Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-51/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Grand-Mart” MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- ziyanın ödənilməsi, ekspertiza məsələləri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cаvаbdеh Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)- 1529/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 8707,18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 fevral 2019-cu il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh mağaza müdiri vəzifəsinə təyin olunmuş və iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. 06 mart 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 24 noyabr 2020-ci il və 01 mart 2021-ci il tarixlərində cavabdehin mağaza müdiri kimi işlədiyi "xxxx" mağazalarında inventarizasiya yoxlaması aparılmışdır. 01 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus "xxxx" mağazasında inventarizasiya yoxlamasının və 05 mart 2021-ci il tarixli təhvil-təslim işlərinin nəticəsi olaraq aktla Cavabdeh ona təhkim edilmiş maddi qiymətlilərlə bağlı 8707,8 manat çatışmazlığının (əskikliyinin) yarandığı müəyyən edilmişdir. 8707,8 manat çatışmazlığın ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdalıq edilsə də, Cavabdeh tərəfindən iddiaçı təşkilata vurulmuş ziyanın ödənilməsi təmin edilməmişdir. Odur ki, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 8707,8 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ilə, (hakim E.Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh 8707,18 manat ziyan məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2019-cu il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh iddiaçı təşkilata mağaza müdiri vəzifəsinə işə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. 06 mart 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə cavabdehin mağaza müdiri kimi işlədiyi "xxxx" mağazalarında inventarizasiya yoxlaması aparılmışdır. 01 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus "xxxx" mağazasında inventarizasiya yoxlamasının və 05 mart 2021-ci il tarixli təhvil-təslim işlərinin nəticəsi olaraq tərtib edilmiş aktla Cavabdeh ona təhkim edilmiş maddi qiymətlilərlə bağlı 8707,8 manat çatışmazlığının (əskikliyinin) yarandığının müəyyən edildiyini göstərən iddiaçı təşkilat hzırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2019-cu il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh iddiaçı təşkilata mağaza müdiri vəzifəsinə işə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. 06 mart 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə cavabdehin mağaza müdiri kimi işlədiyi "xxxx" mağazalarında inventarizasiya yoxlaması aparılmışdır. 01 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus "xxxx" mağazasında inventarizasiya yoxlamasının və 05 mart 2021-ci il tarixli təhvil-təslim işlərinin nəticəsi olaraq tərtib edilmiş aktla Cavabdeh ona təhkim edilmiş maddi qiymətlilərlə bağlı 8707,8 manat çatışmazlığının (əskikliyinin) yarandığının müəyyən edildiyini göstərən iddiaçı təşkilat hzırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı MMC-dən tam məsuliyyətlə ona istifadəyə verilmiş, həvalə təhkim olunmuş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması, o cümlədən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlıqla mübariz olması kimi vəzifələri öz üzərinə götürmüşdür. Buna görə də İddiaçı MMC ödənilməmiş məbləği Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək Cavabdeh 8707,7 manat maddi ziyan tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. İddia təmin edildiyindən İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndi, 205-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci ill tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və iddia ərizəsinin təmin edilməməsi üçün yeni qətnamə qəbul edilməlidir. Onun iddiaçı təşkilata heç bir borcu qalmamışdır, ona görə ki, onların məhkəməyə təqdim etdikləri aktdan onun xəbəri olmamışdır. Sadəcə olaraq iddiaçı təşkilat onun "xxxx" marketinə müdir vəzifəsinə keçməyinə maneçilik törətməyə çalışmışlar, ona görə ki, o, 2019-cu ilin dekabr ayından qüsursuz işləyərək yüz minlərlə manat məbləğində həmin təşkilata mənfəət vermişdir. Qaldı ki, 6 mart 2021-ci il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra uzun müddət vaxt keçdikdən sonra hansısa şəraitdə onlar tərəfindən özləri audit keçirərək, guya o, əmək müqaviləsində “tam maddi məsuliyyət” daşıyaraq, işçilərə nəzarət etmədiyi səbəbdən marketdə əksiklər aşkar edilmişdir, bu bir absurd, cəfəngiyyat, heç bir sübuta söykənməyən iddiaçı təşkilatın qərəzli bir mövqeyidir. Çünki marketin təhlükəsizlik xidməti mövcuddur, anbarda saxlanılan mallar video kamerə vasitəsi ilə müşaidə olunur və gözətçilər tərəfindən nəzarət edilir. O, mütamadi olaraq mal qalıqlarını və faktura üzrə daxil olmuş məhsulları daimi yoxlamış və kompüterdə də müvafiq qeydlər aparmışdır. Onların qeyd etdiyi kimi iki ay ərzində 15000 manat əskikliyin yaranması mümkün deyildir. Əvvəla ona görə ki, sözü gedən mal çatışmamazlıqların əksəriyyəti böyük həcmli qutularda olan siqaretlərdən bəhs olunur. Onların marketdən gizli olaraq çıxarılması mümkün deyil. Ona bildirildikdə ki, əskiklik mövcuddur o, daxili araşdırma aparmağı başlamaq istəmiş, lakin rəhbərlik ona imkan verməyərək bu işdən kənarlaşdırmışlar. Sonda isə onun "xxxx" marketə işə düzəlməyi ilə əlaqədar maneələr törətməyə başlamışlar ki, onu işə götürməsinlər. Həqiqətən də "xxxx" marketin rəhbərliyi ona şərt qoymuşdur. Qısa müddət ərzində əmək kitabçanı gətirib işə başlasın. "xxxx" MMC-nin rəhbərliyi onun getməyini istəmədikləri üçün onu əskikliklə sıxışdırmağa və qalıb onlarda işləməyə məcbur etməyə başlamışlar. Lakin o, fikrindən dönmədiyi üçün və vaxt məhdudluğu olduğu üçün onların tərtib etdikləri aktı imzalamağını və yalnız bu şərtlə ona əmək kitabçanı verəcəklərini bildirmişlər. O uğrlu işi itirməmək üçün məcburiyyət qarşısında aktı imzalamış və düşünmüşdür ki, bunu sonradan mübahisələndirə bilər. Həmçinin marketin məsul işçiləri onu saktləşdirmişlər ki, bu bir formal imzadır, buna görə ondan heç bir maddi tələb olmayacaq. Lakin sonradan ona məlum olmuşdur ki, əksinə ona qarşı aksiya hazırlanmış və nəticədə özlərinin kəsilərini ondan alamağa çalışırlar. Bütün bunları o, məhkəmədə sübut edə bilərdi, lakin iştirakı təmin olunmadığından o, özünü müdafiə edə bilməmişdir. Onu da qeyd edirik ki, iddiaçının tələbləri ilə bağlı onunla mağazanın məsul işçilərinin danışıq diski var və həmin diskə qulaq asılsa məlum olacaq ki, həqiqətən də o, işdən çıxarkən heç bir borcu olmamış, sadəcə olaraq, yuxarıda qeyd olunduğu kimi "xxxx" mağazasına müdir vəzifəsinə keçməyi iddiaçı təşkilat üçün ağır itki olmuşdur. Lakin məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini araşdırmamış, eyni zamanda onun iştirakının təmin olunmasının iş üçün əhəmiyyətli olmasına baxmayaraq buna hüquqi qiymət verməmiş, nəticə etibarı ilə də, ədalətli məhkəmə araşdırma hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin o xx.xx.2021-c il tarixdə məhkəməyə göndərdiyi teleqramında səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini göstərsə də onun tərəfindən səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirakını istisna etməsinə dair məhkəməyə heç bir tibbi sənəd göndərilməmişdir. AR MPM-nin 185.5ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə çəkişmə prinsipini prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyindən və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə tərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İşə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim olunmuş sübutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Lakin məhkəmə həmin sübutları düzgün dəyərləndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsində göstərilir ki, 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (77.1) İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olaqn, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq 8707,18 manat ziyan və 30 manat dövlət rüsumunu təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2019-cu il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh iddiaçı təşkilata mağaza müdiri vəzifəsinə işə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. 6 mart 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. İddia tələbi isə əsassızdır. 15 avqust 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ona istifadəyə verilmiş, həvalə/təhkim olunmuş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması, o cümlədən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlıqla mübariz olması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh 5 mart 2021-ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı MMCyə bildiriş göndərmişdir. 6 mart 2021-ci il tarixdə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Əmək məcəlləsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda... Kollegiya qeyd edir ki, cavabdeh öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlasada, iddiaçı tərəf cavabdehə nə qədər mal təhvil verməsi, cavabdehin verilən maldan nə qədərinin qaytarması, nə qədər ziyan vurmasınə sübut edə bilməmişdir. Cavabdehin öz-özlüyündə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması, çatışmayan mallara görə cavabdehin məsuliyyət daşıması yetərli deyildir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçının yeganə dəlili üzləşmə aktıdır. Apelyator isə şikayətində qeyd edir ki, "xxxx" marketində işə düzəlməsi üçün işdən çıxmaq istəmiş, lakin əmək kitabçasını vermək üçün aktı imzalamaq şərt kimi qoyulmuşdur. İş materialının 189-cu səhifəsindəki arayışdan görünür ki, Cavabdeh həqiqətən "xxxx" Supermarket MMC-də menecerinin köməkçisi vəzifəsi üzrə işəqəbul mərhələsindən uğurla keçərək 5 mart 2021-ci il tarixində sənədləri təqdim etmiş və 11 mart 2021-ci il tarixində onunla əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi işin faktiki halları ilə şikayətin dəlilləri üst-üstə düşür. Bundan başqa məhkəmə kollegiyası işin obyektiv həll edilməsi üçün kollegiya tərəfindən 24 noyabr 2022-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 1) 24 noyabr 2020-ci il tarixdə keçirilən inventarizasiya yoxlaması və təhvil-təslim işləri nəticəsində aşkar edilmiş məhsulların əskikliyi ilə bağlı yaranmış borc məbləğində Cavabdeh maddi məsul şəxs olub-olmaması müəyyən edilsin? 2) Cavabdeh məsul şəxs hesab edilərsə sözügedən əskiklik üzrə yaranmış borc məbləği 12 fevral 2021-ci il tarixdən 01 mart 2021-ci il tarixə nə qədər təşkil edir? 3) 01 mart 2021-ci il tarixdə keçirilən inventarizasiya yoxlaması və təhvil-təslim işləri nəticəsində aşkar edilmiş məhsulların əskikliyi ilə bağlı yaranmış borc məbləğində Cavabdeh maddi məsul şəxs olub-olmaması müəyyən edilsin? 4) Cavabdeh məsul şəxs hesab edilərsə, sözügedən əskiklik üzrə yaranmış borc məbləği 01 mart 2021-ci il tarixdən onun işinə xitam verilməsinədək olan dövr üzrə nə qədər təşkil edir? suallar qoyulmuşdur. Mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2022-ci il tarixdə vəsatət göndərilərək lazımı sənədlər tələb edilmiş, kollegiya tərəfindən isə həmin vəsatəti 9 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-yə göndərilmişdir. Həmin vəsatətdə qeyd edilmişdir ki, Cavabdeh fəaliyəti üzrə aylıq və illik invertarizasiya aktları, təhvil-təslim aktları, malların alışına və anbara təhvil verilməsinə dair qaimə fakturalar və digər qəbul sənədləri, malların satışına dair sənədlər (qaimə faktura, kassa sənədləri və s), digər bütün mühasibat sənədləri. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli X4 tərtib edilməsində istinad edilmiş mühasibat sənədlərinin təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda kollegiya tərəfindən iddiaçı tərəfə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 13 fevral 2022-ci il tarixldə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat göndərərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 9/9004 saylı vəsatətdə göstərilən mühasibatlıq sənədlərinin əvəzinə iş materiallarında olan sənədlər və əlavə olaraq cədvəllər göndərilmişdir. Lakin 9/9004 saylı vəsatətdə göstərilən mühasibatlıq sənədləri hal-hazıradək təqdim edilməmişdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1)güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi, Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Göründüyü kimi iddiaçı tərəf vəsatətdə qeyd edilən sənədləri təqdim etməməklə iddiaçı olaraq üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən üzləşmə aktı iddianın təmin edilməsi üçün yetərli deyildir. Beləliklə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq 8707,18 manat ziyan və 30 manat dövlət rüsumunu təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(075)-1529/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-51/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-51/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver