Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-513/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair (Açar sözlər: borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 2210.57 manat, faizə görə 267.99 manat, cəmi 2478.56 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Zərdab rayon filialı ilə Cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli, 146RGTK4602088AA saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25.34 faiz dərəcəsi ilə, 60 ay müddətinə 2814.99 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsinə əsasən əsas borca görə 2210,57 manat, faizə görə 267.99 manat, cəmi 2478,56 məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsas borca görə 2210.57 manat, faizə görə 267.99 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 2508.56 manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, , iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli, 146RGTK4602088AA savlı kredit müqaviləsinə əsasən cavabdehə illik 25.35 faiz dərəcəsi ilə, 60 ay müddətinə 2814.99 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin əsas borca görə 2210.57 manat, faizə görə 267.99 manat, cəmi 2478.56 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü, 448.1-ci, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı borcun qaytarılması tələbinə dair" iddiası əsasında başlanmış 2(035)-835/2021 saylı işə Zərdab Rayon Məhkəməsi tərəfindən baxılmışdır. İddianı qəbul etməmiş, etiraz və qeydlərlərində göstərdiyi kimi iddiaçı AR Mülki Məcəlləsinin 448.1, 442 və 445.1-ci maddələrinə istinad etməmişdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qanunun mənasına görə bu normanın tələbi zaminə deyil, borcluya tətbiq edilməlidir və həmin əsasla onun üzərinə öhdəlik qoyula bilməz. Bundan başqa həmin məcəllənin 448.1-ci maddəsi borclunun öhdəliyi icra etmədiyi hallar üçün də nəzərdə tutulur. Tələbkar əsas borclu kimi müqavilə üzrə öhdəliklərinin icra etmənin səbəbləri ilə maraqlanmamış, öhdəliyin icrası üçün tədbirlər görmədən məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı mübahisənin məhkəmədənkənar qaydada həlli üçün tədbir görməmiş, "Mediasiya haqqında" Qanunun tələbkərini pozaraq birbaşa məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasında devolivasiya olmuş, lakin iddiaçı bu xüsusu nəzərə almadan, qanunla qoyulmuş öhdəlikləri yerinə yetirmədən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək ondan 2210,57 manat məbləğində əsas borcun, 267,99 manat məbləğində cərimənin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə alınmasını qət etmişdir. Apellyator bildirir ki, məhkəməyə çağırılmamış və onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmədə iştirakı təmin edilmədiyindən həmin rəyin "yolverilməz sübut" olması barədə vəsatət verə bilməmişdir. Yazılı etirazına məhkəmə məhəl qoymamış, həmin etirazda göstərdiyi dəlilləri araşdırmamışdır. Məhkəmə zamin üçün qanunla müəyyən edilmiş qaydaları-müqavilə müddəti başa çatandan sonra hansı müddətdə zaminə qarşı iddiaçının tələb irəli sürməsini nəzərə almadan ona münasibətdə iddianı təmin etməkdə haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(035)-835/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.04.2019-cu il tarixli, 146RGTK4602088AA saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25.35 faiz dərəcəsi ilə, 60 ay müddətinə 2814.99 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin əsas borca görə 2210.57 manat, faizə görə 267.99 manat, cəmi 2478.56 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya Məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, tələbkar əsas borclu kimi müqavilə üzrə öhdəliklərinin icra etmənin səbəbləri ilə maraqlanmamış, öhdəliyin icrası üçün tədbirlər görmədən məhkəməyə müraciət etmişdir. Bundan başqa bildirir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada həlli üçün tədbir görməmiş, "Mediasiya haqqında" Qanunun tələbkərini pozaraq birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin qeyd edilmiş dəlil formal mülahizələrə əsaslanır. Birirnci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və sübutlara əsasən qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin hansı səbəbdən olursa olsun banka olan borcunu ödəməməsi, onu kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində “Mediasiya haqqında qanunun” tələblərinin pozulduğunu bildirsə də, kollegiya qeyd edir ki, iddiaçı heç bir pozuntuya yol verməmişdir. Mediasiya haqqında qanunun 3.1.2, 3.1.3, 3.1.4 maddələrindən görünür ki, bu qanun müvaqif olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilir. Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlillərində onun məhkəmədə iştirakının təmin edilmədiyi bildirir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, kollegiya tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə birinci instansiya məhkəməsi tərəfindən xəbərdar edilmiş, ona poçt vasitəsilə bildirişlər göndərilmişdir. İş materiallarında olan xəbərnamələrdən (səh 35, 35a) görünür ki, cavabdeh həmin bildirişləri özü imza edərək götürmüşdür. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə zamin üçün qanunla müəyyən edilmiş qaydaları-müqavilə müddəti başa çatandan sonra hansı müddətdə zaminə qarşı iddiaçının tələb irəli sürməsini nəzərə almadan ona münasibətdə iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, iş materiallarında olan 26.04.2019-cu il tarixli, 146RGTK4602088AA saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmışdır. Nə Cavabdeh nə də başqa bir şəxslə bu kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tаrixli, 2(035)-835/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tаrixli, 2(035)-835/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-513/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-513/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver