Məhkəmə qərarları › İş №2(107)-512/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-512/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-512/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Аpellyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(051)878/20l7 nömrəli qətnaməsi ilə cavabdeh- Ağdaş rayonu Qarağarı-Saatlı kəndində yaşayan Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqlarının xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalana kimi saxlanılması üçün Cavabdeh onun xeyrimə qət edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)- 878/2017 nömrəli qətnaməsi ilə xx xxxx 2011-ci il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayonu, Qarağan-Saatlı kənd sakini Cavabdeh onun xeyrimə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq azyaşlı və yetkinlik yaşına çatmadığından və özü heç bir yerdə işləmədiyindən həmin məbləğə uşağın saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, müəyyən olunmuş alimentlə indiki zamanda uşağın tələbatının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətimi daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına, həyətlərində və pay torpaq sahələrində quraşdırdıqları istixanalarda (parnik) il boyu kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması ilə və digər gəlirli işlərlə məşğul olmasına və gəliri həddindən artıq çox olmasına baxmayaraq uşağın saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017ci il tarixli 2(051 )-878/20l 7 nömrəli qətnaməsi ilə cavabdeh- Ağdaş rayonu QarağarıSaatlı kəndində yaşayan Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşağın xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalana kimi saxlanılması üçün Cavabdeh onun xeyrimə qət edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpellyаsiyа şikayəti vermişdir. Аpellyаsiyа şikayətinin dəlilləri: Аpellyаsiyа şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki ayrıldığı vaxtdan qətnamə qəbul edilənədək cavabdeh demək olar ki, heç vaxt uşağı ilə maraqlanmamış, onun sağlam böyüməsi, müayinə və müalicəsi, təhsil alması üçün qət edilmiş alimenti dələlərlə etdiyi müraciətlərdən sonra belə ödəməkdən boyun qaçıraraq heç bir maddi yardım göstərməmişdir. Uşaq aıtıq böyümüşdür və 2017-ci ildən sonrakı dövrdə onun gündəlik tələbatları, müayinə və müalicə xərcləri xeyli dərəcədə artmışdır. Hazırda əvəllər müəyyən edilmiş 120 manat vəsaitlə onun heç 10 günlük tələbatını ödəmək mümkün deyildir. Məhkəmə qəbul edilmiş qətnamədə tərəflərin maddi və ailə vəziyyətinin 2020-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun nəzərə alındığını qeyd etsə də, faktiki olaraq yalnız cavabdehin vəziyyətini nəzərə almış, uşağın həmin vəsaitlə mininuım həddə saxlanılmasının mümkün olmamasını nəzərə almamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən idddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 X3 cəza çəkən Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsini xahiş etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh göstərilmişdir. İş materiallarına əlаvə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xx xxxx 2011-ci ildə anadan olmuş uşağı X5 atası olması müəyyən edilsin. Uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, xx xxxx 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlаvə edilmiş Ağdaş rayon məhkəməsinin 2(014)-12/2020 saylı qərardan görünür ki, Ağdaş rayon məhkəməsinin 1(014)-48/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM0nin 52/1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla yeddi ay iyirmi altı müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlаvə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 X2 xx/xx- 3534 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, müəssisədə təsərrüfat sahəsində iş yerləri məhdud sayda olduğundan məhkum Cavabdeh işlə təmin edilməmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-878/2017 nömrəli qətnaməsi ilə xx xxxx 2011ci il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayonu, Qarağan-Saatlı kənd sakini Cavabdeh onun xeyrimə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq azyaşlı və yetkinlik yaşına çatmadığından və özü heç bir yerdə işləmədiyindən həmin məbləğə uşağın saxlanılmasında çox çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Əladəm adlı uşaq anası İddiaçı yanında qalmışdır. xx xxxxx 2017-ci il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh 120 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Ağdaş rayon İcra şöbəsində icra işi açılmış və icraata başlama barədə qərar məhkəməyə daxil olmuşdur. Cavabdeh təyin olunmuş alimenti ödəyə bilmədiyi üçün Azğdaş Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonradan həmin cəzanı lazımi qaydada icra etmədiyi üçün 7 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmişdir. Hazırda cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 X3 cəza çəkir. Cavabdeh cəza çəkdiyi müəssisədə işlə təmin olunmamış və hər hansı gəliri olması iş materiallarında olan sənədlərlə öz əksini tapmamışdır. Qanunun tələbindən də bilindiyi kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materialları müqayisəli təhlil olunduqda müəyyən olunmuşdur ki, tərəflərin qətnamə çıxadıqdan sonra maddi vəziyyətində hər-hansı müsbətə doğru dəyişiklik olması müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən öz maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübut təqdim etməmişdir. Əksinə cavabdehim maddi vəziyyəti mənfiyə doğru dəyişmişdir. Cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 120 manat aliment borcunu ödəyə bilməməsi nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsinə və alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası аpellyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, аpellyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, аpellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə qət edilmiş 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 170 manat müəyyən edilməsini xahiş edir. Yəni artırılmış tələb 50 manat təşkil edir. Göründüyü kimi, hazırkı iddia üzrə bir il ərzində əlavə ödəmənin məcmusu 600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, аpellyаsiyа şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1217/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar