cərimə borcu olmaqla, cəmi 2523,07 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli 88NPM saylı kredit müqaviləsinə əsasən 1899 manat əsas kredit borcu, 359,07 manat faiz borcu, 265 manat cərimə borcu olmaqla, cəmi 2523,07 manat məbləğində pulun və ödənilmiş 45,24 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli 88NPM saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, 2300 manat məbləğində kredit vermişdir. Cavabdeh əldə etdiyi pul vəsaitini müqavilədə göstərilən müddət ərzində hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə və borcun ödənilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

6. Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli bildirişə əsasən cavabdehdən 857,31 manat əsas, 178,67 manat faiz, 155 manat cərimə olmaqla, cəmi 1190,98 manat cəmi borcu alınıb iddiaçıya verilməlidir.

7. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı bankın cavabdeh tərəfə 857,31 manat əsas, 178,67 manat faiz, 155 manat cərimə olmaqla, cəmi 1190,98 manat faiz borcu göstərilməklə, borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)-271/2025 saylı qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, Cavabdeh 857,31 manat əsas, 178,67 manat faiz, 15 manat cərimə olmaqla, cəmi 1050,98 manat məbləğində pulun tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 30,50 manat məbləğində hissəsinin Cavabdeh alınıb iddiaçı BOKT "xxxx" QSC-yə verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 448, 739, 741 və 743-cü maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli 88NPM saylı kredit müqaviləsi cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş maliyyə arayışı

11. Qətnаmədən nаrаzı qаlаn iddiaçı BOKT "xxxx" QSC аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı BOKT "xxxx" QSC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmununu təhrif edərək göstərmişdir ki, guya iddiaçı BOKT "xxxx" QSC Cavabdeh 857.31 manat məbləğində olan əsas borcu tələb etmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu və digər sənədlərdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 1.899 manat ümumi, 857.31 manat vaxtı keçmiş borc (yəni qrafik borcu), 178.67 azn faiz və 155 manat məbləğində dəbbə pulunun (cərimə) qaytarılmasını tələb etmişlər. Məhkəmə borclunun öhdəliyindən faktiki nə qədər ödədiyini (cari hesabdan çıxarış) müəyyənləşdirməmiş, bu isə mühüm maliyyə əhəmiyyəti kəsb edir. Başqa sözlə, xəbərdarlıq məktubunda Cavabdeh kredit müqaviləsi üzrə 1.899 manat ümumi, 857.31 manat vaxtı keçmiş borc (yəni qrafik borcu), 178.67 azn faiz və 155 manat məbləğində dəbbə pulunun (cərimə) qaytarılmasını tələb etməyinə baxmayaraq, bu faktiki hal aydınlaşdırılmamışdır. Məhkəmə 857.31 manat pulu təmin etməklə heç bir qanuni əsas olmadan onları 1041,69 manat məbləğində maddi ziyana salmışdır.

13. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)- 271/2025 saylı qətnaməsinin qismən ləğv edilməsini və 1.899 manat əsas, 359.07 manat faiz, 265 manat cərimə və 45.24 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı BOKT "xxxx"QSC-nin xeyrinə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)- 271/2025 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Belə ki, kreditor olan iddiaçı QSC ilə borcalan cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli 88NPM saylı kredit müqaviləsindən və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən QSC-dən 12 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsilə 2300 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, QSC-yə olan borcunu ödəməmişdir. Nəticədə onun iddiaçı QSC-yə borcu yaranmış, QSC həmin məbləğlərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh borcunu ödəməmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 1899 manat, faiz borcu 359.07 manat, cərimə borcu 265 manat olmaqla, ümumilikdə borcu 2523.07 manat təşkil edir. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Yəni, iddia müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə cavabdehə həmin tarixə olan 857.31 manat məbləğində əsas, 178.67 manat məbləğində faiz, 155 manat məbləğində cərimə borcu olmaqla, yaranmış borcun 15 avqust 2024-cü il tarixinə kimi ödəməyi təklif edilmiş, əks təqdirdə müqavilənin ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi həmin məktubda müqavilənin gələcəkdə ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, müqavilə tərəfi olan cavabdehə ünvanlanmış həmin məktubun tarixindən etibarən “Kredit müqavilənin” ləğv edilmiş hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün deyil. Birinci instansiya məhkəməsi həmin əsasla iddianı qismən təmin etməkdə haqlı olmamışdır.

22. Cavabdehdən tutulmalı olan cərimə borcuna gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad etməklə iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Bununla bərabər, iddiaçının tələb etdiyi əsas və faiz borclarının məbləğini xx.xx.2024-cü il tarixli məktuba əsasən, cərimə məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən müəyyən etmişdir. Məhkəmənin Mülki Məcəllənin 445.7-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinadının hansı məqsəd daşıdığı müəyyən edilmir. Nəzərə alınmalıdır ki, həmin maddənin tələbi müqavilənin ləğvindən sonra gecikdirilmiş vaxt üçün hesablanan faizin məbləğini müəyyən edir. Həmin norma hazırki işə tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, 265 manat cərimə borcu (əsas borc məbləğinin təxminən 14%-i) 1899 manat əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 133 manat (əsas borc məbləğinin təxminən 7%-i) məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İddiaçı QSC-nin iddia ərizəsi və apellyasiya şikayəti əksərən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45.24 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22,62 manat dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın cərimə borcuna aid 118 manat və əsas və faiz borclarına aid təmin edilməmiş hissələrində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)-271/2025 saylı qətnaməsi qismən – iddianın rədd edilmiş 1041.69 manat əsas, 180.4 manat faiz və 118 manat cərimə borcuna aid hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 1041.69 manat əsas, 180.4 manat faiz və 118 manat cərimə olmaqla, cəmi 1340.09 manat və iddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş cəmi 37.36 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402 -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(051)-271/2025 saylı qətnaməsi qismən – iddianın rədd edilmiş 1041.69 manat əsas, 180.4 manat faiz və 118 manat cərimə borcuna aid hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 1041.69 manat əsas, 180.4 manat faiz və 118 manat cərimə olmaqla, cəmi 1340.09 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 14.74 manat və apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 22.62 manat, cəmi 37.36 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar