Məhkəmə qərarları › İş №2(107)-515/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-515/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-515/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Açar sözlər: Kredit öhdəliyi, əsas, faiz və cərimə borcları) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4209,46 manat əsas, 210,27 manat faiz və 78,31 manat cərimə borcu olmaqla, cəmi 4498,04 manat bоrcun və ödənilmiş 64,99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 011A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 790.54 manat ödəniş etmiş və iddiaçıya 4209.46 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlamışdır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılmışdır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2023-cü il tarixə 100 gün üçün hesablanmış faiz borcu 210.27 manat təşkil etmişdir. Müqavilənin 7.20ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 100 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 78.31 manat təşkil etmişdir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə 09 yanvar 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə İddiaçı QSC-dən 5000 (beş min) manat məbləğində kredit götürmüş, əvvəllər ödəniş cədvəli üzrə banka olan borcunu hər ay vaxtı-vaxtında ödəmiş, lakin sonralar atasının ürəyinin əməliyyat olunması ilə bağlı aylıq kredit borcunu ödəyə bilməmişdir. Bankdan krediti evlərinin təmiri üçün götürmüş, krediti ödəməkdə atası ona köməklik etmiş, lakin hazırda atası xəstə olduğu, evin tək qazanc gətirən o olduğu üçün ödənişləri etməkdə çətinlik çəkmişdir. O, iddianı qəbul etmiş və banka olan borcunu hissəhissə ödəyəcəyini bildirmişdir

6. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsi ilə (hakim C.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh 4209,46 (dörd min iki yüz doqquz manat 46 qəpik) manat əsas, 210,27 (iki yüz on manat, 27 qəpik) manat faiz və 78,31 (yetmiş səkkiz manat, 31 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4498, 04 (dörd min dörd yüz doxsan səkkiz manat 04 qəpik) manat borcun və ödənilmiş 64,99 (altmış dörd manat 99 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir.

9. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək, Cavabdeh 4209,46 (dörd min iki yüz doqquz manat 46 qəpik) manat əsas, 210,27 (iki yüz on manat, 27 qəpik) manat faiz və 78,31 (yetmiş səkkiz manat, 31 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4498, 04 (dörd min dörd yüz doxsan səkkiz manat 04 qəpik) manat borc və ödənilmiş 64,99 (altmış dörd manat 99 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 423, 442, 445.1, 445.2.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iştirakçılar arasında bərabərlik prinsipini pozaraq iddianı təmin etmiş, qanuni əsaslar və sübutlar olmadan iddianın mümkün hesab olunması barədə qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmə iddiaçıya üstün hüquqları tanımış və onun iddiaçıya qarşı etirazına əhəmiyyət verməmişdir.

14. Birinci instansiya məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq,qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi mühakimənin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən işə baxıb qanunsuzluq etmişdir.

15. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi 4 ay əvvəl məhkəməyə daixl olaraq qeydiyyata alınmışdır. Bununla belə məhkəmə həqiqətə nail olmaq istəməmiş, iş üzrə mühasibatlıq ekspertizası təyin etmədən tələb edilən borcun ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. O və hakim maliyyə məsələləri üzrə mütəxəsis deyillər. Ona görə də iş üzrə ekspertizadan keçrilmədən qətnamə qəbul edilməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə borcun dəqiq hesablanması üçün 3-cü şəxsin işə cəlb edilməsini xahişini təmin etməmişdir. Məhkəmə xidməti vəzifəsinə görə işə mütəxəsisi işə cəlb etməli olduğu halda, bunu etməmiş və iddia tələbi xeyli şişirdilmişdir.

16. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qətnaməsindən görünür ki, müqaviınin müddəti 36 aydır, qarşı tərəf müqavilə bağlandıqdan bir il sonra məhkəməyə müraciət etmişdir.

17. İşə baxan məhkəmə iddianı təmin etsə də kredit müqaviləsini ləğv etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verməmiş və işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə heç bir qanuni əsas olmadan iddainı təmin etmişdir. Belə ki, qətnamədən də göründüyü kimi müqavilə xx.xx.2022-ci ildə 36 aylıq müddətə bağlanmışdır. Göründüyü kimi iddiaçı müqavilə müddətinin bitməsinə iki il qalmış onu məhkəmədə iddia qaldırmışdır. Halbuki aralarında bağlanmış kredit müqaviləsində belə şərt yoxdur.

18. Birinci instansiya məhkəməsi mülki işə iddiaçı tərəfindən heç bir sübut təqdim etməyi halda iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

19. Birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi hüquqa, mövcud qanunverciliyə, eləcədə mənafeyinə tamamilə ziddir. Belə ki, işə baxılarkən maddi və prosessual hüquq normaları kobudcasına pozulmuşdur. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları həmin hüquq münasibətlərinə aid deyil və tətbiq edilə bilməz. Qətnamə ümumiyyətlə hüquq düşüncəsindən kanardır. Qətnamə Azərbaycan Respublikası X3 tələblərinə ziddir

20. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

23. İddiaçı QSC məhkəməyə məlumat göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etsə də, Cavabdeh isə məhkəmə kollegiyasının iclasına gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlamış 011A********** saylı müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz bоrcundan ibarət vəsaiti ödəniş planı üzrə qaytarmamış, götürdüyü kredit bоrcundan 790.54 manat ödəniş etmiş, 4209,46 manat əsas borc, 210,27 manat faiz borcu, 78,31 manat cərimə borcu olmaqla, cəmi 4498,04 manat bоrcun ödənilməsini təmin etməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozması, işə baxan məhkəmə iddiaçıya üstün hüquqlarını tanıması, onun iddiaçıya qarşı etirazına əhəmiyyət verməməsi, birinci instansiya məhkəməsinin mühakimənin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən işə baxıb qanunsuzluq etməsi barədə dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin pozulması, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən həyata keçirilməsi halları müəyyən edilməmişdir.

35. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh birinci instansiya məhkəməsinin 09 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında şəxsən iştirak etmiş, ona hüquq və vəzifələri izah edilmiş, onun iddia tələbinə münasibəti öyrənilmiş, cavabdeh sərbəst izahatını vermiş, iddia tələbinə heç bir etiraz etməmiş, əksinə iddianı qəbul etmiş, banka olan borcunu çalışıb hissə-hissə ödəyəcəyini göstərmiş, hətta buna dair yazılı ərizəsini də birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin 22 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına da dəvət edilməsinə baxmayaraq, həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin 19 yanvar 2024-cü il tarixli teleqramında məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanuni əsaslar və sübutlar olmadan, iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işdə olan Cavabdeh İddiaçı QSC-yə ünvanladığı və İddiaçı QSC tərəfindən akspet edilmiş xx.xx.2022-ci il tarixli 011A********** saylı ərizədən (müqavilədən) görünür ki, ərizəçi Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir.

37. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə- hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur.

38. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 26 oktyabr 2023-cü il tarixə İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 011A********** saylı kredit razılaşması üzrə 4209,46 manat əsas, 210,27 manat faiz və 78,31 manat cərimə borcu olmaqla, cəmi 4498, 04 manat borcu vardır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə mühasibatlıq ekspertizası təyin edilməməsi, məhkəmənin işə mütəxəsisi işə cəlb etməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

40. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə ekspertizanın təyin edilməsi, mütəxəssisin cəlb edilməsi zərurəti də müəyyən edilməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan məhkəmənin iddianı təmin etsə də kredit müqaviləsini ləğv etməməsi, müqavilənin müddətinin 36 ay olmasına baxmayaraq, qarşı tərəfin müqavilə bağlandıqdan bir il sonra məhkəməyə müraciət etməsi, aralarında bağlanmış kredit müqaviləsində belə şərtin olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia ərizəsindən göründüyü kimi iddiaçı bank tərəfindən müqavilənin ləğvi tələbi irəli sürülməmişdir. Eyni zamanda iş materialında olan ödəniş planından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə əsas borc və faiz borcunu hər ay razılaşdırılmış məbləğlər şəklində banka geri qaytarmalı olmuşdur. Lakin Cavabdeh kredit müqaviləsinə əlavə olan ödəniş planına uyğun şəkildə ödənişlərin həyata keçirilməsini təmin etməmişdir.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

44. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, cavabdeh tərəf apellyasiya şikayətində istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-376/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar