Məhkəmə qərarları › İş №2(107)-509/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-509/2025

15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-509/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərc tələbinə dair mülki iş üzrə (Açar sözlər: əlavə xərc tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərc tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-179/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağa görə əlavə xərc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi, 2023-cü ilin sentyabr və oktyabr ayı , 2024-ci ilin yanvar, iyul, avqust ayları üçün hər ay üçün 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi, 21 sentyabr 2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanmamış 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi, 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi, ödənilmiş mediasiya xərcinin ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi və 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 250 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlayıb, xx.xx.2022-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Ancaq aralarındakı münasibətlər pozulmuş və onlar 24 iyul 2022-ci ildə ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(051 )- 2048/2022 saylı qətnaməsi ilə 21 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsinin tutulub ona verilməsi qət edilmişdir. Buna baxmayaraq, cavabdeh hər ay aylıq qazancını gizləmiş, bəhanələri isə bundan ibarət olmuşdur ki, qətnamədə aylıq qazanc deyil, əmək haqqı qeyd olunmuşdur. Bununla bağlı dəfələrlə sorğu verilsə də işəgötürən Cavabdeh gəlirləri barədə məlumat verməmişdir. Bundan istifadə edən Cavabdeh 2023-cü ilin sentyabr, oktyabr aylarında, 2024-cü ilin yanvar, iyul, avqust aylarında dediyinə görə öz hesabına məzuniyyət götürmüş, nəticədə həmin müddətdə aliment ona 31 manat, 56 manat şəklində ödənilmişdir. Halbuki, əvvəllər o, 226 manat aliment alırdı. Bu səbəbdən də cavabdehdən tutulan alimentin artırılması, hissəvi tutulan alimentə münasibət hər 250 manat sabit pul məbləğindən az olmayaraq aliment təyin olunmasını istəyir. Qeyd edir ki, qızı Mələk nitq ləngiməsi olduğundan, yəni ümumiyyətlə danışmadığından müalicə təyin olunmuşdur. Özünün-iştirakı ilə loqoped və psixoloq yanına aparır. Cavabdeh bilir ki, hər həftə uşaq üçün loşoped xidmətinə 30 manat pul ödənişi edir. Hətta sentyabr ayından 4 dəfəsinin ödənişini Cavabdeh ödəmiş və özü də həmin seanslarda iştirak etmişdir. Halbuki o , 01 sentyabr 2024-cü il tarixdən həftəlik 30 manat loqopedə vəsait ödəyir. Aylıq 120 manatdan artıq vəsaitdir. Uşaq danışdıqdan sonra uşaqla psixoloq məşğul olmalıdır. Bunun üçün uşağı müxtəlif müayinələrə aparmışdır. Odur ki, Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi və 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanması üçün hər ay 100 manat məbləğində əlavə xərc Cavabdeh tutulub İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci alınıb İddiaçı verilməsi İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–179/2025 saylı, 10 fevral 2025-cü il tarixli qərardadı ilə iddianın Cavabdeh qarşı alimentin artırılması tələbinə dair hissəsində işə xitam verilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

7. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 145 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2024-cü il il tarixdən dispanserdə «psixoloji inkişafın pozğunluğu, Uşaq autizmi, Kanner sindromu» diaqnozu ilə müşahidəyə götürülmüşdür.

8. AR SN Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur.

9. İddiaçı ilə cavabdehin birgə nikahından olan uşağa “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur və uşağın sözügedən diaqnoza əsasən xüsusi baxıma ehtiyac olduğu müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

10. İddiaçı ilə cavabdehin birgə nikahından olan uşağa “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur və uşağın sözügedən diaqnoza əsasən xüsusi baxıma ehtiyac olduğu müəyyən olunmuşdur. Belə olan halda, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yəni cavabdehdən hər ay 100 manat məbləğində əlavə xərc alınaraq iddiaçıya verilməlidir, iddia qalan hissədə təmin edilməməlidir.

11. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 76.1, 81.1, 81.2 və 81.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxararkən nəzərə almamışdır ki, uşağın "autizm kanner sindromu“' olduğu üçün loqaped, psixoloq, nevroloq müalicələri xəstəliyə görə aylıq xərci 800-900 manat təşkil edir.

13. Əlavə olaraq cavabdeh bu qədər xərcin olmasını inkar etməmişdir. Sadəcə olaraq azyaşlı uşaq sağlamdır və xususi müalicəyə ehtiyacı yoxdur demişdir. Beləliklə xərclər ədalətli şəkildə yarı yarıya bölünməli olduğu halda o 400 manat deyil 250 manat əlavə xərc istəmişdir. Onun aylıq əmək haqqı 313 manatdır. Cavabdehin əmək haqqısı 900 manatdan çoxdur.

14. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutlari qəbul edir və nəzərə alir ki, onlar işdə tərəflərin tələblərinimüəyyən edən faktlarla və hallarla əlaqədarır. Məhkəmə subutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Hakim işin bütün hallarını araşdırmamış yəni mənim və cavabdehin ailə və maddi vəziyyətini nəzərə almamışdır ki, mənim əmək haqqım 313 manat cavabdehin isə əmək haqqısı 900 manatdan yuxarıdır.Beləkilədə hakim ədalətli araşdırma aparamayaraq çənim hüququmu pozmuşdur. AR Konstitusiya Məhkəməsinin Plenumu78nun AR Konstitusiyasının 125 ci maddəsinin 7 hissəsinin AR Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki,mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanına məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərinin bərabərliyi prinsipinə riayət etməklə tərəflərin təqdinm etdikləri sübutlar və faktlar həyata keçirməli,öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlilərlə onların verdiyi izahatlarla,təqdim etdikləri və mülki prosessual məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı,həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən edilməlidir. Hakim cavabdehin özünün izahatı ilə təsdiq edilən faktlara qiymət vermişdir.

15. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə sübutlara obyektiv qiymət verməmiş və tərəflərin qarşılıqlı munasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

17. Qeyd etməyi zəruri hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin hazırkı iş üzrə 10 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı uşağın xəstəliyinə dair hansı sənədinin olması soruşulanda o cavab verdi ki, sənəd yoxdur, amma istəsə “autizm” xəstəliyi arayışı təşkil edəcəkdir. O, dediyi kimi də etdi və bir gün sonra onun iştirakı və razılığı olmadan Mingəçevir X11 Dispanserindən xx.xx.2024-cü il tarixinə uşağa “autizm kanner sindromu” diaqnozu qoyduraraq psixiatrik müşahidəyə götüzdürdü. Onun qızı Mələkdə “autizm kanner sindromu” xəstəliyi yoxdur. Onun qızı çox aktiv və fəaldır, diqqətlidir, ətraf mühitə reaksiyası normaldır. Uşaqla görüş günlərində çəkdiyi videogörüntülər də bunu təsdiq edir, həmin videogörüntülərin diskini birinci instansiya məhkəməsinə təqdim etmişdir.

18. Eləcə də, Mələk Məliksoyun şəhər mərkəzi xəstəxanasındakı Ambulator kartadan çıxarışa görə diaqnozu “nitqin ləngiməsi” diaqnozudur və belə nitq ləngimələri əksər uşaqlarda da var, böyüdükcə nitq normallaşır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından əldə etdiyim uşağın Ambulator kartadan çıxarışında müayinənin nəticə hissəsində belə qeyd olunub: “uşaqda reaksiya var, göz almalarının hərəkəti tam həcmdədir.

19. Bundan başqa, xx.xx.2024-cü ildə İddiaçı ilə birgə qızımız Mələyi loqopedə aparmışıq və loqoped bildirmişdir ki, Mələyin çox güclü zəkası var, ciddi heç bir problemi yoxdur, sadəcə çox ərköyündür. Habelə, xx.xx.2024-cü ildə İddiaçı ilə birgə Mələyi psixoloq yanına aparmışıq və psixoloq bildirmişdir ki, uşaqda nitq ləngiməsi var, tələsməyin, 3 yaşından sonra düzələr. Bu barədə məndə audioyazılar (səs yazıları) var və mən səs yazılarını məhkəməyə təqdim etmişəm. Mənim qızım Mələyin loqopedə də ehtiyacı yoxdur.

20. Məhkəməyə yazılı vəsatətlə müraciət edərək loqopedlə olan danışığın audioyazısının səsləndirilməsini və məsələyə aydınlıq gətirilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir.

21. Bundan başqa, qeyd edir ki, hətta uşaqda “autizm kanner diaqnozu” olsa belə bu xəstəlik dərman preparatları ilə deyil, psixoloji davranış üsulları ilə müalicə olunur. Əgər dərman preparatları ilə müalicə olunarsa da, bu naturada dövlət hesabına, qeydiyyatda olduğu səhiyyə müəssisəsinin hesabına həyata keçirilir.

22. X15 Dispanserinin mənə ünvanladığı və məhkəməyə təqdimetdiyim696 №-li xx.xx.2024-cü il tarixli məktubda da qeyd olunur ki, Mələk Məliksoya əlillik təyin edildikdən sonra müalicə və dərman vasitələri ilə təminat xərcləri dövlət hesabına aparıla bilər.

23. Daha sonra, Səhiyyə Nazirliyinin Tibbi Xidmət Şöbəsinin Mingəçevir X1 baş həkimi Şəmsinur Hüseynovaya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda Mələk Məliksoyun müvafiq tibbi yardımla təmn edilməsi baş həkimə tapşırılmışdır.

24. Bir sözlə, göründüyü kimi İddiaçı niyyəti yalnız onu incitmək, ondan qisas almaq, məhkəmələrdə və digər orqanlarda süründürmək üçün hər bəhanəyə, o cümlədən uşaqda olmayan bir xəstəliyi bəhanə gətirərək ondan əlavə pul almağa və özü üçün sərf etməyə nail olmağa çalışmaqdır.

25. xx.xx.2025-ci il tarixdə İddiaçı zəng edərək dedi ki, “Ruhi X4 həkimi Rafael həkim onunla danışmaq istəyir və telefonu Rafael həkimə verdi. Rafael həkim dedi ki, komissiya təşkil olunub, uşağa ananın müraciəti əsasında baxış keçirilir, gəlmək istəyirsə indi Dispanserə gələ bilər. Getdi və orada Rafael həkim dedi ki, komissiyada bizim Dispanserin həkimi olmayan psixiatr da var və biz birgə uşağı müayinə edəcəyik. Sonda Rafael həkim mənə dedi ki, sənin vəkilinin bizim Dispanserə olan sorğusuna cavab var, onu verək sənə apar, sən də sorğunu götürmək ilə bağlı buranı imzala. Rafael həkim həmin kağız vərəqini əli və digər sənədlər ilə örtərək yalnız vərəqin aşağısını göstərdi və dedi ki, bura imza et. O isə dedi ki, əvvəl oxusun, sonra imza etsin. Lakin Rafael həkim sənədi oxumağa imkan vermədi və oxumadan imzalamağı təkid və tələb etdi. O isə oxumadan hər hansı bir yerə imza etməyəcəyini bildirərək kağızı imzalamadı. Rafael həkimin həmin hərəkətlərindən şübhələndi və düşündü ki, o məni hansısa saxta sənədə imza etdirmək və uşağın autizm kanner sindromu diaqnozu ilə qeydiyyata alınmasına onun razılığının olmasını sənədləşdirmək istəyir”.

26. Odur ki, Mingəçevir şəhər Ruhi X4 həkimi X7 tərəfindən heç bir əsas olmadan, uşağın anası İddiaçı təkidi ilə və onun iştirakı olmadan qızı xx.xx.2022-ci il təvəllüdlü Mələk Məliksoya təyin etdiyi “autizm kanner sindromu” diaqnozu ilə Mingəçevir şəhər X6 hüquqi şəxsin təyin etdiyi “nitqin ləngiməsi” diaqnozu arasında ziddiyyət olduğuna görə, Rafael həkimin həmçinin ona qarşı xx.xx.2025-ci il tarixdə etdiyi şübhəli hərəkətlərinə görə onun iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası”nda müvafiq rəy verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu vəsatətini də təmin etmədi.

27. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-179/2025 saylı, 10 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, idddiaçının apellyasiya şikayətin təmin edilməməsini,vermiş olduğu apellyasiya şikayətini təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqında ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

37. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)- 179/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini, cavabdeh isə tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

41. Belə ki, işdə olan AZ-İV seriyalı 728891 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2022-cı il tarixdə X8 doğulmuşdur.

42. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(051)- 2048/2022 saylı qətnaməsindən görünür ki, 21 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsinin tutulub İddiaçı verilməsi qət edilmişdir.

43. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 145 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2024-cü il il tarixdən dispanserdə «psixoloji inkişafın pozğunluğu, Uşaq autizmi, Kanner sindromu» diaqnozu ilə müşahidəyə götürülmüşdür.

44. AR SN Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

47. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(051)-179/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar