Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-506/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 26 oktyabr 2021-ci il tarixdə iddiaçı Balakən rayonu Qabaqçöl qəsəbəsində at üzərində hərəkətdə olarkən cavabdeh idarə etdiyi avtomobillə onu vurmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus at ölmüş, iddiaçı isə sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almışdır. 01 oktyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Cavabdeh(cavabdeh) barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus damazlıq cins çapar atın dəyəri olan 12.000 manat, cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 9 ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün itirilmiş gəlirinin əvəzi olan 3.500 manat pulun, ona dəymiş mənəvi ziyanın əvəzi olan 1.000 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 140 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş üzrə Cavabdeh təqsiri üzündən o, xəsarət almış, ona məxsus mələz cinsi yarış atı isə ölmüşdür. Həmin hadisədən sonra 9 ay yataq şəraitində müalicə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısının 01 oktyabr 2022-ci il tarixli qərarına əsasən “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərardan da göründüyü kimi, iş üzrə Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və 8 noyabr Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 8-ci bəninə əsasən iş üzrə icraata xitam verilmişdir. İş üzrə Cavabdeh ona ümimilikdə vurduğu ziyanın həcmi 16.500 manat təşkil edir. Belə ki, Cavabdeh təqsiri ucabatında dəyəri 12.000 manat təşkil edən damazlıq cins çapar at ölmüş; 9 ay ərzində əmək fəaliyyətindən məhrum olunduğu üçün aylıq minimum 400 manat, ümumilikdə ortalama 3.500 manat gəlirdən məhrum olmuş; həmçinin keçirdiyi həyəcan və stresə görə, o cümlədən, fiziki iztirablara görə ona 2.000 manat da mənəvi ziyan dəymişdir. İş üzrə Cavabdeh ona vurduğu ümumilikdə 16.500 manat pulu tələb etməyinə baxmayaraq, sonuncu bundan qanunsuz və əsassız olaraq imtina etmiş və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarın 3-cü vərəqəsinin birinci abzasında göstərilmişdir: “xx.xx.2021-ci il tarixdə Behalov X2 RPŞ-nə təkrar ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, həmçinin sonuncu barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Cavabdeh barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir”. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şifahi Ərizə- Protokolunda Azərbaycan Respublikası CPM-nin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdar edilmiş vətəndaş İddiaçı bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə Balakən rayonu Hənifə kəndindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində at belində gedirdi. Talalar kəndində “Pərşanın döngəsi" adlanan yerə çatdıqda arxadan gələn avtomaşın onu vuraraq yolun kənarına yıxmışdı. Baş vermiş hadisə zamanı xəsarət alsa da, həmin onu avtomaşınla vuran adını sonradan bildiyi Cavabdeh heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş maddi, mənəvi ziyan tam ödənilmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etdi və Cavabdeh barəsində açılmış məhkəməyədək icraat materialına bəraət verməyən əsaslarla xitam verilməsini xahiş etdi". İddiaçı xx.xx.2021-ci il tarixli Protokolu şəxsən imza etmiş və bununla da öz iradə ifadəsini imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Министерство сельского хозяйства Союза ССР” sözləri yazılmış blankın nə vaxt tərtib olunması böyük şübhə doğurduğundan, tərtib olunma tarixini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin olunmalıdır və işin obyektiv araşdırılması məqsədi ilə məhkəmədən həmin sənədin ekspertizaya göndərilməsini xahiş edir. Belə ki, həmin sənədin qeydiyyatdan keçməsi və atın sahibi barədə məlumatlar həmin sənəddə öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi 9 ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün aylıq minimum 400 manat, ümumilikdə ortalama 3.500 manat gəlirdən məhrum olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ona məxsus olmuş at damazlıq cins çapar at olmuşdur. Lakin bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı halların möcudluğunu sübuta yetirməlidir. Balakən Rayon Məhkəməsinin (bundan sonra - Rayon Məhkəməsi) e-2(019)- 176/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh atın dəyəri olan 3.000 (üç min) manat və dəymiş mənəvi ziyanın əvəzi olan 500 (beş yüz) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 29,70 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən sözügedən atın damazlıq cins yarış atı kimi qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu xüsusda məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20 aprel 2017-ci il tarixdə verilməsi göstərilən “Племенное Свидетельство” sənədi mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin sənədin verilməsi göstərilən 20 aprel 2017-ci il tarixdə SSRİ adlı dövlət mövcud olmamışdır və belə bir sənədin həmin vaxt mövcud olmayan SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməsi və həmin sənədin həqiqi və mötəbər olması əsaslı şübhələr doğurur. Bu şübhələr onunla güclənir ki, həmin şəhadətnamədə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin möhürü deyil, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Mərkəzinin möhürü əks olunmuş, şəhadətnamənin harada və hansı nömrə ilə qeydiyyata alınması göstərilməmişdir. Həmçinin qeyd edildiyi kimi, həmin at damazlıq çapar cins at olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nəzirliyndə qeydiyyata alınmamış və ya onun başqa hər hansı dövlətdə cins at olaraq qeydiyyatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində tanınmamışdır. Eyni zamanda həmin atın cins at olaraq İddiaçı adına qeydiyyata alınması həmin səndlə təsdiq olunmur. Məhkəmə həmçinin işdə olan anası Klopatra, atası Zubr olan Patrik adlı xx.xx.2016 doğum tarixli erkək atın həqiqətən Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan Respublika Atçılıq Turizm Mərkəzində qeydiyyatda olması barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının xx.xx.2023-cü il tarixli 101 nömrəli məktubunu da sözügedən atın damazlıq cins at olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi, atın damazlıq cins at olaraq qeydiyyatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir ki, həmin nazirlikdə də belə bir qeydiyyat mövcud deyildir. Qanunvericiliyə əsasən da Respublika Atçılıq Turizm Mərkəzi damazlıq cins atın qeydiyyatını aparan və ya Azərbaycan Respublikasında tanıyan təşkilat deyildir və həmin mərkəzin belə bir səlahiyyəti yoxdur. Digər tərəfdən həmin məktubda həmin atın İddiaçı məxsus damazlıq cins at olması təsdiq olunmur. Bundan başqa iş üzrə dindirilən şahidlərin ifadələri ilə də həmin atın damazlıq cins at olması müəyyən olunmur. Belə ki, həmin şahid ifadələrinə əsasən atın damazlıq cins at olaraq Kənd Təsərrüfatı Nazirliyində qeydiyyata alınması və İddiaçı adına qeydiyyata alınması təsdiq olunmur və işə materiallarına əsasən də belə bir qeydiyyat yoxdur. Şahidlər də ifadələrində belə bir sənədi görmədiklərini bildirmişlər. Ona görə də məhkəmə tərəfindən həmin atın damazlıq çapar cins at olması xüsusatı ilə bağlı həmin şahidlərin ifadələri mötəbər sübut kimi qəbul olunmur. Ümumiyyətlə İddiaçı tərəfindən sözügedən atın cins damazlıq at olması və müvafiq qaydada qeydiyyata alınmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Patrik Zubr cinsli, Kleopatra rəngli, Mələz genefonduna mənsub olduğu göstərilən atın damazlıq cins at olması təsdiq olunmur və məhkəmə də həmin atı damazlıq cins at olaraq qəbul etmir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, damazlıq cins at olduğu ehtimal edilən, lakin işdəki sübutlarla bu fakt təsdiq olunmayan atın qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 964 nömrəli arayışı və məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli, 9/295 nömrəli rəyi həmin atın dəyəri olduğu qeyd edilən 12.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsində mötəbər sübutlar kimi qəbul oluna bilməz. Sözügedən at damazlıq cins at olmasa da, iddiaçıya məxsus olan bu at cavabdehin təqsiri nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ölmüş və iddiaçıya bununla bağlı maddi ziyan dəymişdir. 01 oktyabr 2022-ci il tarixli qərara əsasən cavabdeh barəsində cinayət təqibinə də bəraətverici əsaslarla deyil, amnistiya tətbiqi nəticəsində Azərbaycan Respublikası CPMnin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə bu xüsusda həmin atın ölməsi nəticəsində tələb edilən ziyanın dəqiq miqdarını işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 373 nömrəli arayışında göstərilən 3000- 3500 manat məbləğlərin aşağı həddində, yəni 3000 manat məbləğində qəbul edir. Belə ki, atla bağlı vurulan ziyanın məhz 3000 manat olması işin halları ilə təsdiq olunmaqla ağlabatan və ədalətli məbləğdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə qarşı atın dəyəri olan 12.000 manat ziyan tələbi qismən - 3000 manat hissədə təmin edilməli, Cavabdeh atın dəyərini təşkil edən 3.000 manat alınıb, İddiaçı verilməli, atın dəyəri ilə bağlı 3.000 manat tələb hissəsindən artıq tələb hissəsində isə iddia təmin edilməməlidir. İddiaçının ikinci iddia tələbi Cavabdeh təqsiri ucbatından baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 9 ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün itirilmiş gəlirin əvəzi olan 3.500 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlıdır. Bu xüsusda məhkəmə qeyd edir ki, İddiaçı hansısa idarə, müəssisə və təşkilatda işləməsi və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əmək haqqı alması, aylıq hansısa məbləğdə qazanc (gəlir) əldə etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materialları ilə iddiaçının işləməsi və aylıq hər hansı qazanca malik olması müəyyən olunmur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirdiyindən ədalət prinsipi tələb edir ki, cavabdeh tərəfindən bu hərəkətlərinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilsin. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi - zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi -zərər vuran şəxsə təsir göstərilməsi, üçüncüsü - digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi zərərin pul ekvivalenti tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçının şəxsi hüquqlarına -sağlamlığına və əmlakına qəsd kifayət qədər ciddi olsa da, 1.000 manat mənəvi zərər tələbi hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi zərərlə bağlı iddia tələbinin tam həcmdə təmin edilməsi cavabdehi müflis edər, onun ailəsini və özünü maddi cəhətdən ağır maddi məhrumiyyətlərə düçar edərdi. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Məhkəmə göstərilən tələbləri, cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olmasına dair işdə heç bir sübut olmadığını və iddiaçı tərəfindən belə bir sübutun təqdim edilmədiyini, məqsədəuyğunluq və demokratik cəmiyyətdə zərurət prinsiplərini nəzərə alaraq, hesab edir ki, mənəvi zərər tələbi hissəsində iddia qismən təmin edilməklə cavabdehdən tutulan mənəvi zərərə görə kompensasiyanın miqdarı ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. İddia 500 manat mənəvi zərər məbləği tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 139.2, 152.1, 157.2, 181.2, 385.1, 386.1, 427.1, 427.2, 427.3, 439.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 449.1, 465.2, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 119.1, 124.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 964 nömrəli arayışında göstərilmişdir ki, 2022-ci ilin sentyabr – oktyabr aylarında Balakən rayon mal bazarında damazlıq cins çaparatın qiyməti təxminən 11.000-12.000 manat civarında olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 373 nömrəli arayışında isə göstərilmişdir ki, Balakən rayon mal bazarında damazlıq cins çapar atın qiyməti təxminən 3.000-3.500 manatdır. İddiaçı məxsus at ingilis mərəzi olduğuna görə onun qiyməti təxminən 10.000-12.000 manat ola bilər. Göründüyü kimi, "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlar ziddiyyət təşkil etmişdir. Digər tərəfdən İddiaçı məxsus atın damazlıq cins çapar at olması sübuta yetirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında İddiaçı özü bildirmişdir ki, Balakən rayon mal bazarında damazlıq cins çapar olmayan atın qiyməti 400-500 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlara əsaslanmış və bununla da iddianın qismən təmin edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Baxmayaraq ki, iddiaçıya məxsus at olduğu göstərilən at damazlıq cins at kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində qeydə alınmamış və bu barədə həmin nazirlik tərəfindən müvafiq sənəd verilməmiş, eyni zamanda həmin ata cins at olaraq verilmiş hər hansı şəhadətnamə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində tanınmamışdır. Zaqatala rayon mal bazarının xx.xx.2024-cü il tarixdə verdiyi arayışdan görünür ki, 1(bir) baş yerli sort atın qiyməti 350-400 manat arasında dəyişir. Məhz, İddiaçı müraciəti əsasında "xxxx" Şirkətin eksperti tərəfindən də, xx.xx.2021-ci il tarixində Balakən rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində tələf olmuş tək dırnaqlı heyvana görə zərərin təqribi bazar qiymətinin 400 manat olması müəyyən olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlar ziddiyyət təşkil etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, təmsil etdiyi tərəf yol nəqliyyatı hadisəsi törətdikdən sonra iddiaçıya dəymiş ziyanı ödəmişdir. Bu barədə iddiaçı özü polis şöbəsinə yazılı şəkildə ərizə vermiş və bildirmişdir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. İddiaçıya vurulmuş ziyanın əvəzi olaraq cavabdeh iddiaçıya 6.500 manat pul ödəmişdir ki, iddiaçı özü də bu halı inkar etmir. İddiaçı polis şöbəsinə cavabdehlə barışması və cavabdehdən şikayətinin olmaması barədə ərizə verdiyindən cavabdeh barəsində başlanılmış cinayət işinə xitam verilmişdir. Lakin sonradan iddiaçı həmin qərarı mübahisələndirmiş və xitam qərarı ləğv edilmişdir. Növbəti dəfə isə cavabdehin əməli amnistiya aktının dairəsinə düşdüyü üçün cinayət işinə xitam verilmişdir. Lakin bu o demək deyil ki, cavabdeh iddiaçıya vurduğu ziyanı ödəməmişdir. Əvvəldə qeyd etdiyi kimi, cavabdeh iddiaçıya 6.500 manat pul ödəmişdir. İndi isə iddiaçı atının cins at olduğunu bildirərək cavabdehdən pul tələb edir. Birinci instansiya məhkəməsinin araşadırması zamanı müəyyən olunmuşdur ki, at cins at olmamışdır. Amma hesab edir ki, atın dəyəri kimi cavabdehdən tutulması qət olunan 3.000 manat da atın real dəyərini əks etdirmir. Belə ki, ilkin olaraq bildirir ki, yol nəqliyyatı hadisəsi zamanı "xxxx" sığorta ASC tərəfindən iddiaçıya 1.500 manat ödəniş edilmişdir. Həmin ödənişin hesablanmasına əsas olan sənədlərdən isə görünür ki, 1 baş yerli atın Şəki-Zaqatala bölgəsində təqribi qiyməti 300-500 manatdır. Bundan başqa Zaqatala rayon Əliabad qəsəbə mal bazarının müdiri Ə.Sulxayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarında hal-hazırda 1 baş yerli sort atın qiyməti 350-400 manat arasında dəyişir. Bundan başqa Bərdə şəhərində yerləşən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, Bərdə rayon həftəlik mal bazarında hal-hazırda bir baş yerli atın qiyməti 350-500 manat civarında dəyişir. Qeyd olunanlara əsasən hesab edir ki, 3.000 manat adi atın qiyməti üçün bahadır. Məhkəmə 500 manat mənəvi ziyanı tutmaqda da haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçıya 6.500 manat pul ödəmişdir ki, bu da həmin məbləği əhatə edir. Apellyasiya şikayətinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya 6.500 manat pul versə də, həmin pul iddiaçının müalicəsinə xərclənmişdir. Atın qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə mübahisələndirmirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin təmin edilən hissəsinin əsasslılığını mübahisələndirir. Odur ki, Məhkəmə qətnamənin mübahisəlndirilən hissəsinin əsasslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən işin mübahisəsiz halları kimi müəyyən edilir ki, cavabdeh avtomobili idarə edərkən təqsirli olaraq yol hərəkəti qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törədilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Balakən Rayon Polis İdarəsində cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarın surəti cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-nə göndərilmişdir. Sözügedən qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində, onun idarə etdiyi avtomobil iddiaçıya məxsus atı vuraraq, atın ölümünə səbəb olmuşdur. Bu səbəbdən, iddiaçıya cavabdehin təqsirli hərəkəti ilə maddi ziyan vurulmuşdur. İddiaçının bildirdiyinə görə ona məxsus at Partik Zubr cinsli, Kleopatra rəngli, Mələz genefonduna mənsub olduğu üçün vurulmuş zərərin məbləği 12.000 manat təşkil edir. İddiaçının bu dəlili ilə bağlı araşdırma aparmış Rayon Məhkəməsi işdə olan mötəbər sübutlara, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 3-22/2-2970/2023 №-li, 18 oktyabr 2023-cü il tarixli məktubuna, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 3-38-9/2-2794/23 №-li, 20 noyabr 2023-cü il tarixli məktubuna əsaslanaraq bu nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus və məlum yol nəqliyyat hadisəsi nəticəsində ölmüş at damazlıq cins at olmamışdır. Bunu müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, atın ölməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərər 3.000 manat təşkil edir. İddiaçı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan bu mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə iddiaçıya məxsus atın ölməsi nəticəsində maddi ziyana uğradığını təsdiq edir, lakin bildirir ki, cavabdehin barəsində cinayət təqibi aparılan zaman iddiaçıya dəymiş ziyanın müqabilində 6.500 manat pul ödənilmişdir ki, həmin məbləğə atın ölməsi ilə bağlı vurulmuş ziyan da daxildir. Bundan başqa, cavabdehin mövqeyinə görə, atın ölməsi ilə bağlı maddi zərərin əvəzi olaraq ondan 3.000 manat tutulması əsassızdır. Çünki, həmin məbləğ sağ olan atın real bazar dəyərinə uyğun deyil. Məhkəmə apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, Balakən Rayon Polis İdarəsində cavabdehin barəsində aparılan cinayət təqibi zamanı cavabdeh tərəfindən iddiaçıya 6.500 manat məbləğində pulun ödənilməsi, iddiaçının ona vurulmuş zərərin əvəzini mülki mühakimə icraatı qaydasında tələb etməsinin qarşısını almır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçıya ödənilmiş 6.500 manat pulun ona məxsus atın ölməsi ilə bağlı vurulmuş zərəri də əhatə etməsi iş materialları ilə təsdiq olunmur. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır və təmin edilməməlidir. Bununla yanaşı Məhkəmə, iddiaçıya məxsus atın ölməsi nəticəsində vurulmuş zərərin Rayon Məhkəməsi tərəfindən düzgün müəyyən olunmaması barədə cavabdehin dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi iddiaçıya vurulmuş maddi zərəri 3.000 manat məbləğində qiymətləndirmiş və bu zaman "xxxx" MMC-nin 373 №-li, 10 dekabr 2023-cü il tarixli arayışına istinad etmişdir. "xxxx" MMC-nin həmin arayışında göstərilir ki, Balakən rayon mal bazarında damazlıq cins çapar atın qiyməti təxminən 3.000-3.500 manatdır. İddiaçı məxsus at ingilis mərəzi olduğuna görə onun qiyməti təxminən 10.000-12.000 manat ola bilər. Göründüyü kimi, MMC-nin verdiyi sözügedən arayışda damazlıq cins çapar atın təxmini bazar qiyməti göstərilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, Rayon Məhkəməsi iddiaçıya məxsus atın cins at olmaması nəticəsinə gəlmiş, iddiaçı da Rayon Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Belə olan halda atın qiymətinin damazlıq cins çapar atın qiyməti ilə uyğunlaşdırılması düzgün deyil və əsassızdır. İşdə olan Zaqatala rayon Əliabad qəsəbə mal bazarının müdiri Ə.Sulxayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarında hal-hazırda 1 baş yerli sort atın qiyməti 350-400 manat arasında dəyişir. Bundan başqa, işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilir ki, Bərdə rayon həftəlik mal bazarında hal-hazırda bir baş yerli atın qiyməti 350-500 manat civarında dəyişir. Həmçinin işdə olan sənədlərdən görünür ki, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı "xxxx" sığorta ASC tərəfindən iddiaçıya 1.500 manat ödəniş edilmişdir. Həmin ödənişin hesablanmasına əsas olan sənədlərdən görünür ki, 1 baş yerli atın Şəki-Zaqatala bölgəsində təqribi qiyməti 300-500 manatdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus atın ölməsi nəticəsində sonuncuya vurulmuş maddi zərər 500 manat məbləğində müəyyən edilməlidir. Müzakirə olunan hissədə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bunlardan başqa, Məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması barədə tələbin qismən təmin olunması barədə Rayon Məhkəməsinin mövqeyi də səhvdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda artıq qeyd edildiyi kimi apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmiş, həmin pozuntu nəticəsində qorxu hissi, ağrı, iztirab, sarsıntı keçirmişdir. Lakin cavabdehin barəsində aparılan cinayət təqibi zamanı sonuncunun iddiaçıya 6.500 manat məbləğində pulun ödənilməsini nəzərə alan Məhkəmə bu nəticəyə gəlir ki, mənəvi zərərin tutulması hissəsində iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə baş vermiş delikt nəticəsində 6.500 manat ödəmiş həm cavabdehə, həm də həmin məbləği qəbul etmiş iddiaçıya münasibətdə ədalətlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsaslanaraq, hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasyia baxışının predmeti oan hissədə qismən, “cavabdehdən atın dəyəri olaraq 3.000 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli qətnamə qismən, “Cavabdeh atın dəyəri olan 3.000 (üç min) manat və dəymiş mənəvi ziyanın əvəzi olan 500 (beş yüz) manat pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh atın dəyəri olan 500 (beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-506/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-506/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver