Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-511/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin işçiləri tərəfindən Ağsu şəhəri Natavan küçəsinin girişində yolun sağ tərəfində ağacın qurumuş budaqlarının kəsilməsi zamanı kəsilmiş budaq İddiaçı məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən ağacbudama işi görülən zaman ona məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin əzilməsinə görə ona dəymiş 940 manat maddi ziyanın və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 sentyabr 2024-cü il tarixdə ona məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək Natəvan küçəsinə dönüb hərəkəti davam etdirərkən, həmin küçənin başlanğıc hissəsindən keçdikdə kəsilmiş ağac budağı avtomobilinin üzərinə düşmüş və ona maddi ziyan dəymişdir. Həmin vaxt MMC-nin işçiləri yol kənarında olan ağacların qurumuş budaqlarını kəsməklə məşğul olmuşlar. O, oradan keçərkən kəsilən budaq maşının üzərinə düşmüşdür. Oradan keçərkən yolda hər hansı işin görülməsi barədə heç bir qadağanedici yol nişanı qoyulmamış, yalnız bir nəfər şəxs yoldan keçib getmə barədə əllə işarə etmişdir. Yolda xəbərdaredici yol nişanı olsaydı, belə bir hadisə baş verməzdi. Yol nişanı düzgün qoyulmamışdır. Belə ki, bir tərəfdə yol nişanı qoyulmuşdur, o biri tərəfdə isə qoyulmamışdır. O, ordan keçərkən ağacın kəsilməsini bilməmişdir. Ondan qabaq 3-4 avtomobil sıra ilə gedirdi, o da onların ardınca getmişdir. O keçən zaman MMC-nin əməkdaşı qadağan olunma nişanını qaldırmışdır ki, o keçsin, o da keçmişdir. Əgər qadağan olunma lenti olsaydı, keçməzdi.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin işçiləri tərəfindən Ağsu şəhəri Natavan küçəsinin girişində yolun sağ tərəfində ağacın qurumuş budaqlarının kəsilməsi zamanı kəsilmiş budaq İddiaçı məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdur.
5. Həmçinin, iş materiallarında olan videogörüntüdən görünür ki, Ağsu şəhəri Natavan küçəsində qurumuş ağac budaqları kəsilən zaman İddiaçı məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolda təhlükənin olmasını bildirən konuslar qoyulmuş, lakin buna baxmayaraq, İddiaçı avtomobili ilə həmin konusların arasından keçməklə özü və avtomobili üçün təhlükə yaratmışdır.
6. Göründüyü kimi, "xxxx" MMC-nin işçiləri tərəfindən Ağsu şəhəri Natavan küçəsinin girişində yolun sağ tərəfində ağacın qurumuş budaqlarının kəsilməsi zamanı yolda təhlükənin olması ilə bağlı tədbilər görülmüş, İddiaçı məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər MMC-nin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir.
7. Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108 və 1115-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağsu rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvvəla, videogörüntüsündə göstərilən iki konusun arasından ona görə keçmişdir ki, onun qarşısında gedən iki avtomobilin dalınca həmin yerdən keçəndə, yəni iki avtomobil keçib getmiş, o isə keçəndə kəsilən ağac budağı avtomobilinin üstünə düşmüşdür, bu ola bilərdi ki, qarşıda keçən avtomobillərin üzərinə düşə bilərdi və ya o da keçəndən sonra kəsilən budaq düşərdi. Ondan qarşıda keçən avtomobilər videogörüntülərdə əks olunmuşdur. Nümayəndənin işçilərin ”yüksək səslə keçməməsinin qışqırması” tam yalandır və bu videogörüntüdə də əksini tapmamışdır. Əvvəla həmin MMC yol kənarında iş görərkən polis orqanlarına müraciət etməklə yol hərəkəti iştirakçılarının təhlükəsisliyi üçün tədbir görülməli idi. Hansı ki, bu olunmamışdır. Qətnamənin ləğv edilməsinə, iddianın təmin edilməsinə əsas MMC tərəfindən yol işlərində istifadə olunan işarələrin düzgün seçilməməsi və lazımi işarələrin lazımi ərazidə qoyulmaması haqqında qaydalarının pozulmasıdır. “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinin 1,2,3,4 və 5-ci bəndlərinin tələbləri pozulmuşdur. Cavabdehin yol qırağında iş görməzdən əvvəl polis orqanlarına yol –hərəkəti iştirakçılarına təhlükəsiz tədbirləri görülməsi üçün müraciət etməməsi, iş görüdükdə isə yuxarıda qeyd edilən ”Yol hərəkəti Haqqında “Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinin 1-6-cı bəndlərinin tələbləri pozulması halları araşdırmamışdır
12. Onu da əlavə edirəm ki,avtomobili hazırda da təmir edə bilmədiyindən 7-8 km-lik aralıda yerləşən müəllim işlədiyi Ağsu rayonunun Ağarx kənd tam orta məktəbinə taksi maşını ilə gedib gəldiyindən əlavə olaraq ziyana düşmüşdür. Əmək haqqından ayda 100 manat maddi zərər çəkir. 5 ay üzrə ən azı buna görə cəmi 500 manat ziyan çəkmişdir. Bu ziyanın da cavabdeh tərəfindən ödənilməsini tələb edir.
13. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)- 83/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və 02 sentyabr 2024-cü il tarixində Ağsu rayon Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin işçiləri tərəfindən Ağsu şəhərində ağac budama işi görülən zamanı kəsilən ağac budağının ona məxsus Nissan markalı 06-BF - 183 dövlət nömrə nişanlı avtomobilinin üzərinə düşüb əzilməsinə görə vurulmuş olan 940( doqquz yüz qırx) manat maddi ziyanın və 30 manat və 15 manat dövlət rüsumlarının cavabdehdən ona ödətdirilməsinə və apellyasiya məhkəməsinə azı iki dəfə gedib gəlmə üçün çəkilən yol xərci olan ən azı 100 (manat) məbləğin, avtomobilini bu vaxta qədər təmir edə bilmədiyindən iş yerinə taksi ilə gedib–gəlməyinə görə hər ayda 100 manat olmaqla 5 ay ərzində ən azı 500 manat maddi ziyan çəkdiyindən həmin məbləğ pulun da cavabdehdən tutulub ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
nun və
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndələri X2 və X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanunu: 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. İddiaçı Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında da izlənilmiş videogörüntülərdən də görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində göstərilmiş görülməli işlərin sahəsini müəyyənləşdirən səyyari konuslardan istifadə edilmişdir. Cavabdeh MMC tərəfindən yol işlərinin görülməsi zamanı qanunvericiliyin pozulması hallı aşkar edilməmişdir. İddiaçıdan öncəki maşınların həmin konusların ərazisindən keçməsinə gəldikdə kollegiya qeyd edir ki, yol işlərini müəyyən edən konusların qoyulması maşınların həmin ərazidən keçməsinin qarşçısının alınması məqsədini daşıyır. Digərlərinin yolda hərəkəti qaydalarını pozması iddiaçının da həmin qaydaları pozmasına haqq qazandırmır və bu hal cavabdehin təqsirli şəkildə iddiaçıya zərər vurduğu anlamına gəlmir.
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində avtomobilini bu vaxta qədər təmir edə bilmədiyindən çəkdiyi azı 500 manat maddi ziyanın ödənilməsinə dair göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində belə bir tələb mövcud olmamış və baxılmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələbə baxıla və araşdırıla bilməz. Mülki Prosessuаl Məcəlləsinin 372.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(016)-83/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.