Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-514/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1256/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xeyrinə 748.89 manat məbləğində kredit borcu, 57.17 manat məbləğində faiz borcu və 5106 manat cərimə olmaqla, ümumilikdə 5912.06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1251.11 manat ödəniş etmiş və onun iddiaçıya 748.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx xxxx 2020-ci il tarixə 1614 gün üçün hesablanmış faiz borcu 57.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixə 1614 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5106 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 vəkili X1 göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, hissəhissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 həmin kreditin bir hissəsini ödəmişdir. İddiaçı QSC Cavabdeh1 ilə arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilənin müddətinin bitməsindən 7 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, tərəflər arasında bağlanmış müqavilələri, müqavilələr üzrə tərəflərin üzərinə götürdüyü öhdəlikləri və cavabdehin müqavilələrin şərtlərini pozmasını nəzərə almamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işə məhkəmədə baxılarkən Cavabdeh1 vəkili iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddianı müdafiə etmişdir. Hesab edirlər ki, iddiaçının cavabdehlərdən müştərək qaydada cəmi 5912 manat 06 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməlidir. Belə ki, məhkəmə cavabdehin kredit müqaviləsi üzrə son dövrdə ödəniş edib-etməməsini araşdırmamış və bununla da cavabdehin borcun etirafı ilə əlaqədar hər hansı hərəkətlər edib-etməməsi məsələsinə qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-in nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbdən olması barədə sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 07A000013615 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 2000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşin halı ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 07A000013615 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2009-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək iddianı müdafiə etmiş, Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək İddiaçı QSC-in iddia tələbi iddia müddətinin pozulması ilə verildiyinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Birininci instansiya məhkəməsi tərəfindən iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv vəqərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin iddiası iddia müddəti keçdiyindən rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi mövcud olmuş, beləliklə də onlar arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx xxxxxx 2010-cu il tarixdə bitmişdir. Lakin iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, öhdəliklər üzrə icra müddəti bitmiş və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Kollegiya qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddianın təmin edilməməsi barədə qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı iddia müddətini ötürməməsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya şikayətinə baxılarkən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1256/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-514/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-514/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver